Xəbər lenti

 

Coğrafi mövqeyindən effektiv şəkildə istifadə edən Azərbaycan bir sıra beynəlxalq layihələrin aktiv iştirakçısıdır. Bunlardan biri də “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsidir.
Bəs onun reallaşması Azərbaycana hansı dividendləri vəd edir?
Məsələni “Report”a şərh edən Rusiyanın Siyasi və İqtisadi Əlaqələr Agentliyinin aparıcı analitiki Mixail Neyjmakova görə, "Şimal -Cənub" dəhlizi nəticə etibarı ilə onun inkişafına cəlb olunan ölkələrdə daxili siyasi sabitliyin möhkəmlənməsində əlavə faktor ola bilər.
“Unutmaq lazım deyil ki, Şimal-Cənub nəqliyyat dəhlizi təkcə beynəlxalq deyil, həm də daxili, ilk növbədə isə regional siyasətin faktorudur. O, iştirakçı ölkələrdə mərkəz ilə regionlar arasında əlaqələrin möhkəmlənməsinə imkan verən infrastruktur layihlərinə investisiyaları stimullaşdırır. Bu əsnada İranda Miyane və Bostanabadı birləşdirən dəmir yolunun tikintisini, Rusiyada isə “Şimal-Cənub”un inkişafı çərçivəsində nəzərdən keçirilən Volqoqraddan yan keçməklə magistralın tikntisini qeyd etmək olar. “Şimal-Cənub” dəhlizi nəticə etibarı ilə onun inkişafına cəlb olunan ölkələrdə daxili siyasi sabitliyin möhkəmlənməsində əlavə amil ola bilər.
İri layihələr həm də iştirakçı ölkələr arasında əməkdaşlıq üçün əlavə daşıyıcı konstruksiyaya çevrilə bilər. “Şimal-Cənub”un inkişafı Tehranla uzunmüddətli əməkdaşlıq faktoru kimi gələcəkdə Azərbaycan və Rusiya üçün üstünlük yarada bilər. Təcrübə göstərir ki, İrana qarşı sərt sanksiyalar təzyiqindən bir müddət sonra həmin tədbirlərin yumşalması baş verir və elə həmin qərb korporasiyalarının ölkəyə dönüşü reallaşır. Belə olan halda İranla müştərək layihələri davam etdirən Bakı və Moskva gələcəkdə bu ölkədə işləmək üçün əlavə üstünlüklər əldə edəcəklər.
Eyni zamanda Azərbaycan rəhbərliyi tərəfindən atılan son addımlara hakimiyyətin yeni iri infrastruktur layihələrinin reallaşmasına xüsusi münasibətinin göstərici kimi baxmaq olar. Bu isə ölkənin nəqliyyat habı qismində imkanlarının inkişafı istiqamətində daha bir addım ola bilər. Azərbaycanda yüksək səviyyəli daxili siyasi sabitliyin olması nəqliyyat sahəsində irimiqyaslı layihələrin reallaşdırılmasında tərəfdaş qismində cəlbediciliyini gücləndirən amildir. Nəqliyyat dəhlizləri çərçivəsində öz imkanlarını inkişaf etdirmək istəyən Cənubi Qafqazın digər dövlətlərində situasiya bu mənada daha qəlizdir. Belə olan halda Azərbaycan qonşuları fonunda əlavə rəqabət üstünlükləri əldə etmiş olur”, - ekspert vurğulayıb.
Xatırladaq ki, Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək "Şimal-Cənub" nəqliyyat dəhlizi haqqında razılaşmanın birinci aktı 12 sentyabr 2000-ci ildə Sankt-Peterburqda Rusiya, İran və Hindistan arasında imzalanıb. Sonrakı illərdə razılaşmanı bütovlükdə 13 ölkə imzalayıb və müvafiq olaraq ratifikasiya edib. Bunlar Azərbaycan, Belarus, Bolqarıstan, Ermənistan, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Oman, Rusiya, Tacikistan, Türkiyə və Ukraynadır. 
Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut (Suveyş kanalı) üzrə çatdırılma vaxtı 45-60 gündür, Şimal-Cənub vasitəsilə 14-20 gün olması gözlənilir.
Azərbaycan "Şimal-Cənub" layihəsinə 2005-ci ildə qatılıb və dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlər artıq yekunlaşıb. Belə ki, Azərbaycanın Astara stansiyası ilə İranın Astara stansiyası arasında 9,7 km dəmir yolu xətti və iki ölkə sərhədində 82,5 m uzunluğu olan körpü inşa edilib. “Azərbaycan Dəmir Yolları” QSC həmçinin İran ərazisində 35 hektar ərazidə yük terminalı inşa edərək onu 25 illik müddətə və sərhəddən terminaladək tikdirdiyi 1,4 km uzunluğunda dəmir yolunu 15 illik müddətə icarəyə götürüb. Dəhlizin Azərbaycan ərazisi üzərindən keçən hissəsində gözlənilən yük daşıma həcmi, birinci mərhələdə - 3 milyon ton, ikinci mərhələdə - 5-8 milyon ton, üçüncü mərhələdə - 15 milyon ton təşkil edəcək.



Ana səhifəyə qayıt        Baxış: 428          Tarix: 13-11-2019, 11:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma