BMT Baş Assambleyasının dünən Qüdsü İsrailin paytaxtı kimi tanımaması bir çox müsəlman ölkələrində bayram havasında qəbul olundu. Xüsusilə, Fələstin lideri Mahmud Abbas qətnaməni müsəlmanların yəhudilər üzərində qələbəsi adlandırdı. Eyni sevincə Türkiyə də qoşuldu. Bu qətnamənin qəbul edildiyi toplantının Türkiyənin istəyi ilə çağrılması və dünyanın bir çox ölkələrinin hazırlanan layihəyə səs verməsi, təbii ki, rəsmi Ankaranın dünya siyasətində təsir gücünü artıran haldır. Buna sevinməmək doğru olmaz. Fəqət qətnamənin ABŞ və İsrail üzərində qələbəsi kimi təqdim olunması da obyektiv dəyərləndirmə deyil. Nədən ki, BMT Baş Assambleyasının çıxardığı istənilən qərarın imperativ gücü yoxdur. BMT-də imperativ qərarlar yalnız Təhlükəsizlik Şurasında alınır və 5 daimi üzvün hər birinin qərara “hə” deməsiylə qüvvəyə minir. Onlardan yalnız birinin veto qoyması BMT TŞ-nın qərarının qəbul edilməməsi üçün kifayətdir.
Maraqlıdır ki, bu hal bir müddət əvvəl Qüdslə bağlı müzakirələrdə də yaşandı. Təhlükəsizlik Şurasının müvəqqəti üzvlərindən Misirin 18 dekabr 2017-ci il tarixində müzakirəyə təqdim etdiyi qətnamə layihəsinin lehinə 14 şura üzvü səs versə də, ABŞ-ın vetosu qətnamənin qəbulunu əngəllədi.
Üzərindən sadəcə 3 gün keçdikdən sonra qurumun Baş Assambleyasında müzakirəyə çıxarılan eyni məzmunlu layihəyə isə 128 ölkə lehinə, 9 ölkə əleyhinə səs verdi və 35 ölkə isə bitərəf qaldı. Sözsüz ki, içərilərində Avropanın böyük dövlətlərinin də yer aldığı bu tərkibin ümumi rəyi Fələstin məsələsində ABŞ və İsrailin nə qədər haqsız olduğunu bir daha təsdiqləyir. Di gəl ki, hüquqi məcburiyyət yaratmadığından heç bir siyasi real nəticə də vəd etmir. Real nəticəsi olmayan bir qərarın qələbə kimi təqdim olunması bu mənada mübahisəyə açıqdır. Ən azı ona görə ki, BMT Baş Assambleyasında qəbul olunan bu qərar fələstinlilərin ilk “qələbəsi” də deyil. BMT yarandığı gündən İsrail zülmünə məruz qalan fələstinlilər dəfələrlə bu cür “qələbələr” qazanıblar, amma bütün “qələbələr” onların real məğlubiyyətləri ilə nəticələnib.
İstərsəniz, gəlin, BMT Baş Assembleyasında qazanılan bu “qələbə”lərdən bəzilərinə qısaca da olsa nəzər salaq:
181 saylı qətnamə
BMT Baş Assembleyasının Qüdslə bağlı ən mühüm qərarlarından ilki 29 Noyabr 1947-ci ildə qəbul olunan 181 saylı qətnamədir. Qətnamə BMT Baş Assambleyasının ortaya qoyduğu Bölgü Planı çərçivəsində ingilis müstəmləkə rejiminin bitməsilə birlikdə Fələstin torpaqları üzərində biri ərəb, digəri yəhudilərə məxsus olmaqla iki müstəqil dövlətin qurulmasını və Qüdsün silahlardan təmizlənməsini, bu şəhərə BMT Vasitəçilik Şurasının himayəsi altında beynəlxalq status verilməsini nəzərdə tuturdu. Sözügedən status 10 il qüvvədə qalacaq, daha sonra referendum yolu ilə bölgədə yaşayan xalqların öz müqəddaratını təyin etməsinə fürsət yaradılacaqdı.
Həmin illərdə Qüdsdə müsəlmanların çoxluqda olduğunu nəzərə alsaq, ilk baxışdan bu qətnamə fələstinlilərin xeyrinə kimi görünürdü. Di gəl ki, İsrail bu qətnaməni hesaba almadı və 14 May 1948-ci ildə heç bir referendumu gözləmədən İsrail dövlətinin yaradılması elan etdi. Nəticədə ilk ərəb-İsrail müharibəsi baş verdi və bu münaqişə BMT qətnaməsinin həyata keçirilməsini əngəllədi. İsrail isə həmin müharibə zamanı torpaqlarını genişləndirdi, BMT-nin rəqəmlərinə görə 750 min fələstinli öz yurd-yuvasından didərgin düşdü.
194 saylı qətnamə (11 Dekabr 1948)
1948-ci ildə ərəb-İsrail müharibəsinin sonuna doğru qəbul edilən bu qətnamədə fələstinlilərin köç etmək məcburiyyətində qaldıqları ərazilərə qayıdışı və Qüdsün çoxmillətli bir hakimiyyət tərəfindən idarə edilməsi nəzərdə tutulurdu.
Qətnaməyə görə, Qüdsə BMT nəzarəti altında beynəlxalq status verilir, Fələstindəki müqəddəs məkanlar qorunur və bu məkanların sərbəst ziyarətinə imkan yaradılırdı. Qüds şəhərinin sərhədləri şərqdə Abu Dis, cənubda Beytüllahim, qərbdə Eyn Kərəm, şimalda Şufat olaraq müəyyənləşdirilirdi.
Qətnamə çərçivəsində "Evlərinə qayıtmağı və qonşuları ilə əmin-amanlıq içində birgə yaşamağı arzulayan qaçqınların mümkün olan ən yaxın zamanda öz arzularını həyata keçirmələrinə icazə verilməli və geri qayıtmamağa qərar verənlərə isə təzminat ödənməli"ydi.
Sənətdə həmçinin BMT-nin vasitəçiliyi funksiyalarını yerinə yetirən BMT Fələstin Uzlaşdırma Komissiyası qurulmasını nəzərdə tutulurdu. Komissiyanın üzvləri Türkiyə, Fransa və ABŞ idi. Bu üç dövlət regionların sərhədləri, qaçqınlar və Qüdsün statusu kimi üç əsas problem üzərində çalışdı, ancaq yekun bir nəticəyə gəlmədi.
303 saylı qətnamə (9 Dekabr 1949)
BMT Baş Assambleyası 303 saylı qətnaməsi özündən əvvəl qəbul olunan 181 və 194 saylı qətnamələrə istinad edir və Qüdsün beynəlxalq bir sistemin nəzarəti altında idarə olunmasını (corpus seperatum) məsləhət bilirdi.
Nə yazıq ki, həmin “qələbədən” çox keçməmiş Qüdsün qərbi İsrail tərəfindən işğal edildi, nəticədə bu qətnamə də icra olunmadan qaldı.
2253 saylı qətnamə (4 İyul 1967)
Qüds üzərində bu “qələbələrin” dadını çıxara bilməyən ərəb ölkələrində istər-istəməz millətçilik duyğuları artır və region böyük sürətlə müharibəyə sürüklənirdi. 1967-ci illərdə qorxulan oldu və bütün ərəb ölkələri İsrailə qarşı müharibə elan etdi. İsrail isə onlara macal vermədən böyük bir hava hərəkatına başladı və Misirdən tutmuş İordaniyaya qədər bütün ərəb ölkələrinin hava qüvvələrini yerlə yeksan etməyi bacardı. Tarixə “6 günlük müharibə” kimi düşən bu hadisədən sonra İsrail ərazilərini daha da böyütdü. O, Şərqi Qüdsü də öz ərazilərinə qatmaqla qalmadı, Qəzza zolağı, Qərbi Şəriyanı, Misirin Sina yarımadası və Suriyanın Golan təpələrini işğal etdi. Daha sonra SSRİ-nin hadisələrə müdaxilə edəcəyi bəyanatından sonra Sina yarımadasından çəkilsə də, digər bölgələri öz əlində saxlamağı bacardı. Bu gün belə İsrailin su ehtiyatlarının 80%-ı Golan təpələrindən əldə olunur.
İsrailin bu işğalını durdurmaq üçün toplanan BMT Baş Assambleyası qəbul etdiyi 2253 saylı qətnamə ilə Qüdsün statusunu dəyişdirməyə yönələn fəaliyyətlərdən dərin narahatlıq duyduğu bildirir, bu ilhaqların əsassızlığı və işğal ordusunun geri çəkilməsinin lüzumu qeyd edilirdi. Nə yazıq ki, həmin ərazilərin əksəriyyəti hələ də İsrailin nəzarəti altındadır.
38/180 saylı qətnamə (19 Dekabr 1983)
BMT Baş Assambleyasının bu qətnaməsində İsrailin "sülhpərvər bir üzv" olmadığı bildirilir, bütün dövlətlər İsraillə diplomatik, ticari və mədəni əlaqələri kəsməyə çağırılır, İsrailin BMT Konvensiyasına uymadığı qeyd edilir. İsrail həmçinin Qüds də daxil olmaq üzrə, Qərbi Şəriya, Qəzza zolağı və Golan təpələrini ilhaq etdiyinə görə qınanılır. Bu işğallar "beynəlxalq hüquqa və BMT qərarlarına zidd, qeyri-legitim" olaraq səciyyələndirilir.
BMT bu qərarla İsraili Qüds daxil olmaqla 1967-ci ildən bəri işğal etdiyi torpaqlardan çəkilməyə çağırır və bunun "Yaxın Şərqdə tam və ədalətli sülhün təmin olunması üçün ön şərt olduğu" qeyd olunur.
BMT üzvü ölkələrə İsrailə silah və hərbi sursat satmamaq və İsraildən bunları almamalq, həmçinin ona hər hansı hərbi yardımı dayandırmaq tövsiyyə olunur. Həmin qətnaməyə bu gün hansı səviyyədə əməl olunduğu da ortadadır.
Göründüyü kimi, BMT-nin bu zamana qədər Qüdslə bağlı qəbul etdiyi çoxsaylı qərarlarından sadəcə bir neçəsi olan bu sənədlər heç də konkretliyi və sərtliyi ilə dünənki qətnamədən seçilmirdi. Hər dəfə ərəb ölkələri bu qətnamələrə görə bayramlar edir, liderlər qazandıqları “qələbələrlə” seçicilərdən səs istəyir və hakimiyyətə gəlirlər. İsrail isə tədricən öz ərazilərini böyüdür. Bütün bunların hamısının isə bircə səbəbi var: BMT Baş Assembleyasının əslində əsl BMT olmaması. Əsl BMT – BMT Təhlükəsizlik Şurasıdır ki, ordan da İsrailin əleyhinə heç bir qətnamə çıxmaz. Çünki BMT TŞ-nın 5 daimi üzvündən biri ABŞ-dır, İsrail isə onun strateji müttəfiqi
BMT TŞ-nın təyinatı haqqında rəsmi məlumata nəzər salanda da bu həqiqət ortaya çıxır. Rəsmi etirafa bənzəyən həmin məlumat bundan ibarətdir: “Birləşmiş Millətlər Təşkilat Təhlükəsizlik Şurası (BMT TŞ): Birləşmiş Millətlər Təşkilatının üzv ölkələr arasında təhlükəsizlik və sülhü qorumaqla məsul ən güclü orqanı. Birləşmiş Millətlər Təşkilatının digər orqanları sadəcə tövsiyə qətnamələri qəbul edərkən, Birləşmiş Millətlər Təhlükəsizlik Şurasının qərarları bütün üzv ölkələr üçün imperativ öhdəlik xarakteri daşıyır. Bu öhdəlik, üzv ölkələrin əksəriyyəti tərəfindən imzalanmış Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində açıq şəkildə qeyd olunmuşdur”.
Nəzərə alsaq ki, BMT 1946-cı ildə II Dünya müharibəsinin qalibləri tərəfindən qurulub, bu 71 illik hegomoniyanın əsl səbəbini anlaya bilərik: BMT qalib dövlətlərin dünyanı bölüşdürdükləri və məğlublar üçün don biçdikləri məkanın adıdır. Beynəlxalq qanunvericilik isə bu qurum tərəfindən hazırlandığından dünya ölkələrinin boyunduruq pasportudur.
Ovqat.com
Paylaş: