Xəbər lenti

 

Eks-spiker Rəsul Quliyevlə budəfəki söhbətimizdə ABŞ-ın Deyrizorda rus əsgərlərini bombalaması faktını masaya yatırdıq. Söhbət əsnasında Türkiyə prezidentinin ABŞ-a verdiyi “Osmanlı silləsi” mesajına da toxunduq.

Həmsöhbətimizin fikirlərini Ovqat.com oxucularına təqdim edirik:

 

-Salam, Rəsul müəllim. Məlum olduğu kimi, bir həftə öncə ABŞ Hava Qüvvələri Suriyanın Deyrizor vilayətində Bəşər Əsəd qüvvələrinə qarşı həyata keçirdiyi hərbi əməliyyatında rus muzdluları da öldürülmüşdü. Maraqlıdır ki, Rusiya indiyə qədər bunu gizlədirdi. İndisə Pentaqon ard-arda açıqlamalarıyla faktı ictimailəşdirir. Rəsmi Moskva isə həmin qüvvələrin rus ordusuna dəxli olmadığını bildirməklə kifayətlənir. Bunu necə başa düşə bilərik: ABŞ Rusiyanı duelə çağırır, Rusiya isə onun qarşısındanmı qaçır?

-Siz Rusiyanın siyasi rejimini, sivil, demokratik ölkələrin rejimləri ilə eyniləşdirdiyiniz üçün sualı bu şəkildə qoyursunuz. Siz də, Azərbaycan oxucuları da nəhayət anlamalıdırlar ki, son 100 ildə Rusiya rejimləri dezinformasiya və yalan təbliğatlar üzərində qurulub, hətta 1990-cı illərin əvvəllərində belə, bu siyasət dəyişmədi. Putin hakimiyyətə gəldikdən sonra dezinformasiya və yalan təbliğatlar Moskvanın iliklərinə qədər işlədi. Düşünürsünüzsə ki 1986-cı ildə Çernobılda baş vermiş 20-ci əsrin ən böyük fəlakətlərindən biri hesab edilən atom reaktorunun partlamasını bütün dünyadan 10 gündən çox gizli saxlamağa cəhd edən (baxmayaraq, dünyanın bütün agentlikləri hadisədən 2 saat sonra məlumat vermişdilər), camaatın şübhələnməməsi üçün reaktorun yanında yaşayanları belə köçürməyən Rusiya indi dəyişib, səhv edirsiniz. O, indi daha da həyasızlaşıb. Rusiya Suriya müharibəsində iştirak etdiyini, yadınızdadırsa, bir il bundan öncə boynuna aldı. O vaxta qədər ancaq təyyarələrlə Suriya ordusuna kömək etdiyini israrla deyirdi.

O da yadınızdadırsa, bir neçə ay bundan öncə Rusiya terroristlərə qarşı müharibəni zəfərlə başa vurduğunu elan etmişdi. Üstündən heç iki gün keçməmiş Dəməşqdə partlayışlar, hansısa yaşayış məntəqələrinin tutulması və nəhayətində müharibəni qurtardığını elan edən Rusiyanın təyyarəsinin vurulması baş verdi.

İndisə gələk, Deyrizor məsələsinə.

ABŞ-ın Rusiya ilə razılaşmasına görə, həmin Deyrizor demokratik qüvvələrin kontrolunda qalmalıdır. Amma bu razılığa əməl olunmadı, Demokratik Suriya Qüvvələrinin nəzarət etdiyi sahənin ortasında yerləşmiş bu kiçik torpağı tutmağa cəhd edildi. Pentaqon Rusiyadan bu əməliyyatı dayandırmağı tələb etdi, əks halda bu qüvvələri məhv edəcəyini bildirdi. Putinlə Bəşər Əsəd “ABŞ əgər bizi vuracaqsa, buna azı 1 gün lazım olacaq, bu yeri tutmaq isə 2 saata başa gələcək” fantaziyaları ilə hucumu davam etdirdi, ancaq 2 saatda irəliləyə bilmədi, ABŞ isə bir neçə saatdan sonra Rusiya və Suriyanı lərzəyə sala bilən möhtəşəm hucum əməliyyatı keçirdi. Düşünürəm ki, bundan sonra Putin və Əsəd uzun müddət razılaşdırılmış sahələrə burunlarını soxmayacaqlar.

-Amma gəlin, razılaşaq ki, Rusiyanın buna laqeyd qalması da hərbi-siyasi imicini itirməsiylə nəticələnə bilər. Bəziləri hətta bu məntiqdən hərəkət edərək, hadisəni ABŞ-Rusiya müharibəsinin yeni mərhələsi kimi qiymətləndirirlər. Siz necə, bu fikrə qatılırsınızmı?

-Xeyr, mən bu fikri bölüşmürəm. Çünki həm ABŞ, həm də Rusiya Federasiyası bir-biriylə üz-üzə gəlməkdən ehtiyat edirlər. Xüsusilə Rusiyadan çəkinməyə dəyər. Çünki bu ölkədə nüvə silahından istifadə etmək ancaq bir nəfərin iradəsindən asılıdır, o adam isə normal düşüncə sahibi deyil. Putinin ölkəsinə heç bir xeyir verməyəcək Krımı və Donbasın şərqini işğal edəcəyinə heç bir orta ağıla malik olan insan inanmazdı. Kim inanrdı ki, bu insan ölkəsinin fəlakətlə dağılmasına gətirib çıxardacaq soyuq müharibəni özünün əsas strategiyası seçəcək?

 ABŞ ağılsız Putindən ehtiyat etdiyi kimi, Putin Rusiyası da ABŞ-dan sadəcə olaraq qorxur. Rusiya ABŞ-la müharibəyə qalxarsa, 2-3 günə böyük şəhərləri xarabalıqlara çevrilər. ABŞ ilə Rusiyanın hərbi gücləri arasındakı fərq azı 20 dəfə Amerikanın xeyrinədir. Əslində Rusiyanın bir neçə Amerikanın yaxınlığında üzən sualtı qayığından başqa qalan hərbi qüvvələrinin ABŞ-a yaxınlaşmaq şansı yoxdur. Ona görə də ABŞ və Rusiya arasında heç bir müharibə başlamayıb və başlamayacaq da.

-Regionun ən böyük hərbi gücü olan Rusiyaya vurulan bu zərbə həm də digər ölkələrə mesaj xarakteri daşımırmı? Nəzərə alsaq ki, həmin hücum ərəfəsində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-a “Osmanlı şilləsi” göstərirdi. Səbəb də o idi ki, ABŞ hərbçilərindən biri PYD-cilərə hücum olarsa, hadisələrə müdaxilə edəcəklərini vurğulamışdı. Sizcə, rus əsgərini belə, vuran ABŞ-ın bu əyani mesajından sonra Türkiyə hansı mövqe tutacaq və ya tutmalıdır?

-Cavab Ərdoğan məsələsi xüsusi mövzudur. Kürd separatçılarının əlində olan çox kiçik ərazini tuta bilməyən Türk ordusunun Amerikaya hansı “Osmanlı şilləsi” vurmasından söhbət gedir, anlamaq mümkün deyil. Bu adam bugünkü reallıqlarla yaşamır. Dostu Putin kimi özünü ölkəsinə Allah tərəfindən göndərilmiş xilaskar kimi hiss edir. Əvvəllər mən “İsrail ordusuna Şərqdə ancaq Türk ordusu müqavimət göstərə bilər” fikirində idim. Ancaq hadisələrin son inkişafı Türkün “Osmanlı şilləsi”nin İran, Səudiyyə Ərəbistanın şillələrindən belə zəif olduğuna şübhəm qalmır. Qərb gözləmə mövqeyi tutub. Həm iqtisadiyyatda ,həm də hərbdə uğursuzluğa uğrayan Ərdoğan rejiminin axırına çox qalmayıb.

-Sizcə, Ərdoğan nə etməlidir? ABŞ hərbi və siyasi dairələri də Türkiyənin PYD-yə qarşı mövqeyinin legitim əsasları olduğunu etiraf etdi. Suverenlik və ərazi bütünlüyü təhlükəsi qarşısında qalan Türkiyənin başqa aternativi nədir?

 -İlk növbədə NATO ilə razılaşdırılmamış hərbi əməliyyatlara  başlamamalıdır. Pomidor, xiyar satmaq naminə Rusiyaya yaxınlaşmamalıdır. ABŞ-ın əleyhinə ritorikalarını dayandırmalıdır. Ərdoğan düşünürsə ki onun fikirlərini Amerika yeyir və səsini çıxarmır, çox böyük səhvə yol verir. Görün, bu Ərdoğan Türkiyənin başına nə müsibətlər gətirib ki, Yaxın Şərqdə Türkiyəni dəstəkləyən (Qətər və Fələstinin onları dəstəklədiyini düşünürsünüzsə, səhv edirsiniz) bir ölkənin adı belə çəkə bilməzsiniz. Türkiyənin Qərb ölkələriylə münasibətləri də Ərdoğan gələndən korlanmağa başlayıb. ABŞ II-ci dünya müharibəsindən sonra Türkiyəni rus işğalından qurtarıb, NATO-ya qəbul etdirib. İndi də düşünürlər ki, portnyorunun bugünkü şıltaq prezidentinin axırına çox qalmayıb, ona görə də səbr edirlər.

-ABŞ-ın bölgə dövlətinin iradəsinə zidd olaraq kürd separatçılarına məhəbbəti haradan qaynaqlanır?

-Kürdlər bu ərazilərdə yaşayan (Türkiyə, İran, İraq, Suriya) 35-40 milyonluq xalqdır. Suriya kürdləri Əsədə qarşı vuruşan ən mobil hərbi hissələr yaradıblar və Rakka başda olmaqla Suriyanın böyük bir sahəsi onlarında aktiv iştirakı ilə azad edilib. İran kürdlərindən nə vaxtsa molla rejiminə qarşı istifadə ediləcək. İraqdakı kürdlər isə parçalanıb və Bağdad rejimi üçün təhlükə əxz etmirlər. Türkiyə kürdlərinin seçkilərdə iştirak edib deputatlar seçilmələrinə mane olmamaqla müəyyən bir müddətdən sonra əmin-amanlıq yaratmaq olardı. Ancaq siyasətdən başı çıxmayan  bu Ərdoğan seçilmiş kürd deputatlarını zindana atmaqla yenidən aranı qarışdırdı...

-Rəsul müəllim, insafən, Ərdoğan hakimiyyəti ilk əvvəl siz dediyiniz xətti tutmuşdu. Amma bu, siz dediyiniz nəticəni doğurmadı. Yəni əmin-amanlıq yaranmadı. Əksinə, kürd separatizmi daha da gücləndi. Bu da ABŞ-ın region dövlətlərinin ərazilərinin bölünməsi hesabına Kürdüstan yaratmaq niyyətindən qaynaqlanırdı...

-Fikirimcə, ABŞ nə İraq, nə Türkiyə, nə də Surianın ərazi bütövlüyünün pozulmasını tələb etmir. Sadəcə, bu ölkələrin başçılarının kürd aktivistlərini öldürmək siyasətindən əl çəkib danışıqlar aparmasını istəyir.

-ABŞ eyni şəkildə İranı da təhdid edir. Necə fikirləşirsiniz, regional dövlətlərin hərbi ittifaqı ABŞ-dan gələn təhdidin qarşısını almaq gücündədirmi?

-Siz hansı regional dövlətlərin hərbi ittifaqından söhbət açırsınız? Əgər Rusiya,Türkiyə və İranı nəzərdə tutursunuzsa (çünki başqa bir hərbi ittifaq görsənmir), ona alternativ olaraq ərəb dünyasının hərbi ittifaqının yaranması çox uzun çəkməyəcək. ABŞ-ın ərəbləri dəstəkləməsi onların bu hərbi ittifaqın qarşısında dayanmasına kifayət edər. Bundan başqa Türkiyə NATO-dan çıxdığını elan edib, yenidən zəif hərbi gücü olan bir ölkəyə çevrilməməlidir.

-Sözsüz ki, Yaxın Şərqdə dövlət suverenliyinə qarşı ən az təhlükə hiss edən dövlətdir Rusiyadır. ABŞ-ın bu sərt siyasəti qarşısında Rusiya region dövlətlərini onunla qarşı-qarşı qoyub səhnəni tərk edə bilərmi?

 -Rusiyaya qarşı elan edilən sanksiyalar reallaşdıqdan sonra onun nə vəziyyətə düşəcəyini görəcəksiniz. Bu sual ətrafında o zaman danışarıq.

-Maraqlıdır ki, ABŞ həmin hücumda strateji bombardıman təyyarəsi B-52-lərdən də istifadə edib. Səhv etmirəmsə, B tipli Amerika təyyarələri əsasən atom başlıqlı ağır bombadaşıyıcılardır. ABŞ bununla nə mesaj verir?

-Bu təyyarələr  1950-ci ildən mövcuddur. Bir çox modifikasiyaları vardır. Dünyada ən çox bomba daşıyan və ən uzağa uçan təyyarələrdir. “Bu təyyarələr ancaq nüvə bombaları daşımaq üçündür” mülahizəsi düz deyil. Bu təyyarələrdən həm Əfqanıstan, həm də İraqı bombalamaq üçün istifadə edilib. Həmin təyyarələrin bombalamasının şahidi olanların ilk arzusu təcili təslim olmaq olur. Sözsüz ki, bu bombalama həm Putinə,həm də Əsədə “özünüzü düz aparın yoxsa…” mesajini göndərmək üçün həyata keçirildi.

Söhbətləşdi: Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 5 157          Tarix: 15-02-2018, 22:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma