Xəbər lenti

2020-ci ildə intiharların sayı 500 minə qədər artacaq

Son vaxtlar dünyada, həm də respublikamızda intihar hallarının sayının artması müşahidə olunur. Azərbaycanda intihar hallarının konkret statistikası aparılmasa da, bəzən kimlərinsə intihar etməsi barədə məlumatlar eşidirik və oxuyuruq. 
Azərbaycan İnformasiya Mərkəzi və www.azim.az internet portalı bununla bağlı növbəti araşdırmasını təqdim edir. Araşdırmaya görə, müxtəlif sə-bəblərdən intihara əl atan insanlar arasında müxtəlif yaş qruplarına, ayrı-ayrı təbəqələrə, fərqli dünyagörüşlərə məxsus insanlar olur. Hətta özünə qəsd edənlər arasında uşaqlara, qadınlara və yaşlılara rast gəlinir. Əgər bir müddət əvvəl intiharın əsas səbəblərindən biri kimi iqtisadi vəziyyət göstərilirdisə, son vaxtlar bu sırada iqtisadi cəhətdən tam təmin olunan şəxslər də intihar edir. Azərbaycanda intihar hallarının dəqiq sayı açıqlanmasa da, bir sıra beynəlxalq təşkilatlar müəyyən məlumatlar toplayırlar. 
2020-ci ildə intiharların sayı 500 minə qədər artacaq
Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb

Son məlumata görə, hər il dünyada 60 milyon insan intihara cəhd edir və bunlardan təxminən bir milyonu öz istəyinə çatır. Proqnozlara görə, yaxın illərdə depressiya kordioloji xəstəliklərdən sonra səhhət problemləri sırasında, eləcə də, ölümlərin səbəbi kimi ikinci yerdə dayanacaq. Hazırda ruhi xəstələri müalicə etmək üçün 5 ildən bir yeni dərman istehsal olunursa, əsəb xəstəlikləri üçün preparatların tərkibi 2 ildən bir yenilənir. Həmçinin depressiyalara qarşı ildə 5 adda yeni dərman hazırlanır. Bütün bunlar da hələ ki problemin qarşısını almağa imkan verməyib. Hazırda dünyada özünə qəsd hadisələrinin sayına görə postsovet ölkələri öndə gedir. Bu sırada birincilik isə Litvaya məxsusdur. Bu ölkədə intiharların sayı hər yüz min nəfərə 42 nəfərdir. Onluğu isə müvafiq olaraq 36 nəfərlə Rusiya, 30 nəfərlə Qazaxıstan, 28 nəfərlə Macarıstan, 26 nəfərlə Latviya və Sloveniya, 25 nəfərlə Ukrayna, 24 nəfərlə Yaponiya və 21 nəfərlə Estoniya qapayır. 
Dünyada intihar edənlərin 90 faizi depressiya xəstəsidir. Depressiya xəstələrinin 15 faizi intihara cəhd nəticəsində həyatını itirir. Depressiyada olan kişilərin intihar nəticəsində həyatını itirmə nisbəti qadınlara nisbətdə daha yüksəkdir. Problemləri həll etmə bacarığının kifayətsizliyi, eləcə də stress və ümidsizlik hissləri ilə intiharın yaxın əlaqəsinin olduğu göstərilir.
Dünya Psixiatriya Assosiasiyası XXI əsri “depressiya və intiharlar əsri” adlandırıb. Çünki Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son illərdə apardığı tədqiqatların nəticəsi əsasında hazırladığı məlumata görə, dünyada hər il təxminən 1 milyon insan intihar edir. 2020-ci ildə intiharların sayının 500 minə qədər artacağı proqnozlaşdırılır. İntihar edənlərin təxminən bir faizi isə Azərbaycanın payına düşür. ÜST-in araşdırmalarına görə, İsveç və Macarıstan bu göstərici üzrə öndə gedən ölkələrdir.
Keçmiş sovet respublikalarından isə Litva, Rusiya, Latviya və Ukrayna fərqlənir. ÜST intihar faktlarının baş verməsinə görə dünya ölkələrini üç qrupa ayırıb. Birinci qrupa bir ildə əhalisinin hər 100 min nəfərindən 10-nun özünə qəsd etdiyi ölkələr (Yunanıstan, İtaliya, Qvatemala və Filippin) daxildir. 
İkinci qrupa aid olan ölkələrdə hər il hər 100 min nəfərdən 10-20 nəfəri özünə qəsd edir (Avstraliya və ABŞ).
Üçüncü qrup ölkələrdə əhalisinin hər 100 min nəfərindən 20-dən çoxu intihar edir (Latviya, Litva, Estoniya, Macarıstan və Rusiya). 

Bankir, keçmiş icra başçısı, QİÇS-ə yoluxan xəstə və digərləri intihar ediblər


Azərbaycanda qeydə alınan intiharların əksəriyyəti özünü asma yolu ilə həyata keçirilib. Özünə qəsd edənlər arasında QİÇS-ə yoluxan xəstə, bankir, keçmiş icra başçısı və digərləri də var. Hər il respublikamızda özünə sui-qəsd (intihara cəhd) hadisələri də qeydə alınır. Respublika Baş Prokurorluğunun məlumatına görə, intihar faktları ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlansa da, istintaqın sonrakı mərhələsində cinayət tərkibi olmadığından, bu işlərin böyük əksəriyyəti xitam olunur.
Qeyd edək ki, millət vəkili Məlahət Həsənova parlamentdəki çıxışlarından birində ölkədə intiharların artması səbəbi kimi televiziya kanallarında nümayiş etdirilən kriminal verilişlər və bu mövzuda filmlərin yayımlanmasını qeyd edib və belə veriliş və filmlərə məhdudiyyət qoyulmasını istəyib: “Televiziya kanallarında gecə saatlarında kriminal verilişlərində ağır qətl hadisələrinin və cinayətkarlıq problemlərinin əks olunduğu filmlərin nümayiş etdirilməsinin böyük təsiri var. Mütəxəssislər bildiriblər ki, hətta sovet dövrlərində ağır qətl hadisələri heç zaman televiziyada işıqlandırılmırdı. Yetkinlik yaşında olanlar və gənclər həmin filmlərdəki qəhrəmanların əməllərini sınaqdan keçirərkən intihar halları baş verir”.
Hüquqşünas Əlövsət Əliyev mətbuatdakı çıxışlarının birində qeyd edib ki, Azərbaycanda qadınlar və yaxud da ailə başçıları arasında intihar hadisələrinin çoxalması iqtisadi vəziyyətlə bağlıdır. Hüquqşünasın sözlərinə görə, təhlillər göstərir ki, xüsusilə böyük miqdarda borcu olanlar, ailəsini dolandıra bilməyənlər intihara əl atırlar: “Hüquqların tapdalanmasından intihar hadisəsi baş verərsə, onda belə hallara görə özünü öldürmə həddinə çatdırma faktı ilə cinayət işi açılmalıdır. Ona görə də Azərbaycanda baş verən bu hadisələrin ciddi araşdırma tələb etdiyi qənaətindəyəm”.
2020-ci ildə intiharların sayı 500 minə qədər artacaq
Ağır xəstəliklər, iqtisadi böhran intihara şərait yaradır

Psixoloqlar intihara gətirib çıxarmanı bir neçə səbəblə əlaqələndirirlər. 
Azərbaycan Tibb Universitetininin rektoru, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş psixiatrı və psixi sağlamlıq üzrə milli koordinatoru Gəray Gəraybəyli müsahibələrindən birində deyib ki, intiharla bağlı məsələdə Azərbaycanı digər ölkələrdən ayırmağı düzgün hesab etmir və intiharların bütün dünyada artması qabaqcadan proqnozlaşdırılmışdı: “2000-ci ilin əvvəllərində Ümumdünya Psixiatriya Assosiasiyasının prezidenti məruzəsində qeyd edib ki, XXI əsr depressiya və intiharların artması ilə müşahidə olunacaq. 2000-ci və 2001-ci illərin analizi göstərdi ki, artıq bu proqnozlar özünü doğruldur. 2000-ci ildən bu yana dünya ölkələrində, o cümlədən Azərbaycanda da intiharlar artıb. İntiharların dəqiq statistikasının aparılmasını mümkün saymıram. İntihar halları iki qrupa - sui-qəsd və para sui-qəsdə bölünür. Para sui-qəsd intihar haqda fikirlər, sözlər, intihara cəhdlərdir. Sui-qəsd isə artıq realizə olunmuş və ölümlə nəticələnən haldır. İntihar haqqında fikirlərin statistikasını aparmaq ümumiyyətlə mümkün deyil. İntihara cəhdlər də bəzən gizlədilir. İntihara cəhd edən şəxs xəstəxanaya düşərsə, ölüm faktı olarsa, statistikanı aparmaq mümkündür. Epidemioloji tədqiqatların aparılması üçün statistikanın aparılması vacibdir və yaxın gələcəkdə Azərbaycanda da bu sahədə statistika aparılacaq”.
Baş psixiatr müsahbəsində qeyd edib ki, Macarıstan, Rusiya, İsveç, Skandinaviya ölkələri ilə müqayisədə Azərbaycanda intiharların sayı azdır. Onun sözlərinə görə, Azərbaycan, Qafqaz və Asiya ölkələri intiharların sayına görə digər ölkələrdən hər zaman fərqlənib: “Bu ölkələrdə intiharların az olma səbəbi din, ailə ənənələri, qohumluq münasibətlər iilə əlaqəlidir. Bu ölkələrin insanları daha istiqanlı, ünsiyyətcil, ailə üzvləri və yaxın ətrafına diqqətlidirlər. Kiminsə problemi olanda ona qayğı ilə, diqqətlə yanaşılır, həmin şəxsə kömək edirlər. Bu isə intiharların profilaktikasında önəmli amildir. İntiharın artması ümumi psixoloji əsəb gərginliyi ilə əlaqəlidir. Elmi tərəqqi, məlumatların, işin çoxalması, insanların asudə vaxtının, yaxınlarla ünsiyyət üçün vaxtın az olması, gərginlik, maliyyə və sosial problemlərin artması intihara səbəb olur. Bu saydığım amillər insanın psixi fəaliyyətinə, psixologiyasına olan təzyiqin artması deməkdir. Bu təzyiqə insan cavab reaksiyası verməlidir. Bu reaksiya kimdəsə yuxusuzluq, nevroz və sair şəkildə ola bilər. Bəzən isə bu, böhran səviyyəsinə çatır. O anda insan intihar etmək qərarına gəlir. İntiharın səbəbləri müxtəlifdir. Yaşla bağlı spesifikası var. Gənclər arasında qeydə alınan intiharların səbəbləri yaşlı insanlardan fərqlənir. Əgər 18-20 yaşlı insanlar arasında intiharlar əsasən sevgi məsələləri ilə bağlı olursa, yaşlı insanlarda ağır xəstəliklə, yaxın insanın ölümü, işini itirmək və sair ilə bağlıdır”.

İntiharların artmasında Kütləvi İnformasiya Vasitələri də müəyyən rol oynayırlar

Məşhur psixoloq Ziqmund Freyd intiharı sosial mühitdə olan savaş və narazılıqlarla əlaqələndirib. Onun qənaətinə görə, özünəqəsd şəxsiyyətin mühitlə konfliktinin nəticəsidir. İntiharı cavab verilməməli emosiya adlandıran psixoloq insanı özünəqəsdə sövq edən amillər sırasında birinci növbədə emosiyaları görür.
Psixoloq Azad İsazadə açıqlamalarında intiharın səbəblərini insanların maddi və mənəvi durumlarında olan problemlərlə izah edib. Bildirib ki, insanların rastlaşdıqları problemlər daha tez depresiyaya düşən insanların sayını artırır. Depresiyada olan insanlarda isə istər-istəməz intihar fikri yarana bilər: “İnsan ümidsizliyə qapılaraq çıxılmaz vəziyyətə düşəndə müəyyən çıxış yolları axtarır. Qeyri-stabil psixoloji durumda olan insanlarda ən yaxşı çıxış yolunun məhz intihar olması barədə fikir yaranır. Bunu nə normal, nə də tam patoloji hal hesab etmək olar. Belə olan vəziyyətdə insan öz biliyinə, tərbiyəsinə, aldığı hansısa məlumata arxalanaraq intihara əl atır. Digər tərəfdən, intiharların artmasında Kütləvi İnformasiya Vasitələri də müəyyən rol oynayırlar. Belə ki, son vaxtlar bu tipli informasiyalar mətbuata daha çox ötürülür. Elektron KİV-lərdə yayılan videogörüntülərdə, telekanallarda və internetdə göstərilən filmlərdə qəddarlıq səhnələri xüsusilə uşaqların psixikasına təsir edir. Bu gün televiziyalarda filmlərin 70 faizi qəddarlıq və pis səhnələrdir. Normal münasibətləri aşılayan kinolar yox dərəcəsindədir. Özünəqəsdlə bağlı olan kadrların açıq yayımı da intihara maraq yaradan amillərdəndir”.
2020-ci ildə intiharların sayı 500 minə qədər artacaq
Azyaşlılar arasında intihar hallarının artmasında kompüter oyunlarının və bəzi filmlərin rolu çoxdur

Psixoloq Azad İsazadənin qənaətinə görə, hazırda intihara qadınların meylinin artması müşahidə edilir. Qadınların intiharlarının səbəbləri sırasında ailə zorakılığı da mühüm yer tutur: “Yaşlı insanların intihar etməsinə isə çox vaxt onların sağalmaz xəstəliklərə mübtəla olmaları yol açır. Ruhi xəstələri intihardan çəkindirmək nə qədər çətindirsə, psixoloji çətinliyi olan insanları fikrindən döndərmək o qədər asandır. Əgər əvvəllər intihar hallarına böyüklər arasında daha çox rast gəlinirdisə, getdikcə intihara daha çox gənclər əl atır. Gənclərin intiharına isə bir neçə amil səbəb olur. Bu hadisə xüsusilə də keçid yaş dövrü yaşayan yeniyetmələrə aiddir. Məhəbbətinə qarşılıqlı cavab almadıqda və yaxud ailədə ən xırda problemlərlə qarşılaşdıqda gənc özünə qəsd edə bilər. Qızlarda baş tutmayan qarşılıqsız sevgi çox vaxt intiharla sonuclanır. Oğlanlarda ailə, karyera qura bilməmək, perspektivin olmaması və digər amillər özünüqəsdə aparır. Azyaşlılar arasında isə intihar hallarının artmasında kompüter oyunlarının və bəzi filmlərin də rolu olur. “Boykot”, döyülmə, yetkinlik yaşında harmonal proseslərin törətdiyi dəyişikliklər, cinsi zorakılığa məruz qalma, romantik sevgi 13-16 yaş arasında olan uşaqları intihara sürükləyə bilər”.

İntihar, yoxsa qəsdən adamöldürmə?


Psixoloqun sözlərinə görə, Azərbaycanda intihar faktlarının səbəblərini araşdıran elə bir mərkəz mövcud deyil və əvvəllər etimad telefonu fəaliyyət göstərsə də, onun sonrakı fəaliyyəti bəlli deyil.
Ekspertlərin qənaətinə görə, ölkəmizdə sui-qəsd faktlarını araşdıran xüsusi mərkəzin yaradılmasına ehtiyac var. Azərbaycanda intihar faktının metodologiyası da hazırlanmayıb. Cəmiyyətdə dolaşan iddialara görə, bəzən özünə qəsd adı altında qəsdən adamöldürmə ilə bağlı cinayət gizlədilir, yaxud intihar faktını adi fizioloji ölüm kimi qələmə verirlər. Odur ki, intiharın dəqiq metodologiyasının hazırlanmasına ehtiyac duyulur. Əgər bu halların başvermə səbəbləri araşdırılsa və müvafiq tədbirlər görülsə, intiharların sayı azala bilər.

Təbriz VƏFALI

Azərbaycan İnformasiya Mərkəzinin rəhbəri,
www.azim.az internet portalının baş redaktoru.



Ana səhifəyə qayıt        Baxış: 1 668          Tarix: 15-01-2018, 18:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma