Həsrət Rüstəmov
ADP sədrinin müavini
Azərbaycan müxalifəti haqqında indiyədək çox sözlər deyilib. Bunların əksəriyyəti tənqid, çox vaxt da əsassız tənqid olub. Tənqid edənlər bir çox halda demoqoqiya ilə məşğul olaraq, bəzən hətta müxalifətə aid olmayan, tənqidçilərin özlərinin uydurduğu neqativ obrazları bizə yapışdırmağa çalışıblar.
Bununla yanaşı, H.Əliyevin hakimiyyətə ikinci gəlişindən sonra formalaşan müxalifətin sıraları da rəngarəng olub. Bu sırada hakimiyyətdən devrilən qüvvələr, hakimiyyətdə olmayıb, amma ikinci istiqlalın qazanılmasında rolu olan qüvvələr, Elçibəy hakimiyyətinin devrilməsinə yardım edib yeni hakimiyyətdən kənarda qalan qüvvələr, hakimiyyətdə iştirak edib sonra kənarlaşdırılan qüvvələr və bunların heç birinə uyğun gəlməyən siyasi təşkilatlar yer alıb.
Ötən 25 ildə Əliyevlər hakimiyyətinə müxalif olan qüvvələrin həm sırasında, həm də təsir gücündə çox müxtəlif dəyişikliklər - enmələr, qalxmalar baş verib. Lakin müxalifət bir neçə dəfə hakimiyyətin bir addımlığına gəlib çıxsa da, heç cür qarşısına qoyduğu əsas hədəfə - hakimiyyəti dəyişdirməyə nail ola bilməyib.
Bu gün ADP-nin də daxil olduğu müxalifət düşərgəsinin əsas problemi nəinki xalqın böyük hissəsinin simpatiyasını qazana bilməməsidir, həm də əvvəlki illərdəki dəstəkçilərini əhəmiyyətli dərəcədə itirməsidir. Və siyasi müxalifətin qarşısındakı əsas məsələ - uzun illər hakimiyyəti əlində saxlayan, ölkənin sərvətlərini ədalətsiz bölüşdürən, insan hüquqlarını və qanunları pozan, vətəndaşını ölkədən getməyə məcbur edən bir siyasət yürüdən hakimiyyəti dəyişdirmək məsələsi hələ də həll edilməmiş qalıb. Hakimiyyətə 25 il ərzində gələ bilməyən siyasi qüvvələrə xalqın münasibəti də birmənalı deyil. Belə ki, xalqın əksəriyyəti son 25 ildəki şüarların reallaşacağına, daha doğrusu, hakimiyyətin kütləvi təzyiq yolu ilə dəyişilməsinə, başqa cür desək, demokratik inqilabın baş tutmasına inanmır. Təəssüf ki, bu inamsızlıq səbəbindən ənənəvi müxalifətin durmadan aşınması və onun yerinə dini, radikal şüarlı, hətta anarxist, yarımkriminal qüvvələrin fəallaşmasını müşahidə etməkdəyik.
Meydana bir neçə sual çıxır: Doğurdanmı, indiki hakimiyyətin dinc demokratik yolla dəyişilməsi artıq mümkün deyil? Azərbaycanın ikinci respublikasının qazanılmasında müstəsna xidməti olan keçmiş hərəkatçılardan təşkil olunan hazırkı müxalifətin əsas hissəsi həqiqətən də hakimiyyət dəyişikliyinə, demokratiyaya keçidə nail olmadan siyasi səhnəni tərk edəcək? Ya dəyişikliyə başqa hansısa üsulla nail olmaq olar?
Bu və digər bu kimi suallar Azərbaycanın düşünən kəsimini həmişə narahat edib. Zamanla bu tip suallara ən müxtəlif cavablar axtarmaq cəhdləri də olmamış deyil. Hərçənd prosesi uğurlu bir yola çıxara bilən, siyasi situasiyanı ciddi şəkildə yeni platformaya çıxaracaq ideya ortaya çıxmayıb. Bu istiqamətdəki qeyri standart, orijinal təkliflər isə, nə müxalifət, nə də hakim qüvvə tərəfindən, yumşaq desək, xoş qarşılanmayıb. Ona görə də bu suallar yenə aktual olaraq qalmaqdadır.
Beləliklə, müxalifətin qarşısında hakimiyyəti dəyişdirmək vəzifəsi durur. Başqa cür indiki komandanın neqativ siyasətini durdurmaq, ölkənin sürətlə yuvarlandığı tənəzzülü saxlamaq olmaz. Dəyişilmənin mümkün variantlarına nəzər salaq:
- Ənənəvi mitinq, kütləvi təzyiqlər təşkil etməklə, hakimiyyət tam tərkibdə istefaya məcbur edilir, tamam yeni komanda hakimiyyətə gəlir. Bu maksimum hədəfdir və indiyədək çox ciddi cəhdlərə baxmayaraq, həyata keçməsi mümkün olmayıb. Yaxın illərdə də bu hədəfə çatmaq hələlik mümkün görünmür.
- Prezident qalır, qəbul edir ki, bu komanda ilə ölkənin tənəzzülə və xaosa sürüklənməsinin qarşısını almaq olmaz. Buna görə də komandasını tam buraxaraq, müxalifəti də razı sala biləcək böhran komandası formalaşdırır. Müxalifətə rəsmi protokloda yer verilir, növbədənkənar parlament seçkiləri keçirilir və müxalifətin parlamentdə əhəmiyyətli sayda iştirakı təmin edilir.
- İkinci variant da alınmır, komanda müqavimət göstərir, hansı ki, bu da çox realdır. Bu zaman hakimiyyət eşalonu ciddi dəyişikliklərə məruz qalmadan idarəetmə mahiyyətcə dəyişdirilir və ölkədə böyük həcmdə idarəetmə islahatlarının qarşısı açılır. Müxalifətin təklifləri nəzərə alınır, siyasi partiyaların inkişafı üçün hakimiyyət ciddi öhdəliklər götürür.
Variantlar bəlkə bunlardan daha çox, daha müxtəlif ola bilər. Sual olunur: bu qədər variant olduğu təqdirdə nəyə görə ötən 25 ildə kiçik də olsa müsbət dəyişikliyə gətirib çıxarmayan “ya hər şey, ya heç nə” siyasi platformasından əl çəkməməliyik?!
Tanınmış ABŞ filosofu və yazıçısı Frensis Fukuyama özünün “Amerika yolayrıcında” əsərində diktatura və avtoritar rejimlərdən demokratiyaya birbaşa keçidin mümkün olmadığını, bu cür cəhdlərin xalqları daha ağır duruma salması haqqında dəlillər gətirməklə yeni fikir irəli sürür. O, qeyd edir ki, diktatura və avtoritar rejimlərdən demokratiyaya fazalı keçidə dəstək vermək lazımdır. Başqa sözlə, dünyaca məşhur bu alimin gəldiyi qənaət də bundan ibarətdir ki, demokratiyaya keçidin alternativ variantları da var və bunlardan istifadə etmək daha təhlükəsiz şəkildə demokratiyaya keçidi təmin edə bilər.
Fikrimcə, Azərbaycan Demokrat Partiyası yuxarıda deyilən ənənəvi “ya tam qələbə, ya da heç nə” düşüncəsindən azad olaraq, özünə yeni yol seçməli, ölkədəki və beynəlxalq aləmdəki iradəmizdən kənar formalaşmış şərtlər çərçivəsində xalqın mümkün faydalarına hesablanmış taktika işləyib həyata keçirməlidir. Və bu taktika vaxtilə hakimiyyətdə olub devrilən qüvvələrin revanşizmə bənzəyən taktikasından fərqli olaraq, Fukuyamanın da qeyd etdiyi kimi demokratiyaya fazalı keçidin Azərbaycan modelini özündə əks etdirməlidir.
Sözsüz ki, bu maksimalizm tərəfdarlarını qıcıqlandıracaq, ittiham və hücumlar üçün yeni hədəf tapacaqlar. Amma demokratiyaya keçidin bu gün və yaxın gələcək üçün bundan başqa variantı yoxdur. Həqiqətən də ADP və müxalifətin bir hissəsi yuxarıda sadalanan ikinci və ya üçüncü variantın həyata keçirilməsində rol ala bilsə, bu ölkənin müstəqillikdən sonra tamam yeni və çox əhəmiyyətli bir mərhələyə çıxararaq, xalqın maraqlarını tədricən idarəetmənin əsas mövzusuna çevirə bilər. Bu yolla ölkədə həm ciddi caxnaşmaların, vətəndaş qarşıdurmalarının baç vermə riski azalar, həm də mövcud olan hazırkı avtoritar rejim tədrici demokratik transformasiyaya məruz qala bilər.
Paylaş: