Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Qars müqaviləsi Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistan arasında bağlanan müddətsiz müqavilədir. 1921-ci ilin oktyabrın 13-də imzalanan bu müqavilə daha sonra 1961-ci ildə BMT-nin Vyana konvensiyası ilə müddətsiz müqavilə kimi qeydə alınmışdır. Odur ki, Qars müqaviləsinin təktərəfli ləğvi mümkün deyil”.
Ovqat.com xəbər verir ki, tanınmış tarixçi alim Nail Əliyev ötən gün Ədalət partiyasının sədri İlyas İsmayılovun saytımıza verdiyi müsahibəni şərh edərkən belə deyib.
Xatırladaq ki, İlyas İsmayılov Naxçıvan rəhbərliyinin Azərbaycandan fərqli siyasət yürütməsini dövlətçilik ənənələri ilə ziddiyyət təşkil etdiyini, bu ayrıcalığın muxtariyyət statusu ilə əlaqələndirilməsini isə Konstitusiyamızla nəzərdə tutulan unitar dövlətçilik prinsipi ilə daban-dabana zidd olduğunu vurğulamışdı. Hüquq elmləri doktorunun fikrincə, Naxçıvanın muxtar statusu sabah Dağlıq Qarabağ məsələsinin həllində də pis nümunə ola bilər. Odur ki, Naxçıvanın statusuna yenidən baxılmalıdır. İlyas İsmayılov onu da vurğulamışdır ki, sgər sözügedən status Qars müqaviləsinin şərtlərindən irəli gəlirsə, bu cür müqavilələr adətən 100 illik müddətə bağlanır. Deməli, gələn il həmin müqavilə öz hüquqi qüvvəsini itirə bilər və Azərbaycan Naxçıvanın muxtariyyət statusunu ləğv etmək imkanlarını gözdən keçirməlidir.
Tarixçi alim Nail Əliyev isə İlyas İsmayılovun dəyərli ziyalı və hüquqşünas olduğunu bildirməklə yanaşı onun fikirləri ilə razılaşmır: “İlyas İsmayılovun özü də həmin müsahibəsində bildirib ki, Qars müqaviləsinin detalları ilə tanış deyil. Görünür, bu müqavilənin müddətsiz olduğunu da bilmir”.
Nail Əliyevin fikrincə, Qars müqaviləsinin bağlanmasını tələb edən Türkiyə tərəfi olub və bu sənəd türk diplomatiyasının 20-ci əsrdəki ən böyük uğuru sayılıb: “Müqavilə I Dünya Müharibəsindən məğlubiyyətlə ayrılan Osmanlının qalib Rusiya ilə sərhədlərinin delimitasiyasını tənzimləyən sənəddir. Sənəd həmin il Osmanlılarla Ermənistan arasında bağlanan Gümrü və daha sonra Rusiya ilə Türkiyə Böyük Millət Məclisi arasında imzalanan Moskva müqavilələrinin prinsiplərini möhkəmləndirməyi nəzərdə tutur. Müqavilənin Atatürkün israrlı təkidilə ərsəyə gətirilməsinin səbəbi həmin şərtlərin Ermənistana və Gürcüstana da qəbul etdirilməsi məqsədi daşıyırdı. Faktiki olaraq bu müqavilə ilə Qars, Ərdəhan, Artvin vilayətlərinin Türkiyənin tam nəzarətinə keçməsi, Naxçıvana və Batuma isə muxtar status verilməklə Sovet İttifaqında qalmasını təmin edirdi. Naxçıvana muxtar status verilməsi isə o dövrün reallıqlarından qaynaqlanırdı. Çünki bu bölgədə vəziyyət çox həssas idi və Çar Rusiyası dağıldıqdan sonra tez-tez erməni hücumlarına məruz qalırdı. Həmin müqavilə olmasaydı, Naxçıvanın Ermənistan ərazisinə verilməsi perspektivi yarana bilərdi. Uzaqgörən Atatürk isə bunu Türkiyənin perspektivi baxımından böyük təhlükə hesab edirdi. Onun fikrincə, Türkiyə Türk dünyasının başı, Orta Asiya və Azərbaycan gövdəsi, Naxçıvan isə boğazı idi. Bir canlının boğazını sıxdığın an öləcəyi kimi, Naxçıvanın nəzarətdən çıxması Türk dünyasının ölümünə bərabərdi. Atatürkün bu uzaqgörən siyasəti nəticəsində Naxçıvan öz varlığını qoruyub saxlaya bildi”.
Həmsöhbətimiz onu da vurğuladı ki, 5 ölkə arasında bağlanan bu müqavilənin bir çox şərtləri Sovet hakimiyyəti illərində ermənilərin xeyrinə pozulub: “Müqavilədə Naxçıvan sərhədləri açıq göstərilir və xəritə ilə təsbit olunurdu. Həmin xəritədə Zəngəzur vilayəti də Naxçıvanın ərazisinə daxil edilmişdi. Daha sonra bu ərazilər Ermənistana verildi. Azərbaycan və Türkiyə hakimiyyəti məhz bu müqavilədən çıxış edərək Zəngəzurun geri qaytarılması tələbini irəli sürə bilər və yəqin ki, yaxın gələcəkdə bunu edəcək də. Ona görə də Azərbaycanın dəyərli ziyalıları, o cümlədən İlyas İsmayılov kimi təcrübəli hüquqşünaslar bu məsələni gündəmə gətirib dövlət qurumlarımızı daha böyük hədəfə istiqamətləndirməlidirlər”.
Qeyd edək ki, Nail Əliyev Qars müqaviləsinin şərtlərinin Azərbaycanın əleyhinə pozulması ilə bağlı qələmə aldığı
Araz - Türk Respublikası – Zəngəzur və digər ərazilər ermənilərə necə verildi? sərlövhəli məqaləsi bir neçə ay öncə saytımızda dərc olunmuşdu. Yuxarıdakı linki tıklayaraq, Zəngəzuru necə itirdiyimizlə tanış ola bilərsiniz.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar