Xəbər lenti

  

ABŞ Dövlət Departamenti 3.5 milyard dollar dəyərində “Patriot” havadan və raketdən müdafiə sistemlərinin Türkiyəyə satmağa razılıq verib.

Ovqat.com xəbər verir ki, məlumatı Pentaqona bağlı Müdafiə Təhlükəsizlik Əməkdaşlığı Agentliyi yayıb.

Agentliyin məlumatına görə, Dövlət Departamenti 3.5 milyard dollar dəyərində 80 MIM-104 tipli raketlərə güdümlüyü yüksəldilmiş Patriot, 60 PAC-3 raketləri və müvafiq avadanlıqların satışını təsdiqləyib və bu barədə Konqresi məlumatlandırıb. Sözügedən müdafiə sistemi paketinə 4 AN/MQP-65 radar səddi, 4 kilidlənmə nəzarət sistemi, 10 antena dirək qrupları, 20 M-903 atma stansiyası, 5 elektrik stansiyası ilə yanaşı, rabitə avadanlıqları, test cihazları, mənzil proqramları və dəstək avadanlıqları da daxildir.

 Bu qərarın Türkiyənin havadan müdafiə qabiliyyətinə əhəmiyyətli çeviklik qazandıracağı vurğulanan bəyanatda bildirilib ki, “hava və raket təhdidləri ilə başqa hücumları çəkindirmə qabiliyyətinə malik, etibarlı Türkiyə NATO və Avropa qitəsində sülh və sabitliyi təmin edəcəkdir".

 Məsələ ilə bağlı bəyanat verən Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi də faktı təsdiqləyərək bildirib:

“Təklif edilən bu satış önəmli bir NATO müttəfiqinin təhlükəsizliyini artıracaq, onu hava və raket təhdidlərinə qarşı qoruyacaq. Bu qərar həm də ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə öz töhfəsini verəcək. Türkiyə, hava və raketdən müdafiə qabiliyyətini inkişaf etdirmək, ərazi bütövlüyünü müdafiə etmək və regional təhdidləri qarşısını almaq üçün Patriotlardan istifadə edəcək. Təklif olunan satış Türk ordusunun düşmən hücumlara qarşı özünüqorunma gücünü və Türkiyənin sərhədləri içində xidmət göstərən NATO müttəfiqlərini müdafiə qabiliyyətlərini də artıracaq".

 Qeyd edək ki, uzun illər NATO-nun üzvü olmasına baxmayaraq, Türkiyənin özünü hava və raket hücumlarından qoruyacaq müdafiə sistemi yoxdur. Qardaş ölkənin bu hərbi ehtiyacını bir neçə il əvvələ qədər NATO-dakı müttəfiqləri qarşılayırdılar. Ankaranın bütün istəklərinə rəğmən, müttəfiqləri ona “Patriot” müdafiə sistemləri satmırdılar.

Bir neçə il əvvəl Rusiya ilə aralarında yaşadıqları hərbi gərginliklər rəsmi Ankaraya dar gündə qonşu çırağına arxayın olmağın mənasızlığını göstərdi. Rus təhdidləri artdıqca, Türkiyədə “Patriot”ları bulunan Qərb ölkələri öz müdafiə sistemlərini ölkədən tələm-tələsik çıxararaq onu taleyin ümidinə buraxdılar. Məhz bundan sonra Ankara özünün raketdən müdafiə sistemlərinin olmasını tələb etdi və müttəfiqlərinə üz tutdu. Olduqca kritik anda belə, NATO müttəfiqləri Ankaranın tələbini yerinə yetirmədilər. Halbuki, Türkiyə təkcə “Patriot” almaq istəmir, həm də analoji müdafiə sistemini özü istehsal etməyə çalışırdı.

NATO müttəfiqlərindən olumsuz cavab alan Ankara çarəni Rusiya ilə münasibətlərini düzəltməkdə  və təhlükəsizliyinin təmini üçün rus istehsalı S-400 almaqda gördü və bu silahları birgə  istehsal etmək niyyətilə Moskvayla danışıqlara başladı. NATO ölkələri isə müttəfiqlərinin bu arzusunu qəribsəyir, nəyin bahasına olursa olsun, iki qonşu dövlətin hərbi əməkdaşlığına imkan vermək istəmirdilər. Beləcə, Türkiyə ilə NATO müttəfiqləri arasında gərginlik artır, Rusiya ilə münasibətləri isə daha da möhkəmlənirdi.

Di gəl ki, Türkiyə istədiyini Rusiyadan da tam ala bilmədi. Ankaranın S-400 tipli müdafiə sistemlərini birgə istehsal etmək təklifi Moskva tərəfindən şübhə ilə qarşılandı, müxtəlif bəhanələrlə rədd edildi. Moskva Türkiyənin havadan müdafiəsini təmin etmək üçün müdafiə sənaye kompleksi qurmağa gərək olmadığını, başqa sözlə desək, bunun xərcinin borcunu ödəməyəcəyini irəli sürür. Türkiyə isə hər silah modelinin getdikcə köhnəldiyini və yeniləşmə prosesinə ehtiyac yarandığını, üstəlik, “strateji müttəfiqlərin” indiki zamanda tez-tez düşmənlərə çevrildiyini nəzərə alıb öz başının çarəsini qılmağa çalışır. Nəticədə iki yeni müttəfiqin siyasi-hərbi maraqları toqquşduğundan sözləri çəpləşir və danışıqlar effektiv alınmır.

Rusiyanın digər bir qorxusu isə Türkiyənin “blef” etmək ehtimalı ilə bağlıdır. Moskvada hesab edirlər ki, Türkiyə NATO müttəfiqlərindən istədiyini qoparmaq üçün Rusiya ilə hərbi əməkdaşlığa can atır. Yəni bu əməkdaşlıq səmimi deyil və öz ənənəvi müttəfiqlərinə “mənim istədiyimi verməsəniz, qarşı tərəflə anlaşaram” mesajı verir. Əgər “blef” məqsədinə çatarsa, rus-türk strateji müttəfiqliyinin də sonlanacağı ehtimalı istisna edilmir. Zənnimizcə, ABŞ-ın son anda Türkiyəyə “Patriot” silahlarını satmaq barədə qərarı da yenicə regional müttəfiqliyə başlamış iki qonşu dövlət arasındakı onsuz da var olan güvənsizliyi artırmağa xidmət edir.

Moskvanın nəzərincə, Türkiyənin S-400 silahlarını almaq istəyinin nə dərəcədə “blef” olmadığı ABŞ-ın bu qərarına reaksiyasından aydın olacaq. Rəsmi Ankara “Patriot” silahlarını alarsa və bundan sonra S-400 danışıqlarını dayandırarsa, Moskva öz şübhələrində haqlı olduğunu düşünəcək.

Əslində Türkiyənin bu dilemma qarşısında seçim etməsi də asan deyil. Bir tərəfdə getdikcə iqtisadi cəhətdən çöküşə sürüklənən yeni müttəfiq, digər tərəfdə isə dünyanın yeganə super dövlətinə çevrilməyə can atan və bunun üçün yüz oyundan çıxan köhnə müttəfiq var. Bu iki qüdrətin amansız rəqabətlərinin əsas kəsişmə nöqtəsində yerləşən Türkiyə isə yaranmış tarixi şəraitdən maksimum faydalanmaq və öz təhlükəsizliyini qorumaq məcburiyyətindədir.

Sözügedən rəqabətdən hansı qüdrətin sağ-salamat çıxmasından asılı olmayaraq, hər iki ehtimalda Türkiyə üçün  dezavantalı və avantajlı durumlar mövcuddur. ABŞ-ın yeganə super qüdrət olduğunu təsdiqləməsi digər böyük və böyüməkdə olan dövlətlər kimi Türkiyə üçün də ciddi suverenlik təhdididir. Üstəlik, bu suverenlik təhdidinin ərazi bütünlüyü məsələsinə çevrilmək ehtimalı da var. Rusiyanın bu rəqabətdən salamat çıxması da Türkiyə üçün aruolunan deyil. Ən azı ona görə ki, hazırda Rusiyanın caynağı altında qalan türkdilli respublikaların taleyi Ankaranı düşündürməyə bilməz. Nədən ki, Türkiyə bu təbii strateji müttəfiqləriylə güclüdür və dünya düzənində öz layiq olduğu yeri qazanmağa çalışır.

Üstəlik, Rusiyanın bu geopolitik çəkişmədən güclənərək çıxması Moskvanı yenidən ənənəvi imperialist siyasətinə qaytara bilər. Bilindiyi kimi, rus imperialist düşüncəsinin əsasını qoyan I Pyotrun ən başlıca hədəfləri arasında ortodoksal kilsənin mərkəzi və Rusiyanın isti sulara açılan qapısı olaraq gördüyü İstanbul da var. Güclənən Rusiyanın yenidən bu hədəflərə yönələcəyi isə şübhə doğurmur. Çünki həmin hədəflər isti dənizlərə alternativ qapısı olmayan və bunu böyümənin yeganə yolu kimi görən Rusiyanın geopolitik təbiətindən irəli gəlir.

Bəhs etdiyimiz dilemma qarşısında Ankaranın iki qüdrət arasında balanslaşdırılmış siyasət yürütməkdən və zaman-zaman təhlükəli gedişlər etməkdən başqa çarəsi yoxdur. Onun əsas ümidi isə hər iki qüdrətin bir-birini zəiflədəcək qədər uzunömürlüyünə bel bağlamaqdır.

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 525          Tarix: 19-12-2018, 11:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma