Xəbər lenti

 

"ABŞ-ın Tayvana silah satışı planına güclü şəkildə narazılıq və etiraz edirik".

Ovqat.com xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Gıng Şuang paytaxt Pekində keçirdiyi mətbuat konfransında belə deyib.

G.Şuang ABŞ-ın Tayvana silah satışının beynəlxalq hüquq normalarının ciddi pozuntusu kimi qiymətləndirib və bunun Çinin suverenlik haqlarına və təhlükəsizlik maraqlarına zərər verdiyini bildirib.

 Sözçü Vaşinqton rəhbərliyini Çinin və ABŞ-ın tərəf olduğu müqavilələrə əməl olunmasına, ikitərəfli münasibətlərə zərər verməmək üçün sözügedən silah satışı planını ləğv etməyi və Tayvan ilə hərbi əməkdaşlığı kəsməyə çağırıb.

Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu və heç kimin Çinin ərazi bütövlüyü, milli suverenliyini müdafiəetmə iradəsini sarsıda bilməyəcəyini deyən ötürən Gıng xarici müdaxilələrə qarşı çıxdıqlarını qeyd edib.

Çin rəsmisini bu qədər qəzəbləndirən, ABŞ Müdafiə Nazirliyi tərəfindən yayılan bir açıqlamadır. Açıqlamada Tayvana F-16 və digər hərbi təyyarələrlə yanaşı 330 milyon dollarlıq ehtiyat hissə satışının təsdiq edildiyi bildirilmiş, satışın Asiyadakı hərbi balansı dəyişdirmədən Tayvanın özünümüdafiə qabiliyyətini inkişaf etdirəcəyi vurğulanmışdır.

ABŞ 1979-cu ildə Çin Xalq Respublikasının ərazi bütövlüyünü tanısa da, Tayvan ilə münasibətlərini də qeyri rəsmi olaraq davam etdirir. Adanın müdafiəsinə dəstək verən ABŞ Tayvana hər il milyardlarla dollar dəyərində silah satır.

Çin rəsmisinin yuxarıdakı sözləri eynilə bizim rəsmilərin, xüsusilə də XİN-nin sabiq mətbuat katibi Hikmət Hacıyevin Qarabağla bağlı açıqlamalarına bənzəyir. Nəzərə alsaq ki, Çin dünyanın insan sayına görə ən qələbəlik, iqtisadi gücünə görə ABŞ-la rəqabət aparacaq qədər imkanlı, hərbi potensialı baxımından isə ilk 3-lüyə girən dövlətidir, onun da eynilə bizim kimi ərazi bütövlüyü problemilə uğraşması bu həqiqətdən xəbər verir: müasir çağımızda  iriliyindən-kiçikliyindən asılı olmayaraq, hər dövlətin “Qarabağ” problemi yarana bilər. Dövlətlər bu problemlərlə uğraşmaqla yanaşı, iqtisadi-siyasi tərəqqisini də unutmamalıdır. Bəzən iqtisadi-siyasi tərəqqi səviyyəsi itirilmiş torpaqların yenidən geri qaytarılmasının əsas qarantiyasına çevrilə bilər. Necə ki, dünyanın ən nəhəng dövlətinə çevrilmək yolunda sürətlə irəliləyən Çinin yaxın illərdə Tayvan problemini həll etmək şansları istisna edilmir. Ən azı ona görə ki, Tayvan bir dövlət olaraq əslində Çinin böyüməsini arzulayan millətçilərin kommunist rejiminə üsyanı nəticəsində ortaya çıxmışdır və indinin özündə də Çin Cümhuriyyəti adına iddia edir.

Tarixin ironiyasına bax ki, Çin millətçilərinin arzulayıb həyata keçirə bilmədiklərini kommunistlər reallaşdırdılar. Təbii ki, Çin möcuzəsi kommunist ideallarına kor-koranə bağlı qalmaqla deyil, məqsədyönlü və zamanın nəbzini tutan islahatlarla ərsəyə gəldi. Bundan sonra Tayvan milllətçiləri nə qədər xarici himayədarlarına ümid bağlasalar da, Pekinin reallaşdırdığı tərəqqinin qarşısında bir gün boyun əyməyə məhkumdurlar. ABŞ-ın himayədarlığı isə qlobal iqtisadi hegemonluğunu Çinə ötürənə qədər davam edə bilər.

Eyni sözləri Azərbaycan haqqında da demək olar. İqtisadi potensialından və demokratik islahatlardan doğru istifadə edə bilsə, ölkəmizin də Cənubi Qafqazın liderinə çevrilmək imkanları mövcuddur və mövcud status-kvonun müəllifi Rusiya da zaman keçdikcə öz qınına çəkiləcək. Nə yazıq ki, biz indiki siyasi və iqtisadi xarakterimizlə gözlənilən dövrün cazibədar qüvvəsinə çevrilməkdən çox-çox uzaqdayıq.




Ana səhifəyə qayıt        Baxış: 684          Tarix: 25-09-2018, 19:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma