Hörmətli Eynulla Fətullayev, mən artıq ikinci dəfədir ki, eyni səbəbdən sizə açıq məktub yazıram. Unutmamısınızsa, 2017-ci ilin 18 avqust tarixində sizə ünvanladığım “Bravo, Eynulla bəy!” sərlövhəli yazımda yenə saytınızın “aztirajlı” məfhumu üzərində dayanmış və bunun heç də ciddiliyi şübhə altına almaq üçün əsas yaratmadığını diqqətinizə çatdırmışdım. Zaman bizim “aztirajlı” saytımızın ortaya qoyduğu, sizin “çoxtirajlı” saytınızın isə təkzib etməyə çalışdığı həmin xəbərin doğru olduğunu sübuta yetirdi və hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məlum cinayət hadisəsinin məhkəmə prosesi gedir. Elə bu faktın özü sizin “çoxtirajlılığı”nızın haqqa deyil, nahaqqa qulluq etdiyinin ən bariz sübutudur (İstəsəniz, ilk açıq məktubumuzla bu linkdə bir daha tanış ola bilərsiniz:
http://ovqat.com/manset/7881-bravo-eynulla-by.html
Bu da Eynulla Fətullayevin saytının inkar yazısı:
https://virtualaz.org/olke/101640
Bu isə rəsmən təsdiqlənən fakt:
https://oxu.az/criminal/293249).
Nə qədər qəribə olsa da, Əlahəzrət Tarixin sizə bəxş etdiyi bu ağır məğlubiyyətdən nəticə çıxarmamış və növbəti dəfə eyni səhvi təkrarlayırsınız. Halbuki, ən ağılsız canlı belə, eyni palçığa ikinci dəfə girmir. Sizin “çoxtanınan” jurnalistiniz isə bu dəfə daha irəli gedərək, dəmir monopoliyası barədə silsilə araşdırma yazıları qələmə alan “Hürriyyət” qəzeti ilə yanaşı, həm də onun müəllifini “aztanınmış”lıqda ittiham edir və yazdıqlarımıza bu cür cılız metodla kölgə salmağa çalışır.
Eynulla bəy, bir söz deyəcəyəm, amma, lütfən, inciməyin: siz həqiqətən də Azərbaycan ictimaiyyətində bu sətirlərin müəllifindən daha çox tanınırsınız. Amma inanın səmimiyyətimə, mən sizin kimi tanınmaqdansa, ümumiyyətlə tanınmamağı və hətta mövcud olmamağı tərcih edərdim. Gözü tərəzi olan Azərbaycan xalqı kimin kim olduğunu bilir və bir gün hər kəsə haqq etdiyi qiyməti mütləq verəcək. Unutmayın ki, çox da uzaq sayılmayan sovet dövründə mürtecə qüvvələrin əlində ideoloji silaha çevrilən bir çox “tanınmış”ların mübarizə apardığı “aztanınmış” Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Əhməd Cavadlar bu gün xalqın hafizəsində yaşayır və bu ölkə var olduqca yaşayacaqlar. Sovet sisteminin “çoxtanınmış”ları isə ya tarixin yaddaşından siliniblər, ya da bu gün, yumşaq desək, qınaqla yad edilirlər. Odur ki, “çoxtanınmışlığınızı” əlinizdə bayraq etməyin. Misalı sizdən uzaq, adətən, toplumda digərlərindən daha çox tanınanlar heç də təqdir edilən peşə sahibləri olmurlar. Ana dilimizdə “ala itdən məşhur” kəlməsinin mövcudluğu da çoxtanınmışlığın böyük məziyyət kimi qəbul edilmədiyini təsdiqləyir.
Sizin “çoxtanınmış” yazarınızın qəzetimiz haqqında irəli sürdüyü digər ittiham isə, guya Rəsul Quliyevə bağlılığımızdır. Halbuki, nə “Hürriyyət” qəzetinin Rəsul Quliyevə aidiyyəti var, nə də Rəsul Quliyevə yaxın olmaq cinayət, eyib sayılır. “Hürriyyət” qəzetinin sahibi Sərdar Cəlaloğlunun Rəsul Quliyevlə yollarını uzun illər öncə ayırdığını yəqin siz də bilməmiş olmazsınız. Odur ki, “çoxtanınmışlığı”nıza salıb faktı təhrif etməyin, yaxud buna imkan verməyin. İnanın səmimiyyətimə, bu cür “xırda” təhriflərlə uzaqdan çox pis görünürsünüz.
Eynulla bəy, onu da istisna etmirəm ki, jurnalistiniz sifariş alarkən, Rəsul Quliyevə yaxınlıq yarlığını kimə yapışdırmağı düzgün müəyyənləşdirmədiyindən bu ciddi səhvə yuvarlanmışdır. Daha konkret desək, yəqin, sifarişçi həmin yarlığı mənim üzərimə yapışdırmağı buyurmuş, sizin “çoxtanınmış” jurnalistiniz isə bunu səhvən “Hürriyyət” qəzetinə şamil etmişdir. Əgər belədirsə, sizin sifarişçinin ittihamlarına da cavab vermək istərdim. Bəli, mən jurnalistəm və Azərbaycanın bir çox jurnalistləri kimi yaxşı-pis seçimi etmədən əlim çatan hər kəsdən müsahibə, fikir almağa çalışıram. Bu, təkcə mənim peşə hüququm deyil, həm də vəzifəmdir. Heç kim heç kimi öz vəzifə borcunu yerinə yetirdiyinə görə ittiham edə bilməz və mən təkcə Rəsul Quliyevdən yox, Azərbaycanın bir çox siyasi xadimlərindən müsahibə alıram. Rəsul Quliyev də onlardan biridir.
Digər tərəfdən, mənim Rəsul Quluyevlə əlaqəm hansısa konkret münasibətlərə əsaslanmır. Ömrümdə bir dəfə üzünü belə görmədiyim bu adamı Azərbaycanda hakimiyyətdə olduğu illərdə ümumiyyətlə, tanımamışam. Dolayısıyla onun edib etmədiyini belə müəmmalı olan əməllərində iştirakım, məsuliyyət bölüşümüm də yoxdur. Amma səhv etmirəmsə, sizin şəxsən onunla təmaslarınız olub və bəlkə bu gün də var. Belə bir durumda sizin jurnalistinizin durub məni Rəsul Quliyevin adamı kimi təqdim etməsi özgə gözdə qıl axtarmağa bənzəyir.
Yəqin onu da bilməmiş olmazsınız ki, mənim siyasi mənsubiyyətim tamamilə başqa partiyayla əlaqəlidir və Ədalət partiyasının sədr müavini kimi Rəsul Quliyevə heç bir aidiyyəti olmayan siyasi təşkilatın rəhbər şəxslərindən biriyəm.
Üstəlik, bu gün Azərbaycan hökumətinin ən böyük düşməni də Rəsul Quliyev deyil. Hakimiyyətin içində gedən parçalanma prosesləri hökuməti daha çox narahat edir və etməlidir. Çünki ona ən böyük təhlükə də mənim arada müsahibələrini aldığım Rəsul Quliyevdən yox, sizin gündə birinə sığınıb sözçülüyünü etdiyiniz şəxslərdən gəlməkdədir.
Əziz həmkarım Eynulla bəy, açığını desəm, dəmir mafiyasının sifarişi ilə jurnalistinizə yazdırdığınız məlum yazıda ən çox xətrimə dəyən ifadə mənim, guya, həmin araşdırma yazıları üçün kimdənsə külli miqdarda pul almağımla bağlı iddialarınız oldu. Hər şeyi öz arşınınızla ölçüdüyünüzdən sizi, hardasa, başa düşə bilirəm. Amma əlinizdə heç bir fakt, əsaslı dəlil olmadığı halda bu cür iddialarla çıxış etmək ciddi jurnalistikaya yaraşmaz. Halbuki, sizin ağına-bozuna baxmadan, necə gəldi müdafiə etdiyiniz “Baku Steel Company”nin rəhbəri Rasim Məmməvovla yaxın münasibətlərinizi özünüz də gizlətmir, vaxtaşırı bunu təsdiqləyən şəkillər paylaşıraq qürur hissi keçirdiyinizi büruzə verirsiniz. Həmin əşyayi-dəlillərdən biri:
Haqqında danışdığımız araşdırma yazılarında mənim konkret olaraq yalnız Zülfüqarlı qardaşlarını müdafiə etdiyimi isə göstərə bilməzsiniz. Mən bu yazılarda Zülfüqarlı qardaşları ilə yanaşı, Pərviz Paolo, Nazim Bəydəmirli, Samir Cəfərov və s. kimi metal monopoliyasının bütün qurbanlarını müdafiə etmişəm. Hədəfim isə fərdlərin pozulan sahibkarlıq hüquqlarından çox, Azərbaycanın ağır sənayesinin inkişafına az da olsa, qatqıda bulunmaq və ölkə rəhbərliyinin təşviqiylə həyata keçirilən qeyri-neft sektorunun quruculuğunu dəstəkləməkdir. Yazılarımı bir də diqqətlə oxusanız, irəli sürdüyüm bütün fikirlərdə ən çox dayanağım isə məhz Azərbaycan prezidentinin düşüncələri olmuşdur.
Sonda onu da qeyd etmək istərdim ki, mənim araşdırmalarıma verdiyiniz reaksiyada irəli sürdüyüm iddiaların heç biri konkret cavablandırılmayıb, qeyri-səhih mülahizələrlə Azərbaycanın iqtisadiyyatına investisiya yatıran iş adamlarına qarşı səlib yürüşünün davam edəcəyi anonsu verilib. Məhz bu hərəkətinizlə siz və əlinizdəki informasiya saytları yalnız tərəfkeşlik etməklə qalmır, həm də şübhələrimiz öz təsdiqini taparsa, Azərbaycanın dövlət müstəqilliyinə qarşı endirilmiş imperialist zərbənin məsuliyyətini bölüşürsünüz. Unutmayın ki, bu ölkədə Əliheydər Qarayevlərin taleyi imperializmə qarşı çıxanlardan daha az faciəli olmayıb və üstəlik, onlar həm tarix, həm Vətən qarşısında da qiyamətə qədər yarğılanacaqlar.
İrəli sürdüyünüz bu qeyri-səhih mülahizələrə cavab verəcək ünvanlar biz yox, həmin iş adamları və şirkətlər olduğundan, mən bu məsələdə sözü onlara buraxmaq istəyirəm. Onların fikirlərini ictimailəşdirilməsində əlimdən gələni əsirgəməyəcəyimi də hər kəsin diqqətinə çatdırıram. Hətta metal monopoliyasının üzdə olan sahibi Rasim Məmmədova da səhifələrimiz açıqdır. O da buyurub barəsində irəli sürülən bütün ittihamlara aydınlıq gətirə bilər.
Eynulla bəy, aydındır ki, zurnaçılarla dost olanlar çalınan hər havaya oynamağı da yaxşı bacarmalıdırlar. Amma çalışın, oynayanda kənarda durub rəqsi seyr edənlərin ayağını tapdalamayasınız. Bu cığallığınıza bir dəfə, iki dəfə dözərlər. Üçüncü dəfə tərs bir badalaqla kəllə-mayallaq ola bilərsiniz.
Heydər Oğuz,
“Hürriyyət”
Paylaş: