Azərbaycan müxalifəti bir qaşıq suya bənzəyir. Amma bu “bir qaşıq su”da rahatlıqla fırtına yaratmaq olar. Çünki heç kimin sözü heç kimə xoş gəlmir. Xüsusilə eks-spikerin ən adi tənqidinə min ağızdan reaksiya verilir.
Sözsüz ki, jurnalist Emin Hüseynova verdiyi müsahibəsiylə fırtına yaratmağı bacaran Rəsul Quliyevin ittihamlara cavab haqqı var və biz də onunla söhbətə məhz bu gerilmə nöqtəsindən başladıq.
Eks-spikerin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Salam, Rəsul müəllim.
Emin Hüseynova verdiyiniz müsahibədən sonra üzərinizə hücumlar başladı. Sizə yönələn tənqidlər bir çox hallarda təhqir səviyəsinə endi. Sözləriniz qarşı tərəfi niyə bu qədər qıcıqlandırıb?
- Bu insanların təhqirə keçməsini, hansı səbəbdənsə qıcıqlanmasını mənim verdiyim intervü ilə yox, nadanlıqları, avamlıqları ilə bağlamaq lazımdır. Kimlərinsə təsadüfən bir neçə aylığa yuxarı vəzifələrə təyin olunması və ya kimlərinsə rejimin korrupsiya və rüşvətinə söykənib qara pul qazanması onların ağlının olmasına dəlalət etmir. Yazılan cavablardan da necə rəzil səviyyədə olduqları parlaq şəkildə görsənir. Onların halına, sadəcə, acıyıram.
-Prezidentliyə namizədliyi açıqlayan bir adamın “Rəsul Quliyev mənə qiymət verə bilməz” mənasına gələn sözləri seçici rəyinə barmaqarası baxmaq deyilmi? Niyə Rəsul Quliyev namizəd iddiaçısına qiymət verməməlidir?
-Belə bir iddiada olan adamın prezident kürsüsündə oturmaq arzusu ən gülüş doğuran haldır. Bu lap Molla Nəsrəddin lətifələrinə oxşadı. Bu insan bu günə qədər prezidenti vətəndaşların seçdiyini anlamayıb və hələ də anlamır ki, onların hər biri namizədlər barədə fikir söyləyə bilər. Daha doğrusu, bilsəydi təəccüb doğurardı, çünki heç vaxt heç yerə seçilməyib,yeri pulla alıb.
-Siz də Elçibəy komandasının üzvlərindən olmusunuz. Bu mənada sizin həmin komanda haqqında dediklərinizi özünütənqidin bir nümunəsi də adlandırmaq mümkündür. Bəyin adamı kimi sizə qarşı çıxanlara bu barədə nə demək istərdiniz?
-Elçibəyin komandasında ən az olmuş (20 günə yaxın) adam mənəm. Mən Elçibəylə bir insan kimi dostluq etmişəm, ona demokratik dövlət qurmaq istiqamətində səmimi şəkildə kömək etmək istəmişəm, ancaq “onun silahdaşı olmuşam” - desəm, yalançı pafos olar. Mən qəti sürətdə onun xarici, kadr və s. siyasətlərini, iqtisadi reformalar istiqamətində süst mövqeyini heç vaxt dəstəkləməmişəm və bunu hər zaman onun nəzərinə çatdırmağa cəhd etmişəm. Müstəqillik sütunu üzərində əsə-əsə dayanmış bir ölkənin prezidentinin RF-nın əleyhinə danışması, Türkiyənin bir vilayəti olmasını arzu etməsi, Təbrizə Şimali Azərbaycanın bayrağını taxacağından danışması ümumiyyətlə heç bir xarici siyasətinin olmamasından xəbər verir. Və ya heç 25 ildən sonra belə, bir rayonun JEK-də işləyə bilməyəcək birini gətirib Baş nazir qoymaqla nəyə ümid bəsləyirdi Elçibəy? Nəticədə S.Hüseynov 3 tankı və 70 nəfər nəşəli adamları ilə dövlət çevrilişi etdi. 1992-ci ilin mayında hakimiyyəti ələ keçirmiş Xalq Cəbhəsi liderlərinin bir aya yaxın gördükləri işlər millətin böyük əksəriyyətinin onlardan üz döndərməsi ilə nəticələnmişdi. Əgər parlamentin sədri Yaqub Məmmədov namizədliyini geri götürməyə məcbur edilməsəydi, birinci turda Elçibəy maksimum 35 faiz səs toplayardı. Digər namizəd Nizami müəllimlə rəqabətdə keçən seçki əslində 2-ci tura qalmalıydı; çünki Elçibəy ən çoxu 47 faiz səs toplamışdı. Bu açıqlamaları mən o JEK müdiri-baş nazirlərin yekə-yekə danışmaqlarına görə verirəm. Və kifayət qədər səthi tənqid edirəm; onların atdıqları əcaib addımların heç bir faizini yazmıram, çünki bu diletantların bəziləri səmimi idilər, ancaq təəssüf ki, elə belə də qalıblar. Mən verdiyim intervüdə bu günə qədər Azərbaycanda heç vaxt seçki mədəniyyətinin olmadığını, formalaşmadığını izah edirdim, Elçibəyi yenə də ən demokratik yolla seçilmiş prezident adlandırmışdım. Ölkədə həm işğalçılarla, həm də vədəndaş müharibəsi getdiyi bir vaxtda 3 gün Müdafiə nazirini tapa bilməyən bir adamın indi yekə-yekə qəhrəmanlığından danışması onun fiziki, mənəvi və əxlaqi keyfiyyətlərinin dərin erroziyasından xəbər vermirmi? Bir çoxları keçmişdə nə olubsa olub, indi onu araşdırmağa dəyməz deyə, düşünür. Elə deyil, xanımlar və bəylər! Seçki mədəniyyətinin, ənənəsinin olmaması 1992-ci ildən başlayır (müstəqil Azərbaycanda), fundamentinə ilk beton onda tökülüb, bu illər ərzində bizim köməyimizlə Əliyevlər tərəfindən bu fundamentin üzərində çox böyük bir monument ucaldılıb, onun zirvəsində Prezidentin axırınıcı sərəncamı dayanıb. Baş verənləri dərindən analiz etməmiş, xalqın faciələrinin əvvəli və davamı olan bu monumenti sökmək mümkün deyildir. Bu monumentə xalqın gözü elə öyrənib ki, Prezidentin axırıncı sərəncamını görə bilmir.
-Diqqətimi çəkən bir məqam oldu. Hüseyn Abdullayev sizə qarşı təhqiramiz çıxışlarına lideri olduğunuz partiyadan heç bir cavab verilmədi. Bunu sizin özünüzmü məsləhət görmədiniz, yoxsa başqa məqamlar vardı?
-Düzü, mən bu adamı tanımırdım və heç indi də tanımıram. Ancaq onun özündən müştəbeh olub bəzilərinin (kimin qızışdırdığını bilirəm) qızışdırması ilə parlamentdə əlbəyaxa vuruşa çıxması bir qədər təəccüblü görünürdü. Ancaq onun bu səviyyədə tərbiyə görmədiyi heç ağlıma da gəlməzdi. Bu hakimiyyət prezident kreslosunu belə adamların ona göz tikməsi səviyyəsində hörmətdən salıb, təəssüf ki.
O ki qaldı sualınızın ikinci hissəsinə, mən heç vaxt heç kimdən məni partiya lideri seçməsini xahiş etməmişəm. Məni özlərinə lider seçmiş partiyadan kimsə bu adama cavab verməyibsə, bu, onların böyük qəbahətidir. Və bu sualı onlara versəniz, yaxşı olar.
-Niyə bir qədər pulu olan adamlar prezidentlik iddiasına düşürlər? Yaxşı olmazmı ki, onlar öz maddi imkanları ilə demokratikləşmə prosesinə dəstək verməklə kifayətlənsinlər?
-Bu dediyiniz işlərə, təhsil və səhiyyəyə ancaq halal yolla pul qazananlar dəstək verə bilərlər. Korrupsiya və rüşvət rejiminin sayəsində pul qazananlar yenidən hakimiyyətə gəlməklərinə pul xərcləyərlər.
-Yeri gəlmişkən, məlum video-müsahibənizdə Naxçıvandan olan iri məmulardan dəstək almaqda maraqlı olmadığınızı bildirmişdiniz. Bunu həmin şəxslərin korrupsionerliyi ilə əsaslandırmışdınız. Amma gəlin, etiraf edək ki, bizim kimi cəmiyyətlərdə şəxslərdən çox, rejimlər günahkar olur. Əgər bu korrupsionerlər, yəqin ki, ABŞ-da və ya Avropada olsaydılar, indiki hallarından xeyli fərqlənərdilər. Elədirsə, onları günah keçisi kimi görüb ittiham etmək nə dərəcədə ədalətlidir?
-Heç bir rejim insanları korrupsiya və rüşvətə məcbur edə bilməz. Bu işi görmək istəməyən istənilən şəxs istefa verib gedə bilər.
-Sizinlə razıyam. Amma siyasətin də məşhur bir tərifi var: mümkün olanı reallaşdırmaq. İndiki anda Azərbaycanda, istəsə də istəməsək də, siyasi proseslərə təkan verəcək bir sıra amillər var. Bunlardan biri, bəlkə də birincisi də hakim elitadakı müəyyən kəsimləri proseslərə cəlb etməkdir. Niyə bu fürsətdən faydalanmayasınız?
-Sual düzgün deyildir. Ağlı başında olan adam bu suala cavab verməməli və ya abstrakt danışmalıdır. Ümumiyyətlə, mübarizəni prinsipial mövqeləri olanlar udurlar, hamı ilə dil tapmağa cəhd edənlər yox. İstəsəniz, Napaleondan tutmuş bu günə qədər prinsipal mövqeli qaliblərin adlarını sadalaya bilərəm. Onların arasında Lenin və Çörçil də vardır.
-Bayaq Elçibəyin Rusiya və İrana kəskin qarşı çıxmaqla səhv etdiyini deyirdiniz. Amma eyni mövqe Sizin müsahibələrdə də sezilir. Həm Rusiyanı, həm Türkiyəni qarşınıza alaraq seçki kampaniyası aparırsınız. Bəllidir ki, Azərbaycandakı siyasi proseslərdə bu iki dövlətin təsiri xeyli güclüdür. Bu mövqeyiniz nə dərəcədə uğurludur?
-Xeyr, mənim qonşu dövlətlərə münasibətimlə Elçibəyin mövqeyi fərqlənir. Mən qonşu dövlətlərə və onların ərazi bütövlüyünə qarşı çıxmıram. Əksinə, Türkiyə və Rusiya prezidentlərinin hakimiyyət hərisliyinin bu dövlətləri uçuruma yuvarlandırdıqlarını düşünür və bundan narahatlıq duyuram. Hesab edirəm ki, həm Türkiyə, həm də Rusiyada indiki prezidentlər haqqında mənim kimi düşünənlər var və onların sayı (xüsusilə Türkiyədə) kifayət qədərdir. Onlar mənim mövqeyimi dəstəkləyərlər.
-Sözsüz ki, bir lideri lider edən onun şəxsi keyfiyyətləri ilə yanaşı həm də güclü təşkilatıdır. Təşkilatlanma işini necə yürütməyi planlaşdırırsınız?
-Əlbəttə, Amerikadan təşkilatı gücləndirmək o qədər də asan deyildir, ancaq qısa bir müddətdə 10-15 nəfərlik partiyanın 20 yanvarda 500-ə yaxın adamı matəm mərasiminə çıxarması uğurlu nəticədir. Və bu, partiyanın üzvlərinin bacarığından xəbər verir.
-Prezidentin son sərəncamına gələk. Düşünürəm ki, seçkilərin 6 ay önə çəkilməsi bir sıra siyasi lider və partiyaların bütün planlarını pozdu. Qərarın sırf xarici amillər üçün alındığını düşünənlər də var. Siz nə düşünürsünüz; bu qərar hansı zərurətdən doğdu?
- Prezidentin seçkiləri 6 ay qabağa çəkməsini izah etmək çətindir. Belə bir addımı, məsələn, İ.Məmmədovun həbsxanadan çıxması, MŞ-nın güclənəcəyi və vəziyyətin pisləşəcəyindən yaranan qorxu ilə əlaqələndirənlər daha çox lətifə yaradanlara oxşayırlar, çünki bunların hamısı reallıqdan uzaq mülahizələrdir və adətən bu variantlardan satirik verilişlərdə istifadə olunur. Bu hakimiyyətin ölkə daxilində kimdənsə, o cümlədən xalqdan qorxması mövcud olmayan bir şeydir. Ancaq bununla yanaşı, onu nə vadar edib bu addımı atmağa, müəmmadır (sözsüz ki, səbəb var) və izahı hələ ki çətindir.
Hər halda mənim ABŞ Konqresindən və Avropa Parlamentindən müəyyən qərarların alınmasına nail olacağım da hakimiyyəti qorxuda bilməzdi, çünki onlar bu qərarlara məhəl qoymamağı və sonradan Qərblə dil tapmağı yaxşı mənimsəyiblər. Deməli, daxili faktor kimi yeganə versiya komanda arasında dərin fikir ayrılığı və çəkişmənin mövcud olması ehtimalı ola bilər.
Amma mən qərarın arxasında hansısa xarici təzyiq amilini də real qəbul etmirəm. Xüsusilə Rusiyanın təzyiqini. Çünki Rusiya prezidenti Putin növbəti 6 illik prezidentdir. Ərdoğanın vəziyyəti isə istənilən vaxt dəyişə bilər. Baxmayaraq ki, bu ölkələrdə hakimiyyətə gələcəklərin rəsmi Bakıya münasibətləri istənilən variantda neqativdir. Normalda bu, bilavasitə erkən seçkilərə səbəb ola bilər. Ancaq Azərbaycanın xarici kəşfiyyatının belə bir proqnoz vermək şansı yoxdur.
İndi bütün demokrat qüvvələrin qarşısında bir sual dayanmalıdır: İlham Əliyevin alternativsiz seçkiyə getməsinin qarşısını necə almaq, daha doğrusu, bu seçkini necə qeyri leqitimləşdirmək olar? Hələ ki yeganə yol özlərini müxalifət hesab edən bütün partiyaların bir cəbhədə - baykot cəbhəsində birləşməsidir; hamısı bu barədə bəyannamə hazırlamalı, beynəlxalq təşkilatlara və Qərb ölkələrinə göndəriləcək həmin sənədə (bir səhifəlik) imza atmalıdırlar. Bu məsələdə ayrıseçkilik salmaq xalqa qarşı xəyanətdən başqa bir şey deyildir. Xalq Cəbhəsi Partiyası MŞ adı altında mitinqlər keçirmək istəyir. Bu yaxşı ideyadır. Ancaq dərindən analiz edib mitinqlərə gələnlərin həqiqətən çoxsaylı olmasına inamları olmalıdır. Əks təqdirdə mitinq əvəzinə (azsaylı mitinqlər İ.Əliyevin sərəncamını leqitimləşdirəcək), piketlər keçirməlidirlər, xüsusilə xarici səfirliklər və Prezident Aparatının qarşısında.
Söhbətləşdi: Heydər Oğuz
Ovqat.com
Paylaş: