Azərbaycan Yazıçılar Birliyinin üzvü, Ovqat.com-un əməkdaşı, şair-publisist Məmməd Tahirin AMİP lideri Etibar Məmmədov barəsində qələmə aldığı portret yazısı sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb oldu. Məqalədəki bəzi fikirlərlə razılaşmayan insanlar Etibar Məmmədovun müxtəlif zamanlarda atdığı addımları, xüsusilə Heydər Əliyevin hakimiyyətə gəlməsində oynadığını iddia etdikləri rolunu, AXC-Müsavat hökumətinə qarşı qiyam bayrağı qaldıran Sürət Hüseynovu dəstəkləməsini və s. əməllərini əsas gətirərək müəllif və onun qəhrəmanı ilə yanaşı, bizi də daş-qalaq etdilər.
İrəli sürülən ittihamların nə dərəcədə həqiqət olub-olmadığı barədə fikir bildirərək, tərəfsizliyimizi pozmaq niyyətində deyilik. Sadəcə alternativ düşüncəni daş-qalaq etməyə çırmananlara İsa peyğəmbərin məşhur bir kəlamını xatırladaraq, bu məsələyə nöqtə qoymaq istəyirik: “Kimin günahı yoxdursa, daşı ilk əvvəl o atsın!”
Cənablar, indiki hakimiyyətin 27 ildir hökm sürməsində hər birimizin bu və digər dərəcədə əməyimiz var. Əgər bu əməklər suçdursa, bunun məsuliyyətlisi kimi, yalnız bir neçə nəfəri hədəfə almaq asan günahkar axtarışından başqa bir şey olmadığı kimi, obyektiv yanaşma da deyil. Zənnimizcə, qarşı-qarşıya olduğumuz durumda ən doğru yanaşma ilk öncə öz məsuliyyətlərimizi və suçumuzu müəyyənləşdirmək və özümüzə çəki-düzən verməkdir. Çünki bir insanın ən rahat bacardığı iş özünü islah etməkdir. Hər kəs özünü islah edərsə, qeyri-demokratik hakimiyyətin indiyədək duruş gətirməsinin səbəbi də ortadan qalxmış olar və Azərbaycan sivil, demokratik, hüquqi dövlət yolunda böyük məsafələr qət edər.
O ki qaldı müəllifin Etibar Məmmədov və o dövr hakimiyyətinin müstəqiliyimiz yolunda tutduğu mövqeyə, bu, heç də əməkdaşımızın subyektiv fikirləri deyil. Dəyərli qələm adamı olan Məmməd Tahir həmin fikirləri 1990-cı illərin əvvəllərində Türkiyə siyasi həyatında önəmli yer tutan Avni Sarsancaklıdan iqtibas gətirib.
Qeyd edək ki, 1998-ci ildə dünyasını dəyişən Avni Sarcancaklı Etibar Məmmədovun Türkiyə səfəri zamanı mühüm postlarda yer almış siyasətçidir. O, gəncliyində MHP-nin bünyəsində yetişmiş, daha sonra hakimiyyətə daha real namizəd olan təşkilatlara transfer edilmişdir. Buna baxmayaraq, heç vaxt ülküçü camiasından ayrılmamış, hər zaman milli məfkurə cizgisində bulunmuş, zaman-zaman Alparslan Türkeşin məsləhətlərini dinləyərək, atacaqları addımları müəyyənləşdirmişdir.
Məsud Yılmazın hakimiyyəti illərində Türk Metal Sendikaçıları Dərnəyinin Baş Mərkəzinə rəhbərlik edən, qısa müddətdən sonra ANAP-ın Baş katibi vəzifəsinə qədər yüksələn mərhum Avni bəy Türkiyədə Azərbaycanın təmənnasız lobbiçiliyi etmiş, qardaş ölkədən gələn bütün yardımların təşkilində əvəzsiz xidmətlər göstərmişdir.
Avni bəyin müəllif tərəfindən istinad edilən fikirləri isə “Çağdaş Azərbaycan tarixi: İstiqlal tarixini yaradanlar ( 1972 – 1992 – ci illər)” adlı kitabdan götürülüb. A.Sarsancaklının həmin kitabın 140-cı səhifəsində yer alan xatirələrdən bəzi hissələri müzakirənizə təqdim edirik.
Qeyd edək ki, sözügedən xatirələrində mərhum Türk siyasətçisi açıq şəkildə Mütəllibov hakimiyyətini müstəqiliyimizin tanınmasında maraqlı olmamaqda suçlayır. Bax, budur, o dövrün Azərbaycan reallığıdır. Ölkənin prezidenti belə, müstəqil olmağımızı arzulamırmış.
Zənnimizcə, müzakirə edəcəyimiz əsas məsələ də məhz bu absurd olmalıdır, Etibar Məmmədovun bu günün reallığı ilə baxıb qınadığımız addımları yox. Ən azı ona görə ki, həmin vaxt Heydər Əliyevin Azərbaycanı xilas edəcəyinə inanan təkcə AMİP lideri deyildi.
Elədirsə, gəlin, ya İsa peyğəmbərin məsləhətinə əməl edək, ya da ilk daşı özümüzə, sonrakını isə qarşımızdakına ataq.
İndisə Sizləri Avni Sarsancaklının xatirələri ilə baş-başa buraxırıq:
Avni Çarsancaklı: “Məsud Yılmaz dedi ki, Azərbaycan rəhbərliyi bu işi necə anlarsa anlasın, necə dəyərləndirir - dəyərləndirsin, Etibar bəyi qırmam”.
“...Mən ilk dəfə 1990 - cı ildə yanvar qətliamından sonra Azərbaycana gəlmişdim. O zaman Azərbaycanda bir azadlıq hərəkatı var idi. Bu azadlıq hərəkatı Azərbaycanda Xalq Cəbhəsi tərəfindən yürüdülməkdə idi. Təbii qısa səyahətimizdə bunu görmüşdüm ki, Xalq Cəbhəsində Əbülfəz Elçibəy, Etibar Məmmədov, İsa Qəmbərov, İsgəndər Həmidov kimi çox dəyərli inanc, dava və iman adamı kimi bir kadrolar var. O kadro Azərbaycan xalqı ilə bütünləşmiş, Azərbaycanın istiqlalı üçün bütün varlıqlarını ortaya qoymuş bir kadro idi. Sonra ümumi mücadilə başda Etibar bəy olmaqla bəzi arkadaşlarımızın zindanlara getməsinə səbəb oldu. Etibar bəy uzun bir müddət zindanlarda qaldı. Mən o günlərdə Etibar bəy ilə heç yaxından tanış olmamışdım. Onu mitinqlərdən tanıyırdım və hər zaman həddən artıq çox işləri olduğu üçün şəxsən tanış olmağa imkan olmamışdı.
1991- ci ilin may ayında İstanbulda Türk Dünyası Araşdırmaları Vəqfi Başqanı, bizim ağsaqqalımız, ziyalımız, ağabəyimiz, professor Turan Yazqan Xoca məni telefonla aradı. Dedi ki, sabah iki nəfər özəl müsafir gəlir: “Bu iki nəfər özəl müsafir ilə sənin ilgilənməyini istəyirəm. Onların görüşmələrini, istirahətlərini təmin et”- dedi.
Mən indi millət vəkili olan, əslində Azərbaycan kökənli, o zaman qəzetəçi Mətin Işıq adlı bir arkadaşı yanıma aldım və hava limanına getdim. Hava limanında Etibar bəylə İsgəndər bəyin gəldiklərini gördüm. Turan Yazqan Xoca mənə gələnlərin isimlərini belə söyləməmişdi...
...Söhbətlərimiz sırasında gördüm ki, Etibar bəy yalnız Azərbaycan türkünün deyil, dünyadakı bütün dustaq türklərin yanğısını ürəyində daşıyır. Amma bu azadlığa ən yaxın ölkə də Azərbaycan olmuşdur. Çünki hələ 1988- ci ildən etibarən bir mücadilə başladıqları, Türkiyəyə yaxın olması, bir çox amillər bunu deməyə imkan verir. Ayrıca Azərbaycanda çox önəmli, dünyanın heç bir türk dövlətində olmayacaq qədər yüksək mədəniyət səviyyəsi və çox yüksək səviyyədə bir miliyyətçilik duyğusu təşəkkül etmişdir.
Onun üçün Etibar bəy Azərbaycanın azadlığının qazanılmasını, sonra digər Türk Cumhuriyyətlərinin çözüləcəyini və dünya türklyünün Anadoluya açılacaq qapılarının Azərbaycan olacağını, Azarbaycanın azadlığına Türkiyənin kömək etməsi halında bu məsələnin qısa zamanda reallaşacağını ifadə etmişdi.
Sonra həm Etibar bəyin, həm də İsgəndər bəyin bizim ağsaqallarımızla, ziyalılarımızla çox özəl olaraq görüşmələrini təşkil etdik. O günlərdə Ana Vətən Partiyasının genel başqanı Yıldırım Ağbulud idi. Turqut Özal rəisi-cümhur olmuş, Yıldırım Ağbulud Baş Bakan, Məsud Yılmaz isə Xarici İşlər Bakanlığından istefa etmişdi...
...Haziran ayında Ana Vətən Partiyasının qurultayı keçirildi. Məsud Yılmaz bəy Ana Vətən Partiyasının genəl başqanı oldu və Məsud bəyin Baş bakanlığı ilə yeni bir hökumət quruldu. Yeni hökumət Məclisdən güvən aldı, ancaq çox qısa bir müddətdən sonra Məsud bəy erkən seçimə qərar verdi.
Bu erkən seçim qərarı sırasında da Etibar bəy yenə İstanbula gəldi. Bu görüşmələrimizdə Ankaradakı rus elçiliyinin bütün üzvləri, DTK-nın bütün agentləri bizi çox yaxından izləyirdilər. Etibar bəyin gəlib Avninin evinə getməsi, Türkiyənin çox qiymətli milliyyətçiləri ilə görüşməsi, Ankarada Aydınlar Ocağının başqanı professor Şaban Qarataş bəyin müsafiri olması, Ankarada özəl toplantılarda iştirak etməsi onları çox narahat edirdi. Səfir Çernişov, təbii, çox diqqətlə izlənəsi gərək olan bir diplomat idi. Onlar çox rahatsız olurdular.
Həmin dövrdə Azərbaycanın yönətimdə kommunistlər var idi. Kommunistlərin isə Türkiyədən kəndilərinə kömək edilsin deyə, heç bir istəkləri yox idi. Yəni o zaman Azərbaycanda dövlətin başçısı Türkiyəyə sıcaq baxmır, hətta onlar bizim gəlib-getdiyimiz dönəmlərdə də çox rahatsız olurdular. Türkiyəni heç gündəmə gətirmirdilər. Türkiyədən bir yardım tələbləri də yox idi. Hətta Etibar bəyin və digər arkadaşların Türkiyəyə gəliş - gedişindən onlar və səfir Çernişov çox rahatsız olurdu, qeyd edirdilər ki, «Türkiyədən bizə sıxıntılar var».
Onlar hətta bizim Bakıya gəlməmizi belə zaman - zaman əngəllədilər. Çünki o zaman vizanı rus elçiliyi verirdi. Rus elçiliyi viza vermirsə, biz o vizanı ala bilmirdik və bizim arkadaşlarımıza da viza vermirdilər. Gürcüstanda da vəziyyət yaxşı olmadığı üçün oraya keçib Bakıya gəlməyimizdə problemlər olurdu...
...Etibar bəy tez-tez Türkiyəyə gəlirdi. Etibar bəy “nə olur-olsun, Azərbaycan dövlətini kim idarə edirsə etsin, Azərbaycan xalqının bu baxımsızlıq hərakatını mütləq Türkiyə dövləti tanımalıdır”- deyirdi. Onun fikrincə, əgər biz Azərbaycanı tanısaq, bəzi ölkələrin önünü açmış olarıq.
Türkiyə o zaman Azərbaycanı tanımaq məsələsində Etibar bəyin israrlı tələbi üzərində dururdu. Biz Azərbaycanı tanırsaq, Azərbaycanın kommunist rəhbərliyi bizim bu tanımamızı rədd edərsə, Türkiyə dünya səviyyəsində çox ciddi şəkildə pis vəziyyətdə qalardı. Etibar bəy bir vətənsevər, çox igid insan, diplomatiyanı çox iyi bilən və ilişkiləri yarada bilən insan idi.
Sonra Türkiyədə seçkilər keçirildi. Partiyamız seçkidən ikinci partiya olaraq çıxdı. Etibar bəy hər gün bizimlə telefon əlaqəsi saxlıyır və tez-tez gəlib gedirdi. Hətta elə günlər olurdu ki, Etibar bəy səhər Ankaraya gəlirdi, görüşlərini keçirib axşam Bakıya qayıdırdı.
Biz parlamentdə təmsil olunmuşduq, amma ikinci partiya idik, birinci partiya kimi seçkiləri Süleyman Dəmirəlin partiyası udmuşdu. S.Dəmirəlin partiyası da o zaman Sosial Demokrat partiyasının başqanı Ərdal Ünönü ilə hökumət qurmağa başladı.
Türkiyə Çernişovun basqısından qorxur, Rusiya ilə münasibətləti pozmaq istəmirdi. Amma Etibar bəy gəldi, Yaşıl Okeanın ofisində professor Şaban Qaradaş, mən və Etibar bəy görüşdük. O zaman bizim genel başqan Fəxrəddin Kurt bəylə görüşüldü, bizim Ana Vətən Partiyasındakı milliyyətçi arkadaşlarımızın bütün imkanlarından istifadə etdik, Məsud bəyə dedik ki, əgər sən bu gün Azərbaycanın dövlət müstəqilliyini tanımasan, sabah gələcək yeni hökümət Azərbaycanı bir daha tanımayacaq. Çünki, yeni hökumətin bir ayağı sol, bunların Rusiya ilə çox yaxın münasibətləri var. Azərbaycan tanınmayınca bu yeni gələn hökumətin sol qanadından güc alaraq Sovet Rusiyası bu səfər Azərbaycana çox böyük şəkildə basqı yürüdəcəkdir, oradakı bizim Xalq Cəbhəsinin öndə gedən insanlarına zülm edəcəklər. Etibar bəyi əvvələr kommunist rejiminə qarşı mübarizə apardığına görə zindanlara atmışdılar.
Məsud bəy dedi ki, Azərbaycan rəhbərliyi bu işi necə anlarsa anlasın, necə dəyərləndirir -dəyərləndirsin, Etibar bəyi qırmam. Etibar bəyin bu vətən sevgisi, onun bu dürüstlüyü, türk dünyasındakı yetişmiş yeni bir təzə çiçək kimi mücadiləsini verirdi. Etibar bəy Məsud bəyi inandırdı, “Siz tanıyın, Azərbaycandan sizə bir kötülük gəlməz. Azərbaycan hökumətini xalq aşağı endirər”- dedi.
Etibar bəylə dəvətnamələr yazdıq. Tək - tək dağıtdıq. “Ətəb-Altun” oteldə S.Dəmirəl, Məsud bəy, Ərdəl İnönü, rəhmətlik Alparslan Türkeş, Turan Yazqan Xocam qatıldı görüşə. Yəni Türkiyədə bütün milliyyətçilər, bütün vətənsevənlər o günü bir tarixi gün olaraq dəyərləndirdi. O gün Azərbaycanın tanınması həll olundu, onun kokteli verildi. Etibar bəy də Süleyman Dəmrələ, Məsud bəyə, Arpaslan Türkeşə, Ərdal bəyə bu tanınma münasibəti ilə plakat hədiyyə etdi.
Biz Azərbaycanı tanıdıqdan sonra Etibar bəy Pakistana getdi. Etibar bəyin Türkiyədəki ilişkisi yalnız Türkiyənin Azərbaycanı tanıması ilə bitmirdi. Əlbəttə 1918 - ci ildə M. Ə. Rəsulzadənin qurduğu baxımsız dövləti tanıyan ilk dövlət Türkiyə olmuşdur. Məsud bəy də ikinci mücadilənizdə tanımışdır.
Milli Şura üzvü olaraq ermənilərin Azərbaycan xalqına qarşı Rusiyanın dəstəyi ilə Azərbaycanın torpağını işğala başladığı günlərdən etibarən, Etibar bəyin Ankarada çox ciddi təmasları olmuşdur. Bir dövlət var, Azərbaycan dövləti. Başında prezidenti, baş bakanı, XİN, MTN var. Bunların heç biri yox ortada. Yenə Etibar bəy əlində çantası Ankarada sıxıntılar çəkirdi...
...Etibar bəy sabah bir dilim əkməklə 24 saat idərə edirdi. Çörək yeyəcək vaxtı yox idi. Amma Etibar bəy gerçəkdən qısa zamanda kəndi fikirlərini Türk dövlətinə qəbul etdirdi. Çox sayqılı bir kişiliyə sahibidir Etibar bəy. O zaman hərb sırasında da Türkiyədən nə yardım gəlmişsə, nə kömək edilmişsə, bilin ki, bütün dünya bilsin ki, bütün Azərbaycan xalqı bilsin ki, o yardımları Türkiyə dövlətindən, xalqından, milliyətçi qurumlarından qoparan, Azərbaycanın Ermənistan zülmünə qarşı torpaq bütünlüyünü saxlamaq üçün nə yapılmışsa, nə gətirilmişsə tamamının sahibi, allah hüzurunda söylüyorum, bunlar tarixə keçəcək bilgilərdir, Etibar Məmmədovdur”.
Paylaş: