Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) İranın nüvə proqramının mövcudluğu barədə məlumatı yoxdur.
Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu agentliyin baş direktoru Rafael Qrossi bildirib.
Onun sözlərinə görə, AEBA ekspertləri Tehrandakı tərəfdaşlarına xəbərdarlıq ediblər ki, zənginləşdirilmiş uran ehtiyatlarının miqyası texniki cəhətdən silah dərəcəsi ilə eynidir.
"Uranın çox yüksək səviyyədə toplanması avtomatik olaraq sizin nüvə silahınızın olması demək deyil. Bu cür bəyanatlar verərkən son dərəcə diqqətli olmalıyıq. Bizdə İranın nüvə proqramının olması ilə bağlı heç bir məlumat yoxdur", - deyə Qrossi jurnalistlərə bildirib.
2023-cü ilin noyabrında "Reuters" xəbər vermişdi ki, uranın daha da zənginləşdirilməsi ilə İran üç atom bombası yarada biləcək. Həmin vaxt ölkədə 128,3 kq 60%-ə qədər zənginləşdirilmiş uran var idi.
Məlumata görə, İran yeganə ölkədir ki, nüvə silahı istehsal etmədən uranı bu qədər yüksək səviyyədə zənginləşdirib. Bu arada AEBA İranın bəzi agentlik müfəttişlərinin öz obyektlərinə girişini məhdudlaşdırmasından narahatlığını ifadə edib.
Qeyd edək ki, 2015-ci ildə Çin, Rusiya, Böyük Britaniya, Fransa, ABŞ və Almaniya İranın nüvə proqramı ilə bağlı böhranı həll etmək məqsədi ilə İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) imzalayıb. Şərtlərə əsasən, AEBA 20 il müddətinə ölkədəki bütün nüvə obyektlərinə giriş əldə edib. 2018-ci ildə ABŞ-ın proqramdan çıxmasından sonra Tehran saziş üzrə bəzi öhdəliklərindən imtina edib.
Paylaş: