Açığını desəm, siyasət mənim xəstəliyimə çevrilib. İstənilən sənət adamıyla, elm xadimiylə söhbətləşəndə belə, qeyri-iradi olaraq söhbəti ya siyasi, ya da sosial məsələlərin müzakirəsinə yönəldirəm.
“Beşinci mövsüm” yeni kitabı dərc olunan şair Adilə Nəzərlə söhbətimizdə də bu ənənədən uzaqlaşa bilmədim. Kitabın müzakirəsi bir kənarda qaldı, biz isə zərif cinsin cəmiyyətimizdə qarşılaşdığı problemlər ətrafında qısa fikir mübadiləsi apardıq.
Adilə Nəzərin Ovqat.com-a müsahibəsini təqdim edirik:
-Yeni kitabınız işıq üzü görüb. Hər şeydən əvvəl, bu yaradıcılıq uğuru münasibətilə Sizi təbrik edirəm. Sualıma gəlincə, uşağı ən yaxşı anası tanıyar. İstərdik ki, bu kitab barədə fikirləri müəllifin öz dilindən eşidək.
-Çox sağ olun, Heydər bəy! “Beşinci mövsüm” miniatürlər və şeirlər toplusudur. Hesab edirəm ki, qaldığım yerdən yola davam edib, yenə bir kitablıq yol gəldim. Ömür yolunun harasında olmağımın o qədər də önəmi yoxdur, məsələ bundadir ki, hələ də özümə yol yoldaşı ola bilmirəm. Mən bir az fikirləri dağınıq adamam. Elə bu dağınıqlıqlarımı da toplayıb həyatın bitməyən simfoniyasında beşinci mövsümə köçürdüm.
-Adilə Nəzər həm də elmi yaradıcılıqla məşğuldur. Elm sahəsində də müxtəlif kitabların müəllifisiniz. Məlumdur ki, elm ağılı, şairlik hissləri təmsil edir. Adətən, bu iki məfhum bir-birini sevmir, hər ikisi daha çox ön plana çıxmağa çalışır. Siz bu rəqabətdə hansının tərəfini saxlayırsınız? Başqa cür desək, Adilə Nəzər daha çox kimdir – şair, yoxsa alim?
-Mənə görə, elmi yaradıcılıqla bədii yaradıcılığın arasında fərqdən çox, əlaqə var. Hər iki sahənin sirri ayrı-ayrı alimlərin, dühaların maraq dünyasına girib onların sirrini açmaqdan, onları kəşf etməkdən başlayır. Bu araşdırmalar inkişaf faktoruna çevrilir və insanın öz fikirləri meydana gəlir. Yəni o sirli dünyanın içinə girdikcə dünya içində dünya yaranır. Mən bəzi şeirlərimi elmi araşdırmalarım zamanı yazmışam. Bütün elmlərin açarı fəlsəfədir. Dünyanı dərk etmədə, kainatın, varlığın, həqiqətin ölçüsünü aramadaykən, bir də görürsən, hardasa tarazlıq pozulur. Nizam yox ha, tarazlıq. Bax, o tarazlıq pozulanda insanın hissləri qabarır, hisslər duyğulara çevrilir, sözə dönür və beləcə şeir yaranır. İlham deyilən o pəri heç də göydən, bacadan, havadan şeir gətirmir, şeir insanın daxilində, ruhunda bəzən saatlarca, bəzən günlərcə çəkilən sancıdan doğan ilahi bir ehtiyac, ağılın təcrübəsindən, həyatın müşahidələrindən yaranan, təhtəlşüurda gizlənən düşüncələrin duyğuya, duyğunun sözə olan sədaqətidir.
Sualın ikinci tərəfinə gəlincə, təkrarçılıq olsa da, yeri var ərəb əsilli şair Cəbran Xəlilin fikrinin. Deyir, alimliklə şairlik arasında incə bir cizgi var, alim bir addım o cizgini şair tərəfə keçəndə dahi olur, şair bir addım alim tərəfə keçəndə müdrik. Adilə Nəzər bu cizgi arasında kiçicik ziq-zaqlar etməyə çalışır, nə qədər nail olur, onu da oxucular deyə bilər.
-Sizin bu fikriniz mənə Füzulinin məşhur kəlamını xatırlatdı: “Elmsiz şeir təməlsiz divar kimidir”.
-Füzuli hələ sağlığında özünün “Mətləül-etiqad” əsərinin müqəddiməsini “Söz elmi” adı ilə tədris oluna biləcəyini deyirdi. Elmsiz şeir söz yığınıdır, savadsız şairlə, savadlı şairin yazdığı şeir ilk misrasından bəlli olur. Bugünkü oxucunun diqqətini savadsız, hikmətsiz şeirlə cəlb etmək mümkün deyil. Amma gəlin, elmlə təhsili qarışdırmayaq. Təhsil almaq elmli olmaq demək deyil. Əsrlərin o tayından hələ də bizi düşündürən Aşıq Ələsgər, Dədə Şəmşir və s. kimi söz adamları ali təhsil almamışdılar, amma Aşıq Ələsgərlər ədəbi hadisədir və neçə əsrdən bir gəlirlər.
Fəlsəfədə iki cür bilik var: rasional bilik və irrasional bilik - oxuyub qazandıqların və oxumadan verilənlər (buna İlahi vergi, gen yaddaşı da deyə bilərik). Rasional biliyin olmayanda irrasional biliyi – İlahidən gələnləri sözə çevirib deyə bilmək çətin olur, bu hər şairə qismət olmur… Bu alimliyin şairlikdə müsbət tərəfi. Mənfi tərəfi isə budur ki, bəzən elə şeirlər yaranır, orda poetiklik ikinci plana keçir. Oxucu o şeiri tənqid də edə, “poeziya nümunəsi deyil” də deyə bilər. Hər şeir də poeziya nümunəsi olacaq deyə bir şey yoxdu. Məgər klassiklərin şüar etdiyimiz nəsihətamiz fikirləri bizə şeirlə gəlib çatmayıbmı?
Düşüncədən və duyğudan sözə çevrilən şeirlər var. Sırf düşüncənin məhsuludur:- ÇƏTİNDİR YA HU
Lütf eylə, söylə, Ya Hu,
Kimə yanım-yaxınım?
Kimdən qaçım, İlahi,
Qaçım, kimə sığınım?...
Ya rəhm eylə bu cana,
Ya ətəyin silkələ...
Qanad çalır quş kimi
Ürəyimdə bəlkələr...
Sudan yaranır insan,
Yuxuları kəşf olur...
Niyə əli dəyən yer,
Yanır, od-atəş olur...
Qeyridir dinlər, irqlər,
Nəfs şərə meyl edir.
Ağlayan gözlər fərqli,
Gözyaşları eynidir...
Adilə, haqq arama, -
Gecədə yox, gündə yox.
Səndə olmayan nəsə,
Deməli heç kimdə yox...
Saraylar günah yeri,
Günahsız küçə, tindir.
İlahi, bu dünyada
Adam doğulmaq asan,
Adam ölmək çətindir...
Və ya başqa bir şeirimdən bir neçə bəndi yada salaq:
...İçimdə ayrı dünya var,
O, xəritədə yer almaz.
Çölümdə dünya dardı, dar,
Orada mənə yer olmaz...
Heç kim deməsin ki, ölüm,
Yaşla, iplə, ya qanladır.
Ölümün ən gözəlini,
Elə dirilər anladır...
Günəşi qovur Ay, qaçır,
Gül tikanı mənimsəyir.
Göylər ruha qucaq açır,
Torpaq üzə gülümsəyir...
Həyat budur: sual, nida,
Üç nöqtə və son, bitdi.
Salam, təşəkkür, əlvida...
Deyirlər ki, gəldi, getdi...
-İctimai həyatda da aktiv rol oynayırsınız. Biz əvvəl Sizi Hüseyn Cavid ədəbi məclisinin təşkilatçılarından biri və katibi, sonra isə QHT-nin “Kitab evi” İctimai Birliyinin sədri kimi tanıdıq. Bu fəaliyyətləri bir arada çatdırmaq çətin olmur ki?
-İndi Hüseyn Cavid ədəbi məclisindən ayrılmışam. İctimai iş olaraq QHT-nin “Kitab evi” İctimai Birliyinin sədri kimi fəaliyyət göstərirəm. Yeri gəlmişkən, qeyd edim ki, fəaliyyətim dövründə bir neçə tədbirlər təşkil etmişəm və elə bu gün ilk layihəmin II qrand müsabiqəsində qalib olduğunu bildim. Bu layihəmi beynəlxalq konfrans olaraq həyata keçirəcəyəm...
Əlbəttə, yoruluram, amma bezmirəm. Mən aktiv həyata alışmışam, passiv həyat məni sıxır. Evdə ev işlərini, İnstitutda öhdəmə düşən vəzifələri layiqincə yerinə yetirdiyimi deyə bilərəm. Qalan vaxtımı kitab oxumağa, ictimai işlərə hazırlığa və təbii ki, yaradıcılığa ayırıram. Bir ara informasiya çoxluğundan başımda güclü ağrılar hiss etməyə başladım, müalicə aldım. İndi də arada müalicəni təkrarlayıram, buna baxmayaraq, özümü bu işlərdən ayrı təsəvvür etmirəm.
-Adilə xanım, bu dəfəki müsahibədə sizinlə təkcə şair kimi yox, eyni zamanda bir alim kimi, ziyalı kimi söhbətləşmək istəyirəm. Ümumiyyətlə, son zamanlar dünyanın bir çox ölkələrində qadınların ictimai sahələrdə fəallaşdığını görürük. Bəzi ölkələrdə hətta müdafiə nazirləri belə qadınlardır. Azərbaycanda necə, qadınların sosiallığı qaneedici səviyyədədirmi?
-Əvvəllər ölkəmizdə qadınlar elə də yüksək vəzifələrdə fəaliyyət göstərmirdi. Məlumdur ki, qadınların əksəriyyəti müəllimlik və həkimlik sahəsində ali təhsil alırdılar. Müstəqillik illərindən sonra vəziyyət dəyişdi, indi qadınlar bütün sahələrdə və rəhbər vəzifələrdə çalışırlar. Keçmiş Sovetlər Birliyinə daxil olan ölkələr arasında Azərbaycan bu baxımdan xeyli irəlidədir və bu bizi qane edir.
-Sirr deyil ki, cəmiyyətimizdə qadınların öz hislərini rahat ifadə etməsi qeyri-adi qarşılanır. Siz isə həm də şairsiniz. Əsərlərinizdə məhəbbət mövzusu da ön plandadır. Bununla bağlı, necə deyərlər, məhəllə basqılarıyla qarşılaşırsınızmı?
-Mən uzun illər yazdıqlarımı ya cırıb atmışam, ya da küncdə-bucaqda dəftər vərəqlərində itib-batıb. Qınanaram deyə, şeir yazdığımı kiməsə açıb deyə bilməmişəm. Bəzən həyat yoldaşıma oxuyardım, soruşardı ki, kimin şeiridir, deyərdim Bəxtiyar Vahabzadənin, Nurəngiz Günün. Ya da deyərdim unutmuşam müəllifini, nə vaxtsa, hardasa eşitmişəm yadımda qalıb. Bu məni çox ağrıtsa da, yazmaqdan əsla vaz keçmədim. O qədər güzgü qarşısında özümə oxuyub gül dibçəyində basdırdığım şeir vərəqləri olub ki… İlk dəfə atama oxumuşam şeirlərimi. Gözləri yaşarmışdı rəhmətliyin… Darıxırdım yazmayanda. Sonralar bir ara şərti adla qəzetlərə dini yazılar göndərdim, köşə yazısı kimi dərc edirdilər. Telefonum yox idi o vaxtlar, yazıları konvertə qoyub poçt qutusuna atırdım. Hətta bir dəfə “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli yazmışdı ki, nömrəniz yoxdu zəng edək, adınız da dəqiq deyil.. qanorarınız yığılıb, gəlin götürün. Çox vaxt heç imkan da olmurdu qəzeti almağa, alanda da gizlədirdim.
Sonra vəziyyət dəyişdi. Şəhər həyatı, iş həyatı... bu arada yaradıcı insanlarla tanışlıq məni ruhlandırdı. Təzədən şeirə qayıtdım. Əldə-ovucda, yaddaşda qalan şeirləri yığıb kitab halına saldım. (Gərək bunu etməyəydim, çünki ədəbiyyat da yeniliyi sevir, indi o kitabı heç üzə çıxarmaq istəmirəm.)
Hazırda heç bir basqıyla qarşılaşmram, çünki həyatımda nə məhəllə var, nə də məhəllə adamları. Evim də hündürmərtəbəli binadadır. İş, ev və yaradıcılıq görüşləri, tədbirlər… Ətrafımda az adam var, onlar da yaradıcı dostlar və elm adamlarıdır. Ailə üzvlərim də normal qəbul edirlər artıq. Şeiri müzakirə edəcək qədər bilgili olmasalar da oxuyurlar, dinləyirlər, alqışlayırlar. Mən şeirlərimdə digərlərindən daha cəsarətli olduğumun fərqindəyəm. Yaşayıb yazanlar və yazıb yaşayanlar var, mən ikincilərdənəm. Şeirlərimdəki emosionallıq – xoş ovqat, dramatik mənzərələr bundan irəli gəlir. Yaşamadıqlarım məni şair elədi deyə bilərəm.
-Cəmiyyətimizin ən böyük bəlalarından biri də erkən evliliklərdir. Xüsusilə bölgələrimizdə məktəbli qızların ərə getdikləri xəbərləri getdikcə artır. Uşaq evliliklərinə necə baxırsınız? Niyə valideynlər qızlarından daha tez qurtulmağı düşünürlər?
-Bu, bizim bir millət olaraq bəlamızdır. Adətən bu hallara valideynləri savadsız olan ailələrdə daha çox rast gəlinir. Belə valideynlər qızlarını tez ərə verməklə onları namusunu qoruduqlarını düşünürlər. Birdən qızlarına kimsə söz atar, sataşar, istəyib almaz, təcavüz edər və sair və ilaxır. Onları bu fikrinə görə heç kim qınamır, çünki ətrafındakılar da eyni düşüncədədirlər. Kənd yerlərində yazılmamış qanunlar hökm sürür. Deyim ki, gedib ucqar kəndlərdəki insanlara fərdi məsləhətlər vermək də doğru deyil, bu işlər ümumi olaraq həmin bölgədə təlimlər aparmaqla nisbətən aradan qalxa bilər.
Bir də ki, bu hallar bəzən sosial problemlərdən də irəli gəlir. İmkansızlıq, kasıblıq, işsizlik. Mən bu yaxınlarda bölgələrimizdən birində yaşanan bir əhvalat eşitdim. Bir yeniyetmə qızı özündən yaşca xeyli böyük, Rusiyada yaşayıb gələn bir oğlana ərə verirlər, toydan 2 ay sonra oğlan işlərini davam etdirmək adıyla Rusiyaya dönür. İllərdir ki, o qızı qaynana və baldız yazda əkin işləri başlayanda gətirib işlədir, payız gəlib soyuqlar düşəndə atası evinə göndərirmişlər. Bu yaz o gəlin intihar etdi, daha doğru desək, cahilliyin qurbanı oldu. Mən qızlarımıza demək istəyirəm ki, sizləri bu problemlərdən ancaq oxumaq xilas edəcək. Orta məktəbdən sonra ali təhsil almaq imkanı olmasa, hər hansı bir sənət öyrənsinlər. İnsan özü qismən də olsa maddi problemini həll edəndə ailədə də söz-söhbət az olur. Övladının da qayğısına qala bilir… Elə oğlanlarımız da bu problemlərdən əziyyət çəkirlər, cahilliyin gətirdiyi eyni ağrını oğlanlar da yaşayır. Bu gün qınadığımız atalar dünənki həmin cahil yeniyetmələrdir. Onlar öz ailələrindən görmədiyi tərbiyəni öz övladlarına necə verə bilərlər?
Dünyanı mədəniyyət xilas edəcək.
-Erkən evliliklər kimi, erkən boşanmalar da sosial problemlərimizdəndir. Sirr deyil ki, bu problemdən ən çox əziyyət çəkənlər yenə xanımlarımız olur. Həm ailələrin dağılması, həm də iş tapmaq problemləri zərif cinsi zəif həlqəyə çevirir. Bu halların qarşısını almaq üçün cəmiyyətimiz nə etməlidir?
-İndiki boşanmaların çoxunu sosial problemlərə bağlayırıq. Düzdür, işsizlik, imkansızlıq var, amma tək problem bu deyil. Azərbaycan təkcə ərazi baxımdan Şərq və Qərbin arasında yerləşmir, mədəniyyət və düşüncə baxımından da bu özünü göstərir. Xüsusilə qadınlar müstəqilliyimizin başlanğıcından hər iki mədəniyyətin missiyasını daşımağa başladılar. Mədəni səviyyəsinə görə bu missiyanın öhdəsindən gələnlər və gələ bilməyənlər oldu. Telekanalların və kütləvi informasiya vasitələrinin dünyaya açılması dünya mədəniyyətinə hazır olmayan qadınları bədbəxtliyə sürüklədi. Onların çoxu haradan gəldiklərini unutdular. Halbuki bizim analarımız, nənələrimiz bizdən qat-qat ağır şəraitdə yaşayıblar. Min bir əziyyətlə 7-8, bəzən 10 uşaq böyüdüblər. Bir çətən külfətin qayğısını çəkiblər. İndiki qadınlar bunları unutmamalı, tv-lərdə gördükləri o rəngli həyata can atmamalıdırlar. Axı hər kəsin taleyinə lüks həyat yazılmır. Bu canatmalar onlara fəlakətdən başqa heç nə gətirməz. Qadınlara zəif yox, zərif olmağı tövsiyyə edirəm. Zərif olmaq təkcə vücudla deyil, ruhən, qəlbən zərif olmaq gərəkdir. Səbrli, dözümlü, ağıllı və yeri gəldiyində susmağı bacarmaq da zəriflikdir və bu qadına çox yaraşır.
-Son sual; arzularınız və hədəfləriniz haqda danışın.
-Mənim arzularım çox azdır. Demək olar ki yox dərəcəsində. Prinsiplərim və hədəflərim var. Onların hamısını sadalamaq istəmirəm, ən böyük hədəfim yaxşı insan olmaqdır.
-Bəlkə sonda oxucularınıza bir şeir payı göndərəsiniz.
-Yaxşı. Sevilən şeirlərdən birini pay göndərirəm:
Nə köks ötürürəm, nə ah çəkirəm,
Sönür adımıza yandırdığım şam.
Sənin pəncərəndə mənim ümidim,
Edam kürsüsünə çıxır hər axşam.
Bilmirəm, nə işdi, daşdan fərqi yox,
Qaynar gözlərinin qışdan fərqi yox,
Qəlbimin bir bala quşdan fərqi yox,
Dilsiz uşaq kimi ağlar hər axşam.
Solur üzümdəki o tər baxışlar,
Tanrı surətini verməyib demək.
Görünür payızda yağan yağışlar
Yeddi rəng olmayır yaz yağışı tək.
Yarpağı tökülən ağaclar kimi
Sənin taleyinə yazılan qışam.
Eh, sənə nə var ki, mənim ümidim
Edam kürsüsünə çıxır hər axşam.
Oxucularıma “Salam olsun!”
Fərq qoymayıb qeyriliyə,
Əl atmayıb əyriliyə,
Səbr eləyib ayrılığa,
Qatlanana salam olsun!
Haqqı söyləyən dilinə,
Qandal vurulan əlinə,
Sürünərkən at belinə,
Atlanana salam olsun!
Tanrısından Haq söz alıb,
Həm işıq, həm də göz alıb,
Öz ürəyindən köz alıb,
Odlanana salam olsun!
Söhbətləşdi: Heydər Oğuz
Paylaş: