Bu gün ən müxtəlif səbəblərdən-ən çox da VAHİD, GÜCLÜ və BÖYÜK DÖVLƏTinin olmaması üzündən dünyaya səpələnən soydaş və yurddaşlarımızın MİLLİ BİRLİK və HƏMRƏYLİK günüdür. Bu gün dolaysıyla bütün soydaş və yurddaşlarımı təbrik edir, tezliklə hər birimizə böyük imkanlar verəcək, dərdlərimizin davası, sorunlarımızın həlli, umudlarımızın reallığa çevrilməsinə yardımçı olacaq 800 min kv. km.-lik BÖYüK AZƏRBAYCAN DÖVLƏTİNİN vətəndaşı olmağı diləyirəm.
Əziz soydaşlarım, dəyərli yurddaşlarım, bəs bu Milli Birlik və Həmrəylik gününə necə gəldik?
Hələ 1989-cu ilin ortalarından başlayaraq AXC Naxçıvan Vilayət şöbəsinin, eyni zamanda Ordubad, Culfa, Babək və Şərur rayon şöbələrinin təşkil etdiyi mitinqlərdə SSRİ-İran sərhəddinin Naxçıvan MSSR (o zaman Naxçıvan Muxtar Sovet Sosialist Respubıikası adlanırdı) ərazisindəki hissəsinin ya müəyyən yerlərdə tam açılması, ya da Türkmənçay müqaviləsində göstərildiyi kimi Araz çayının ortası sərhəd olduğu üçün quru ərazilərdə tamam sökülməsi tələbi qoyulurdu. Sərhəddin sökülməsi və ya açılmasına səbəb olaraq Culfa rayonunda bir qəbristanlığın və tarixi Gülüstan türbəsinin sərhəddin içərisində qalmasını, bütün Naxçıvan MSSR-də böyük ölçüdə əkin və otlaq üçün yararlı torpaq sahəsinin sərhəddin içərisində olmasını və sərhəd məftillərinin Naxçıvanın yandırıcı istisində həm ev, həm də vəhşi heyvanların Arazdan su içməsinə mane olduğunu göstərirdik. Səhv etməsəm, 1989-cu ilin noyabr ayında AXC Naxçıvan Vilayət şöbəsi İdarə Heyyətinin üzvlərindən A. Kələntərli, A. Rəhimoğlu, A. Quliyev və mən ( biz həm də 70-ci illərdə Naxçıvanda Azərbaycanın bütövlüyü və azadlığı üçün yaranan gizli təşkilatın üzvləri idik. Mən bu təşkilata 1980-ci ildə qəbul olunmuşdum) söhbət edirdik. Söhbətdə mitinqlərdə qoyulan bu tələb müzakirə olunarkən Asəf bəylə Arif bəy sərhədlə bağlı təkliflərini dedilər. Belə razılaşdıq ki, bu təkliflər AXC Naxçıvan Vilayət şöbəsi Ali Məclisinin yığıncağında qaldırılsın. Məsələ AXC Naxçıvan Vilayət şöbəsi Ali Məclisində qaldırıldı və qərara alındı ki, 1989-cu il dekabrın 4-də Naxçıvanın Azərbaycanın güneyindən görünən bütün təpə və dağlarında tonqallar yandırılaraq həm sərhədlə bağlı qoyulan tələblər təkrarlansın, həm də Azərbaycanın güneyində yaşayan bacı və qardaşlarımızla həmrəylik bildirilsin.
Tonqal aksiyası çox gözəl və mütəşəkkil keçdi. Dekabrın 4-də axşamüstü təxminən saat 16-dan başlayaraq Naxçıvanın Azərbaycanın güneyindən görülən bir çox təpə və dağlarında tonqallar qalandı. Gündüz qısa olduğu üçün və sərhəddə təxribatlara yol verməmək üçün saat 5-də tonqal qalanan yerlərdən ayrılarkən tonqallara odun və maşın təkərləri əlavə olundu ki, gecənin qaranlığında tonqallar ən azından 1-1.5 saat da yanaraq güneydən görünsün. Bu aksiya Azərbaycanın hər iki tərəfdə elə maraqla qarşılandı və biz təcili olaraq yığışıb dekabrın 12-də 21 Azər hərəkatının il dönümü (S. C. Pişəvərinin başçılıq etdiyi hərəkat) günü Azərbaycanın günüyində yaşayan soydaşlarımızla həmrəylik məqsədi ilə yeni bir aksiya keçirmək qərarına gəldik. Bu dövrdə üç Baltik respublikası Latviya, Litva və Estoniyada insanlar əl-ələ tutaraq canlı zəncir aksiyası keçirmişdi. Biz də bu təcrübədən yararlanaraq SSRİ-İran sərhəddinin Naxçıvan MSSR hissəsində bütün sərhəd boyu əl-ələ tutaraq insan zənciri yaratmağı qərara aldıq.
Dekabrın 12-də-21 Azər günü-saat 12-də Naxçıvanın sərhəddə yaxın müxtəlif yerlərində - Şahtaxtı, Böyükdüz, Qaraxanbəyli və Nehrəm kəndlərində, Şərurda, Culfa və Ordubad şəhərlərində onminlərlə insan 160 km-lik SSRİ-İran sərhəddinin təxminən yarısı boyu əl-ələ tutaraq insan zənciri yaratdı. Bu zaman Azərbaycanın güneyindəki soydaşlarımız bizim məqsəd və məramımızı bilsin deyə həm səsli olaraq, həm də yazılı olaraq müxtəlif şüarlardan istifadə etdik. Yazılı şüarlar həm kiril əlifbası, həm də ərəb əlifbası ilə yazılmışdı. Bu aksiyanın da çox yüksək səviyyədə keçməsindən ruhlanaraq biz sərhədlərin açılaması məqsədi ilə sərhəd bölgələrində çadırlar qurub sərhədlər açılanadək orda aksiya keçirmək qərarına gəldik.
1989-cu il dekabrın 17-dən başlayaraq Şahtaxtı və Nehrəm kəndlərində, Culfa və Ordubad rayonlarında bir neçə yerdə çadırlar quruldu. Çadır aksiyasına xalqın isti münasibətini görüb “əgər sərhəddi dövlət özü sökməsə dekabrın 31-də özümüz sökəciyik” tələbini qoyduq1989-cu il dekabrın 31-də Naxçıvan MSSR ərazisində Azərbaycanın iki hissəsini ayıran sərhəddi sökdük.
Sonradan 1990-cı ildə AXC Naxçıvan Vilayət şöbəsi, o dövrdə Naxçıvanda keçirilən Ağrıdağ forumu 31 dekabrı Dünya Azərbaycanlılarının Birlik günü kimi qeyd etmək təşəbbüsü ilə çıxış etdi və AXC də bu təşəbbüsü dəstəkləydi. Beləcə, 31 Dekabrın Dünya Azərbaycanlılarının Birlik günü kimi qeyd edilməsi haqda qərar qəbul etdi.
1990-cı il parlament seçkilərindən sonra 1991-ci ildə H. Əliyev Naxçıvan MR Ali Məclisinin sədri olarkən Naxçıvan Ali Məclisinin Demakratik Bloku (blokun 38 nəfər deputatından 33 AXC üzvü idi) bu təşəbbüslə çıxış etdi. Komblokun ciddi müqavimətinə baxmayaraq 1991-ci ildə Naxçıvan MR Ali Məclisi 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi haqda qərar qəbul etdi və qanunvericilik təşəbbüsü ilə Azərbaycan parlamenti qarşısında məsələ qaldırdı.
Bu günün yaranmasında əməyi keçən-təşkilatçı və aparıcılardan Asif Kələntərlini (dünyasını dəyişib), Asəf Quliyevi, Arif Rəhimoğlunu, Ramiz Tağıyevi, Muxtar Rzayevi, Fərəc Quliyevi, Fərəməz Allahverdiyevi, Əli Şamili, Bayram Muradovu (dünyasını dəyişib), Vaqif Almuradovu, Namiq Talıbovu, Eyvaz Hüseynovu, İbrahim İbrahimlini, Həmidə xanımı (dünyasını dəyişib), Səyavuş Mustafayevi, Hüseyn Əliyevi (dünyasını dəyişib), Əli Bayramovu (dünyasını dəyişib), Hidayət Əsgərovu, Piket Həsəni, Mircabbar ağanı, Hidayət həkimi və s. qeyd edərək, dünyasını dəyişənləri rəhmətlə, yaşayanları minnət və hörmətlə anıram.
Bünyamin Qəmbərli
Paylaş: