Türkiyədə yaşanan iqtisadi tənəzzül Azərbaycan türklərini də ciddi narahat edir. Azərbaycanın keçmiş Maliyyə naziri, dəyərli alim, professor Saleh Məmmədov da bu narahatlığı bölüşənlərdəndir. Onun ürək yanğısıyla qələmə aldığı və Türkiyənin xilas yolunu göstərən Türk millət vəkillərinə müaciətini Ovqat.com oxucularına təqdim edirik:
Türkiyə millət vəkillərinə müraciət!
Saleh Məmmədov
Əziz qarındaşlar!
Tale bizləri fiziki nə qədər ayırmışdırsa, qəlbləri bir o qədər yaxınlaşdırmışdı. Ölkələrimizin gətirib çıxardığımız halını bizə övladlarımız heç vaxt bağışlamayacaq. İllah da qocaman ana Türkiyənin halı sizi düşündürdüyündən bizi daha çox narahat edir. 21-ci əsrə qədəm qoymuşuq, amma hələ də 7-ci əsrin nostalgiyası ilə yaşayırıq.
Nəticə:
- Ölkə hər tərəflə düşmənçilik mövqeyinə gəlib çıxmış, gərginlik savaş vəziyyətinə qədər dırmanmışdı. Millətin səlahiyyətlilərinin əsas vəzifəsi dost qazanmaqdı, düşmən deyil, siz əgər "vəkilliyi" qəbul edirsinizsə, millətin marağını ifadə etmək, qulluqçusu olmaq məcburiyyətindəsiniz. Ölkələrarası hər hansı konflikti dini qalmaqala çevirib, ölkənin dirçəlişinə böyük zərbə vurulur. Elm və texnologiya erası kimi qiymətləndirilən 21-ci əsri 7-ci əsrin psixologiyası və üsulları ilə idarə etmək mümkün deyil. Bütün bu super texnologiyanı-texnikanı, elmi yaradanları, bu gözəlliyi, asanlığı, inkişafı bizə qismət edən dahiləri, nəhəng ölkələri niyə özümüzə düşmən elan edirik? Təsəvvür edirsinizmi, Amerika bir həftə interneti kəssin, ölkə nə vəziyyətə düşəcək? Unutmayaq, müttəfiqləri buraxıb, İttifaqa girmək istədiyiniz ölkələrin (Rusiya, İran) Türkiyə ilə birlikdə iqtisadi gücü yalnız ABŞ-ın iqtisadi potensialının 12-13%-i həcmindədi, ABŞ-ın müttəfiqlərini də əlavə etsək, bu rəqəm 5%-ə də çatmır. Əgər iqtisadi və hərbi gücə deyil, Allaha ümidlənirsinizizsə, nemətlərin bölgüsü sxemi sübut edir ki, nədənsə, Allah da onlara daha yaxındır, əks tədqirdə, maddi və mənəvi nemətlərin daha çoxunu onlara verməzdi. Qurmağı planlaşdırdığınız üçlü ittifaqın ÜDM-nin cəmi ABŞ-ın 50 əyalətindən biri olan Kaliforniyanın ÜDM-i qədər deyil. Siz 500 il dünya düzənində bugünkü ABŞ-ın funksiyasını yerinə yetirən bir millətin vəkillərisiniz. Avropalılar sizin hegemonluğunuz vaxtı neçə-neçə yeni məkanlar, qitələr kəşf etdi, ABŞ, Kanada, Avstraliya, Yeni Zelandiya, Braziliya, Argentina kimi və s. böyük dövlətlər qurdular, indi isə yeni planetlər mənimsəyir, orada nəhəng sistemlər qururlar. Düşünün 500 il dünyanın ağalığını edən bir millət həm Yer kürəsinin ən gözəl məkanlarından və həm də bugünkü kainatın resurs imkanlarından məhrumdu və hələ də 7-ci əsrin nostalgiyası ilə yaşayır.
- Hər şeyin əsasını təşkil edən iqtisadiyyat bərbad, bu böyük millətə yaraşmayan bir vəziyyətdədir. 1950-ci illərdə ABŞ-la birlikdə kommunistlərin caynağından azad etdiyiniz Koreya 100 dəfə sizdən zəif iqtisadiyyata malik idi, indi sizdən iki dəfə çox ÜDM, üç dəfə çox büdcə və dört dəfə çox ixracata sahibdir. Müdriklər hər bir müvəffəqiyyətsizlikdə günahı özündə axtarar və dərhal səhvini düzəldər, çılğın və zəiflər isə davamlı günahkar axtararaq ömürlərini başa vurar. Düşünmək lazım deyilmi ki, dünyanın ən cəsur və qoçaq millətinin iqtisadiyyatı nə üçün bu durumdadır? 80-ci illərdə rəhmətlik T. Ozal hansı çətinliklərlə, nə əzablarla ABŞ yardımlarını və investisiyalarını ölkəyə çəkdi və sürətli inkişafın əsasını qoya bildi. Nə üçün yenidən bu proses dayandırıldı? 2002-ci ildə dolların kursu 1,3 lirə (YTL) idi, bu gün 7 lirəyə gəlib dirənib. Bu o deməkdir ki, vəkili olduğunuz bu xalqı və dost və qardaş ölkələrin iqtisadiyyata qoyduğu investisiyaları düz beş dəfə müflisləşdirdiniz. İnadkarlıq davam edərsə, bu hələ jurnal olacaq, böyük təlatüm və titrəmələr isə bundan sonranın gündəliyindədir. Dediniz, ABŞ günahkardır. Amerikanın metal və aliminiuma idxal vergisini qaldırması səbəbini əsaslandıranda soruşmaq olardımı ki, Türkiyə metal və aliminium ixracı nə qədər böyükdür ki, lirənin kursuna belə təsir etsin?
Əlbəttə, yanlış nəticədir. Gerçəklikdə lirənin iflası aşağıdakı amillərlə əlaqədardır:
- Dollara qarşı qaldırdığınız maliyyə panikası, rubl və tümənlə doğmalaşma, dünyanın ən zəif-gücsüz valyutalarıyla dünyanın ən möhkəm valyutasına qarşı savaş açmanızdadır. Hansı xarici investor son əlli ildə 7 milyon dəfə dəyər itirən lirə ilə mal satar? Hansı türk iş adamı son bir neçə il içərisində 10 min dəfə dəyər itirən tümənə və ya beş min dəfə dəyər itirən rubla mal satar və əgər satarsa, bu "odun" pullarla nə yapacaq? Nə qədər məsuliyyətsiz bəyanatlar, hərəkətlər ola bilərmi? Hər bir məsuliyyətsiz bəyanat lirə-dollar rəqabətində 10-20 quruşa başa gəlirdisə, indi artıq 50-60 quruşla tamamlanır.
- İkinci ən böyük səbəb, ölkənin iqtisadiyyatının dalana dirənməsi, ilk öncə ölkənin valyuta balansındakı böyük defisit (ixracatın yarısından çox-ixracat 150 milyard dollardısa, xarici ticarət açığı 84 milyard dollardı), həm də uzun müddətdi, xarici borclanma hesabına bu kəsir bağlanırdısa, öz siyasətinizlə bunun da qarşısı alınmış, borcalma mənbələri ABŞ və Aİ -idisə, hər ikisi ilə münasibətlər gərginləşmişdir. Bu iki ölkə qrupunda 40 trilyon dollar sərbəst vəsait toplanmışdır və dost ölkələr üçün investisiya axını daimi açıqdır. Türkiyənin mində biri qədər ərazidə yerləşən, iyirmidə biri qədər əhalisi olan Sinqapur bu bazardan ildə 1-1,5 trilyon dollar vəsait cəlb edir və bunun hesabına ildə Türkiyədən 2,7 dəfə çox məhsul ixrac edir.
Son dövrün qlobal iqtisadi meylləri də Türkiyənin xeyrinə olmamışdır, ölkənin əsas idxal malları olan yanacaq-energetika resurslarının qiymətlərinin az qala iki dəfə artması xarici ticarət balansının pozulmasına gətirib çıxarmışdır.
- Siyasi faktor kimi lirənin kursuna ciddi təsir edən amillərdən ən mühümü hökümətin iqtisadi blokunun formalaşması olmuşdur. İlk böyük səhv korrupsiyada ad çıxarmış və iri korrupsiyanın kadr siyasətinə sirayət etməsi - yaxın qohumun iqtisadi blokun başına gətirilməsi ardınca həmin şəxsin ortaya qoyduğu iqtisadi proqramın çox aşağı səviyyədə - sadə və rabitəsiz söz yığınından ibarət olması ölkədədaxili və xarici investorları çilədən çıxartdı. Bazar belə səriştəsizliyə dərhal reaksiya verdi və həmin gün yeni türk lirəsi ən ağır gününü yaşamalı oldu (itki -16%).
- 2014-cü ildə başlayan anti-rejim ovu ölkə kapitalının az qala yarısına nəzarət edən elm-təhsil qruplaşmasının bütün üzvləri ya həbslərə atıldı, ya mülkiyyəti yağmalanaraq ölkədən qovuldu, media, azad söz ciddi surətdə məhdudlaşdırıldı, əsas valyuta mənbələri olan -xaricdə fəaliyyət göstərən univetsitet və məktəblər, böyük şirkətlər, təbii ki, iqtisadi valyuta tarazlığına tornada kimi mənfi təsir göstərdi.
- Ölkədə ciddi siyasi sarsıntılar yaşandı, onsuz da çox kövrək olan insan azadlıqları, düşüncə və fikir sərbəstliyi, demokratik rejim dağıdıldı, insan hüquqları məhdudlaşdırıldı, cəmiyyətin güzgüsü olan media tam hakim partiya inhisarına alındı. İdarəetmənin Atatük prinspləri dağıdılaraq rəsmən Şəriət rejiminə keçid prosesinə start verildi. Belə bir üsulla ölkəni yalnız dərin uçuruma götürmək olar. Bu tarixi məsuliyyət sizin üzərinizə düşür: ya Atatürk prinsiplərini bərpa edərək demokratik idarəçiliyə yiyələnəcək və radikal islahatlara başlayaraq Türkiyənin 500 ildə tutduğu mövqeyi geri qaytaracaqsınız, Türk tarixinin ən parlaq simalarına çevriləcəksiniz, ya da ölkəni 1400 il geri ataraq qonşularınızın yolu ilə gedəcəksiniz. Amma unutmaq olmaz ki, cəsur, zəki Anadolu xalqı buna imkan verməyəcək.
Nə etməli və necə etməli?
Birinci növbədə, strateji hədəf və hədəfə çatmağın əsas yolları müəyyən edilməlidi. Strateji hədəf kimi ABŞ və Çin kimi dünya (keçmiş SSRİ -Rusiya kimi) hegemonluğuna sahib dura biləcək iqtisadi, elmi-texniki və hərbi potensiala malik olmaq və belə bir hegemonluğa nail olmaq. Bu rola iddia etmək və nail olmaq min illərlə bu rolu yerinə yetirən türk xalqının ən və daha doğal hüququdur.
Amma necə?
600 illik son hegemonluq tarixi göstərdi ki, başqa xalqlara nə qədər mülayim olsa da, öz elmi-texniki potensialını zirvələrə qaldırmadan geriçi siyasi taktika ilə yalnız bugünkü səviyyəyə çatmaq olar. Bu gün də həmin yolu yenidən təkararlamaq qətiyyən yolverilməzdi və daha ağır nəticələrə gətirib çıxarır. Çin yolu iqtisadi islahatlara əsaslanaraq böyük nailliyyətlərə gətirib çıxarmışdırsa da, siyasi məhdudiyyətlər bu tapşırığın tamamlanmasına ciddi mane olur və gələcəkdə bu manelərin çox ciddi surətdə qabarması ehtimalı qalmaqdadır. Yeganə yol - böyük Atatürk ideyaları əsasında Amerika, inkişaf etmiş Avropa, sürətli inkişaf yolu tutmuş Asiya (Yaponiya, Sinqapur, C. Koreya, Tayvan, Honkong və s) yoludur.
Dünya düzənində hegemon rol strategiyasına nail olmaq üç əsas dayağın üstündə qurula bilər:
Modern və güclü iqtisadiyyat;
Sürətli elm və texnologiya;
Modern hərbi müdafiə.
Buna nail olmaq üçün ölkədə və yavaş-yavaş bütün Türk coğrafiyasında dərin islahatlara başlamaq lazımdır:
- Dərin iqtisadi reformalar həyata keçirərək dünya tənzimləmə sistemində ilk üstün yerə iddianı təmin edə biləcək iqtisadi islahatlar sistemi qurulmalıdı. Yəni iqtisadi azadlıqlar tam təmin edilməklə dünya reytinq cədvəlində ölkəni birinci yerə çəkə biləcək iqtisadi sistem qurulmalıdı. Bu gün Türkiyə iqtisadi azadlıq indeksinə görə dünya ölkələri içərisində yalnız 58-ci yeri tutur. İqtisadi sistemin qurulmasında birinci yerlə 58-yer arasında fərq çox böyükdür, bu böyüklük isə ölkələrin inkişafında əks olunur. Reytinq cədvəllərində birinci iyirmiliyə daxil olanlar hamısı ən yüksək inkişafa malik olan ölkələrdir. Türkiyənin birinci yerə gətirilməsi avtomatik olaraq ölkənin iqtisadi inkişaf səviyyəsinin sürətlə ABŞ, Aİ, Sinqapur, Cənubi Koreya, Yaponiya, Çin səviyyəsinə yaxınlaşması deməkdir. Doing buziness - biznesin asanlaşdırılması indeksinə görə, Türkiyənin yeri çox aşağı səviyyədədir-60-cı yer, həm də qonşu ölkələr üzrə (islam rejimli ölkələr istisna olmaqla) ən son yerdədir. Bu o deməkdir ki, bir türk iş adamı sadə bir müəssisə qeydiyyatına sinqapurludan, avropalıdan 4-5 dəfə çox vaxt, inşaata izin almaq üçün 6-8 dəfə, elektrikə qoşulma və ya ixrac-idxal işləmlərini tamamlamaq üçün bəzən 10 dəfə çox vaxt, enerji və xərc çəkməlidir. Bu qədər vaxt, enerji, maliyyə itkisi nəticədə ölkəni bugünkü duruma gətirən əsas səbələrdəndir.
Eyni kobud sistem vergiləndirmə, investisiyaların qorunması, xarici ticarət, kreditləşmə və demək olar ki, bütün sahələr üzrə keçərlidir və ölkənin iqtisadiyyatına olduqca ağır zərbələr endirməkdə davam edir.
İlk növbədə ölkənin qan damar sistemini təşkil edən bank sistemi tamamilə yenidən qurulmalı, Mərkəzi Bankı dünyanın ən sərbəst bankına çevrilməli, ofşor bank sistemi qurulmalı və dünyanın top 100 bankının, investisiya fondlarının, sığorta və maliyyə şirkətlərinin ölkəyə dəvət olunması və işə başlaması üçün hər cür şərait yaradılması vacibdir. Bənzər siyasəti dünyanın bütün sahələr üzrə top yüz şirkətləri üçün də tətbiq etmək lazımdır ki, ölkəyə böyük kapital axını təmin olunsun.
İnvestisiyalara qarant tədbirləri həyata keçirmək zəruridi: MİGA-nın və böyük beynəlxalq sığorta şirkətlərinin iştirakı ilə investisiyaların sığortalanması və qorunması sisteminin qurulması, Türk parasının dəyərinin qorunması haqqında qanunun yenidən işlənməsi və YTL-nin kursunun kənarlaşma ehtimalının ciddi məhdudlaşdırılması, əks halda investorlara kompensasiya ödənilməsi, buna görə hökümətin, hakim partiyanın tam tərkibdə istefası və ciddi cəzalandırılması kimi ağır siyasi tədbirlər də nəzərdə tutulsun. Gözəl tranzit iqtisadi şəraitə sahib olduğuna görə ölkədə bir neçə azad iqtisadi zonalar yaradılması üçün əlverişli və rəqabətə dözümlü tranzit taarifləri işlənilməli və bunlara maksimum güzəştlər müəyyənləşdirilməlidir.
Dünya miqyasında ofşor dövriyyə ümümdünya ÜDM -un yarısına qədərdir. Bütün banklara və şirkətlərə xaricdən xaricə işləməkdə ofşor vergi sistemi tətbiq olunmalıdır. Vergilərin dövlətin qeyri mərkəzləşdirmə siyasətinə uyğun olaraq maksimum azaldılması, sadələşdirilməsi, zəruri sahələrin və regionların üstün inkişafının təmin olunması üçün müxtəlif güzəştlərin tətbiqi vacibdir. Azad sahibkarlığa yardım üzrə Türkiyədə formalaşmış müsbət təcrübə genişləndirilməli, dövlət dəstəyi dəfələrlə artırılmalı, məhdudiyyətlər aradan qaldırılmalı, dəstək səviyyəsi müxtəlif regionlar üzrə differensiallaşdırılmalıdır. Ölkədə əsas siyasət iqtisadiyyatın sürətlənməsinə, yığımın və investisiyaların atrırılmasına, iqtisadi artımın yüksəlməsinə, kənd təsərüfat istehsalının elmi texniki bazasını güclənməsi ilə səmərəliləşdirilməsinə, elmi məhsulların ixracatının artırılmasına yönəldilməlidir. İsrail, Hollandiya, C. Koreya alimlərinin dəvət olunması ilə kənd təsərrüfatı üzrə böyük elmi qurumların yaradılması və yeni məhsul növlərinin-sortlarının təşkili və kənd təsərrüfatının potensialından tam istifadə olunması vacib şərtlərdəndir.
- Əgər strateji hədəf dünya hegemonluğuna nail olmaq, Türkiyənin dünya düzənində hegemon rolunu bərpa etməkdirsə, hazırda planetdə bu rolu icra edən və ya namizəd olan ölkələrin təcrübəsi və daha təkmilləşmiş sistem qurmaq məcburiyyətindədir. Həmin ölkələr bu məqsədə ilk növbədə elm və texnologiyaların daha sürətli inkişafı ilə nail olmuşdur. Türkiyədə isə elmin inkişafı səviyyəsi nəinki hegemonluğa nail olmağa, heç mövhümat geriliyindən yaxa qurtarmağa belə yetmir. Dünya innovasiya indeksinə görə, ölkənin yeri 126 təhlil olunan ölkə arasında yalnız 50-ci sıradır və 2016-cı ildəki 42-ci yerdən 16 pillə geriləmişdi. İnnovasiyalar sahəsində yerində qalmaq da çox təhlükəlidi, çünki hər bir ölkə sürətlə irəliləyir. Əgər əvvəllər Türkiyə elm sahəsində aşağı səviyyədə olan 57 müsəlman ölkəsi içərisində birinci yeri tuturdusa, indi bu liderliyi də əldən vermiş və Malaziya (35-ci yer), BƏƏ (38), hətta Qatar kimi ölkələrdən də geri qalır. Bunun səbəbi islam məhdudiyyətlərinin dövriyyəyə buraxılması, idarəetmə sistemində laik (sekulyar) Atatürk prinsiplərindən geri çəkilməsi, elmin əsasını təşkil edən fikir və düşüncə azadlığının ciddi məhdudlaşdırılması, elmə qarşı elmi tərəqqi ilə kəskin ziddiyyətdə olan dini məktəblərin genişləndirilməsi, əksinə, dünyəvi elm və təhsil ocaqlarının qısıtlanması, bağlanması, alim və mütəxəssislərin həbsxanalara atılması, ölkədən didərgin salınması, hətta xarici ölkələrdə belə təqib olunması, elm xərclərinin məhdudlaşdırılması və s. əks tədbirlər olmuşdur. 80 milyonluq Türkiyə elmə 8 milyonluq İsraildən 3 dəfə az xərc çəkir. İsrail ÜDM-un 4,6%-ni elmə xərcləyir, Türkiyə cəmi -0,8%-ni. Bir C. Koreya elmə Türkiyədən 10 dəfə, bütün İslam dünyasından isə 3 dəfə çox pul xərcləyir. Osmanlı elmi inkar etdiyinə görə parçalandı, dünya hegemonluğunu əldən verdi. Türkiyə Respublikası yenidən Osmanlının elm siyasətinə qayıtmaq ərəfəsindədir. 21-ci əsrdə böyük güclərlə rəqabət aparan bir ölkənin (Türkiyənin) Azərbaycan və ya İsrail kimi orta böyüklükdə olan dövlətlərin əhalisindən çox yazıb oxumağı bacarmayan vətəndaşları var.
Əziz qardaşlarım, bir anlığa dünyanı, kainatı qeyri-müsəlmanlarsız təsəvvür edin, müasir həyatımızı tənzimləyən hər hansı bir elmi ixtira və kəşfin, motor, maşın, uçaq, raket, telefon, internet, tibbi texnologiyalar, dərmanlar, Yer kürəsinin yarısı, Kainatın müxtəlif planetləri, fəza, kosmos, peyk və s olmadığı şəraitdə hansı əsrdə yaşamağımızı təsəvvürə belə gətirmək mümkündürmü? 7- və ya 9-cu əsr???
Bəli, belə davam etsə, nisbi olaraq ondan da ağır vəzyyətə düşə bilərik. Əgər Osmanlı elm islahatlarını Avropa ilə eyni vaxtda (Orta əsrlərdə) apara bilsəydi, Sizi tam əmin edə bilərəm ki, Türkiyə bu gün ABŞ -ın hegemonluq rolunu oynaya bilərdi. Təcili elm və təhsil islahatları başlanmalı, elmə ən azı ABŞ, İsrail, Cənubi Koreya qədər önəm vermək və maliyyə ayırmaq lazımdır. İlk növbədə, elmin idarə olunmasında ABŞ, İsrail, Sinqapur və Cənubi Koreya təcrübəsindən istifadə edərək mükəmməl idarəetmə və maliyyələşmə mexanizmi qurulmalıdı. Maliyyələşmə həcminin ÜDM-un 5%-indən aşağı düşməməsi şərti qanunla müəyyən edilməklə dəfələrlə artırılması, əsasən yeni qurulacaq startap şirkətlər vasitəsilə maliyyələşmənin qrant sisteminin qurulması zəruridi. Kadr hazırlığına zəruri vəsait ayıraraq dövlət sifarişi ilə dünyanın top 100 universitetində elmi kadrların hazırlığına, eyni qayda ilə dünyanın 100 top innovasiya şirkətləri ilə geniş çaplı əməkdaşlığa başlanılması, həmçinin ölkəyə beyin axınının təşkili üçün xüsusi iqtisadi mexanizminin (xüsusilə keçmiş sosialist bloku ölkələrindən beyin axınının stimullaşdırılması) hazırlanması və tətbiqi zəruridi. Siyasi sabitlik əldə olunması üçün ölkədə təcili məsləhətləşmələr və dinləmələr başlamalıdır, əldə oluna biləcək nəticələrə görə dəqiq qərarlar qəbul etmək lazımdır. Ən mühüm maraqlar toplusu isə iqtisadi tərəfdə təmərküzləşir. İqtisadi nüfuza görə də məcmu nüfuz formalaşır. Açığı, Türkiyə hökümətinin bu sahədə siyasəti Təməlin lətifələrinə bənzəyir. Bir pastorun və bir təriqət başçısının həbs olunması Türk xalqına nə qədər mənfəət gətirə bilər ki, bunun üçün Türkiyə höküməti 200-300 milyard dollardan keçməyə hazırdı? Yoxsa bir "onur məsələsidi". Zənn edirəm, bu hökümət adi hesablama qabiliyyətinə malikdir. Bəzi emosional rəhbərlərinin "onur məsələsinin", hikkəsinin, emosiyasının sabitləşməsinin məsrəflərini və hikkədən geri duracağı halda əldə saxlanıla biləcək mənfəəti və əlavə qazancı müqayisə etmək lazımdır, çox faciəvi və gülməli bir səhnə alınır. Yalnız avqust ayında "hikkə və onur" məsrəfləri -zərərlərin həcmi 200 milyard dolları keçdi, əgər ABŞ və Aİ-dən gələ biləcək investisiya, yardım, əlverişli şərait kimi amillərdən gələn gəlirləri də əlavə etsək, çox böyük rəqəmlərə ulaşa bilərik. 80 milyonluq əhalinin böyük maraqlarını qətiyyən bir din xadiminə qurban vermək olmaz. Yalnız son ayda (avqust) lirəni 28,7% ucuzlaşdırmaqla ölkə vətəndaşlarına ən azı 240 milyard dollar zərər vurulmuş oldu, sanki insanların, şirkətlərin, dövlətin bu qədər əmlakı əllərindən alınıb zəngin ölkələrin vətəndaşları arasında bölüşdürüldü. Ən acınacaqlısı isə odur ki, ziddiyyətin əsasında heç bir ciddi, tərəflərin mənafeyinə düşünüldüyü qədər böyük zərbə vuracaq amil yoxdu, sadəcə emosional gərginliyin dırmanması var. Digər tərəfdən, bu süni gərginlik ən yaxın tərəfdaşlarla baş verir. Türkiyə ABŞ-la birgə çox böyük qlobal problemləri çözmüş, çox ölkələri xilas etmişdi, ABŞ son 60 il ərzində Türkiyəyə çox yardım etmişdi, xüsusilə T. Ozal islahatları ABŞ-ın böyük miqyaslı maddi yardımı və siyasi-texniki dəstəyi ilə baş tutmuşdu. Xalqa böyük zərərindən başqa heç bir faydası olmayan hər hansı əməliyyat və ya emosiya sabitləşdirmə prosesi kimə lazımdı?
Düşünürəm ki, bütün sadalanan problemlər süni xarakterlidi, insan amili ilə həll oluna bilər və dərhal fəaliyyətə başlamaq lazımdı. Bunun üçün gecikdirmədən danışıqlara başlamaq lazımdır və hər bir məsələ üzrə Xarici İşlər Nazirliyinin iştirakı ilə işçi komissiyası yaradılaraq qarşı tərəflə müzakirələrə start vermək gərəkdir. Bu minvalla çox qısa zamanda problemə aydınlıq gətirmək və masa arxasında müzakirələrlə vəziyyəti normal səviyyədə stabilləşdirmək olar. Başqa qonşu müsəlmanların yolu ilə davam etsə, eyni onlar kimi (bəlkə də daha ağır; çünki bu ölkədə qonşuları çökməkdən xilas edən enerji mənbələri də yoxdu) vəziyyətə gəlib çıxma vaxtı çox uzaqda deyil.
Dərin hörmət və ümidlə,
Prof. Dr. Saleh Məmmədov
Paylaş: