Ekspert: “Azərbaycanda iqtisadi artımı sürətləndirəcək islahatlar həyata keçirilməsə”...
Rusiyanın Ukraynaya hücumu ilə başlanan müharibə qlobal iqtisadiyyatda çox ciddi dəyişikliklərə gətirib çıxarıb. Artıq beynəlxalq ticarət əlaqələrinin yenidən marşrutlanması, iqtisadi münasibətlərin yeni düzəninin qurulması prosesi son mərhələyə qədəm qoyub. Bu prosesdən bir çox ölkələr kifayət qədər ciddi qazanclara sahiblənmək şansı əldə ediblər.
Cənubi Qafqaz ölkələri Ukrayna müharibəsinin yaratdığı qlobal iqtisadi və ticari şərtlərdən qazanc əldə etmək imkanında olan ölkələr arasındadırlar. Müharibənin uzanması, Rusiyaya qarşı sanksiyaların onilliklərlə davam etməsi reallığı qazancların da uzunmüddətli olmasını şərtləndirə bilər. Aydındır ki, hər bir ölkə prosesdən maksimum qazanc götürməyə çalışır və çalışacaq. Lakin hansı ölkənin daha artıq və davamlı qazanc əldə edəcəyi ortamüddətli dövrdə məlum olacaq.
İndilik əldə olunan nəticələr göstərir ki, regionda baş verən qlobal əhəmiyyətli dəyişikliklərdən hər üç Cənubi Qafqaz ölkəsi qısamüddətli dövr üçün bəhrələnə biliblər. Belə ki, Ermənistan Statistika İdarəsinin məlumatına əsasən bu ilin 9 ayında ölkədə 14,8 faizlik iqtisadi artım qeydə alınıb. Bu zaman ən böyük artım informasiya və rabitə sahəsində qeydə alınıb – 59 faiz. Ölkədə adambaşına ÜDM həcmi 1963 dollar olub. İllik inflyasiya 8,5 faiz təşkil edir.
Xatırladaq ki, Ermənistan hökuməti bu il ölkədə cəmi 5 faizlik ÜDM artımı proqnozlaşdırmışdı və əksər ekspertlər bu proqnozu həddindən artıq nikbin hesab edirdilər. Lakin Ukraynada müharibənin başlanması, Rusiyaya qarşı görünməmiş sanksiyaların tətbiqi bu ölkənin IT sektorunda çalışan 50 mindən yuxarı mütəxəssisin Ermənistana köçməsinə gətirib çıxardı. Doqquz ayda informasiya və rabitə sahəsindəki 59 faizlik artımın əsas səbəbi məhz bu faktorla bağlıdır.
Digər tərəfdən, Ukrayna müharibə başlayandan sonra Rusiyadan Ermənistana pul baratları göndərişində 6 dəfədən çox artım qeydə alınıb. Bu ilin 9 ayında Ermənistana Rusiyadan fiziki şəxslər tərəfindən 1,7 milyard dollar vəsait köçürülüb. Bu vəsaitin ölkədə iqtisadi aktivliyin artmasına ciddi təsiri olub.
Ermənistan hökuməti 2023-cü ildə ölkədə 7 faizlik iqtisadi artım proqnozlaşdırıb.
Gürcüstanda da cari ildə qeydə alınan iqtisadi artımı nə beynəlxalq təşkilatlar, nə də hökumət gözləyirdi. Bu ilin birinci yarısı ərzində demək olar ki, bütün proqnozlarda ölkənin ili 4-5 faiz iqtisadi genişlənmə ilə başa vuracağı qeyd olunmuşdu. Lakin yanvar-sentyabrda Gürcüstanda real iqtisadi artım ötən ilki 11,3 faizə qarşı 10,2 faiz təşkil edib. Doqquz ayda ötən ilin eyni dövrü ilə müqayisədə əsas artım nəqliyyat, informasiya və kommunikasiya, tikinti, mehmanxana və ictimai iaşə sektorlarında qeydə alınıb. Gürcüstanda iqtisadi artımı tətikləyən əsas amil Ukraynadakı müharibədir. Belə ki, Rusiyanın IT sektorundan bu ölkəyə də köçənlər xeyli saydadır və bu, müvafiq sektordakı artımın əsas səbəbidir.
Bu ilin 11 ayında Rusiyadan fiziki şəxslər tərəfindən Gürcüstana 1,8 milyard dollar pul baratları göndərilib. Digər tərəfdən, Rusiyadan ölkəyə turist axını dəfələrlə artaraq, turizmdən Gürcüstan büdcəsinə 1 milyard dollara yaxın vəsaitin daxil olmasını şərtləndirib.
Gürcüstan hökuməti 2023-cü ildə ölkədə 5 faizə yaxın iqtisadi artım proqnozlaşdırır.
Azərbaycana gəlincə, rəsmi statistikaya əsasən bu ilin yanvar-noyabr aylarında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 121,4 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,8 faiz çox ümumi daxili məhsul istehsal edilib. Bu dövrdə iqtisadiyyatın neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər 2,4 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 9,2 faiz artıb.
On bir ayda Azərbaycanda sənaye istehsalında 1,1 faiz azalma qeydə alınıb. Bu zaman neft-qaz sektorunda məhsul istehsalı 2,2 faiz azalıb, qeyri neft-qaz sektorunda 5,0 faiz artıb. Sənaye məhsulunun 76,1 faizi mədənçıxarma sektorunda, 20,1 faizi emal sektorunda, 3,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 8,0 faiz artıb.
Ölkə hökumətinin proqnozuna əsasən 2027-ci ilə kimi Azərbaycanda qeyri neft-qaz sektoru üzrə ümumdaxili məhsul (ÜDM) 93 milyard manata çatacaq.2023-cü ilin dövlət büdcəsi zərfində yer alan proqnoza görə, Azərbaycanın ümumdaxili məhsulu (ÜDM) 2024-cü ildə 108606.2 mln manat (real artım tempi 4,2 faiz), 2025-ci ildə 113182.6 mln. manat (3,7 faiz artım), 2026-cı ildə isə 118580 mln. manata (3,4 faiz artım) yüksələcək. Gələn ilin proqnozu ilə müqayisədə 2026-ci ildə Azərbaycanın neft sektoru üzrə ÜDM-i 8,4 faizə kimi azalacaq.
Belə ki, 2024-cü ildə neft sektoru üzrə ÜDM-in həcmi 29198.3. mln. manat, 2025-ci ildə 27450.9 mln. manat, 2026-cı ildə isə 25932.2 mln. manat təşkil edəcək. Sektor üzrə real artım tempi müvafiq olaraq 2,4 faiz, 0,3 faiz artım və -1,9 faiz azalma olaraq proqnozlaşdırılıb.
Qeyri neft-qaz sektoru üzrə ÜDM-in 2024-cü ildə 79407.9 mln. manat, 2025-ci ildə 85731.7 mln. manat, 2026-cı ildə isə 92647.9 mln. manat, müvafiq olaraq sektor üzrə ÜDM-in real artım tempi 4,9 faiz, 5.0 faiz və 5,1 faiz təşkil edəcəyi gözlənilir. Qeyri neft-qaz sektorunun ÜDM-də payı 2026-cı ildə 69,2 faiz-dən(2023-cü il proqnozu) 78,1 faizə yüksələcək.
Qeyd edək ki, bir müddət əvvəl Beynəlxalq Valyuta Fondu ölkələrin iqtisadi artım proqnozlarını əhatə edən “Dünya İqtisadi Baxış” hesabatını yayımlayıb. Hesabata görə, Fond bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) real artımının 3.7 faiz olacağını proqnozlaşdırır. Ötən il bu artım 5.6 faiz olub. 2020-ci ildə isə ÜDM-də bütövlükdə azalma qeydə alınmışdı. Həmin il pandemiya və enerji qiymətlərinin azalması ucbatından ÜDM 4.2 faiz azalıb.
BVF 2023-cü ildə Gürcüstan iqtisadiyyatının 4 faiz, Ermənistan iqtisadiyyatının 3.5 faiz, Azərbaycan iqtisadiyyatının isə 2.5 faiz artacağını gözləyir. Fondda 2027-ci ildə Ermənistanın iqtisadi böyüməsinin 4.5 faiz, Gürcüstanın iqtisadi böyüməsinin 5.2, Azərbaycan iqtisadiyyatının isə cəmi 2,5 faiz təşkil edəcəyini proqnozlaşdırır. Bundan əlavə, BVF gələn il Azərbaycanda 9 faiz illik inflyasiya planlayırsa, Ermənistanla bağlı bu proqnoz 6 faiz, Gürcüstanla bağlı isə 3.8 faizdir.
BVF-dən fərqli olaraq, Dünya Bankı 2023-cü ildə Azərbaycanda daha yüksək iqtisadi artım gözləyir. Bankın hesablamalarına əsasən bul il Azərbaycanda ÜDM 4,2 faiz artacaq. Aprel ayında DB 2022-ci il üçün Azərbaycanda ÜDM-in artımını 2,7 faiz səviyyəsində proqnozlaşdırmışdı.
Oktyabrda Bank 2023-cü il üçün Azərbaycanda ÜDM-in artım proqnozunu 2,8 faizədək (aprel proqnozu – 2,2 faiz) və 2024-cü il üçün – 2,6 faizə (aprel proqnozu – 2,3 faiz) yaxşılaşdırıb: “Qiymətləndirmələrimizə əsasən, 2022-ci ildə Azərbaycanda ÜDM-in real artımı 4,2 faizə, 2023-2024-cü illərdə - 2,7 faizə çatacaq. Ölkədə neft hasilatının bir qədər azalmasının təbii qaz hasilatının artması ilə kompensasiya olunacağı gözlənilir”.
DB-nin qiymətləndirmələrinə görə, 2022-ci ildə Azərbaycanda aqrar sənaye sektorunda məhsul istehsalının artımı 1,1 faiz, 2023-cü ildə 2 faiz, 2024-cü ildə 2,2 faiz təşkil edəcək. 2022-2024-cü illərdə sənaye sahəsində istehsalın artımı müvafiq olaraq 2,7 faiz, 1,5 faiz və 1,3 faiztəşkil edəcək. Xidmətlər müvafiq olaraq 7,3 faiz, 5 faiz və 4,6 faiz artacaq.
Ekspert iqtisadi rayonların yaradılmasının əhəmiyyətini şərh edir - 09.07.2021, Sputnik Azərbaycan
İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, belə proqnozlaşdırmalar zamanı rəqəmlərə deyil, trendlərə diqqət yetirmək lazımdır: “Rəqəmlərin tam olaraq özünü doğrultması əksər hallarda mümkün olmur. Belə ekonometrik modellər əsasında aparılan qiymətləndirmələr dəyişən konyukturu tam olaraq nəzərə ala bilmir. Məsələn, Azərbaycan iqtisadiyyatı üzrə qiymətləndirmə aparılırsa, ona xas olan xüsusiyyətləri – gizli iqtisadiyyatın miqyasını, korrupsiyanı, yaxud inhisarçılığın təsirlərini tam olaraq nəzərə almaq mümkün olmur. Yaxud hazırkı qiymətləndirmələrdə Ukraynadakı müharibənin təsirlərini dəqiq müəyyənləşdirmək qeyri-mümkündür. Bu müharibə başlayandan biz region iqtisadiyyatında proqnozlaşdırılmayan proseslərin şahidi olmaqdayıq. Məsələn, on ayda Azərbaycana Rusiyadan fiziki şəxslərin göndərdiyi pul baratlarının həcmi 2,3 milyard dollara yüksəlib. Bu, Gürcüstanda da, Ermənistanda da özünü göstərib. Belə valyuta gəlişinin iqtisadiyyata təsiri kifayət qədər ciddidir. Və hazırda bu prosesin növbəti ildə necə dəyişəcəyini müəyyənləşdirmək faktiki olaraq mümkün deyil. Buna görə də proqnozlaşdırmalar zamanı daha çox trendlər üzrə oxumanın həyata keçirilməsi daha real nəticələr verə bilər”.
Ekspert qeyd edir ki, Azərbaycan hökumətinin özü də növbəti illərdə ölkədə böyük iqtisadi artım proqnozlaşdırmır: “Hazırda Azərbaycanda iqtisadi artım sürəti Cənubi Qafqazda ən aşağıdır, növbəti illərdə də bunun belə qalacağı daha çox gözləniləndir. Çünki ölkə iqtisadiyyatında artımı ciddi şəkildə sürətləndirə biləcək islahatlar aparılmır, real fundament qoyulmur. Bu səbəbdən ciddi iqtisadi islahatlar həyata keçirilmədən uzunmüddətli dövrdə də Azərbaycanın iqtisadi artım sürətinə görə Cənubi Qafqazdakı qonşulardan geri qalması davam edəcək”.
Dünya SAKİT,
Musavat.com
Paylaş: