Xəbər lenti

 

III Hissə: Sərdar Cəlaloğlu İrana nəyə türk dövləti kimi baxır?

 

ADP sədri Sərdar Cəlaloğlu ilə bu dəfəki söhbətimizdə əsasən 3 məsələ üzərində dayandıq:

  1. O, niyə son prezident seçkilərində hakimiyyət namizədini sərt tənqid etmirdi?
  2. Yaxın Şərqdə yaşananlardan Azərbaycan hakimiyyəti hansı nəticələri çıxarmalıdır?
  3. Partiyanın irəli sürdüyü Türk Federasiyası təklifi nə qədər realdır və İran bu federasiyanın harasında yer almalıdır?

ADP sədrinin “Hürriyyət”ə müsahibəsini təqdim edirik:

 

- Bəli. ABŞ özünün iki böyük rəqibini zəiflətmək üçün bu ideyanı dəstəkləyə bilər və zaman-zaman dəstəkləyib də. Bill Klinton 1999-cu ildə ilk dəfə Türkiyəyə gələndə sensasion çıxışıyla yadda qalmışdı – “XXI əsr Türk əsri olacaq”. Bu sözlər ABŞ-ın Türk dövlətlərindən Rusiya ilə Çinə qarşı əngəlləyici güc yaratmağa çalışdığını göstərir.  Nəzərə alsaq ki, təklif etdiyiniz bu ittifaq həm də Rusiya və Çinin arasında yerləşəcək, iki nəhəng gücün birləşməsinin də qarşısını ala bilər. Üstəlik, Azərbayca qədər, bəlkə daha çox Orta Asiya ölkələrinin də bu ittifaqa ehtiyacları var. Əks halda Çinin yayılmaçı siyasəti tədricən Orta Asiya ölkələrini çinliləşdirə bilər. Türkiyə həm də bu ölkələr üçün açıq dənizlərə çıxışın qapısıdır. Ümumiyyətlə, Aralıq dənizinə birbaşa çıxışı olan Türkiyənin Avrasiya İttifaqı qurmaq şansı Rusiyadan daha artıqdır. Çünki Dəniz hegemoniyası nəzəriyyəsinə görə, açıq dənizlərə çıxışı olan dövlətlər yalnız super gücə çevrilə bilərlər. Türkiyənin geosiyasi üstünlüyü isə Aralıq dənizinə birbaşa çıxışındadır.

- Ümumiyyətlə, bir dövlətin təbii sərhədləri isti dənizlərə qədər uzanır. Ölkə olaraq hətta sənin dövlət sərhədinin isti dənizlə əlaqəsi olmasa belə... Biz məhz bu ideyanı əsas götürüb hələ 1990-cü illərdə “Üç dəniz” konsepsiyası irəli sürmüşdük. Bu konsepsiyaya  görə, Azərbaycan öz təbii sərvətləri olan 3 dənizlə əlaqədar siyasətlər yürütməli, ittifaqlar formalaşdırmalıdır: Qara dəniz İşbirliyi, İran Körfəzi İşbirliyi və Xəzər dənizi İşbirliyi ittifaqları. Çünki Azərbaycan məhz bu 3 su hövzəsindən dünyaya açıla və təbii sərvətlərini açıq sulara çıxara bilər. Qara dənizdən Aralıq dənizi vasitəsilə Atlantik okeanına, İran körfəzindən Hind okeanına, Xəzərdən isə Volqa çayı vasitəsilə Şimali Buzlu okeana. Azərbaycan dövlətinin gücü bu 3 ittifaqı yaratmasından asılıdır. Bizim vaxtilə təklif etdiyimiz Qara dəniz İşbirliyi İttifaqı artıq yaradılıb. Xəzər dənizi və İran körfəzi işbirlikləri isə hələ də həyata keçirilmə zamanını gözləyir. Xəzər dənizi İşbirliyinin yaradılmasına bu su hövzəsinin hələ də müəyyənləşdirilməyən hüquqi statusu mane olur. Xüsusilə Rusiyanın aqressiv mövqeyi hələlik ittifaq yaratmağa imkan vermir. İran körfəzi isə artıq militarizasiya olunub. Orda ABŞ və digər müttəfiqlərinin donanmaları ilə regional güclər üz-üzə dayanıblar və sahilyanı dövlətlər də bir-biriylə düşməndirlər. Bizim ideyamız əgər vaxtında həyata keçirilsəydi, İran körfəzi dövlətləri ittifaq yaradılsaydı, orda nə xarici qoşunlar olardı, nə də regional dövlətləri arasında indiki düşmənlik qalardı. Amma çox təəssüf ki, regional liderlər belə bir strateji düşüncəyə malik olmadıqlarına görə bu ideya da baş tutmadı. Buna baxmayaraq, yaxın gələcəkdə mütləq bu ideyalar reallaşdırılmalıdır.

Türkiyənin  geostrateji siyasətilə bağlı onu  da demək istəyirəm ki, bu ölkənin əsas böyük avantajı digər müsəlman dövlətlərinin təmsilçisi kimi çıxış etmək imkanıdır. Gələcəkdə Türk Konfederasiyası yaranacaqsa, bu birlik həm də bütünlükdə İslam dünyasının maraqlarından çıxış edə biləcək. Bu isə Türkiyənin imkanlarını 10 qat artıracaq. Odur ki, Türkiyənin son hadisələrdə ABŞ-la bir yerdə dayanması, Rusiyaya məsafəli yanaşması ən düzgün yoldur, Azərbaycan üçün də  bunun uzağa gedən müsbət nəticələri olacaq.

- Sərdar bəy, Rusiyanın Aralıq dənizində təklənməsinin və geri çəkilməsinin bizim üçün təhlükəli tərəfləri də var. Çünki Rusiyanın Yaxın Şərqdə bu rəqabətə girməsinin səbəblərindən biri də gözlənilən qarşıdurmaya öz tarixi imperiya sərhədlərindən uzaqda girməkdir. Deməli, Aralıq dənizində mövqelərini itirən Rusiya ilə ABŞ-ın növbəti poliqonu Qara dəniz – Xəzər hövzəsi ola bilər. Bu da Azərbaycanın gərginlik mərkəzinə çəkilməsi deməkdir...

- Əslində Rusiyanın Yaxın Şərq siyasətinin məqsədi heç də ABŞ-la gözlənilən qarşıdurmanı öz sərhədlərindən kənarda aparmaq deyil. Əsas məqsəd indiki ağır iqtisadi vəziyyətində ABŞ-la müəyyən sövdələşməyə getmək və ondan mümkün olduğu qədər güzəşt qoparmaqdır. Sabah Rusiya qarşı-qarşıya qaldığı sanksiyaların ortadan qaldırılması müqabində Suriyanı tam müdafiəsiz də buraxa bilər. Fikir verirsinizsə, ABŞ Suriyaya hücum etdiyi ərəfədə Rusiyaya qarşı blokadanı daha da gücləndirdi. Bu onu göstərir ki, Rusiya hələlik Suriya kartından arzuladığı kimi istifadə edə bilmir. ABŞ isə ona görə təzyiqlərini gücləndirir ki, Rusiya daha iddiasız şəkildə danışıqlara getsin.

Ümumiyyətlə,  böyük dövlətlərin tarixən başqa ərazilərdə üz-üzə gəlməsinin bir neçə səbəbi olur: ya bayaq siz dediyiniz kimi, qarşı tərəflə üçüncü dövlətin ərazisində döyüşmək, ya iqtisadi böhrandan narazı qalan xalqının diqqətini başqa istiqamətlərə çəkmək, ya da həmin ərazidə maraqları olan dövlətlərlə sövdələşməyə getmək. Hesab edirəm ki, Rusiya bu təsnifatdakı son iki məqsədi reallaşdırmaq üçün Suriyadadır.  Rusiya öz dövlət maraqlarını bu yolla təmin etməyə çalışır. Bu maraqlar Ukrayna məsələsində güzəşt əldə etmək də ola bilər, sanksiyalardan yayınmaq da, başqa starteji məqsədlər də. ABŞ-ın mövqeyindən isə belə görünür ki, Rusiya ilə alver etmək niyyətində deyil. Buna görə də həm hərbi, həm də iqtisadi cəhətdən Rusiya ilə üz-üzə gəlir, sanksiyalarını davam etdirir. Bu isə o deməkdir ki, Rusiya Suriyada nəyi güzəştə getsə də, ABŞ sanksiyalarını dayandırmayacaq. Görünən budur ki, Rusiya nəyisə düzgün hesablamayıb. O, nəinki hədəfinə çatmayacaq, əksinə Suriyada qaldıqca öz çöküşünü sürətləndirəcək. Necə ki, ABŞ SSRİ-ni də bu yolla – silahlanmaya cəlb edərək dağıtmışdı. Rusiya yenə eyni tələyə düşməmək üçün Suriyadakı müharibəni dayandırıb geri çəkilməlidir. Əks halda dünyanın bir çox ölkələrində müharibələrə cəlb olunaraq, iqtisadi cəhətdən daha tez çökdürüləcək.

- Türkiyə Rusiyadan uzaqlaşıb ABŞ-a yaxınlaşdıqca İranla da münasibəti korlanır. Bu həm də Türkiyənin strateji müttəfiqi kimi Azərbaycanı həm Rusiya, həm də İran qarşısında çətin vəziyyətdə qoya bilər. Sizcə, Azərbaycan hakimiyyətinin bu hadisələrə münasibəti necə olmalıdır? Biz kimin tərəfində dayanmalıyıq? Proseslərdə tərəfsiz qalmaq şansımız varmı?

-Əvvəla, onu deyim ki, İran dövlətinə bizim çoxlarının baxışı kökündən səhvdir. Xüsusilə də millətçilərin baxışları reallığı və milli maraqları əks etdirmir. Biz İrana farsların idarə etdiyi türk dövləti kimi baxmalıyıq. Nə qədər ki biz İrana fars dövləti kimi baxacağıq, heç nə əldə edə bilməyəcəyik. Bir çoxlarımız açıq dilə gətirməsək də, İranın ABŞ tərəfindən dağıdılmasını arzulayır. Halbuki, İrana vurulan zərbənin 3/2-i türklərə, 3/1-i isə farslara dəyəcək. Çünki bu ölkənin 3/2-ni türklər təşkil edir. Ona görə də mən ABŞ-ın İranı vurması ehtimalını arzuolunmaz hal kimi qiymətləndirirəm, öz xalqımın ağır müharibəyə cəlb ediləcəyini düşünürəm. Bilirsiniz ki, İran-İraq müharibəsində 1 milyon insan öldürülüb və onların böyük hissəsi Azərbaycan türkləridir. Ümumiyyətlə, İranın etnik çoxluğu türklərdir və bu mənada İran bir türk dövlətidir. Hökumətin hansı millətin nümayəndələrindən ibarət olması dövlətin milli xarakterini dəyişdirmir. Amerikanı hər cür millətdən olanlar idarə edir. Obamanın etnik kimliyinə görə biz ABŞ-ı zənci dövləti adlandıra bilmədiyimiz kimi, İrana da fars dövləti deyə bilmərik. Buna görə də biz İranın da gələcəkdə qurulacaq Türk Konfederasiyasına qoşulmasını istəyirik. Bugünkü İran etnik çoxluğun maraqlarına uyğun qurulmadığına görə Türk Birliyinə həddindən artıq əks-reaksiya ilə yanaşırlar. Əslində bu gün İran hakimiyyətinin radikal şiəçiliyi siyasi-idealoji xətt kimi  qabartmasının da əsas səbəbi gələcəkdə quruması proqnozlaşırılan Türk Birliyinin qarşısını almaq üçündür.

-Mən gənclik illərində Məmməd Əmin Rəsulzadənin bir məqaləsini oxumuşdum. Şimali və Cənubi Azərbaycanın qarşısında duran problemlərdən bəhs edən məqalədə qeyd olunurdu ki, bizdə mədəni azadlıqlar var, siyasi azadlıqlar yoxdur. İran türklərində isə tam bunun əksinə, siyasi və itisadi azadıqlar var, mədəni azadlıqlar yoxdur. Məmməd Əmin Rəsulzadə hesab edirdi ki, İran türkləri  mədəni azadlıq qazansalar, öz milli dövlət problemlərini çözə bilərlər. Sizin görüşəriniz də bu düşüncəyə çox yaxındır.

-İranın spesifikası çox mürəkkəbdir. Ölkənin etnik çoxluğu türkdür, siyasi hakimiyyət isə farsların əlindədir. Farslar İranın öz dövlətləri olması barədə mif düzəldiblər. Bu mif yeni ortaya çıxmayıb. Hətta X əsrdə yaşamış ən böyük fars şair və mütəfəkkiri Firdovsinin “Şahnamə”sində belə, bu cür millətçi düşüncələr özünə yer tapıb. Həmin əsərdə Turan-İran ayrılığından və rəqabətindən bəhs edilir. Şahnamədə farslar İranın əsl sahibləri kimi təqdim edilməklə yanaşı, türklər aşağılanır. Fars şovinizminin əsas idealoji qaynağına çevrilən “Şahnamə”dəki bu fikirlər daha sonra Qərb ölkələri tərəfindən də dəstəkləndi və 20-ci əsrin birinci rübündə Qacariyyə dövləti  yıxıldı, yerinə farsların idarəçiliyndə hakimiyyət quruldu. Ona görə də biz İrani “fars dövləti” adlandıra bilmərik. Bir ölkənin etnik çoxluğunu kim təşkil edirsə, onun mənsubiyyətini də həmin qüvvə müəyyənləşdirir. İranın etnik çoxluğunu türklər təşkil etdiyi üçün biz də ona türk dövləti kimi baxmalıyıq. Onun kim tərəfindən idarə edilməsinin heç bir əhəmiyyəti yoxdur. Bu gün farslar tərəfindən idarə olunan bu dövlət sabah yenidən türklərin əlinə keçə bilər və hesab edirəm ki, Türk Birliyi Konfederasiyası yarananda belə də olacaq. Ümumiyyətlə, İransız Türk Birliyi Konfederasiyası yarımçıq görünür.

-Mən də bu fikrə qatılıram. Sadəcə mənim fikrimcə, bir dövlətin etnik kimliyi ilə mədəni kimliyi bir-birindən fərqlənir. İran əsrlər boyu etnik olaraq türklərin əlində olub. Amma mədəni kimliyində isə farslar üstünlük təşkil edib. Hətta Səvəfilər, Qacariyyə, onlardan əvvə isə Səlcuqlular dövründə İran coğrafiyasında dövlət dili farsca idi. Bu, yalnız İranda da belə deyildi. Osmanlılarda da farsca türkçəni üstələyirdi. Buna baxmayaraq, biz həmin dövlətləri fars dövləti kimi qəbul etmirik. Eyni məntiqlə, bugünkü İranın fars dövləti olması da mübahisəlidir.

İranın və digər türk dövlətlərinin əsrlər boyu fars kimliyi ilə fəaliyyət göstərməsinin iki əsas səbəbi vardı: 1) fars mədəni kimliyinin bu coğrafiyada qədim köklərə malik olması, 2) türklərin yenicə daxil olduğu islam mədəni mühitinin fars dilinə daha uyğun gəlməsi.

Bildiyimiz kimi, o dövrün yazılı ədəbiyyatında əruz vəzni ön planda idi və bu vəzn türk dilinə uyğun deyildi. Fars dilinə isə daha rahat uyğunlaşırdı. Nəticədə müsəlman dünyasının ədəbi dilini farsca, elmi dilini isə ərəbcə təşkil edirdi. Üstəlik, Sasanilərdən qalma siyasi-mədəni mühit də bu coğrafiyada güclü idi və türk iqtidarlara əsrlərlə oturuşmuş sistemi dəyişmədən idarə etmək daha asan gəlirdi.

Bir də türklərin xarakterindən irəli gələn tolerantlıq da farsçanın dövlət dili səviyyəsinə yüksəlməsinə səbəb olmuşdu. Bu toleratlıq yalnız dilə münasibətdə də özünü göstərmirdi. Türk xaqanları idarə etdikləri məmləkətlərin inanclarına da eyni diqqəti göstərmişdilər. Təsadüfi deyil ki, başqa imperatorlar digər xalqlara öz mədəniyyətlərini zorla qəbul etdirdikləri halda türk xaqanlar sintez mədəniyyət yaradır, ya da idarə etdikləri xalqların dinini mənimsəyirdilər. Buna misal olaraq, Elxanilərin ən qüdrətli hökmdarı Qazan  xanın islamı qəbul etməsini, Baburilərin isə hinduizmlə islamın sintezini yaratmaq səylərini göstərə bilərik.

O fikrinizlə də razılaşıram ki, dünya sivilizasiyasının bugünkü tələbləri türklərin mədəni üstünlük əldə etməsini şərtləndirir və bu səbəbdən İran da türkləşəcək. Söhbət əlbəttə, mədəni kimlik olaraq türkləşməkdən gedir. Etnik kimlik kimi onsuz da türk olan İranda farsların xarakterindəki mühafizəkarlıq onların özlərini dəyişdirməsinə, yeni qlobal mədəni mühitə uyğunlaşmasına imkan vermir. Biz isə Avropa mədəni dəyərlərini daha rahat mənimsəmişik və bunun nümunələrini yaratmışıq. Bu gün İranda Üzeyr Hacıbəyovun bir çox əsərlərinin səhnəyə qoyulması mühafizəkar fars mədəni mühitinə ən gözəl alterativ kimi ortaya çıxır. Bu tendensiyaya Türkiyənin də müsbət təsiri olacaq və gələcəkdə farsların özü belə türk dilində danışacaqlar. Necə ki, bizim soydaşlarımız bu gün farsca danışırlar.

İransız Türk Birliyinin qurula bilməyəcəyi fikrinizə də şərikəm. Bir neçə il əvvəl yazdığım bir şeirdə bunu belə ifadə etmişəm:

“Bəli, Böyük İran Arandan keçir,

İravandan keçir, Muğandan keçir,

Turana gedən yol İrandan keçir,

İransız qurulmaz bu şanlı ocaq,

İran Türkün olub, Türkün olacaq”.

-İran haqqında fikirləriniz maraqlıdır. Amma siz məsələyə mədəniyyət adamı kimi baxırsınız. Mənim dediyim isə siyasi məsələdir. Dediyim budur ki, İranda 40 milyon türk yaşayır. Biz bu qədər insanı taleyin ümidinə buraxa bilmərik.  O ki qaldı sizin dediyiniz mədəniyyət məsələsinə, məncə, türklərlə farslar arasında bu problem də yoxdur. Farslarla türklərin arasında hər hansı mədəni fərqlilikdən söhbət etmək mümkün deyil. Türk sultanları belə, şeirlərini, məktublarını fars dilində yazıblar. Eləcə də farsların hərbi istilahları, terminləri türk dilindədir. Ümumiyyətlə, mədəni fərqlilik deyəndə daha çox fərqli dini dünyagörüşlər nəzərdə tutulur. Farslarla türklərin dini yüzillərdir eynidir və bu iki millət qaynayıb qarışıb. İslam faktiki olaraq türklərlə farsların mədəni fərqliliyini aradan qaldırıb. Bircə dil fərqliliyi var. Məişətdə də, dünyagörüşündə də güclü inteqrasiya prosesi gedib. Mən, açığı, bu iki millət arasında mədəni fərqlilik görmürəm. Bu məsələdə bircə siyasi fərqlilik var. Farslarda azlıq təşkil etdiklərinə görə özlərini qoruma instikti ortaya çıxıb və şovinizmə varan millətçilik hisləri formalaşıb. Halbuki, onlar da yaxşı başa düşür ki, İran bir türk dövlətidir, əhalinin etnik çoxluğu türklərdir. Çox böyük yanlışlıq olar ki, biz İranı Türk Konfederasiyasından kənarda tutaq.

Baxmayaraq ki, başqa türk dövlətləriylə müqayisədə İranın Türk Konfederasiyasına qoşulması asan olmayacaq. Çünki orda bir fars dilli hakimiyyət var və onlar buna mane olmağa çalışacaqlar. Onların əlində isə Türk Birliyinə mane olmaq üçün siyasi şiəçilik idealogiyası mövcuddur və yəqin ki bu silahdan bacardıqları qədər istifadə edəcəklər. Amma Cənubi Azərbaycanda artıq türklük şüuru formalaşır. Xeyli sayda milyonluq şəhərlər yaranır ki, bu da yeni milli mədəniyyətin ortaya çıxması deməkdir. Odur ki, biz İranı da Türk Konfedersiyasında görməliyik.

Söhbətləşdi: Heydər Oğuz




Ana səhifəyə qayıt        Baxış: 2 309          Tarix: 25-04-2018, 18:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma