ABŞlı düşüncə quruluşu Xarici Əlaqələr Şurasının Türkiyə mütəxəssisi Steven Kuk bir müddət əvvəl keçirilən Erdoğan-Tramp görüşünü şərh edib.
Ovqat.com xəbər verir ki, analitik yazar “Amerikanın səsi” radiosunda verdiyi müsahibəsində ciddi müzakirələrə səbəb olacaq iddialar irəli sürüb.
Xatırladaq ki, Steven Kuk 16 Aprel referendumuyla əlaqədar qələmə aldığı “Hüzur içində yat, Türkiyə” məqaləsiylə də diqqətləri özünə çəkə bilmişdi.
Son müsahibəsində onun ən çox qalmaqal yaradacaq fikirləri isə ABŞ-ın Suriyadakı kürd separatçılarını dəstəkləməsilə bağlı fikirləridir. Kukun fikrincə, bunun əsas günahı ABŞ-da yox, Türkiyədədir. Belə ki, ABŞ üçün əslində İŞİD-lə mübarizədə NATO-dakı ən böyük orduya sahib müttəfiqiylə əməkdaşlıq etməsi daha ağlabatandır, amma... Gəlin, “əmma”sını onun dilindən öyrəənək:
“Türk izləyicilərimizə və rəsmilərə bunu xatırlatmaq istəyirəm; 2014-cü ilin iyulunda prezident Barak Obama İŞİD-lə mübarizə üçün özünə müttəfiq axtarırdı, Türkiyə bu döyüşə birbaşa müdaxilənin öz maraqlarına uyğun olmadığına qərar verdi. Amerika da başqa müttəfiq axtarışlarına getmək məcburiyyətində qaldı. Və bölgədəki kürdlər bu döyüşə könüllü qatılmaq istəyincə, YPG (PYD-nin silahlı qanadı) ilə Amerikan ordusu arasında əməkdaşlıq başladı. "
Kukun fikrincə, Türkiyə bu mövqeyiylə ABŞ-PYD əməkdaşlığına özü yaşıl işıq yandırdı:
"Əslində Amerikanın YPG ilə əməkdaşlıq qərarını bu mənada Türkiyə vermiş oldu. Çünki 2014-cü ildə Amerika ilə hərəkət etməyə müqavimət göstərdi. Bu qarşıdurmanın içində yer almaq istəmədi, Suriyada rejim dəyişikliyini qarşıya qoymayan heç bir strategiyaya dəstək vermədi”.
Kuk həmçinin, ABŞ-ın kürd separatçılarını dəstəkləməsində 15 iyul çevriliş cəhdinin uğursuluğu da mühüm rol oynadığını irəli sürüb:
“Uğursuz İyul çevriliş cəhdindən etibarən, Türk Silahlı Qüvvələrinin gücü barədə bəzi sual işarələri yarandı. Məncə, Pentaqon məhz bu uğursuzluqdan sonra YPG-ylə birgə fəaliyyətə yönəldi. Güvənmədiyi bir başqa qrupa və ya çevriliş cəhdindən sonra axsamağa başlayan Türk ordusuna “stavka” etməyi öz maraqlarına uyğun görmədi".
Mütəxəssisin fikrincə, İŞİD-dən azad olunduqdan sonra Raqqanın vəziyyətinin necə olacağı naməlumdur və Suriyalı kürdlərin bu şəhərdə qalmayacaqlarına dair verdikləri təminatlar sağlam deyil: "Raqqa, kürd yox, ərəb şəhəridir. Amerika Türkiyəyə kürdlərin Raqqada qalmayacağına dair zəmanəti verir. Amma mən olsam, heç kimsəyə etibar etməzdim. Əgər amerikalı bir rəsmi şəxs olsam, kürdlərə, Suriyadakı ərəb müttəfiqlərimizə, heç Türkiyəyə də inanmazdım. Çünki olacağı gözlənilən situasiya belədir: Raqqa azad olunacaq və Amerikanın təminatları nə olursa olsun, hər kəs öz maraqlarından çıxış etməyə çalışacaq... Baxın, YPG, Türkiyə baxımından çox təhlükəli bir gücü təmsil edir və problem ABŞ müdafiə naziri Ceyms Mattisin dediyi kimi həll olunsa, türklərin müdaxilə etməmək üçün özlərini cilovlaması çətin olacaq. Bu səbəbdən də ictimaiyyət qarşısında vəziyyət açıq izah edilməli və Türkiyəyə bu həqiqətlər çatdırılmalıdır: “Belə olmasını biz istəmədik, amma oldu. Siz də buraya müdaxilə edə bilməzsiniz. Sizə başqa cür köməyə hazırıq”. Mənim qorxum odur ki, Raqqada hər hansı müvəffəqiyyət əldə edilsə belə, şəhər bataqlığa çevrilsin".
Paylaş: