Xəbər lenti

 

“Rusiyanın Bakıdakı səfirliyinə şəxsən təqdim etdiyim şikayət məktubu qəbul edilmədi. Səfirlik əməkdaşları mənimlə ümumiyyətlə görüşmək istəmədilər”.

Bu sözləri Həştərxandakı mağazası qanunsuz dağıdılan Azərbaycan vətəndaşı Vəli Allahverdiyev Ovqat.com-a açıqlamasında deyib.

Şikayətçinin sözlərinə görə, Rusiyada müraciət etmədiyi, döymədiyi qapı qalmadığından hüquqi mübarizəsini Azərbaycanda davam etdirmək qərarına gəlib. Bu məqsədlə ölkə başçısından tutmuş Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinə qədər müxtəlif rəsmi dairələrə müraciətlər göndərib. Həmin müraciətin rusçaya çevrilmiş nüsxəsini isə Rusiya səfirliyinə çatdırmaq istəyib.

Amma səfirlikdə şikayətçini xoş qarşılamayıblar. Ona bu cür problemlərini Rusiyada həll etməyi məsləhət görüblər. Vəli Allahverdiyev isə iki ilə yaxındır ki, məhz bunu edir və heç bir nəticə hasil olmadığından Azərbaycana üz tutub.

O, indi Azərbaycan rəsmilərinə göndərdiyi şikayət məktublarından gələcək cavablara ümidini bağlayıb.

Qeyd edək ki, Vəli Allahverdiyevin mağazası 2016-cı ildə Həştərxan vilayəti rəhbərliyi tərəfindən himayə olunan bir qrup erməni tərəfindən dağıdılıb. Öz mülkiyyətinin hüquqi müdafiəsinə qalxan həmyerlimiz günlərin bir günündə həmin ermənilərin hücumuna məruz qalıb. Tərəflər arasında çıxan dava nəticəsində Vəli Allahverdiyev canını zorla ölümdən qurtara bilsə də, ağır xəsarət alaraq, xəstəxanaya düşüb. Maraqlıdır ki, onun döyülmə faktı ilə bağlı şikayətinə də baxan olmayıb.

Rusiyanın hüquq mühafizə orqanlarına şikayəti zamanı bir qayda olaraq “bizi bəyənmirsən, get, öz ölkəndə yaşa” kimi alçaldıcı sözlərlə qarşılaşan həmyerlimizin Rusiyadakı diaspor qurumlarımıza müraciəti də heç bir nəticə verməyib. Dediyinə görə, ölkəmizin nə Həştərxandakı təmsilçisi Ədalət Hüseynov, nə də Azərbaycanın Moskvadadakı səfirliyi onun şikayətinə lazımi diqqəti göstərməyiblər. Bütün bunlardan sonra Azərbaycana qayıdan həmyerlimizin ölkə rəsmilərinə müraciət etməkdən başqa çarəsi qalmayıb.

Vəli Allahverdiyevin rəsmilərimizə göndərdiyi məktubu təqdim edirik:

  

Azərbaycan Prezidenti İlham Əliyev cənablarına,

Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevaya,

Azərbaycan Xarici İşlər Naziri Elmar Məmmədyarova,

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova,

Rusiyanın Həştərxan vilayətində kiçik bizneslə məşğul olan Azərbaycan vətəndaşı Vəli Allahverdiyev Həsən oğlu tərəfindən

Məktub

 

Hörmətli dövlət rəhbərlərimiz!

Sizin dəyərli zamanınızı aldığımın fərqindəyəm. Fəqət bir Azərbaycan vətəndaşı olaraq Rusiyada qarşılaşdığım problemləri necə həll edəcəyimi bilmir və məcburən Sizə üz tutaram.

Üstəlik, Rusiyada qarşılaşdığım problemlərin zəminində mənsub olduğum millətə qarşı ayrıseçkilik motivləri də var və hesab edirəm ki, Azərbaycan dövləti bu məsələyə lazımi qiymətini verməlidir.

Sözümü çox uzatmadan məsələnin əsl mahiyyətinə keçirəm.

Arayış üçün bildirirəm ki, mən 1960-cı ildə Naxçıvan Muxtar Respublikasında anadan olmuşam, hal-hazırda elə orada qeydiyyatdayam. Məni Həştərxana aparan isə işgüzar fəaliyyətim və mərhum qardaşımdan qalan mağazaya nəzarət etmək niyyətim olub.

Qeyd edim ki, mərhum qardaşım İbadulla Allahverdiyev 2008-ci ildə Həştərxanda bir mağaza almış və ailəsini kiçik ticarətlə dolandırırdı. Daha sonra onda xərçəng xəstəliyi ortaya çıxmış və o, 2014-cü ildə bu xəstəlikdən dünyasını dəyişmişdir. Ölümündən öncə adına olan mağazanı mənim mülkiyyətimə keçirmişdir.

Nə yazıq ki, mənim mağazada fəaliyyətim uzun sürmədi. 2016-cı ildə bir qrup erməninin hücumuna məruz qalan mağaza söküldü. Sonradan məlum oldu ki, həmin şəxslər mağazanın arxasındakı torpaq sahəsini mənimsəmək üçün bu qanunsuz əmələ əl atıblar.

Bu erməni təcavüzüylə bağlı hüquqi mübarizə cəhdim isə yenə şəxsimə qarşı hücumla nəticələndi. Bir axşam işdən evə qayıdarkən hücumuna məruz qaldığım ermənilər mənə ağır bədən xəsarəti yetirdilər. Həm mülkiyyətim, həm də şərəf və ləyaqətim uğrunda o vaxtdan indiyə qədər apardığım mübarizə isə heç bir nəticə vermir. Hansı qapını döyürəmsə, eşitdiyim son kəlmə “Rusiyanı bəyənmirsən, öz məmləkətinə qayıt” ifadələri olur. Ən acınacaqlısı isə odur ki, Həştərxanda və Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarımızdan da lazımi dəstək ala bilmirəm. Bizim problemlərlə məşğul olduğunu iddia edən bu qurumlar və onların rəhbərləri problemimə ya barmaqarası baxır, ya da məni heç bir aidiyyatı olmayan istiqamətlərə yönləndirirlər.

Düzünü desəm, mən də artıq bu təhdidedici və aşağılayıcı mühitdə yaşamaq istəmirəm. Ancaq əlimdəki son varidatımın ermənilər tərəfindən mənimsənilməsinə və bir milli mənsubiyyətimə görə aşağılanmağımı da qəbul edə bilmirəm.

Sizdən yeganə xahişim hüquqlarımın layiqincə müdafiə edilməsində mənə dövlətim olaraq köməklik göstərməyinizdir.

 

Hörmətlə                                                                  Vəli Allahverdiyev

18.01.2018




Ana səhifəyə qayıt        Baxış: 829          Tarix: 25-01-2018, 10:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma