Xəbər lenti

  

Yaxın Şərqdə Türkiyə və İranla ittifaq yaradıb ABŞ-ı sıxışdıran Rusiya indi də Afrikaya yönəlib.

Ovqat.com xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin, müdafiə naziri Sergey Soyquyla birlikdə, Soçidə Sudanlı həmkarıyla görüşüb.

Məlumata görə, tərəflər Qırmızı dənizdə Rusiyanın hərbi baza qurmasını müzakirə ediblər. Xəbəri Sudan prezidenti Ömər Bəşir də təsdiqləyib. Rusiyanın “Sputnik” xəbər portalına verdiyi açıqlamada o, deyib: “Bəli, Qırmızı dənizdə rus hərbi bazasını qurmaq üçün əvvəl Rusiya prezidenti, sonra isə müdafiə naziri Şoyğuyla görüşdük”.

Təbii ki, müdafiə naziriylə görüşün prezidentdən sonra reallaşması yalnız bir amillə izah edə bilər: Prezidentlər Qırmızı dənizdə hərbi baza qurmaq məsələsində ortaq məxrəcə gəlmiş və əldə edilən razılığın detalları müdafiə naziriylə müzakirə olunmuşdur.

Maraqlıdır ki, Sudan prezidenti ABŞ-ın Afrika siyasəti ucbatından Rusiyaya sığındığını da gizlətməyib. Onun Putinlə görüşdə ABŞ-ı digər ölkələrin daxili işlərinə müdaxilə etməkdə günahlandırardırğı bildirilir. Ömər Bəşirin fikrincə, Suriyada məhz bu səbəbdən böyük bir fəlakət yaşandı: “Sudanın da iki dövlətə bölünməsi ABŞ-ın üzündən oldu. Buna görə də ABŞ-ın təcavüzkar hərəkətlərindən müdafiə olunmaq ehtiyacımız var və Rusiya ilə bəzi sahələrdə əməkdaşlıq etmək istəyirik”.

Ö.Bəşir mətbuat orqanlarına açıqlamasında Rusiya və Sudan arasında hərbi əməkdaşlıq perspektivindən də danışıb. Sudanın hazırda Sovet dövründə istehsal olunan havadan müdafiə sistemləri ilə qorunduğunu bildirən prezident hərbi qüdrətlərini atrırmaq üçün Rusiyadan Su-30 və Su-35 döyüş təyyarələriylə yanaşı, S-300 havadan müdafiə sistemləri almaq istədiklərini söyləyib: "Sudan digər ölkələrə hücum niyyətində deyil, biz sadəcə ölkəmizi qorumaq istəyirik".

İlk baxışdan diqqəti cəlb etməyən bu xəbər istər-istəməz aşağıdakı sualları meydana gətirir:

 

1. Rusiya Sudanda hərbi bazalarını qurarsa, nə qazana bilər?

Bu suala cavab vermək üçün Sudanın geostrateji əhəmiyyətinə nəzər salamaq kifayətdir.

Qırmızı dəniz sahillərində yerləşən və ərazisinə görə, Cəzair və Konqodan sonra Afrikanın 3-cü böyük dövləti sayılan Sudan çox mühüm strateji önəmə sahibdir.  Onun strateji əhəmiyyəti bir neçə amillə izah olunur.

Əvvəla, Sudan Qırmızı dənizdə yerləşdiyindən bu ölkəyə sahib olmaq Suveyş kanalına nəzarət etmək deməkdir. Süveyş kanalına nəzarət etmək isə Avropanın isti dənizlərə açılan boğazını ələ keçirmək mənasına gəlir. Nədən ki, Asiyayla Avropa arasında bütün ticari münasibətlər bu kanal və Qırmızı dəniz vasitəsilə həyata keçirilir. Müasir dünya hegemoniyası strateji su hövzələri üzərində qurulduğundan, Rusiyanın indiyə qədər Qara dənizdən Aralığa qədər uzanan hərbi dəniz gücü Qırmızı dənizdə lövbər salmaqla qorxunc həddə çata bilər.

Rusiyanın Qırmızı dənizə nəzarəti Avropayla yanaşı körfəz ölkələrini də təhdid edir. Nədən ki, Qərb sənayesinin hərəkətverici qüvvəsi sayılan körfəz nefti bu xətt üzərindən keçməklə öz mənzilinə göndərilir. Bu baxımdan Rusiyanın Qırmızı dənizə sahiblənməsi Yaxın Şərqi və Avropanı tamamilə Moskvadan asılı vəziyyətə salar və “yaşlı qitə”ni rus enerji strategiyasının təsiri altına düşməsinə yol açar. Bu isə Avropanın ən çox çəkindiyi problemdir.

 

Sudanın ikincisi strateji əhəmiyyəti Şimali Afrikanın əsas can damarı sayılan Nil çayının iki qolunun bu ölkədə başlayıb, bu ölkədə də birləşməsidir. Dolayısıyla, Nilə sahib olmaq Şimali Afrikaya hökm etmək mənasına gəlir. Xüsusilə, Afrikanın ən böyük hərbi qüdrəti sayılan Misir Sudanın əsas sahibindən asılı vəziyyətdədir. Sözsüz ki, Misir üzərində hegemoniya da Rusiyanı Avropa üzərində təzyiqini artıra bilər.

2. Sudanın Rusiya ilə hərbi əməkdaşlıqdan qazancı

Sözsüz ki, 1989-cu ildən bəri Sudana rəhbərlik edən Ömər Bəşir mənasız yerə Rusiyanın himayəsi altına girmir. O, əslində ABŞ və İngiltərə tərəfindən qəsdən buna məhkum olunub.

Əvvəllər İngiltərənin müstəmləkəsi altında olan Sudan 1956-cı ildə öz müstəqilliyini elan edib. Müstəqillikdən əvvəl isə ingilislərin missionerlik fəaliyyəti nəticəsində indiki bölünmənin əsası qoyulub. Missioner fəaliyyətilə ölkənin cənubunda yaşayan bir çox xalqlar xristianlaşdırılıb.

Sudanın etnik mozaikası və ərəb millətçiliyinin başqa etnikləri, xüsusilə zənciləri aşağılama siyasəti də ingilislərin missionerlik fəaliyyətinə kifayət qədər kömək edib. Təkcə onu vurğulamaq kifayətdir ki, Sudan sözünün özü belə, ərəb millətçiliyinin digər etnikləri aşağılamasından törəyib. Mülahizələrə görə, Sudan ərəbcə “bələd üs-sudan” sözündən əmələ gəlib, “qaraların ölkəsi” deməkdir.

 

Yeri gəlmişkən, qeyd edək ki, 40 milyon əhalisi olan Sudan əhalisi 18 ayrı etnik qrupdan formalaşırdı. 2011-ci ildə Cənubi və Şimali Sudana bölünən bu ölkənin 3/1 əsas gövdədən ayrıldı. Hazırda Cənubi Sudanda 10 milyon, Şimali Sudanda isə 30 milyon əhali yaşayır. Parçalanmanın əsas səbəbi isə dini fərqlilikdən qaynaqlanırdı. Cənubi Sudanın belə, əhalisinin 60%-dən çoxu müsəlman olsa da, rəsmi dini xristianlıq kimi qeyd olunub, rəsmi dili isə ingiliscədir. Şimali Sudanın rəsmi dini müsəlmanlıq, dili isə ərəbcədir.

Bir sözlə, ingilis müstəmləsi altında olduqları zaman qeyri-ərəb və zəncilər arasında aparılan xristianlıq təbliğatı öz nəticəsini verib və müstəqilliyinin ilk illərində Sudan cənubda yaşayan “özgələrin” üsyanlarıyla qarşılaşıb. 2011-ci ilə qədər davam edən vətəndaş müharibələri Sudanda 2 milyon insanın ölümü, milyonlarla dinc əhalinin didərgin düşməsiylə nəticələnib. İngiltərənin və ABŞ-ın açıq dəstəyiylə Cənubi Sudanlılar 2011-ci ildə öz mütəqilliklərini elan ediblər. Ömər Bəşir da axırda bu qərarı tanımaq məcburiyyətində qalıb.

Cənubi Sudanın ayrılmasıyla cətin vəziyyətdə düşən rəsmi Xartum indi bu separatizmin ağır nəticələriylə üz-üzədir. Nilin bir çox qolunun mənbəyi sayılan əkinə yararlı ərazilərin 40%-i Cənubi Sudanın (əvvəlki ölkənin 3/1-nin) nəzarətindədir. Ölkənin əsas gəlir mənbəyi olan neft bölgələrinin isə 80%-nə yenə Cənubi Sudan nəzarət edir. Şimali Sudanın əlində isə yalnız böyük strateji əhəmiyyəti olan Qırmızı dənizi və Misirə axan Nil çayı qalıb.

 

3. Ömər Bəşir niyə Rusiyaya sığınır?

İngiltərə və ABŞ-ın dəstəklədiyi Cənubi Sudanın müstəqilliyini tanımaq belə, Ömər Bəşirin ABŞ-la münasibətlərini normalaşdırmayıb. Əksinə, ABŞ-ın nəzarəti altında olan BMT Sudan liderini terrorçu elan edib və haqqında həbs qərarı çıxarıb. Maraqlıdır ki, Şimali Sudan diktatoru indiyə qədər BMT səviyyəsində bu ittihama layiq görülən yeganə şəxsdir. Bunun nəticəsidir ki, Ömər Bəşir 2011-ci ildən bu zamana qədər “gizləndiyi” Xartumdan başqa paytaxta səfər edə bilmir. Son illər ərzində Rusiya ona qucağını açmış azsaylı ölkələrdən biridir. Başqa sözlə desək, İngiltərə və ABŞ sanki özləri qəsdən Ömər Bəşiri rusların qucağına atıb.

  

4. Putinə ingilis və yəhudi hədiyyəsi

ABŞ-ın ingilis və yəhudi maraqlarının çuğlaşmasından əmələ gələn super güc olduğunu, İngiltərənin də bundan fərqlənmədiyini nəzərə alsaq, Sudan üzərində oynanan bu oyunların əslində Rusiyaya edilmiş hədiyyəyə daha çox bənzədiyini anlaya bilərik. Nəzərə alsaq ki, ABŞ-ın dünya hegemoniyası su hövzələrinə nəzarət üzərində qurulub, o zaman başqa bir sual ortaya çıxır:

ABŞ Qırmızı dəniz və Şərqi Aralıqdakı öz üstünlüyündən niyə Rusiyanın xeyrinə imtina edir?

Əlbəttə ki, Rusiyaya edilmiş bu hədiyyə əvəzsiz deyil. Zənnimizcə, məqsəd Avropa İttifaqı yaradaraq, gələcəkdə ABŞ hegemoniyasına meydan oxuyan “yaşlı qitənin” boğazını “rus ayısının” pəncəsinə vermək, hər iki rəqibi bir-biriylə amansız rəqabətə sürükləməklə zəiflətməkdir. Digər tərəfdən isə ərəb liqasını Rusiyaya qarşı daha aktiv mübarizəyə sürükləmək də ABŞ-ın strateji hədəflərindən biri ola bilər.

Sözsüz ki, bu məkrli siyasətin iki başı var: Rusiya və qarşı tərəflərin müəyyən razılıqlar əldə edərək birgə əməkdaşlığı perspektivi. Bu zaman ABŞ-ın özü təcrid vəziyyətə düşər və dünyanın yeganı qütbü olmaq yarışından geri çəkilər. Ov avlayarkən ovlanmaq taleyi ilə üz-üzə qalmaq istəməyən Vaşinqton istər-istəməz digər coğrafiyalarda da boş durmamalı, Rusiya ilə hər hansı ittifaqa getmək istəməyən qüvvələri hakimiyyətə gətirməlidir.

    

Ömər Bəşirin Soçiyə səfərindən qısa müddət əvvəl Almaniyada (baxmayaraq ki, Aralıq dənizinə birbaşa çıxışı yoxdur, bu ölkənin Avropa İttifaqının əsas sütunu olduğu sirr deyil) heç kimin gözləmədiyi halda hökumət böhranın yaşanması artıq bu sahədə atılmış addımlardan biri təsirini bağışlayır. Amma bu ilk addım da deyil. Avropa İttifaqının digər söz sahiblərindən Fransada yenicə prezidentlik  kürsüsünə əyləşən Emmanuel Makronun da rus əleyhdarı olduğu seçki prosesində aydın sezildi. Bilindiyi kimi, Rusiya Makronun əsas rəqibi Le Peni dəstəkləyirdi və birinci turda səslərin 24 faizini Makron, 21.3 faizini isə Le Pen toplamışdı. Makron, II turda yarışacaq iki namizədin bir-birinə yaxın səs toplamasını Rusiya hərbi təhlükəsizlik xidmətlərinin rəqibin xeyrinə fəaliyyət göstərməsiylə əlaqələndirmiş və bundan sonra rus mətbuatına açıqlama verməyəcəyini bildirmişdi. Fransa  Hükuməti Giber Təhlükəsizlik Agentliyi də  Makronun bu iddialarını təsdiqləmişdi. Qısası, hakimiyyətə gəlməmişdən əvvəl Rusiyaya “qırmızı kart” göstərən Fransa prezidenti artıq çoxdan öz mövqeyini müəyyənləşdirmişdi.

Bu ehtimal doğrudursa, Avropanın Aralıq dənizinə birbaşa çıxışı olan İtaliya, İspaniya Portoqaliya kimi ölkələrində də yaxın dövrlərdə hakimiyyət dəyişiklikləri gözləməyə dəyər.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 363          Tarix: 27-11-2017, 14:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma