I yazı
Azərbaycan iqtisadiyyatında ən mühüm yerlərdən birini tutan sektor pambıqçılıqdır. Sovet hakimiyyəti illərində ölkəmizdə ciddi inkişaf mərhələsinə qədəm qoyan pambıqçılıq SSRİ-nin dağılması ilə tənəzzül dövrünü yaşadı. 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində davam edən iqtisadi böhranlar, erməni təcavüzləri dövlət yetkililərimizin bu sahəyə diqqət ayırmasına mane oldu və beləcə pambıqçılıq da sıradan çıxdı. Ümummilli lider Heydər Əliyevin müstəqil respublikamızın rəhbəri seçilməsindən sonra əldə olunan atəşkəs ölkəmizin iqtisadiyyatının yenidən dirçəlməsi strategiyasının həyata keçirilməsinə münbit şərait yaratdı.
Amma bunun üçün Azərbaycan ilk növbədə iqtisadi inkişaf layihələrinə və infrastrukturun yaradılmasına sərf olunacaq ilkin kapital problemini həll etməli idi. Ölkəmizin neft-qaz ehtiyatları bu məqsədə yönləndirilməklə problemdən çıxış yolları tapıldı və 1994-cü ilin sentyabrın 20-də bir sıra xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilə nəticəsində əldə edilən gəlirlər əvvəl ölkə iqtisadiyyatının infrasturunun yenidən bərpa olunmasına, sonradan isə iqtisadi şəxalənmə proyektlərinə yatırıldı. Beləcə, digər iqtisadi sektorlar kimi, pambıqçılığın inkişafının da yeni mərhələsi başladı.
Xüsusilə 2015-cü ildə yaşanan qlobal neft böhranından sonra mərhum Heydər Əliyev yolunun davamçısı cənab Prezidentimiz İlham Əliyevin iqtisadi strategiyasında pambıqçılıq sektorunun inkişafının mühüm yer tutduğunu müşahidə edirik. Məhz Cənab prezidentin təşəbbüsü ilə 2016-2017-ci illərdə bu məsələylə bağlı ən yüksək səviyyələrdə müşavirələr, konfranslar keçirildi. Bütün kənd təsərrüfatı mütəxəssisləri bu sahədə öz intellektual güclərini səfərbər etdilər. Nəhayət, 2017-ci ildə Pambıqçılığın inkişafı ilə bağlı Dövlət Proqramı qəbul edildi. Və elə həmin il bu təşəbbüslər öz nəticəsini verdi; respublikamızda pambıq tədarükü 35 min tondan 207 min tona çatdı.
Prezidentimizin fermerlər qarşısında qoyduğu ən mühüm vəzifə qarşıdakı 2 il ərzində həm məhsuldarlığı, həm də əkin sahələrini 2 dəfədən çox artırmaqdır. 2016-cı ildə keçirilən Pambıqçılığın inkişaf məsələlərinə dair I Respublika müşavirəsində aqro-strateji hədəfimiz olaraq 2017-ci ildə pambıq tarlalarının ərazisini 100 min hektara, məhsulu isə 300 min tona çatdırmaq elan olunmuş, 2020-ci ildə isə pambıqçılığın inkişafının öz zirvəsinə çatdırılması nəzərdə tutulmuşdur: 200 min hektardan 700 min ton.
Fermerlərimiz bu istiqamətdə apardığı ardıcıl çalışmalarla I Respublika müşavirəsində açıqlana strateji hədəflərə yaxınlaşmağa nail olmuşlar. KTN-nin noyabrın 3-nə olan statistik məlumata görə, 2018-ci ildə 22 rayonda 132 min 512 hektar pambıq əkilib və 260 min ton məhsul götürülməsi proqnozlaşdırılıb. Nəzərə alsaq ki, dünya pambıq istehsalı 2018-ci ildə 24,6 milyon ton olub, Azərbaycan bu ilki istehsal gücüylə bu qlobal istehsalda 1%-dən çox paya malikdir. Hazırda dünyanın 80-dən çox ölkəsində pambıq istehsal olunduğundan və onlardan 8-nin bir yerdə ümumi istehsalın 80%-dən çoxunu əllərində cəmləşdirdiyini hesaba qatsaq, Azərbaycan fermerlərinin əldə etdiyi bu nailiyyətlər kiçik deyil və 2020-ci ildə qarşıya qoyulan hədəflərə çatılsa, ölkəmizin ən önəmli pambıq istehsalçılarından birinə çevriləcək.
Sual oluna bilər: Azərbaycan Prezidentinin və Kənd Təsərrüfatı mütəxəssislərinın pambıqçılıq sahəsində dünyanın ən mühüm istehsalçısına çevrilmək hədəfinin real əsasları nələrdir? Qeyri-neft sektorunun inkişafında pambıqçılığa niyə bu qədər önəm verilir?
Zənnimizcə, bu sualın cavabını bir neçə faktorda axtarmalıyıq.
1. Azərbaycanın tarixi təcrübəsi,
2. Ölkəmizin təbiətinin pambıqçılıq üçün uyğunluğu
3. Pambıqçılığın iqtisadi əhəmiyyəti
Tarixi təcrübə
Azərbaycanda pambıqçılıq tarixinin dəqiq zamanı bilinmir. Bir çox mütəxəssislər bu tarixi əsasən sovet hakimiyyəti illərindən başlatsa da, zənnimizcə, bu məsələdə ciddi yanılma var və həmin yanılma iqtisadi tariximizin kifayət qədər araşdırılmamasından irəli gəlir. Pambıqçılıq tarixinin inkişafı ilə bağlı mövcud olan faktlar da bu mülahizəni qüvvətləndirir. Yayğın qənaətə görə, pambıqçılıq ilk dəfə 5000 il əvvəl Çin və Hindistanda ortaya çıxmış, buradan Yaxın Şərqə, Misirə qədər yayılmışdır. Sözsüz ki, bu yayılma Uzaq Şərqdən Yaxın Şərqə sıçrayışla keçməmiş, arada qalan ərazilərdə əkilə-əkilə öz “yürüşünü” tamamlamışdır. Yəni Hindistandan Pakistana, Əfqanıstana, İrana, dolayısıyla Azərbaycana və daha sonra Yaxın Şərq ölkələrinə keçmişdir. İranın indiki pambıqçılıq ərazilərinə nəzərdə salanda bu bitkinin əsasən Cənubi Azərbaycanda və ya digər türklərin yaşadığı ərazilərdə yayıldığını görə bilərik. İranın rəsmi məlumatına görə, Gürgan, Fars, Xorasan, Rzavi, Güney Xorasan və Quzey Xorasan ölkənin əsas pambıqçılıq regionları kimi tanınır. Xəzər dənizinin cənub-şərq hissəsində yerləşən Gürgan əhalisinin əksəriyyətini türkmənlər təşkil edir. Türkmənlərdən sonra farslar, Azərbaycan türkləri, kürdlər və digər etniklər gəlir. Quzey Xorasan əyalətinin 46%-ni kürdlər təşkil etsə də, türkmənlər və Azərbaycan türkləri də bu bölgədə tarixən məskunlaşıblar. Xorasan xüsusilə təsəvvüf ədəbiyyatımızın və mədəniyyətimizin formalaşmasında böyük qatqıları olmuş Xorasan türklərinin vətənidir. Onların bir qismi farslaşdırılsa da, hələ də bu ərazilərdə ciddi sayda Xorasan türkləri yaşayırlar. Xorasan və Azərbaycan türklərinin məskunlaşdığı digər ərazilər Rzavi (Əfqanıstan sərhəddində yerləşdiyindən hazırda əfqan qaçqınlarının hesabına etnik tərkibi dəyişmişdir), Güney Xorasandır. Xorasan türklərinin danışıq dili də Azərbaycan və Türkmənistan ləhcələrinin qarışığından ibarətdir.
Göründüyü kimi, İranın pambıqçılıq rayonlarına nəzər salanda bizə aid olmayan tək yer qalır – Fars ostanlığı. Fars əyalətində isə xeyli sayda Qaşqay türkləri yaşayırlar. Ümumiyyətlə Qaşqay türklərinin məskunlaşdığı əsas ərazi bu əyalətdir. Azərbaycanlılardan sonra ən qələbəlik türk qrupu sayılan Qaşqaylar Fars ostanlığının Şiraz şəhəri ətrafında məskunlaşıblar.
Zənnimizcə, pambıqçılığın Özbəksitandan tutmuş Türkmənistana, Türkmənistandan İrana və Şimali Azərbaycana, Türkiyəyə qədər əsasən türk xalqlarının yaşadıqları ərazilərdə yayılmasının iki mühüm səbəbi var. Bunlardan biri bu ərazilərin iqliminin pambıq istehsalı üçün uyğunluğu, digəri isə Uzaq Şərq mədəniyyətini və iqtisadi gələnəklərini Yaxın Şərqə, ordan isə Avropaya daşıyan türklərin tarixi siyasi genişləmə strategiyası ilə bağlıdır. Bəllidir ki, dünyada pambıqçılığın inkişafında İpək yolu marşrutunun üzərində yerləşən Türk xaqanlıqlarının da böyük rolu olmuşdur. Xüsusilə Səlcuqilərin bu inkişafda rolu danılmazdır. Təsadüfi deyil ki, Səlcuqi hömkdarlarının həm sarayında, həm də ordularında əvvəl geniş istifadə edilən ipək parçaları daha sonra pambıq və dəvə yunu məhsulları əvəz etmişdir. Bu fakt özü-özlüyündə Səlcuqilər dövründə pambıçılığın ciddi inkişaf mərhələsi keçdiyini göstərir.
İslamdan əvvəl önəmli qismi Maniheist olan türklərin (uyğur türkləri) gündəlik yaşantılarında pambıqdan çox istifadə edilmişdir. Bunun da başlıca səbəbi həmin türklərin daha erkən oturaq həyata keçməsi və Mani dininin pambığı müqəddəs bitki kimi görməsiylə bağlıdır. Qədim Maniheist dinin indiyə qədər gəlib çıxan mətnlərində pambıqçılıqla bağlı mühüm sənədlər var. Miladdan əvvəl 8-ci əsrə aid Mani qanunlarına görə, ibadətxanaların baxçalarında pambıq əkilməli, bu dinin rahibləri pambıq istehsalı ilə məşğul olmalı idilər. Sözügedən mətnlərdə dini simvol kimi rahiblərin pambıq parçadan paltarlar geyinməsi, alınlarına bez bağlamaları tələb edilirdi. Maraqlıdır ki, Maniheistlər pambığa “karpasi” deyirdilər və bu söz bu gün belə qulağımıza xoş gəlir, qədim türk sözünün xatırladır. “Karpasi”nin “qar arpası” sözündən gəlib-gəlməməsini araşdırmağı etimoloqların ixtiyarına buraxıb biz sözümüzün canını ifadə etməklə kifayətlənirik: Ana vətən olaraq türk xalqlarının coğrafiyasında yayılan, mədəniyyətimizə rəng qatan pambıq hər cəhətilə bizim milli bitkimizdir və onun istehsalı da ölkəmizin çiçəklənməsində böyük rol oynayacaq.
Təbiətimizin pambıqçılıq üçün uyğunluğu
Pambığın türk coğrafyasında yayılmasının başlıca səbəbi, sözsüz ki, iqlimimizin ona uyğun gəlməsidir. Orta Asiyada geniş Fəqanə vadisində olduğu kimi, Cənubi Qafqazın ən böyük dağarası çökəkliyi sayılan Kür-Araz ovalığı da sanki pambıqçılıq üçün yaradılıb. Bilindiyi kimi, pambıq əkildiyi ilk zamanlarda bol su istəyir. Həmin mövsüm isə Araz və Kür çaylarının ən bol sulu zamanlarına təsadüf edir. Daha sonra pambıq kollarındakı liflərin açılıb “köpüklənməsi” üçün havaların quraq keçməsi lazımdır. Kür-Araz ovalığı da bu xüsusiyyətdədir.
Pambıq bitkisi inkişaf mərhələlərinin hamısında aşağı istiliklərə qarşı çox diqqətlidir. Vejetasiya (əkin - biçin) müddəti uzun olan bitki olduğundan ən azı 180-200 günlük şaxtasız perioda ehtiyac duyur. Bununla yanaşı, böyümə mövsümü ərzində 4-5 ay dəyişilməyən və ya az dəyişilən temperatur istəyir. Əks halda, xüsusilə yağışlı havalarda stressə girir və məhsuldarlığı azalır. Ən yaxşı inkişaf temperaturu isə 20-32 °c arasındadır. Ən əsası isə biçinə az qalmış yağışsız hava tələb olunur. Azərbaycanda da yağmurlu hava mövsümü məhz pambıq biçini qurtaranda başlayır.
Bundan əlavə, pambıq bitkisi allüvial düzənlikləri xoşlayır. Yəni çay dərələrində, onların mənsəb hissələrində və ya yer səthinin çökək sahələrində çay çöküntülərindən əmələ gəlmiş, müxtəlif mineralları ehtiva edən tortularla zəngin sahələri. Kür-Araz ovalığı da məhz belə yerlərdəndir. Bir sözlə, Azərbaycanın böyük əraziləri pambıqçılıq üçün tam ideal şərtlərə malikdir.
Pambığın iqtisadi əhəmiyyəti
Pambıq bu gün həyatımızın bütün sahələrində istifadə edilir. Onun meyvəsindən müasir çağımızda ən çox bəyənilən paltarlar, bint, pambıq kimi tibbi ləvazimatlar, pərdəliklər, yataq dəstləri kimi məişət əşyaları istehsal olunur. Qozalarından və budaqlarından yağ çəkilir, heyvan yemi hazırlanır. Qısacası, pambıq bitkisinin heç bir hissəsi tullantı kimi zibilxanaya atılmır. Ən sonda qalan artıqlardan bioenerji məhsulu kimi istifadə etmək mümkündür. Pambığın iqtisadi dəyərini anlamaq üçün 1 kq koldan əldə edilən hazır məhsulun miqdarına baxmaq kifayətdir: 600 qr çiyid, 180 qr xam yağ, 570 qr yağlı kübrə, 100 q kağız ləvazimatl, 100 q çiyid qabığı, 360 q pambıq lifli və s.
Sözsüz ki bütün bunların başa gəlməsi üçün ölkədə böyük tekstil fabrikləri açmalı və xammal hazır məhsula çevrilməlidir. Bu mənada pambığı həm də ən dividentli əlavə gəlir qaynağı adlandırmaq olar. Üstəlik, bu məhsulu satmaq üçün bazar axtarmağa da ehtiyac yoxdur. Mərkəzləşdirmiş qlobal pambıq bazarında müştərilər hər an almağa “ağ qızıl” və onun hazır məhsullarını axtarırlar.
Mürvət Həsənli,
ADAM-ın sədri
Paylaş: