“Azərbaycan Demokratiya və Rifah Hərəkatı Ali Məclisinin üzvü, tanınmış jurnalist, Ovqat.com xəbər portalının Baş redaktoru Heydər Oğuzun aldığı bir müsahibəyə görə Azərbaycan Respublikası Baş Prokurorluğuna dəvət olunub, ciddi şəkildə xəbərdarlıq edilməsi hər şeydən öncə müstəqil mətbuata, söz azadlığına qarşı yönəlmiş qəsddir”.
Ovqat.com xəbər verir ki, bu bəyanatı ADR Hərəkatı yayıb. Bəyanatda daha sonra deyilir:
“Xüsusilə Azərbaycan hakimiyyətinin beynəlxalq qurumlar tərəfindən qeyri-demokratik xarakterli əməllərə görə tənqid edildiyi, ağır sanksiyalara məruz qalmağın bir addımlığında olduğu bir məqamda mətbuat xadimlərinin öz peşə fəaliyyətinə görə cəzalandırılması ölkəmizin imicinə vurulmuş zərbədir və başucalığı gətirmir. Üstəlik, bu zərbənin dövlət mənafeyini qoruyan, onun ittihamçısı qismində çıxış edən qurum tərəfindən vurulması da anlaşılmazdır.
ADR Hərəkatı hesab edir ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun son zamanlar özünü mətbuat üzərində senzor kimi aparmasına, mətbuat xadimlərinin, araşdırmaçı yazarların təqibinə son qoyulmalıdır. Prokurorluq orqanları azad sözə qarşı bu cür aqressiv mövqe tutmamalı, ölkə iqtisadiyyatının talan olunmasına, milyardlarla dollarlıq vəsaitin ölkədən çıxarılmasına, korrupsiyaya qarşı mübarizə aparmalıdır”.
Paylaş: