Xəbər lenti

 

Türkiyənin İqtisadi və Xarici Siyasət Araşdırma Mərkəzinin müdafiə analitiki Can Kasapoğlunun qələmə aldığı “Türkiyə-Azərbaycan: Müdafiə əməkdaşlığından hərbi ittifaqa” sərlövhəli məqaləsi ölkəmizin Ermənistana qarşı hərbi strategiyası ilə bağlı mühüm məlumatlar ehtiva edir. Azərbaycan insanı üçün xeyli aktual olduğunu nəzərə alıb məqaləni öz türkçəmizə sadələşdirdik və onu Ovqat.com oxucularına sunuruq:

 

Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri sırf bir realist yanaşma ilə izah etmək mümkün deyil. Türkiyə XİN-nin ənənəvi mötədil və soyuqqanlı diplomatik ritorikası belə, Bakı ilə Ankara arasındakı əlaqələri "bir millət-iki dövlət" anlayışı çərçivəsində dəyərləndirir və hər iki ölkə rəhbərliyi ən yüksək səviyyədə qardaşlıq bağlarının olduğunu vurğulayır.

Son on ildə qardaşlıq əlaqələri Cənubi Qafqazın strateji balansını dəyişəcək bir hərbi ittifaqa çevrilib. Hərbi əlaqələrdə əldə edilən bu yüksək səviyyə Azərbaycan Silahlı Qüvvələrinin son dövrdə göstərdiyi döyüş uğurları və Türkiyə müdafiə sənayesinin inkişafı ilə birlikdə qiymətləndiriləndə yeni bir regional həqiqəti əks etdirir.

Strateji ortaqlıq və qarşılıqlı yardım anlaşması

Türkiyə ilə Azərbaycan arasındakı müdafiə əlaqələri iki əsas hüquqi çərçivəyə əsaslanır. Bunlardan ilki 1990-cı illərdə həyata keçirilən hüquqi tənzimləmələrlə Azərbaycan hərbi qulluqçularının Türkiyədə təhsil almasını təmin edən əməkdaşlıqdır.

İkinci və daha əhəmiyyətli çərçivə isə 2010-ci ildə imzalanan Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım Müqaviləsi ilə ərsəyə gətirildi. Sözügedən beynəlxalq hüquqi zəminin Türkiyə-Azərbaycan əlaqələrini ikitərəfli hərbi ittifaq səviyyəsinə yüksəltdiyi söylənə bilər. Çünki həmin müqavilənin II maddəsi Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin özünümüdafiə haqqının yer aldığı 51. maddəsinə istinad edərək, tərəflərdən (Türkiyə və Azərbaycan) birinin üçüncü ölkə ya da ölkələr tərəfindən hücuma məruz qalması halında ortaq təhlükəsizlik və müdafiə perspektivi yaradılacağını ifadə edir.

Texniki baxımdan, bu maddə hərbi ittifaqların təməl hüquqi şərti olan - NATO müqaviləsinin məşhur 5. maddəsi kimi- bir "casus foederis",  yəni hansı şərtlər altında ittifaqın müdafiə qabiliyyətlərindən istifadə edərək hərəkətə keçəcəyi ilə əlaqədar əsasnamə xarakteri daşıyır. Ayrıca, müqavilənin eyni maddəsi müttəfiqlərin birinə hücum vəziyyətində ediləcək hərbi yardımın formasını və əhatə dairəsini təyin etmək baxımından mübahisəyə açıqdır. Bu yönü ilə bir növ strateji qeyri-müəyyənliyə söykənən daşındırıcılıq xüsusiyyətinə malikdir.

Azərbaycan-Türkiyə münasibətləri baxımından strateji tərəfdaşlıq və qarşılıqlı yardım müqaviləsinin digər mühüm müddəası isə 7-ci maddədə verilmişdir. Müqavilədə hər iki ölkənin Silahlı Qüvvələri arasında komandanlıq və güc strukturunun koordinasiyası nəzərdə tutulur. Belə koordinasiya üçün planlaşdırma nəzəri olaraq, strateji səviyyədə birgə fəaliyyətə imkan verir. Necə ki, son illərdə profilləri yüksələrək davam etdirilən Türkiyə-Azərbaycan hərbi təlimləri, müştərək hərəkat qabiliyyətinin taktika və əməliyyatlar sayəsində qazanılmış strateji səviyyəyə çatdırılmasında xeyli optimist tablo ilə qarşı-qarşıya olduğumuzu göstərdi.

İkitərəfli manevrlər

Yuxarıda göstərilən hərbi tədbirlər arasında son illərdə təşkil edilən “Tur-Az Qartalı” və “Tur-Az Şahini” adlı hava təlimləri nəzərə çarpır. Azərbaycan Hava Qüvvələrinə bağlı Mig-29 və Su-25 kimi təyyarələrlə Türk Hava Qüvvələrinin F-16-larının və digər hava vasitələrinin birlikdə keçirdikləri uğurlu manevrlər hər iki ölkənin müdafiə imkanlarının inkişafı baxımından çox mühümdür. Mətbuatda əks olunan xəbərlər manevrlərin hava-hava və hava-yer sahəsində əhatəli ssenarilərlə reallaşdırıldığını göstərir.

2017-ci ilin mayında Azərbaycan ilə Türkiyə arasında əhəmiyyətli bir təlim keçirildi. Bu hərbi təlim, iştirakçı qüvvələrin profilləri baxımından diqqətəşayan idi. Mexaniki piyada, zirehli texnikalar, artilleriya və quru havaçılıq hərbi birlikləri və onların manevr qabiliyyətlərini dəstəkləyən hava müdafiə platformalarının manevrə qatıldığı bilinir. Açığı, sözügedən kompozisiya Azərbaycan Silahlı Qüvvələrinin 2016-cı il aprel döyüşlərindəki hərbi nizamını və müştərək birlik hərəkatı konsepsiyasını xatırladırdı.

Bilindiyi kimi, Azərbaycan Silahlı Qüvvələri ilk dəfə 2016-cı il aprel döyüşlərində işğal altında olan torpaqlarında hərbi qüvvələri vasitəsilə inkar edilməz müvəffəqiyyət əldə etmişdir. Aprel müharibəsi nəticəsində coğrafi olaraq Bakının torpaq qazanımı xeyli məhdud olsa da, həm hərbi alternativin sözdə qalmayacağı aydınlaşdı, həm də Azərbaycan Silahlı Qüvvələri 'yüksək neft gəlirlərini söykənən bahalı oyuncaqlara sahib ordu' anlayışından kənar, yüksək səviyyəli koordinasiya, təsirli komanda nəzarətində və yüksək səviyyəli mübarizə aparan aktyor kimi göründü. Ayrıca, aprel döyüşləri zamanı Ankaranın birmənalı olaraq Bakının yanında yer alması və Türkiyə ictimaiyyətinin çox böyük hissəsinin Azərbaycan Silahlı Qüvvələrinə dəstək verməsi 2010 Strateji Əməkdaşlıq müqaviləsinin praktiki nümunəsini ortaya qoydu.

Türkiyə-Azərbaycan hərbi birliyini dəstəkləyən digər bir amil Türk Müdafiə Sənayesinin iddialı Azərbaycan portfelidir. Bu çərçivədə nəzərə çarpan amillərdən bəlkə də ən əhəmiyyətlisi Türkiyənin milli çoxlüləli roketatan (ÇNRA) sistemlərini Azərbaycana ixrac etməsidir. Həm 122 mm kalibrli “Sakarya”, həm də yaxın zamanda qardaş ölkəyə təslim edilən 300 mm kalibrli “Qasırğa” sistemləri Azərbaycan Silahlı Qüvvələrinə kritik atəş dəstəyi qabiliyyəti qazandırmaq mənasına gəlir. Aprel döyüşlərində Azərbaycanın ÇNRA sistemlərini insansız hava vasitələri ilə inteqrasiyası nəticəsində əhəmiyyətli bir taktiki üstünlük əldə etdiyi müşahidə olunmuşdur. Bu səbəbdən, bir çox sahədə olduğu kimi, ÇNRA seqmentində də ikitərəfli əməkdaşlıq ciddi hərbi əhəmiyyətə malikdir.

Xüsusilə “Fərat Qalxanı” əməliyyatında əldə edilən dərslərlə “Roketsan”-ın ÇNRA sistemləri sahəsində önəmli təkmilləşdirmələrini  davam etdirəcəyini söyləmək mümkündür. Bu artan güc Azərbaycan Silahlı Qüvvələri üçün də mühüm mənbə hesab olunur.

3-cü ORDU və NAXCIVAN

 

Son olaraq, Türk Quru Qüvvələrinə bağlı 3. Ordunun Naxçıvandakı Azərbaycan əlahiddə hərbi birliklərini dəstəkləmə fəaliyyətlərindən də söz edilməsi lazımdır. Bir çox xarici hərbi ekspertlər Azərbaycan Silahlı Qüvvələrinin döyüş səviyyəsi ən yüksək birliyinin Naxçıvanda olan -daha əvvəl V diviziya olaraq adlandırılan - və müştərək hərəkat icra etmək üçün formalaşdırılan xüsusi ordu gücləri (Naxçıvan əlahiddə Ümumqoşun Ordusu) olduğunu ifadə edirlər. Naxçıvandakı qoşunlar Azərbaycanın müdafiə strategiyasında önəmli funksiyaya malikdirlər. Çünki, bu ordu hər hansı bir qarşıdurma vəziyyətində Ermənistan Silahlı Qüvvələrini iki cəbhəli döyüşə məcbur edə biləcək və arxa cəbhəni təzyiq altında tutacaq vəziyyətdədir. Bu da, hərbi olaraq, işğal altındakı Azərbaycan torpaqlarında və təmas xəttində olan erməni silahlılarını dəstəkləyəcək lazımı təchizat xəttinin və ehtiyat qüvvələrinin axsamasına səbəb olacaq.

Dolayısıyla, Bakı üçün Naxçıvanda yerləşən hərbi qüvvələr həyati əhəmiyyət kəsb edir. Məhz, bu bölgədəki Azərbaycan hərbi birliklərinin təlimi, hərbi logistikası və digər kritik ehtiyaclarının qarşılanmasında Türk Silahlı Qüvvələrinə bağlı 3. Ordu həyati bir vəzifə yerinə yetirməkdədir. Həmçinin, 2017-ci ilin iyununda təxminən 5 min hərbi qulluqçunun iştirakı ilə keçirilən Türkiyə-Azərbaycan ortaq Naxçıvan manevri də həm hərbi-siyasi mesaj, həm də müştərək hərəkat qabiliyyətlərinin yüksəldilməsi baxımından çox faydalı oldu.

Arxa cəhbə strategiyası

Bütün bunlara baxmayaraq, Azərbaycan Silahlı Qüvvələrinin diqqət etməsi gərəkən zəif nöqtəsi var. Rusiya Federasiyasının son dövrdə Ermənistana SS-26 tipli (İskəndər) taktiki ballistik raket satışı ilə İrəvan Azərbaycanın kritik milli infrastrukturunu və arxa cəbhəni vurmaq imkanına qovuşdu. Bu nöqtədə önəmli milli infrastruktur kimi  Xəzər sahilindəki karbohidrogen obyektləri hədəf olaraq nəzərdə tutulur. Üstəlik, Ermənistan mənbələrinin ifadə etdiyi kimi, daha əvvəl də bu tip hərb ssenarilər üzərində çalışdıqları bəlli olur. Ən önəmlisi isə budur ki, SS-26 tipli “İskəndər” taktiki ballistik raketləri texniki xüsusiyyətləri səbəbindən raketlərdən müdafiə sistemləri üçün olduqca çətin hədəfdir. Bu baxımdan Azərbaycanın arsenalındakı S-300 PMU-2 havadan və raketdən müdafiə sistemlərinin SS-26-lara qarşı –Ermənistanın əlində olanlar SS-26-nın “export” versiyası olsa da - nə dərəcədə təsirli olacağı mübahisəlidir. Odur ki, Bakının son illərdə əldə etdiyi hərbi potensialına əlavə olaraq, önümüzdəki dövrdə də strateji silah sistemləri sahəsində yeni nailiyyətlər əldə etməsi lazımdır. Azərbaycan üçün bir digər düşündürücü məqam isə son dövrdə Moskva ilə İrəvanın birgə atdığı addımlar sayəsində Rusiya və Ermənistanın ortaq havadan müdafiə çətiri inkişaf etdirmiş olmasıdır.

Bununla belə, Azərbaycan Silahlı Qüvvələrinin indiyə qədər qət etdiyi məsafə az deyil. Müdafiə iqtisadiyyatı karbohidrogen gəlirlərinə söykənən bir çox ölkənin əksinə, Əliyev hakimiyyəti son dərəcə balanslı və təsirli hərbi inventar meydana gətirməyi bacarmışdır. Daha da əhəmiyyətlisi odur ki, rəsmi Bakı bir tərəfdən müdafiə sahəsindəki təchizatçı ölkələri çeşidləndirdi, digər tərəfdən isə Ankara və Türk Silahlı Qüvvələri ilə olan əməkdaşlığı konkret və nəticəverici bir zəminə oturtdu. Göstərilən bütün istiqamətləriylə Azərbaycanın müdafiə modernizasiyası Cənubi Qafqazda inkar edilməz səviyyəyə gəldi.

Türkiyə-Azərbaycan hərbi ittifaqına gəlincə, açığı, optimist olmaq üçün bir çox səbəb var. Təhlükəsizlik, müdafiə və hərbi elmlər sahəsindəki bütün texniki parametrlər və strateji mülahizələr bir qırağa, iki ölkə əlaqələrinin ən əhəmiyyətli stimulverici gücünü ortaq milli kimlik və bunun hər iki tərəfdən anlaşılması təşkil edir. Bu isə çox əhəmiyyətlidir, çünki müştərək hərəkat və ortaq müdafiə planlaşdırmasında mədəni faktorların kritik rol oynadığı inkaredilməzdir. Ayrıca, ikitərəfli manevrlərin yüksək profildə dayanmadan davam etməsi hər iki ölkənin Silahlı Qüvvələri arasında getdikcə artan uyğunlaşma və inteqrasiya yaradır. Beləcə, “iki dövlət, bir millət” perspektivində konkret hərbi reallıq ərsəyə gəlir.




Ana səhifəyə qayıt        Baxış: 2 140          Tarix: 2-11-2017, 00:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma