Xəbər lenti

 

FSB-nin Kerç boğazında Ukrayna gəmilərinə hücum etməsi, ardından köməyə gələn 3 hücum gəmisini tərk-silah edib Krım limanına gətirməsi bütün dünyanın ürəyini boğazına gətirdi. Artır BMT TŞ-da belə, hücumun müzakirə masasına yatırılmasına qərar verilib.

Rusiya Müdafiə Nazirliyi dünən axşam saatlarında keçirilən hərbi əməliyyatların səbəbini Ukrayna gəmilərinin Rusiyanın su sərhədlərini pozması ilə əlaqələndirib. Ukrayna Təhlükəsizlik Şurası isə rus təcavüzünü pisləyərək, fövqəladə vəziyyət elan edib. Azov dənizində vəziyyətin bu qədər gərginləşməsi istər-istəməz hər kəsdə müəyyən suallar doğurur: Kerç boğazının Rusiya və Ukrayna üçün starteji önəmi nədən ibarətdir? Bu hərbi gərginlik hansı səbəblərdən, həm də niyə indi baş verdi?

Zənnimizcə, bu suallara doyurucu cavab vermək üçün Kerç boğazının strateji əhəmiyyətinə nəzər salmaq lazımdır. Dünyanın ən dayaz və şirin dənizi sayılan Azovu Qara dənizə bağlayan yeganə su xətti Kerç boğazıdır. Bu baxımdan Kerç, həm də Azov dənizi üçün dünya okeanlarına açılan yeganə qapı deməkdir. Rusiya ilə Ukraynanın sərhədləri daxilində qalan və böyük strateji əhəmiyyətə malik olan Azov dənizinə sahiblik də bu boğazdan keçir. Kerçi əlində tutan dövlət Azovu özünün daxili su hövzəsinə çevirə bilər. Yeri gəlmişkən, 2014-cü ilin mart ayında Rusiyanın Krımı ilhaq etməsinin əsas səbəbi də elə bu məqsəddən - Azova sahiblik arzusundan doğurdu.

  

Azov dənizi istər iqtisadi, istər, geopolitik, istərsə də hərbi cəhətdən həm Rusiya, həm də Ukrayna üçün mühüm əhəmiyyətə sahib məkandır. Ukraynanın əsas sənaye gücü sayılan şimal-şərq hissəsini cənub-şərq hissəsi ilə bağlayan Kerç boğazı bu ölkənin balıqçılıqdan tutmuş, ağır metallurgiya müəssisələrinə qədər bir çox iqtisadi sahələrinin həm istehsal qaynağı, həm də əsas nəqliyyat xəttidir. Rusiya üçün isə Kerçin və Azov dənizinin əhəmiyyəti daha böyükdür. Azov dənizi və onun Kerç boğazı Don çayı vasitəsilə Rusiyanın mərkəzini,  Volqa-Don kanalı ilə isə Xəzər dənizini okeanlara bağlayır. Şimal qonşumuzun əsas sənaye gücünün bu coğrafiyalarda yerləşdiyini, ən ucuz nəqliyyat vasitəsinin isə dəniz nəqliyyatı olduğunu nəzərə alsaq, Azov dənizinin bu ölkə üçün əhəmiyyətini anlaya bilərik.

Dənizin hərbi-strateji əhəmiyyətinə yazının daha sonrakı hissələrində toxunacağıq. Hələlik isə, aşağıdakı suallara nəzər salmaqda yarar var:  Rusiya Kerç boğazını niyə Ukraynanın üzünə bağlayıb? Bəs, Ukrayna niyə gəmilərinin təhlükə altında ola biləcəyini anlaya-anlaya  Kerç boğazından keçməyə çalışıb?

 

Ukrayna gəmilərinin bu səfər edərkən əsaslandıqları beynəlxalq sənəd Rusiya ilə 2003-cü ildə bağlanan Azov Dənizi və Kerç Boğazından Birgə İstifadə Barədə Əməkdaşlıq Müqaviləsidir. Müqaviləyə əsasən, tərəflər bir-birinə xəbər verərək boğazdan və sahib olduqları torpaq ölçülərinə görə isə Azov dənizindən istifadə edə bilərlər.

Krımın ilhaqına qədər Azov dənizin iki tərəf arasındakı bölgüsü Ukraynanın xeyrinə idi. Çünki Kırım onun əlində olduğundan Azovun böyük hissəsinə də Kiev nəzarət edirdi. Sözügedən müqavilədən 11 il sonra - 2014-cü ildə Rusiyanın Krımı ilhaqıyla durum dəyişdi. Kerç Boğazı Krımda yerləşdiyindən nəzarəti birbaşa Rusiyaya keçmiş oldu.

 İki tərəfin arasında qırılma nöqtəsi isə Rusiyanın Krımla iqtisadi və nəqliyyat əlaqələrini asanlaşdırmaq üçün Kerç Boğazında bir körpü tikintisinə başlanmasıyla ortaya çıxdı. Kerç şəhərini Rusiya ilə bağlayan bu körpü 2018-ci ilin may ayında istifadəyə verildi. Bu addım Krımla Rusiya arasında hərbi və təhlükəsizlik logistikasını asanlaşdırsa da, Ukrayna üçün böyük problemə çevrildi. Çünki Rusiya iri ticarət və hər hansı hərbi gəmilərin bu körpünün altından keçməsinə icazə verməyəcəyini açıqladı. Bu isə 2014-cü ildə Krımın ilhaqı ilə iki hissəyə ayılan Ukrayna donanmasının Kerç bölümündəki 11 gəmisinin Azov dənizindəki Mariupol limanında əbədi olaraq sıxışıb qalması demək idi. Hazırda bir korvet, bir firkateyn, bir minaaxtaran və 3 sahil təhlükəsizlik kateri olmaqla, cəmi 25 gəmisi olan Ukrayna üçün Kerç donanmasının 11 gəmisinin, hardasa hərbi dəniz gücünün yarısının istifadəsiz hala düşməsi qəbul edilməz idi. Görünür, Kerç boğazından keçmək istəyən də elə faktiki olaraq mühasirəyə alınmış həmin gəmilər olub.

 

Qeyd edək ki, 2014-cü il ilhaqına qədər Krımdakı limanlara lövbər salan Ukrayna hərbi gəmilərinin bir qismi Kerç, digər qismi isə Sevastopol bazasında yerləşirdi. İlhaqdan sonra Sevastopoldakı gəmilər Odessaya, Kerçdəki gəmilər isə Mariupola pənah aparmışdılar.

Əslində Rusiya Qara dənizdə də Ukrayna donanmasına göz açdırmırdə. Ötən ilin sentyabr ayında Ukrayna Hərbi Dəniz Qüvvələri öz Facebook səhifəsində bunu açıq şəkildə etiraf edən məlumatlar paylaşmışdı. Ukrayna Dəniz Qüvvələri Komandanı İqor Voronçenkonun adından yayılan açıqlamada deyilirdi: “Rusiyanın Qara dəniz Donanması üçün son zamanlar 636.6 "Varşavyanka” layihəsi çərçivəsində istehsal etdiyi “Kalibr” raketlərilə təchiz olunmuş 6 dizel yanacaqlı sualtı gəmisi Ukraynanın təhlükəsizliyi üçün ciddi təhdid yaradır və dənizdən gələcək təhdidlərə qarşı dayanmaq üçün Ukraynanın çəkindirici faktor kimi dənizaltısavar (anti-dənizaltı) silahlarla təchiz olunmuş gəmilərə ehtiyacı var. Ukrayna Müdafiə Nazirliyinin isə bu növ gəmiləri inşa etmək və ya satın almaq üçün kifayət qədər vəsaiti  yoxdur. Bütün maddi resurslar nəzərə aldıqda önümüzdəki 3-4 il içərisində bu növ gəmi əldə bilməyəcəyik. Yeni korvetin düzəldilməsinə də maliyyə problemləri səbəbindən davam etməyimiz mümkün deyil".

Voronçenko, həmçinin 1976-cı ildə istehsal olunmuş Vinnitsa adlı 1124p korvetinin də "dənizdən gələn təhdidlərə qarşı istifadə edilə bilməyəcəyini” demişdi:

“Vinnitsa kiçik bir dəniazltısavar gəmisidir. Ancaq köhnəldiyindən öz vəzifələri yerinə yetirə bilmir və hazırda əsaslı təmirdədir”.

Qeyd edək ki, Ukrayna hərbi donanması 21 il əvvəl Rusiya ilə bağlanmış müqavilə çərçivəsində Moskvadan 30 sovet döyüş gəmisi, bir sualtı və 30 təchizat gəmisi almışdı. Onların çoxu isə hazırda istifadəyə yararsız haldadır. Müstəqillik dövründə Ukrayna rəhbərliyi 10 döyüş gəmisi düzəltmək planı da baş tutmamışdı. Onlardan yalnız birini sınıq-salxaq vəziyyətdə ərsəyə gətirmək mümkün olmuşdu. Həmin gəminin isə hazırda zavodda olduğu və təmirinin heç cür başa çatmadığı bildirilir.

Bütün bu çatışmamazlıqlarına baxmayaraq, Ukraynanın cəsarətlə Rusiyanın üzərinə getməsi isə 3 səbəbdən qaynaqlana bilər:

  1. Nəyin bahasına olursa olsun, 2014-cü ildə itirdiyi əraziləri geri qaytarmaq,
  2. Dünya birliyini, xüsusilə NATO-nu fakt qarşısında qoyaraq, Rusiya ilə üz-üzə gətirmək, Alyansdan aldığı yeni hərbi gəmilər hesabına Qara və Azov dənizlərində öz hərbi donanmasını gücləndirmək,
  3. Xalqın başını rus təhlükəsi ilə qatıb üz-üzə qaldığı iqtisadi böhranı unutdurmaq.

 

Di gəl ki, neft qiymətlərinin yenidən ucuzlaşdığı dövrdə Rusiyaya da bu böhran lazımdır. Özü də eyni səbəblərə görə. Kim bilir, bəlkə Kreml də Ukrayna gəmilərinin “təxribatı”nı əsas gətirib Qara dəniz hövzəsində yenə kükrəyərək, həm öz ac xalqının başını yalançı vətənpərvərlik nidaları ilə qatacağına, həm də neft bazarına psixoloji təsir göstərib qiymətlərin qismən bahalaşmasına nail olacağına inanır.

Bununla belə, Rusiyanı Qara dəniz hövzəsində ciddi şəkildə narahat edən gerçək amillər də az deyil. Onun başlıca qorxusu Qara dəniz ölkələrinin NATO ilə əməkdaşlığa gedərək, son 300 il boyunca Rusiyanın daxili suları hesab etdiyi sözügedən hövzəyə başqa dövlətlərin hərbi güclərinin gətirilməsidir. Rəsmi Moskva bu ehtimalı özünün qınına sıxışdırılması və parçalanmasının asanlaşdırılması strategiyası kimi baxır.

 

Son dövrlər Qara dəniz ətrafında cərəyan edən hadisələrin gedişinə nəzər salanda Kremlin bu əndişələrdə haqsız olmadığını deyə bilərik. Belə ki, 1990-cı illərdən etibarən, NATO-nun genişlənmə proqramında Şərqi və Mərkəzi Avropa ölkələrinin üç mərhələdə Transatlantik xəttinə qoşulması (NATO və Aİ) nəzərdə tutulur. Maraqlıdır ki, bu cür strategiyaları olduğunu Alyans rəsmilər də gizlətmir, müxtəlif konfrans və iclaslarda açıq şəkildə dilə gətirirlər. Həmin strateji plana əsasən, Şərqi və Mərkəzi Avropa ölkələrinin Aİ və NATO-da iştirakı təmin olunacaq, beləliklə də genişləndirilmiş Qara Dəniz regionunda Rusiyanın təsir dairəsi məhdudlaşdırılacaq. Təsadüfi deyil ki, Qara Dənizə sahili olan Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələr artıq bu Alyansa qoşulublar. Daha sonra Ukrayna və Gürcüstanda "rəngli inqilablar" baş verib və bu da həmin prosesin davamı təəssüratını yaradır. Bu strategiyanın tətbiqi uğurla başa çatarsa, prosesin Azərbaycana, daha sonra isə Şimali Qafqaza sıçraması perspektivləri doğa bilər, beləcə Rusiyanın parçalanması qaçılmaz olar.

Məsələyə bu aspektdən nəzər salanda Kerçdə Ukrayna gəmilərinə açılan atəşin bizdən də yan keçməyəcəyi ortadadır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 1 353          Tarix: 26-11-2018, 16:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma