Xəbər lenti

 
OPEC+ ölkələrinin ötən həftə keçirdikləri onlayn toplantıda “hasilatdakı kəsintilərə davam” qərarından sonra dünya enerji bazarında fyuçers qiymətləri 70 dollara qədər qalxan neft bu yüksəlişi uzun müddət əldə saxlaya bilməyib.
 
Ovqat.com-un məlumatına görə, bu gün qiymətlər yenidən aşağıya enməyə başlayıb.
 
London birjasında “Brent” markalı neftin bir barreli 66.52 ABŞ dollarına qədər ucuzlaşıb. Nyu-york əmtəə bazarında isə WTI markalı neftin bir barreli 63.14 ABŞ dollarından müştəri axtarır.
 
Mütəxəssislər bu eniş-qalxışlı trendin səbəbini bir neçə amillə izah edirlər. Bildirildiyinə görə, OPEC+ toplantısının “kəsintilərə davam” qərarından sonra ümidlənən bazar, müştərilərinə təklif etdikləri məhsulun qiymətlərini yüksəltmişdilər. Bahalaşmanın bir başqa səbəbi ABŞ-ın neft şirkətlərinin hasilatı dayandırması idi. Ötən il yayda məhsula doyan bazarda qiymətlərin sıfırın altına düşməsi, bu qış fəslində havaların sərt keçməsi, koronavirus pandemiyasının dünya iqtisadiyyatını iflic vəziyyətə salması kimi amillər neft şirkətlərinin müvəqqəti olaraq quyuların istismarına ara verməsi ilə nəticələnmişdi. 
 
Tədricən hava şəraitinin düzəlməsi və neftin qiymətinin bahalaşması ABŞ şirkətlərini yenidən istehsala həvəsləndirir. Üstəlik, çox saylı koronavirus peyvəndlərinin kəşf olunması ilə pandemiya məhdudiyyətləri də getdikcə yumşalır və qlobal iqtisadiyyat əvvəlki axarını bərpa etməyə çalışır. Beləcə, ABŞ neft şirkətləri də hasilatı artırır, nəticədə neft bazarında təklif tələbi üstələyir və enerji daşıyıcılarının qiyməti də düşür. 
 
Mütəxəssislərin fikrincə, ABŞ şirkətləri üçün kritik aşağı qiymət 40% civarındadır. Qiymətlər 40 dollardan aşağı düşərsə, ABŞ-ın neft şirkətləri üçün rentabelsiz hala gələr və hasilat anlamını itirər. Bu həddə qədər isə ABŞ şirkətləri hasilatı artırmağa davam edəcəklər.
Məsələ burasındadır ki, ABŞ-da neft hasilatı dövlət nəzarətində olmadığından Vaşinqtonun onlara “hasilatı azalt” əmri vermək hüququ da yoxdur. Məhz bu səbəbdən super güc hasilat kvatosı ilə əlaqədar üzərinə hər hansı öhdəlik götürmür. Ölkənin neft şirkətləri ancaq bazarın təlqinləri ilə hərəkət edir və yalnız öz əməklərinin rentabelli olub-olmamasını nəzərə alır, başqa heç bir amil onları işlərindən ayırmaq gücündə deyil. 
 
Neft hasilatındakı bu sərbəstliyin nəticəsidir ki, şist neftinin daha ucuz çıxarılma mexanizmini kəşf edildikdən sonra ABŞ şirkətləri durmadan hasilatı artmış və ölkə bir neçə ilin içərisində dünyanın ən böyük neft istehsalçısına çevrilmişdir. Sonuncu neft böhranından əvvəl – 2019-cu ildə ABŞ gündəlik 18 milyard barrel hasilatla Səudiyyə Ərəbistanını (12 milyard b/s) və Rusiyanı (11 milyard b/s) xeyli geridə qoymuşdu. Hasilatın durmadan artırılması isə qiymətlərin ucuzlaşmasını tətikləmiş və böhranın qapısını aralamışdı.
 
Qiymətlərin nəzarət edilə biləcək qədər ucuzlaşdırılması əslində ABŞ-ın geopolitik maraqlarına uyğundur. Vaşinqton bu yolla özünün ən güclü rəqiblərindən olan və “dolanışığı” neft və qaz gəlirlərdən çıxan Rusiyanı iqtisadi cəhətdən sarsıdır, qida borusunu sıxaraq onu ram etmək istəyir. Bəzən hətta ədalətli iqtisadi rəqabət qaydalarından kənarlaşaraq, siyasi təzyiq və sansksiya alətlərini işə salıb onun bazarını ələ keçirməyə çalışır. 
 
Üstəlik, bu siyasət təkcə neft bazarında deyil, bir başqa şəkildə qaz sektorunda da özünü göstərir. Vaşinqtonun “Şimal axını-2” layihəsindən vaz keçmələri üçün Avropa ölkələrinə göstərdiyi təzyiqlər bunun bariz nümunəsidir. Təsadüfi deyil ki, Vaşinqton təzyiqlərə boyun əyməyən Berlinə “rus təbii qazı əvəzinə eyni qiymətə ABŞ LNG qazı” təklif edir və bununla razılaşmayacağı təqdirdə onu sanksiyalarla hədələyir.
 
ABŞ-ın hasilatı artırmaqla neftin qiymətlərinin aşağı səviyyədə saxlamaq siyasətinin ağır nəticələrini aradan qaldırmağa çalışan OPEC+ ölkələrinin atdıqları bir sıra addamlar da nəinki işə yaramır, əksinə, nəticə etibarilə bataqlığa düşmüş insanın çabalaması effekti verir. Necə ki, bataqlıqdakı insan çabaladıqca daha çox batır, OPEC+ ölkələrinin qiymətləri tənzimləmək üçün hasilatı azaltması da ABŞ şirkətlərinin lehinə işləyir. Zira Rusiya və digər hasilatçı ölkələrin hasilatı azaldarkən itirdikləri bazarlar ABŞ-ın əlinə keçir. Neft sektorunda bazarların itirilməsinin isə uzunmüddətli təsirləri olur və onları geri qaytarmaq mümkünsüz hala gəlir. Necə ki, ötən əsrin ikinci yarısında Səudiyyə Ərəbistanı neftdən strateji silah kimi istifadə edərək sənaye dövlətlərinə dərs vermək istəməsi nəticəsində böyük bazarlar itirdi və onları indiyədək də geri qaytara bilmir. OPEC+-un eyni səhvi ikinci dəfə təkrarlaması bənzər nəticələrə gətirib çıxara bilər. Ən azı ona görə ki, hasilatın azalması ilə yaranan boşluğu ABŞ şirkətlərinin rahatlıqla doldurmaq şansları var və ölkənin neft şirkətləri artıq fəaliyyətə başlayıblar, belə. Havalar isindikcə, ABŞ şirkətlərinin hasilatı daha çox artırması da istisna edilmir. 
 
Görünən budur ki, enerji bazarı yenidən ucuzlaşmağa doğru sürüklənir.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 3 835          Tarix: 10-03-2021, 11:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma