Eks-spiker Rəsul Quliyev maraqlı təşəbbüslə çıxış edib. O, sosial şəbəkədə izləyicilərə müraciət edərək bildirib ki, yaxın günlərdə Azərbaycandakı mövcud vəziyyət və inkişaf istiqamətləri barədə yazı hazırlayacaq. Oxuculardan onları maraqlandıran konkret suallar varsa, göndərmələrini xahiş edən eks-spikerin bu təşəbbüsü izləyiciləri tərəfindən də müsbət qiymətləndirilib. Rəsul Quliyevə xeyi sayda suallar gəlib və gəlməkdədir.
Suallara cavabların maraqlı olacağını nəzərə alıb Rəsul müəllimdən qələmə alacağı avto-müsahibəni Ovqat.com-a göndərməsini və bizim vasitəmizlə yaymasını xahiş etdik. Sağ olsun, təklifimizi yerə salmadı və ilk iki suala cavab yazaraq bizə göndərdi. Biz də öz növbəmizdə ona verdiyimiz sözü tutaraq, yazını ictimai müzakirəyə təqdim edirik.
-İndiki ağır şəraitdə demokratik qüvvələr nə etməlidir?
-Mən hətta sovet dövründəki məhdud təcrübəm əsasında ölkənin, xalqın insanlara xas olan normal yaşamasının demokratiyasız heç vaxt mümkün olmayacağını bildirmişdim, bu gün də fikrimi bir daha təkrarlamaq istəyirəm. Əgər xatırlayırsınızsa, 24 il bundan öncə dəfələrlə “yarımdemokratik, yarımdiktator rejimli ölkənin gələcəyi yoxdur”,- demişdim. Azərbaycana müstəqillik verildiyi 1991-ci ilin dekabrından bu günə qədər yüzlərlə yazımda “insanları azad olmayan xalqın gələcəyi ola bilməz” mövzusunda konkret faktlarla fikirlərimi bəyan etmişəm.
Dövlət orqanlarının xalq qarşısında heç bir məsuliyyət daşımadığı ölkədə haqq-ədalətdən, biznes azadlığından söhbət belə gedə bilməz. İnsanlar heç vaxt özlərinin əqli və ya başqa keyfiyyətlərini reallaşdıra bilməzlər. Çünki belə ölkələrdə insanlar sivil inkişaf qanunları ilə yox, rejimin müəyyənləşdirdiyi qanunlarla yaşamağa məcburdurlar. Bu tipli ölkələr ağalar və qullar ölkəsidir.
1980-cı illərdə Azərbaycanlılar sözlərini deyə biləcək və buna görə heç bir cəza almayacaq dərəcədə daha azad yaşayırdılar, nəinki bu gün.
Müstəqillikdən keçən 27 ildə biz nəyə nail olmuşuq?
İlk növbədə sovet dövründə belə, ölkədə qismən mövcud olan dövlət anlayışı (müstəqil icra, parlament və məhkəmə sistemi) tamamilə aradan götürülmüşdür, dövlət olaraq ancaq bir struktur (icra hakimiyyəti) saxlanılmışdır. Qonşularımız Gürcüstan və Ermənistanda isə bu dövlət orqanlarının müstəqilliyi 1991-ci illə müqayisədə daha da inkişaf etdirilmişdir. Bu gün Gürcüstanda hakimiyyətin məhkəmələrin işinə qarışması minimal səviyyədədir, 100-lərlə qərar hakimiyyətin arzusunun əleyhinə qəbul edilir.
Bu gün bizdə parlament üzvlərini və məhkəmələri Prezident Aparatı təyin edir və prezident hakimi-mütləqdir.
Qonşu ölkələrin hər ikisi parlamentli idarə sistemini qəbul edib və deputatların ən azı 30 faizi müxalifət partiyalarından seçilib. Məhkəmələr də həm camaat, həm də parlament tərəfindən seçilir.
Bu gün Azərbaycanda istənilən kiçik, orta, böyük bizneslər hökumətin total nəzarətindədir. Gürcüstanda daha çox, Ermənistanda 80 faizdən artıq hökumət lisenziya verməkdən başqa heç kimin işinə qanunla qarışa bilməz və qarışmır.
Bu gün Azərbaycanda ixrac və idxal sahəsi total olaraq hökumətin nəzarətindədir, anti-monopoliya qanununa moratoriya qoyulub, qonşularımızda isə anti-monopoliya qanununu pozanlar cinayətə cəlb edilir.
1992-ci ildən sonra azad seçkilər, azad ticarət, azad biznesə daha yaxın olan Azərbaycanda (çünki qonşulardan fərqli olaraq Azərbaycanda neft var idi) camaat üçün çətinlik yaratmadan istənilən islahatı keçirmək mümkün idi. Neft pullarından 10 faiz istifadə etməklə xalq üçün şok situasiya yaratmadan ən dərin islahatlara start vermək olardı. Qonşularımız 2000-ci illərdə xalqı ağır vəziyyətə salmaqdan qorxmayaraq, islahatlar aparmağa başladılar və bu gün nəticələr göz qabağındadır.
Orta əmək haqqı göstəricilərinə görə ildə Allahın hədiyyəsi kimi orta hesabla neftdən 10 milyard dollar pul qazanan Azərbaycanla müqayisədə Gürcüstan 40, Ermənistan 30 faiz bizi üstələyir. Və buna görə xəcalət çəkmək əvəzinə öyünənlərin psixikasının normal olduğuna inanmaq mümkün deyildir.
Azərbaycanda korrupsiya və rüşvət indeksinə görə, Gürcüstandan 2 dəfə, Ermənistandan 1.5 dəfə yuxarıdır.
İnsan haqlarına beynəlxalq münasibət daha acınacaqlıdır. Azərbaycan artıq bir neçə dəfə insan haqlarını kobudcasına pozduğuna görə həm Avropa Parlamenti, həm də ABŞ Konqresi tərəfindən sanksiya tətbiq etməyin astanasında olub.
Hərbə 10 ildə 35 milyard dollar pul xərcləmiş Azərbaycan bu dövrdə cəmi 4 milyard dollara yaxın pul xərcləmiş Ermənistan qarşısında 2016-cı ilin aprelində heç bir parametrdə üstünlük qazana bilmədi. Baxmayaraq ki, hansısa bir ağıllı erməni tərəfindən işğal edilmiş 2 milyon hektar torpağın 2000 hektarının ‘’azad’’ edilməsini misilsiz qəhrəmanlıq hesab edirik . Bu minvalla torpaqlarımızın azad edilməsinə 1000 il lazım olacaq (Ancaq dünya tarixində min il yaşayan monarxiyaya təsadüf olunmur). Elədirsə “hərbə xərclənən pullar nə işə yaradı” sualı ortaya çıxır. Əgər o pulların cəmi 10 faizi ölkədə siyasi və iqtisadi islahatlara yönəldilsəydi, bu gün nəinki torpaqlarımız azad olunmuşdu, Dağlıq Qarabağ problemi tamamilə aradan qaldırılmışdı.
27 ildə olan-qalan mənəviyyat və əxlaqımızın məhv olması, heç vaxt müstəqillik və azadlığın nə olduğunu görməyən, bilməyən xalqımızın bu günkü vəziyyətinə görə kimdir günahkar? – hamımız; ölkədə yaşayanlar da, xaricə gedənlər də. Hər kəsdən öncə isə öz maraqlarını xalqın mənafeyindən üstün tutan, “xalqı hara istəsən, sürə bilərsən” idealogiyası ilə silahlanmış mövcud sülalə hakimiyyəti günahkardır.
İki nömrəli günahkar isə özlərinin fərasətsizliyi ilə hökumətin bütün addımlarını leqitimləşdirən, ildən-ilə gücləndirən etiraz elektoratının liderləridir. Onlar bir neçə referendumla 1995-ci il Konstitusiyasını dəyişdirib qanuni monarxist diktatura yaradan hakimiyyətə müqavimət göstərə bilmədilər.
Azərbaycan xalqı qonşularla müqayisədə öz azadlıqları uğrunda çox zəif mübarizə aparır. Deməli, Azərbaycan müxalifəti qonşuların müxalifətindən azı bir-iki baş yuxarı olmalıdır ki, qismən passiv xalqı ayağa qaldıra bilsin. Reallıqda isə bizim müxalifət bir neçə baş aşağı pillədə yerləşir.
Ən dəhşətlisi isə odur ki, müxaliflərin məqsədləri bu rejimdən xalqı xilas etmək yox, hökumətlə dil tapıb müxtəlif dövlət orqanlarında, məsələn, parlamentdə müxalifət statusu almaqdır, vəssəlam. Yuxularında isə bu hakimiyyətin hansısa naməlum səbəbdən yıxıldığını, özlərinin iqtidara gəldiyini və bu səlahiyyəti heç kiminlə bölüşməyəcəklərini görür və imitasiya ilə məşğul olurlar.
Şakir Ulu bəy: - ‘’Sizin Azərbaycan xalqına olan inamınızın faiz göstəricisi ilə, xalqın sizə olan inamının faiz göstəricisi arasındakı fərqi necə qiymətləndirərdiniz?’’
-Bu sual həqiqətən sadə bir sualdır , ancaq hansı məna kəsb etdiyini anlamaq çətindir.
Birincisi, normal insanın xalqa münasibəti faizlə ölçülmür və bu, birmənalıdır. Yəni insan valideynlərini seçə bilmədiyi kimi, xalqı üçün də seçim etməməlidir. İnsan müəyyən bir ərazidə (Azərbaycanda) anadan olub, onun adət-ənənəsini qəbul edibsə, deməli tutduğu vəzifə və ranqından asılı olmayaraq, o xalqın nümayəndəsidir. Əgər söhbət xalqın və ya ayrı-ayrı nümayəndələrin səhvlərindən, cinayət səviyyəli hərəkətlərindən gedirsə , tənqid edilirsə, bu onun xalqa inamının faizi deyildir və ola da bilməz. Bu onu göstərir ki, sən xalqın taleyinə biganə deyilsən. Mənim xoşa gəlmək üçün heç bir səbəb olmadan “qəhrəman xalqım” deməkdən xoşum gəlmir. Mən xəstəyə “sən güclüsən, qəhrəmansan, xəstəliyə qalib gələcəksən, qorxma” deyib onu ölümə aparan terapevt deyiləm, daha çox xəstəliyi cərrahiyyə yolu ilə müalicə etməyə çalışanam. Ola bilər, bu bir qədər acı olacaq, ancaq sağalmağa daha çox şansı var.
Yaşadığım dövrdə özüm üçün müəyyən bir imic yaranıb. Mənim yalan danışmaqla (ən çox nifrət etdiyim şey) bu imicimi ortadan qaldırmaq fikirim yoxdur.
Qalan suallarada yaxın vaxtlarda cavablar veriləcək.
Rəsul Quliyevə verilən suallar:
-Azərbaycan kritik bir dövrə qədəm qoyur. Bir neçə gündən sonra prezident seçkiləri də bitəcək. Narazı elektoratın isə səsi eşidilmir. Hakimiyyət daha 7 il ömrünü uzada biləcəkmi?
-Etiraz səsi daha çox xaricdən gəlir. Mühacirlərin söyüş kampaniyasını necə qiymətləndirirsiniz? Bu cür metodlar ölkəni ciddi qarşıdurmalara apara bilərmi?
-Biz “ərəb baharları”nın da bu metodlarla başladığını gördük. Bənzər proseslər bizdə də stabilliyi poza bilərmi?
-ABŞ-da yaşayan mühacirlər də Avropada başayan hərəkata qoşuldular. Amma üzlərini maskayla örtmüşdülər. Amerikada belə insanlar hakimiyyətdən çəkinirsə, Azərbaycanda ciddi etiraz dalğası gözləməyə dəyərmi?
-Avropadakı təhqir kampaniyasında hakimiyyətdaxili klanlararası rəqabətin rolu varmı? Ümumiyyətlə, hakimiyyət komandası vahiddirmi?
-Bu etirazların arxasında hansı xarici qüvvə dayanır, Rusiyanın barmağı varmı?
-Bayram Şükürov: Salam Rəsul bəy, xahiş edirəm bir az açıqlıq gətirəsiniz, Sizcə, bu seçkilərdən sonra əhalinin vəziyyəti necə olacaq? Daha doğrusu, bizi hansı sıxıntılar gözləyir?
-Rövşən Əhmədov: Avropada mühacirət hökumətinin yaradılmasına münasibətiniz?
-Gülaga Əliyev soruşur: Rəsul bəy, bu gün ölkədəki neft-kimya sənayesinə rəhbərlik edənlərin işi sizi təmin edirmi? Əgər indiki vəziyyətdə sizə baş nazir postu təklif etsəydilər razılaşardinizmi? Əgər razılaşsaydınız, nə kimi islahatlar aparardınız?
-Rufat Hammerşteynin sualı: Sizcə, Azərbaycanda baş verə biləcək xalq çıxışlarının güclənərək siyasi hərəkata çevriləcəyi təqdirdə, xarici təcavüzkar qüvvələr, xüsusilə də Putin rejiminin müdaxilə etməsi nə dərəcədə real olacaq? Nəzərə alsaq ki, Putin Suriyada Əsəd rejimini qorumaq üçün birbaşa hərbi müdaxilə etdi. Eyni hərəkəti öz sərhəddində yerləşən Azərbaycanda etməsinə hansı faktorlar mane ola bilər?
-Rövşən Əhmədov: Resul müəllim, Avropada rejimin tanıdılması aksiyasına necə baxırsınız? Onlara nə tövsiyyə edərsiniz?
-Rasul Talibov: İlqar Məmmədov barəsində nə deyə bilərsiniz?
-Elşad Məmmədov: Neft - dünən, bu gun, sabah. Yaxın gələcəkdə qiyməti və büdcə?
-Ceyhun Cəfərov: Sizi ölkəni indiki rejimə təhvil verməkdə günahlandırırlar. Bu ittihama cavabınız?
-Problemdən çıxış yolunu nədə görürsünüz?
Ovqat.com
Paylaş: