Növbəti və yaxud növbədənkənar seçkidə iştirak edənlərdən biri də ADP sədri Sərdar Cəlaloğludur. O, qatıldığı seçkilərdən nə gözləyir? Niyə məhz iştiraka qərar verib?
Bu və bənzər suallarla bağlı Sərdar Cəlaloğlunun fikirlərini aldıq.
ADP sədrilə müsahibəni Ovqat.com oxucularına təqdim edirik:
-Sərdar bəy, prezident seçkilərində namizəd kimi iştirak edirsiniz. Səhv etmirəmsə, artıq imzatopla mərhələsidir. Proses necə gedir? İmza toplaya bilirsinizmi?
-Açığını desəm, Müsavatın və Xalq Cəbhəsinin bu seçkilərdə iştirak etməməsi bizim işimizi bir qədər asanlaşdırıb. Narazı elektorat imzatoplama kampaniyasında bizə ciddi dəstək verir...
-Amma Müsavat və Xalq Cəbhəsi seçkiləri boykot edir. Məntiqlə, onların tərəfdarları da boykot kampaniyasına qoşulmalıydı. Belə çıxır ki, yuxarıların boykot taktikası aşağılarda yetərincə mənimsənilməyib.
-Təbii ki, müəyyən marjinal qruplar və radikal əhval-ruhiyyəli müxalif kəsim arasında bu seçkidə iştirakımızı başa düşməyənlər, pis qarşılayanlar da var. Hətta siyasiləşməmiş narazı elektoratda da bizim bu qərarımız barədə böyük bir sual işarəsi mövcuddur. Bununla belə, imzatoplama kampaniyasının gedişindən gileylənə bilmərəm. Yerlərdən aldığımız məlumatlar imzatoplama prosesinin öz axarında getdiyini göstərir. Siyasi hakimiyyətdən hər hansı maneçilik hallarına da hələ ki rast gəlməmişik.
Seçkidə iştirak qərarımızın bəzi insanlar tərəfindən şübhə ilə qarşılanması da başadüşüləndir. Müxtəlif insanların, sosial təbəqələrin seçkiyə münasibətləri eyni olmur. Hər kəs prosesə öz maraqları çərçivəsindən baxır. Bəzi narazı insanlar var ki, nəyin bahasına olursa olsun, hakimiyyətin yıxılmasını istəyir. Biz isə hadisələrə daha qlobal aspektdən baxmağın tərəfdarıyıq. Ona görə də bizimlə sadə vətəndaşların hadisələrə münasibəti arasında kəskin fərqlər ortaya çıxır. Əgər vətəndaş bir qədər savadlı və uzaqgörəndirsə, bizim bu addımızı niyə atdığımızı başa düşür. Yox, əgər vətəndaşın dünyagörüşü zəifdirsə, yaxud müəyyən qrupların təsiri altındadırsa, bizə qarşı mənfi münasibət göstərir. Hətta bizim seçkidə iştirakımızı “xəyanət” adlandıranlar belə, tapılır.
Mən bu adamların diqqətinə bir şeyi çatdırmaq istəyirəm. Qardaş Türkiyədə də bir çox müxalif qüvvələr eynilə bizim kimi, hətta bizdən daha betər, AKP hakimiyyətini korrupsiyada, qeyri-demokratiklikdə ittiham edirdilər. MHP lideri Dövlət Bahçelinin özü də dəfələrlə ən kəskin və təhqiramiz üslubda Rəcəb Tayib Ərdoğanı və onun iqtidarını günahlandırmışdı. Amma bu gün Türkiyədə yaranmış şərait MHP-nin heç bir şərt irəli sürmədən AKP ilə ittifaq yaradıb Ərdoğanı dəstəkləməsini şərtləndirdi. Bu gün MHP açıq şəkildə AKP-nin hakimiyyətdə qalmasını istəyir. Hətta yadınıza gəlirsə, bundan bir qədər əvvəl Ərdoğan xəstələnmişdi, MHP-nin sədri isə bunu Türkiyənin taleyüklü problemi adlandırmışdı.
Eynilə Misirdə ötən əsrin 60-ci illərində Camal Əbdülnasir, hakimiyyətinin ilk illərində xalqa qarşı siyasət yürütməyə başlamışdı. Bütün Misir xalqı ona qarşı çıxırdı. Daha sonra siyasətini dəyişdirəndə isə xalq dünənə qədər qarşı çıxdığı Əbdülnasiri dəstəklədi. Və yaxud Misirdən başqa bir misal: Sina yarımadası İsrail tərəfindən işğal olunanda ölkənin Müdafiə naziri və prezidenti istefa verdi, xalq küçələrə çıxıb dedi ki, istefa verməyin. Yəni bir çox hallarda siyasi situasiya elə inkişaf edir ki, insanlar bəyənmədiyi, tənqid etdiyi siyasi liderlərin ən kəskin tərəfdarlarına çevrilirlər...
-Bir sözlə, “yaranmış situasiyalara görə siyasilər öz mövqeyini dəyişə bilər”, deyirsiniz.
-Bəli. Məşhur bir söz var: “Öz fikrini bir ölülər, bir də dəlilər dəyişməzlər”. Sağlam ağıla malik insan situasiyanın dəyişməsiylə verdiyi qərarlara da, atdığı addımlara da yenidən nəzər salmalıdır.
Lenin deyirdi ki, tarix spiralvari inkişafdadır, xətti inkişaf yoxdur. Həqiqətən də tarix nəzəriyyəsində ictimai hadisələrin, sosial həyatın düzxətli inkişaf etmədiyi hər kəsə məlumdur. Elədirsə, müxalifətin onillərlə düzxətli siyasət aparması nə dərəcədə məntiqlidir? Axı, bu mövqe inkişaf qanunauyğunluğuna ziddir.
Müxalifət 1993-cü ildə hansı dəyərləri, prinsipləri seçibdirsə, yenə eyni xətti yürütməklə cəmiyyətin inkişafını əngəlləyir...
-Yəni, müxlifətin hakimiyyətə qarşı mübarizə metodunun heç bir müsbət nəticə verməməsinin səbəbini siz siyasi manevrlərdən uzaq olmasıyla izah edirsiniz.
-25 ildir davam edən bu mübarizənin heç bir nəticə verməməyinin səbəbi onunla bağlıdır ki, inkişafın spiralvarı xarakterinə uyğun deyil. Tarixi proseslər spiralvarı hərəkət etdiyindən müxalifətin düzxətli siyasət strategiyası müəyyən nöqtələrdə bu proseslə üst-üstə düşür. Əksər hallarda isə ondan fərqlənir. Bu gün Musavat və AXCP-nin apardığı düzxətli siyasətlə Azərbaycandakı ictimai-siyasi hadisələrin spiralvari inkişafının üst-üstə düşməməsinin əyani sübutu odur ki, seçkilərin birində iştirak, digərini isə boykot edirlər.
-Başa düşürəm, amma onların da haqlı tərəfləri var...
-Nədir o haqlı arqumentlər?
-Məsələn, deyirlər; seçki gərək seçki ola ki, orda iştirak edib və ya etməyəsən. Bir halda ki seçki keçirilmir, hər 4-5 ildən bir MSK-nın saxtakarlığı ilə hakimiyyət sadəcə qabıq dəyişirsə, bizim bu özünülegitimləşdirmə prosesində nə işimiz var?
-Bir italyan filmi var, adı “Elmi şəkildə qətl”dir. Əsərin süjeti belədir: filmin qəhrəmanının bacısını bir polis rəisi öldürür, o isə həmin faktı heç cür sübut edə bilmir. Məcbur olub polis rəisinin evinə gəlir, onunla ağır mübahisə edir və deyir ki, əlimdə bacımı öldürməyin barədə ciddi fakt var. Polis rəisi fikirləşir ki, bu adam gedib şikayət etsə və əlindəki faktlarla iddialarını əsaslandıra bilsə, onu həbs edəcəklər. Adamı gülləylə vurur. Bu anda polislər hadisə yerinə gəlirlər. Polis rəisini əlində tapanca ilə şikayətçinin öldürdüyü an yaxalayırlar. Məlum olur ki, həmin polislərə bu adamın özü zəng edib hansı saatda cinayət hadisəsinin törədiləcəyini xəbər veribmiş. Yəni bacısı öldürülmüş adam qatilin kimliyini öz həyatı bahasına, ölümüylə sübut edir. Demək istəyirəm ki, bir iddianı irəli sürmək üçün gərək əlində fakt ola. Hələ keçirilməmiş seçkinin saxtalaşdırılacağını indidən iddia etmək nə dərəcədə doğrudur?
-Sərdar bəy, saxtalaşdırma faktı dəfələrlə olub. Görünən kəndə nə bələdçi?
-Dəfələrlə olub, beynəlxalq ictimaiyyətin reaksiyasını da dəfələrlə təşkil etmək lazımdır. Nəyinsə baş verəcəyini əvvəlcədən demək siyasətçinin yox, ekstrasenslərin, kahinlərin peşəsidir və bu iddia nə beynəlxalq qurumlar, nə də ölkə ictimaiyyəti tərəfindən ciddi qəbul oluna bilməz. Müxalifət hakimiyyətin qeyri-legitimliyini sübut etmək üçün seçkilərdə qatılmalı və iddialarını faktlarla əsaslandırmalıdır. Məsələn, mən seçkidə iştirak edirəm, amma imzatoplama kampaniyasında indiyə qədər hər hansı saxtakarlıq faktı ilə qarşılaşmamışam.
-Saxtakarlıq əsasən son mərhələdə olur.
-Mən bir şeyi başa düşmürəm, iqtidar seçkiləri saxtalaşdırıb nə edir; müxalifəti hakimiyyətə buraxmır, elə deyilmi?
-Elədir.
-Bəs, müxalifət seçkini boykot edəndə hakimiyyətə buraxılacaq? Bir də, seçkidə iştirak etmək hakimiyyətə gəlmək üçün deyil, axı. Seçki prosesi xalqın öz taleyinin formalaşmasında iştirak üsuludur. Demokratiyanı əldə rəhbər tutan müxalifət, bəs onda nə üçün boykot qərarıyla xalqı öz taleyini formalaşdırmaq cəhdindən imtina etməyə çağırır? Mən şəxsən təkcə prezident olmaq üçün seçkiyə qatılmamışam. Xalqın öz taleyinin formalaşdırılmasına biganə qalmamasını təmin etmək üçün bu seçkilərdə iştiraka qərar vermişəm. Hakimiyyət bu xalqın narazılığını mənə və digərlərinə verdiyi səslərə görə anlayacaq və özünü düzəltməyə çalışacaqsa, bunun nəyi pisdir?
Əvvəla, ciddi alternativli seçki prosesində hakimiyyət xalqın onu səssiz şəkildə protest etdiyini görür.
İkincisi, beynəlxalq ictimaiyyət xalqın mövcud hakimiyyəti dəstəkləmədiyini, yürüdülən siyasətdən boğaza yığıldığını müxalifətə verilmiş səslər vasitəsilə öyrənir. Hətta saxtalaşdırmada iştirak edənlər öz cinayət əməllərindən bezir, ortaya çıxarılan dəlillər nəticəsində cəzalandırılırlar.
Mahatma Qandinin "Passiv müqavimət" nəzəriyyəsinə görə, qarşındakına o qədər zorakılıq etməsinə imkan verməlisən ki, özündə özünə qarşı nifrət yaransın. İsa peyğəmbərin də “İncil”də keçən məşhur bir kəlamı var və bu nəzəriyyənin mahiyyətiylə üst-üstə düşür: “Bir üzünə şillə vururlarsa, o biri üzünü də çevir”. Çünki zorakılıq bir başqa zorakılığı yaradır. Mahatma Qandi deyirdi ki, biz əgər ingilislərin zorakılığına müqavimət göstərsək, onu daha da şiddətləndirəcəyik. Amma zorakılığa qarşı dinc mübarizə aparsaq, qarşı tərəfin zülmü özünü aşındırıb məhv edəcək. Biz ADP olaraq (bunu Əli Kərimli də, İsa Qəmbər də, Lalə Şövkət də bilir) 1995-ci ildən ardıcıl olaraq Cin Şarpın müəyyən etdiyi “dinc demokratik mübarizə prinsipləri”ni (Cin Şarpın “Fəaliyyət üçün 198 qeyri-zorakı metod” kitabı – Heydər Oğuz) təbliğ və öz siyasi fəaliyyətimizə tətbiq etmişik. Bununla əlaqədar fikirlərimi kitablarımda da yazmışam. “Dinc demokratik mübarizə”nin mahiyyəti nədən ibarətdir?- ardıcıllıq; nəticədən asılı olmayaraq, mübarizədə ardıcıl olmalısan...
-Sərdar bəy, həm ardıcıl mübarizədən danışırsınız, həm də spiralvarı inkişaf xəttini dəstəkləyirsiniz. Bu iki anlayış ziddiyyət təşkil etmirmi?
-Söhbət elə spiralvari ardıcıllıqdan gedir, da. Yəni spiralvari ardıcıl hərəkət eləmisən. Bu ikisi ziddiyyət təşkil etmir. Ardıcıllıq başqa, istiqamətlilik başqa prinsipdir. Ardıcıllıq odur ki, sən bütün seçkilərdə iştirak edirsən. İndi sual verirəm: bundan əvvəlki seçkilərdə siyasi mühit indikindən daha əlverişli idi? Güman var idi ki, seçkilər saxtalaşdırılmayacaq? Güman var idi ki, xalq meydana çıxıb haqqı müdafiə edəcək? Bəs, onda əvvəlki seçkilərdə Cəmil Həsənli niyə iştirak etdi?
-Sizcə, niyə etdi?
- Cəmil Həsənlinin namizəd kimi iştirak etdiyi seçkidə xalqın aktivliyi 2003-cü illə müqayisədə 10 dəfə aşağı idi. O zaman MŞ niyə seçkilərdə iştiraka qərar verdi?
-Bəlkə bu suala özünüz cavab verəsiniz?
-Çünki Rusiyaya Azərbaycana təzyiq etmək lazım idi. Moskva “Milyarder İttifaqı” yaratmış, Putinin köməkçisi Söyün Sadıqov dəqiqədə bir Azərbaycan iqtidarının işinə qarışır, Bakıya barmaq silkələyirdi. Abbas Abbasov fəallaşmışdı. Rusiya açıq-açığına MŞ-nı müdafiə edirdi. Belə bir vəziyyətdə Milli Şura seçkilərə getdi. Hətta qurumun ilk namizədi – Rüstəm İbrahimbəyov Rusiya vətəndaşı idi. Bu gün Rusiya təzyiq etmir, çünki başı öz seçkilərinə qarışıb, Qərbdən də hər hansı basqı yoxdur, Milli Şura da boykot qərarı verib. Məsələ bu qədər bəsitdir.
İndi sual verirəm: bundan sonra parlament seçkiləri olacaq, o da növbədənkənar keçiriləcək. AXCP və Musavat bu seçkidə iştirak edəcəkmi? İştirak edəcəksə, o zaman ikinci sual yaranır: Vəziyyətmi dəyişilib? Demokratik mühitmü yaranıb? İştirak etməyəcəklərsə, açığını deyim, qarşıdakı 7 il ərzində bu partiyalar mövcudluğunu saxlaya bilməyəcəklər.
Deyək ki, Milli Şura seçkilərə getməməklə alternativ mübarizə yolunu mənimsəyib. Alternativ variant kimi biz xalqın kifayət qədər aktivliyinə söykənib meydan mübarizəsiylə bu iqtidarı istefa verməyə, hakimiyyəti dəyişməyə məcbur etməliyik. Amma təcrübə göstərir ki, Əbülfəz Elçibəy hakimiyyətdən gedəndən indiyə qədərki dövr ərzində bizim keçirdiyimiz ən böyük mitinqlər 2003-cü ildə İsa Qəmbərin prezidentliyə namizədliyi dövründə qeydə alınıb, o zaman isə icazəli aksiyalara 100-150 minə yaxın adam toplaşıb. İcazəsiz aksiyalara isə ən çox 10 min adam meydana çıxıb. Bu güclə Azərbaycanda hakimiyyəti dəyişdirmək mümkün deyil. Bu, bir.
İkincisi, biz siyasi mübarizəmizdə beynəlxalq konyukturanı da nəzərə almalıyıq. ABŞ bizə açıq şəkildə deyir ki, diktaturadan demokratiyaya birbaşa keçid yoxdur. Nümunə olaraq isə “ərəb baharı”nı göstərirlər. Məlum olduğu kimi, “ərəb baharı” nəticəsində bu ölkələrdə diktatura ləğv oldu, amma indiyə qədər oralarda stabillik yaranmayıb.
-Bəli, demokratik cəmiyyət quruculuğu üçün təkamül prosesi yaşanmalıdır.
-Adını nə qoyursan qoy, diktaturadan demokratiyaya tədrici keçid olmalıdır. İndiki beynəlxalq konyukturada hakimiyyəti devirib uzunmüddətli və stabil iqtidar qurmaq təcrübəsi yoxdur. Çünki dövlətlərin stabilliyinin qorunmasında xalqın, müxalif siyasi qüvvələrin marağının təmin olunması yeganə şərt deyil. Bizimkilərə elə gəlir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə təkcə İlham Əliyevlə onun alternativləri arasında gedir. Halbuki, bu mübarizə çoxşaxəlidir. Burada İran, Rusiya, Qərb ölkələri də bir-biriylə rəqabət aparırlar. Azərbaycanda seçkinin aktyoru yalnız namizədlər deyil, həm də super güclər, bölgəsəl dövlətlərdir və onların seçkinin nəticələrinə təsir etmək imkanları var. Bütün bunları nəzərə alanda görürük ki, Azərbaycanda seçkinin taleyini yalnız bizim siyasi fəaliyyətimiz və xalqın iradəsi həll etmir. O zaman sual olunur: Bəs, müxalifətin vəzifəsi nədən ibarət olmalıdır? Məncə, müxalifət Azərbaycanda hakimiyyət uğrunda mübarizəni siyasi müstəvidən şəxsi düşmənçilik müstəvisinə keçirməməlidir.
-Gəlin, razılaşaq ki, mübarizəni siyasi müstəvidən şəxsi zəminə keçirən müxalifətdən çox iqtidardır. İqtidar düşmənçilik edirsə, müxalifət nə etməlidir? Bilirəm ki, sualıma yenə Mahatma Qandinin “Passiv müqavimət" nəzəriyyəsindən çıxış edərək, cavab verəcəksiniz. Amma bu nəzəriyyə hər zaman özünü doğrultmur. Məsələn, Hindistan hindlilərindən fərqli olaraq, ABŞ hinduları özlərini yoxoluşdan xilas edə bilmədilər.
-Çünki Hindistan hindlilərindən fərqli olaraq, ABŞ qırmızıdərililəri özləriylə müqayisəedilməyəcək qədər güclü ordulara qarşı vuruşdular. Əllərindəki oxlarla gəlmələrin topuna, tüfənginə qarşı döyüşdülər, dinc mübarizə metodunu mənimsəmədilər. Siz bilirsinizmi ki, qırmızıdərililərlə gəlmələr arasındakı mübarizə hərb tarixinin ən uzunmüddətli müharibələrindəndir? 1622-ci ildən 1924-cü ilə qədər davam edən bu döyüşlərdə 100 minlərlə insan ölüb. Təkcə 1894-cü ilin statistikasına görə, döyüşlərdə öldürülən qırmızıdərililərin sayı 30 mindən yuxarı idi. Gəlmərdən isə 20 minə qədər adam öldürülmüşdü. Bu hələ qızıldərili-gəlmə savaşlarının zəiflədiyi dövrün illik statistik məlumatıdır. Savaşların ilkin mərhələlərində canlı itkilər daha çox olurdu.
Üstəlik, Azərbaycandakı siyasi mübarizə ilə ABŞ-dakı qırmızıdərili-gəlmə müharibələrini eyniləşdirmək doğru deyil. ABŞ-da baş verənlər fərqli irqlərin ərazi uğrunda mübarizəsi idi. Azərbaycanda isə eyni xalq var və ortaq düşmənlər, milli maraqlar, mədəniyyət birliyi, müştərək dövləti hədəflər və dəyərlər bu xalqın müxtəlif zümrələrini birləşdirir. Siyasi mübarizə ilə işğal müharibələrini qarışdırmaq olmaz.
O ki qaldı iqtidarın müxalifətə qarşı düşmənçilik siyasətinə, Həzrət Əlinin gözəl bir sözü var. İmamdan soruşurlar ki, “biri sənə dəfələrlə pislik etsə, buna cavabın necə olar?”. İmam cavab verir ki, “mən yaxşılıq edərəm. Əgər qarşımdakı adam pisliyindən əl çəkmirsə, mən niyə yaxşılığımdan geri qalmalıyam?”
İkincisi, Həzrət Əlinin bir başqa sözü də var. Deyir ki, bir fəsadın qarşısını ala bilmirsinizsə, onda bu fəsadı car çəkin. Bu gün biz də xalqa qarşı yürüdülən siyasətin qarşısını ala bilmirik. Azərbaycan xalqının yarısı ölkəni tərk edib, dövlətin sərvətləri bir qrup adamın əlində cəmləşib. Əhali siyasi proseslərə biganədir. Belə olan halda biz nə etməliyik? Həzrət Əlinin təlimatına uyun olaraq, mümkün qədər qarşı-qarşıya olduğumuz fəsadı car çəkməliyik. Media orqanlarında, sosial şəbəkələrdə fikirlərimizi xalqa çatdırmalı, onu maarifləndirməliyik. Necə ki, bunu edirik də. Seçki mühitinin verdiyi imkanlardan da faydalanıb carçəkmə işimizi daha da təkmilləşdirə bilərik. Seçki prosesi dövründə beynəlxalq ictimaiyyətin də, xalqın da diqqəti Azərbaycana yönəlir. Debatlar, müzakirələr qızışır. Hakimiyyət istəməsə belə, müxalifətə öz fikrini demək üçün daha geniş tribuna verir. Biz niyə bu tribunadan imtina etməliyik? Mən demirəm ki, saxtalaşdırılacaq seçkiyə qatılmaqla İlham Əliyevi yıxmaq istəyirəm. Mən deyirəm ki, bu seçkinin verdiyi fürsətlərdən maksimum istifadə edərək, fikrimi bütün dünyaya car çəkə bilərəm. O zaman niyə bu fürsətdən vaz keçməliyəm?
Ümumiyyətlə, siyasi idarəetmə fəlsəfəsi iki əsasa söykənir-qorxu və ümid. Quranda da Allah Taala buyurur ki, ey peyğəmbər mənim ayələrimlə insanları qorxut və onlara ümid ver. Bu gün bəzi müxalifət qüvvələri seçkini boykot yoluyla sadəcə qorxutmaq xəttini tutur. Hakimiyyətə qarşı siyasi mübarizə yolunun bağlandığı barədə təsəvvür yaradaraq, xalqın əzmini, ümidini qırır. Ona görə də cəmiyyət Azərbaycanda kim hakimiyyətə gəlirsə gəlsin, heç nəyin dəyişməyəcəyini düşünür. Amma sən xalqa mübarizə ümidi versən, yol göstərsən, bu cür yaşamağın mümkün olmadığını təlqin etsən, cəmiyyəti də tədricən hərəkətə gətirə bilərsən. Keçən seçki prosesində bizim şüarımız da belə idi: “Belə yaşamaq olmaz!” Ən azı bu şüarla xalqın beynində belə yaşamağın olmazlığı barədə təsəvvür yarada biliriksə, bunun nəyi pisdir?
-Sizin bu sualınız mənə bir türk aşığının sözlərini xatırlatdı. Dövrün müftüsü sazın şeytan icadı olması barədə fitva verir. Aşıq da müftüyə şeirlə cavab verir:
“Abdəst alsam, “alma” deməz,
Namaz qılsam, “qılma” demez,
Müftü kimi haram yeməz,
Şeytan bunun nerəsində?
-Ay, sağ ol. Seçkidə iştirak etməyin nəyi xəyanətdir? Siyasi partiyaların bir nömrəli vəzifəsi seçkidə iştirak etməkdir, da. Şair demişkən, “Şeytan bunun harasındadır?”
-Sərdar bəy, bayaq dediniz ki, diktaturadan demokratiyaya keçid tədrici olmalıdır. Sizə elə gəlmirmi ki, son 25 ildə seçkidə iştirak edə-edə biz demokratiyadan diktaturaya keçmişik?
(ardı var)
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: