Xəbər lenti


KTMT -nin İrəvan sammitində təqdim olunan sənədi imzalamaqdan imtina etməsi ilə Ermənistan nəyə nail olmaq istəyir? Məqsəd Rusiyanı qorxutmaq, KTMT-ni tərk etməklə onu Ermənistanın maraqlarına tamamilə cavab verməyə məcbur etməkdirmi? Tamamilə deyəndə, Rusiya Ermənistanın yanında olmaqla, həm də öz maraqlarını təmin edib, Cənubi Qafqazda təsirini saxlamaq üçün tarixən erməni millətindən istifadə edib və ermənilər də alət rolunu ustalıqla oynayıblar. Amma, ermənilərin tam istəyi “dənizdən dənizə”dir, sığındığı Rusiyadan bunu istəyir və indiki zamanda hədəfi, minimum Qarabağ iddiasının təmin olunmasıdır. Paşinyanın KTMT üzvlərinə ünvanladığı etirazlar, 13-14 sentyabr hadisəsi bəhanələrdir, əsas hədəf Qarabağdır, Rusiyadan istəklər və tələbləri budur. Çıxışında Fərruxla və Tağaverdlə bağlı insidentləri xatırlaması da təsadüfi deyil. Ermənistan KTMT-dən bu saat ayrılmağı düşünməsə də, parlament sədri Alen Simonyanın dili ilə “KTMT Ermənistanı tərk edir” deyib, günahı Rusiyanın üzərinə atmağa çalışır. Bölgə isə yalnız kiçik Ermənistandan ibarət deyil və Rusiya siyasətində qismən bu durumu nəzərə alır. Bu “qismən” prosesi isə Ermənistanı qane etmir və bir ayağı Qərbdə olan Paşinyan höküməti istiqamətini dəyişib Qərbə üz tutmaq niyyətində olduğunu bəzən açıq, bəzən dolayısı ilə bildirməkdən çəkinmir. Eyni zamanda Paşinyan sənədi imzalamaması ilə Cənubi Qafqazdan Rusiyanın çıxmasına çalışan Qərbə də mesaj ünvanlamış oldu ki, həm onun hakimiyyətini müdafiə etsinlər, həm də Qarabağ problemində ermənilərin marağı naminə Azərbaycana təzyiqi artırsınlar . Yəni, guya Rusiyanın bacarmadığını Qərb etsin.  
 
Ermənistan mediasının “klounada” adlandırdığı KTMT-nin İrəvan sammitində zərbəni Rusiya aldı. Baxmayaraq ki, Putin istər “Valday” klubunda dedikləri, istərsə də İrəvana səfəri ilə Ermənistanda artan anti Rusiya isterikasını yumşaltmağı nəzərdə tuturdu, əksinə oldu. Sammit getdiyi bir vaxtda anti Rusiya, anti Putin mitinqinin təşkil edilməsi, orda səslənən şüarlar və çağırışlar Paşinyanın razılığı olmadan çətin baş tutardı. Mitinq iştirakçılarının “Azərbaycanın dostlarının burada nə işi” sualını verməklə Paşinyanın sənədə imza atmaması arasında ciddi uzlaşma olduğu aydın hiss olunurdu.  KTMT-nin perspektivi onsuz da yaxşı görünmürdü, Ermənistanın bu manevri isə təşkilatın gələcəyini tam şübhə altına aldı. Bəs, Rusiya belə asanlıqla Ermənistandan imtina edərmi? Əlbəttə yox. Rusiya hansı yolu seçəcək- Paşinyana təzyiq etməklə onu hakimiyyətdən uzaqlaşdırmağı, yoxsa Qarabağda ermənilərin marağına uyğun siyasəti daha da gücləndirmək və Azərbaycana müxtəlif vasitələrlə təzyiqi artırıb Paşinyan höküməti ilə münasibətləri istiləşdirməyi? 
 
 Rusiyanın indiyədək Paşinyana təzyiqi, onu hakimiyyətdən uzaqlaşdırmaq cəhdləri baş tutmayıb. Münasibətləri yumşaltmaq istəsə də, Paşinyanın Qərbin simasında Fransa prezidentinə yaxınlığı Putindən daha artıqdır və hələlik manevrlərlə balansı qoruduğunu nümayiş etdirir. Kreml prosesin bu cür inkişafından razı qala bilməz, mövcud vəziyyətə Ukraynadakı müharibəyə görə əsaslı təsir də göstərə bilmir. Moskva vəziyyəti dəyişmək üçün milyarder Ruben Vardanyanın simasında Qarabağdakı separatçı rejimi möhkəmləndirməyi və ermənilərin gözündə milyarderin imicini yüksəltməklə Paşinyan hakimiyyətinə alternativ komanda hazırlamağı hədəfləyib. Ruben Vardanyanın özünə kabinet yaratmağa başlaması, Arutunyanın komandasını yola salıb yeni, guya peşəkar kadrlarla əvəzləməyə başlamasını Rusiyanın planının hansı istiqamətdə inkişaf edəcəyinin ilkin təzahürləri kimi dəyərləndirmək olar. Paşinyan bu quyunun onun üçün qazıldığını bilir və gedən prosesə seyrçi qalmayaraq müqavimətini davam etdirir və müqavimət faktiki olaraq Araik Arutunyanın əli ilə aparılır. Separatçı rejimin güc strukturları Arutunyana sadiq qurumlar kimi qəbul edilir və artıq ilk gündən Ruben Vardanyana rahat şəkildə onları dəyişdirməyə, daha doğrusu Robert Koçaryanın kadrları ilə əvəzləməsinə imkan verməyiblər. Görünür, Vardanyan yaranmış situasiyada məsləhət və yardım almaq məqsədilə də təcili Moskvaya yollanıb. Hansı təlimatlarla geri dönəcəyi yaxın vaxtlara məlum olacaq.
 
 Mənzərə aydındır və sual yaranır: Azərbaycan yaranmış situasyada nə etməlidir? Qarabağ ətrafında baş verənlər, Ermənistan -Rusiya münasibətlərinin soyuqluğu ortada olduğu bir vaxtda Azərbaycan hansı addımları atmalıdır? Ermənistanın sülh müqaviləsi bağlamasından yayınması, revanşist siyasətini gizlətməməsi, 10 noyabr bəyanatına əməl etməyərək silahlı qüvvələri Azərbaycan ərazisindən indiyədək çıxarmaması, nəqliyyat kommunikasiya xətlərini açmaqdan imtina etməsi və başqa razılaşmalara da əməl etməməsi Azərbaycana əsas verir ki, Ermənistanla danışıqları dayandırıb, birbaşa Xankəndi probleminin üzərinə getsin. Artıq bunun ilk elementi  bu gün Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında özünü göstərdi. Dekabrın 7-də Ermənistan baş naziri ilə Brüsseldə nəzərdə tutulan görüşdən imtina edilməsi düşmənə və havadarı Fransaya ciddi xəbərdarlıq oldu. İki ildir delimitasiya, demarkasiya, dəhliz müzakirələri ilə baş qatan Ermənistan bilməlidir ki, süni şəkildə zaman uzatması oyunu bitdi. Biz iki dövlət arasında olan sərhədi və harada dayandığımızı bilirik, bundan sonra hədəfimiz Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində dövlət nəzarətimizin bərpa edilməsi siyasətini prioritet olaraq gündəmə gətirməklə Rusiya Federasiyası ilə danışıqlara başlamaq olmalıdır. Ruben Vardanyanla deyil, Vladimir Putinlə danışıqlar aparılacaq. Dövlət nəzarətimizin yaranmasının yol xəritəsi, zamanı qeyd edilməklə elan edilməli və müzakirələrə start verilməlidir. Ermənistanla sülh müqaviləsi, sərhəd müəyyənləşməsi Xankəndidən sonrakı mərhələnin işi olacağı rəsmən bildirilməlidir. 77 ildir ki, Yaponiya Rusiya ilə sülh müqaviləsini bağlamayıb.., nə olub ki?
 
Top biz tərəfə atılıb. Öncə Xankəndi problemi, sonra Ermənistanla bağlı olan məsələlər. Şüarımız, siyasətimiz belə olmalıdır.
 
İlham İsmayıl
Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 3 434          Tarix: 25-11-2022, 16:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma