Xəbər lenti
Dünən, 19:25

  

“Şimali Koreyaya tətbiq etdiyimiz sanksiyaların artıq nəticə verməsinə başladığına dair əlimizdə çoxlu dəlillər var. Ərzaq və yanacaq qıtlığı, ölümcül aclıq hadisələri Kim Jong Un rejimini əvvəl-axır müzakirə masasına oturmağa məcbur edəcək”.

Ovqat.com xəbər verir ki, qala mühasirəsi strategiyasının hədəflərinə bənzəyən bu fikirləri ABŞ Dövlət Departamentinin sədri Reks Tillerson səsləndirib.

Stanford Universitetində təşkil olunan konfransda çıxışı zamanı Tillerson Şimali Koreyada yaşanan acından ölüm hadisələrini ABŞ-ın Şimali Koreyaya qarşı həyata keçirdiyi diplomatik strategiyasının tərkib hissəsi olduğunu etiraf edib.

Onun sözlərinə görə, ABŞ-ın bu strategiyası artıq işə yaramağa başlayıb və Şimali Koreyada hər gün xeyli adam acından ölür. Tillerson buna sübut olaraq Şimali Koreyadan Yaponiya sahillərinə qədər gələn balıqçı təknələrini misal göstərib:

“Yaponlar Yaponiya su sərhədlərinə sürüklənmiş 100-dən çox Şimali Koreyaya aid balıqçı gəmisiylə qarşılaşıblar. Bu gəmilərdəki balıqçıların üçdə ikisi ölü olub”.

Qeyd edək ki, Şimali Koreyaya aid balıqçı təknələri tez-tez Yaponiya sahillərinə sürüklənir. Yapon rəsmiləri ötən il 104 bu cür təknə tapdıqlarını və təknələrdəki ölü balıqçıların sayının 30 ətrafında olduğunu açıqlamışdılar. “Kabus gəmilər” adı verilən bu təknələrdəki sağ qalan balıqçılar özlərinə gələn kimi Şimali Koreyaya ekstradisiya edilməyi istəmiş, Yaponiya isə onların bu arzularını yerinə yetirmişdi.

Koreyalı balıqçıların acından ölümə rəğmən bu vətənpərvər mövqeyini diqqətdən qaçıran Tillerson hər şeyi ABŞ insanı arşını ilə ölçərək, mühasirənin yaratdığı ölümcül nəticələrin rəsmi Pxenyanı axırda ağ bayraq qaldırmağa vadar edəcəyinə inanır. Halbuki, nə Kim Jong Un öz xalqının acından ölməsini umursayan liderdir, nə də Şimali Koreya xalqı ölkələrinin nüvə siyasətinin nəticələrinə etiraz etmək gücündə və fikrindədir. Bunu Tillersonun sitat gətirdiyi balıqçıların Yaponiyadan vətənə  ekstradisiya tələbləri də sübut edir.

Tillerson isə “acından öldür, məğlub et” strategiyasının bir gün mütləq nəticə verəcəyinə əmindir:

“Balıqçılar qış mövsümündə balıq tutmağa yollanırlar, çünki ölkələrində ərzaq qıtlığı var. Geriyə qayıtmağa kifayət qədər yanacaqları olmadığı halda dənizə gedirlər. Şimali Koreya axırda “dünyanın geri qalanına özümüzü sevdirməli, hamı kimi normal insan olduğumuzu göstərməli və bəşəriyyətin simpatiyasını qazanmalıyıq” - deyəcəklər”.

ABŞ-ın baş diplomatı Cənubi Koreyanı da öz şimal qardaşlarına qarşı bu cür amansız aclıq strategiyasına cəlb etdiklərini bildirib:

 “Kanadanın Vancouver şəhərində keçirdiyimiz Şimali Koreya toplantısında uzun sürən qrup müzakirələri apardıq və Cənubi Koreya Xarici İşlər naziri Kanq Kyung-wha da bu siyasətin yürüməsini əngəlləyəcək addımlara izn verməyəcəklərini dedi”.

Qeyd edək ki, Kanadanın Vancouver şəhərində keçirilən toplantıya Rusiya və Çin dəvət olunmamışdı. 20 ölkənin iştirak etdiyi sammitdən sonra Reks Tillerson Stanford Universitetində keçirilən konfransa gəlmiş və haqqında danışdığımız fikirləri səsləndirmişdi.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 088          Tarix: 20-01-2018, 08:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma