Tramp hakimiyyətinin yaxın günlərdə başlayacağı güman olunan İran əməliyyatında hərbi müttəfiqlərinin kimlikləri tədricən ortaya çıxır.
Ovqat.com Reuters xəbər agentliyinə istinadən xəbər verir ki, Vaşinqton gizli şəkildə altı körfəz ölkəsi ilə Misir və İordaniyanın iştirak edəcəyi hərbi ittifaq qurmağa çalışır.
ABŞ və ərəb rəsmilərinə istinad edilən məlumata görə, bu layihə ilə ərəb ölkələri arasında raket əleyhinə müdafiə tədbirləri, hərbi təlim, terrorçuluqla mübarizədə regional iqtisadi və diplomatik əlaqələrin gücləndirilməsi kimi məsələlərdə əməkdaşlıq imkanlarını artırmaq nəzərdə tutulur. Mənbələr layihəni "Ərəb NATO"-su da adlandırırlar.
Qısa adı “MESA” olan Yaxın Şərq Strateji Alyansı (Middle East Strategic Alliance) layihəsinin 12-13 Oktyabr tarixində Vaşinqtonda keçirilməsi planlaşdırılan sammitdə müzakirə ediləcəyi və qurulduğunun elan olunacağı gözlənilir.
Almaniyanın “DW” informasiya portalının xəbərinə görə, Ağ ev də bu məlumatı təsdiqləyib. Ağ evdən verilən açıqlmada vurğulanıb ki , "son bir neçə aydır, regional tərəfdaşlarımızla bu plan üzərində işləyirik”.
Ağ evin bu açıqlamasına baxmayaraq, Trampın hakimiyyətə gəldiyi ilk gündən bu layihə üzərində çalışdığı məlumdur. Xatırlayırsınızsa, seçkilərdən sonra ilk rəsmi səfərini Səudiyyə Ərəbistanına edən Donald Trampın bu ölkə ilə nəhəng silah müqaviləsinin imzalamışdı. Səfərdə Səudiyyə rəsmilərinin bir təhlükəsizlik paktı quracaqları fikri ortaya atılmış, ancaq təklif həyata keçməmişdi. Xüsusilə Qətərin həmin plana isti baxmaması ərəb ölkələri arasında ciddi fikir ayrılıqlarına səbəb olmuşdu. Görünür, ciddi təyiqlərdən sonra İran-Səudiyyə Ərəbistanı arasında qalan kiçik ərəb əmirlikləri də planın həyata keçirilməsinə razılıq veriblər.
Ağ evin Milli Təhlükəsizlik Şurasının adı çəkilməyən rəsmisi mövzu ilə bağlı açıqlamasında MESA-nın İran təcavüzünə, terrorizmə, ekstremizmə qarşı yaradıldığını etiraf edib və Alyansın Yaxın Şərqə sabitlik gətirəcəyinə inandığını bildirib.
Sözçü ABŞ-ın oktyabrın ilk yarısında “ərəb NATO”sunun təhlükəsizlik sammitinə ev sahibliyi edib etməyəcəyi sualına isə cavab verməyib.
Paylaş: