Sentyabrın 10-da futbol üzrə Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız səfərdə Ta Qali milli stadionunda Malta seçməsi ilə qarşılaşıb.
Yığmamızın start heyətində Kamran Ağayev, Qara Qarayev, Pavel Paşayev, Maksim Medvedev, Mahir Mədətov, Emin Mahmudov, Rauf Əliyev, Dmitri Nazarov, Riçard Almeyda, Təmkin Xəlilzadə və Bədavi Hüseynov yer alıblar.
Malta yığmasının ilk on birliyində isə meydana Endryu Hoqq, Cozef Zerafa, Stiv Borq, Andrey Aqius, Rayan Fenek, Pol Fenek, Maykl Mifsud, Andre Şembri, Cozef Mbonq, Jan-Pol Farruca və Rayan Kamilleri çıxıblar.
Monteneqrolu baş hakim Nikola Dabanoviçin idarə etdiyi oyuna meydan sahibləri daha fəal başlayıblar. Bədavi Hüseynovun kobud oyununa görə, matçın 10-cu dəqiqəsində millimizin qapısına təyin olunmuş on bir metrlik cərimə zərbəsini Andrey Aqius dəqiq yerinə yetirərək hesabı açıb. Görüşün 25-ci dəqiqəsində millimiz hesabı bərabərləşdirməyə yaxın olsa da, Mahir Mədətovun zərbəsi qapı tirindən geri qayıdıb. Bir dəqiqə sonra yığmamız istəyinə nail olub. Belə ki, Təmkin Xəlilzadə baxımlı qola imza atıb. Futbolçuların cəhdlərinə baxmayaraq, ilk hissəsinin sonunadək hesab dəyişməyib.
Oyunun ikinci hissəsi Azərbaycan yığmasının üstünlüyü şəraitində keçsə də, bütün komanda ilə müdafiə olunan Malta millisini məyus etmək mümkün olmayıb. Beləliklə, qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qrup mərhələsinin ilk oyununda Azərbaycan millisi Bakı Olimpiya Stadionunda Kosovo yığmasını qəbul edib və qarşılaşmada hesab açılmayıb.
Qrupun digər oyununda isə Kosovo millisi doğma meydanda Farer adaları yığmasını qəbul edib. Görüş Kosovonun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimiz növbəti oyununu oktyabrın 11-də səfərdə Farer adaları yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Kosovo 4 xalla qrupda birinci pillədə qərarlaşıb. Farer adaları 3 xalla ikinci, Azərbaycan isə 2 xalla üçüncü pillədə yer alıb. Malta millisi isə 1 xalla sonuncu – dördüncü pillədədir.
Paylaş: