Xəbər lenti
Dünən, 19:25

 

Bir neçə gün əvvəl ABŞ Dövlət Departamenti Ukraynaya silah satacaqlarını açıqladı. Məlumata görə, Kiyevə dəyəri 47 milyon dollar həcmində 210 anti-tank raketi və 35 ədəd raket batareyası satılması nəzərdə tutulur. Dövlət Departamenti tərəfindən hazırlanan satış icazəsi sənədi Konqresə təqdim olunacaq və bu qurumun təsdiqindən sonra qüvvəyə minəcək.

İlk baxışdan həmin satış icazəsinin Konqresdən çıxmama ehtimalı mövcud olsa da, ekspertlər sənədin qəbul ediləcəyinə mütləq kimi baxırlar.

Məsələnin ciddiliyi Rusiyanı da narahat edir. Rusiyanın Xarici işlər nazirinin müavini Rybakovun xəbəri şərh edərkən, dilə gətirdiyi bəzi fikirlər də bu ehtimalı qüvvətləndirir. Açıqlamasında “ABŞ-ın artıq Ukraynaya hansısa şirkətlər tərəfindən deyil, dövlət səviyyəsində silah satacağından” duyduğu narahatlığı gizlətməyən Rybakov bunun “Vaşinqtonun vasitəçilik imicinə kölgə saldığına” inanır: “Vaşinqton özünü aradüzəldən kimi təqdim edir. Amma bu qərar aradüzəldənlik yox, suç ortaqlığıdır”.

 

Məsələnin qəliz tərəfi ondan ibarətdir ki, ABŞ tərəfindən Ukraynaya satışı nəzərdə tutulan 47 milyonluq silah son da olmayacaq. Bunu ABŞ-ın ötən həftələrdə hazılanan hərbi büdcəsi də təsdiqləyir. Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın, Nümayəndələr Palatası və Senatın təsdiqindən keçən, 692.1 milyard dollar həcmində müəyyənləşdirilən müdafiə büdcəsinin 65.7 milyardının xarici əməliyyatlara yönəldiləcəyi nəzərdə tutulur. Hərbi büdcənin xarici əməliyyat bölümündə isə Ukraynanın adı xüsusi cizgi ilə keçir. Sənəddə Ukrayna əməliyyatlarına ilkin olaraq 350 milyon dollarlıq hərbi yardım göstəriləcəyi planlaşdırılır. Nəzərdə tutulan yardımın hardasa 12-13%-i bu qədər narahatlıq doğurursa, tamamının hansı əndişələrə yol açacağını təsəvvür etmək çətin deyil.

Bəs, ABŞ-ın Ukraynaya silah yardımı Rusiyanı niyə qorxudur?

Zənnimizcə, bu qorxunun iki mühüm səbəbi var: Rusiyanın bir dövlət kimi Ukraynaya böhranına çəkilməsi cəhdi, digəri isə Kiyevə satılacaq silahın xarakteri.

 

Bəlli olduğu kimi, xüsusilə Donbassın işğalında Rusiya birbaşa deyil, hibrid müharibə yolunu seçib. Yəni ordakı rus əhalini silahlandırıb separatizmə sürükləyib. Ukraynalı rus separatçılarının əlindəki ən güclü silah isə tanklardır. ABŞ da bu tankları təsirsiz hala gətirəcək raket sistemlərini Ukraynaya verir. Satış reallaşdıqdan sonra Ukraynadakı rus tankları Kiyevin əlində bir-bir dənlənəcək günəbaxan tumuna çevriləcək. Rusiya bu prosesin qarşısını almaq üçün özü meydana çıxmalı, Ukraynanın şərqini rəsmən işğal etməli və müasir silahlarla qarşı tərəfi zərərsizləşdirməlidir. Bu da öz növbəsində Avropanın şərqində NATO-yla açıq şəkildə qarşı-qarşıya gəlmək deməkdir. NATO Avropasıyla müharibəyə girməyin nəylə nəticələnəcəyini kəsdirmək isə mümkün deyil.

Üstəlik, Avropayla ixtilaf hərb meydanında olduğu kimi, iqtisadi sahədə də Rusiya üçün ciddi itkilərə yol aça bilər. Çünki onun əsas gəlir mənbəyi neft və qazdan əldə edilə vəsaitdir ki, Rusiya öz təbii sərvətlərini Avropaya satmaqla başını dolandırır. Həmin mənbəni itirmək rus iqtisadiyyatı üçün ölümcül ola bilər.

 

Moskvanı bu qədər əndişələndirən ABŞ silahları nədir, niyə bu qədər təhlükəlidir?

Məlumata görə, ABŞ Ukraynaya “FGM-148 Javelin” tipli anti-tank raketləri satmağı planlaşdırır. Qısa adı “Javelin” olan bu silahların bir sıra özəllikləri var.

Əvvəla, “Javelin”lər hərbi texnikalar tərəfindən yox, piyada əsgərlər tərəfindən daşınır. Bu da həmin raketlərin yerini təsbit edib vaxtında zərərsizləşdirməyə imkan vermir. İstənilən sığnaqda gizlənən əsgər rahatlıqla bu silahdan tanklara qarşı istifadə edə bilər. Atılan raketin müəyyən məsafədən sonra atəşlənməsi onun hətta yaşayış binalarının içində belə, istifadəsini asanlaşdırır. Nəticədə tanklara qarşı döyüşlərin şəhər içərisində aparılmasına imkan yaradır.

İkincisi, “Javelin”lər lazer güdümlü və reaktivdirlər. Tərkibində dəlici başlıqla yanaşı, yüksək hərarət yayan partlayıcı var. Bu silahdan istifadə edən əsgər daşıdığı "atıcı boru" vasitəsi ilə "lazerli elektron işarələmə"dən istifadə edərək hədəfə kilidlənir. Demək olar ki, bütün zirehli-zirehsiz texnikaları, alçaq yüksəklikdə və aşağı sürətdə uçan təyyarələri zərərsizləşdirə bilir.

 

Tankların və digər texnikaların ilk öncə zirehini dələn “Javelin”lər daha sonra hədəfin içərisinə yüksək hərarətli atəş buraxaraq, onu sıradan çıxarır. Bu silah sistemi zirehli texnikaların daha zəif nöqtələri hesab olunan üst hissələrini vurmaq üçün nəzərdə tutulub. Hündürə qalxaraq uçuş yüksəkliyi 150 metr, birbaşa üfiqi vuruş yüksəkliyi isə 60 metrdir. Alçaqdan uçuş özəlliyi raketin radara yaxalanmasının qarşısını alır.

Üçüncüsü, “Javelin”in təsirli vuruş mənzili, hədəfin zirehinə görə 2 və ya 4 km arasında dəyişilir. Dolayısıyla, əsgərlərə uzaqda dayanıb istədikləri tankı vura bilmək şansı yaradır. “Javel”inin güdümlülüyü termal (istiliyə doğru hərəkət) olduğundan hədəflənən tankların ondan qaçması mümkün deyil.

Çəkisi 22 kq olan “Javelin”lər bahalı silahlar da deyillər. Bir “Javelin” üçün 250 min dollarından keçməlisən. Bizim hansısa iri məmurun ərköyün övladının sürdüyü maşın qiymətində...

Bir sözlə, Ukrayna “FGM-148 Javelin” silahlarını aldıqdan sonra ölkə ərazisi tankların meydan suladığı məkan olmaqdan çıxacaq.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 702          Tarix: 26-12-2017, 11:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma