Xəbər lenti

 

  

"Orada müxtəlif fraksiyalar var. Məsələn, PKK və fərqli  quruluşlar. Onlar bizimlə çalışdılar. Çətin qrupdurlar, lakin bizimlə çalışdılar".

Ovqat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında  belə deyib.

Türkiyənin dünən başlatdığı Sülh Bulağı Hərəkatına dair sualları cavablandıran Tramp ABŞ-ın İŞİD-ə qarşı müttəfiqlərini tək qoyaraq Suriyadan çəkilməsini isə bu cür izah edib: "Artıq bu sonugörünməz müharibəni bitirməyin vaxtı çatmışdı”.

Bu zamanadək ABŞ-ın YPK adlandırıb PKK ilə bağlantısını inkar etdiyi məlum kürd silahlı qüvvələri barədə danışan Tramp Şimali İraq siyasətində bu qrupla işləməyi də Obamanın səhvlərindən biri kimi qiymətləndirərib.

"Obama dövründə olduğu kimi Türkiyənin ölümcül düşməni PKK ilə tərəfdaşlıq edəriksə bu, son dərəcə çətin bir vəziyyət yaradar. Onlar uzun illərdir bir-birindən nifrət edirlər", - deyən Tramp ABŞ-ın Yaxın Şərqdəki varlığını da "ən pis xəta" kimi səciyyələndirib.

ABŞ-ın Şimali Suriyadan çəkilməsini NATO müttəfiqi olan Türkiyə tərəfindən istənildiyini etiraf edən ABŞ prezidenti deyib:

 "Türkiyə bunu (ABŞ-ın bölgədən əsgərini çəkməsini) bildiyiniz kimi, uzun illərdir istəyir. Onlar bir-birilə (Türkiyə və PKK) illərdir vuruşurlar. Biz bu müharibənin ortasında qalmışdıq. Bunun yalnız 30 gün davam etməsi lazım idi, amma illərdir Suriyadayıq. İndi tərəflərlə danışaraq oradan çıxma vaxtıdır. Ərdoğana nə hiss etdiyimizi dedik, amma hər iki tərəflə də danışırıq".

 ABŞ-ın bir çox İŞİD-çini zərərsizləşdirdiyini qeyd edən Tramp bundan sonra bu məsuliyyəti Türkiyənin və kürd separatçılarının daşıyacağını vurğulayıb:

 "Kürdlər bu İŞİD mənsublarından göz-qulaq olar. Onlar olmasa Türkiyə göz-qulaq olacaq. Türkiyədə ən az bizim qədər bunların azadlıqda gəzməsini istəmir".

 ABŞ-ın əlindəki İŞİD-çilərin bir çoxunun Almaniya, Fransa kimi Qərb ölkələrinin vətəndaşı olduğunu, ancaq həmin ölkələrin bu şəxsləri geri almaq istəmədiyini bildirərək, terrorçuları öz ölkələrinə qaytarmamaqla Avropaya böyük yaxşılıq etdiyini vurğulayıb.

 

Tramp Suriyanı bataqlıq adlandıraraq, orda sabitliyi təmin etməyə çalışmaqla (!) bu zamanadək Rusiya, İran, İraq, Türkiyə və Suriyanın görməli işlərin altına girdiklərini bildirib:

"Hazırda orada başqa ölkələrin görəcəkləri işləri yürüdərək jandarmalıq edirik. Rusiyanın, İranın, İraqın, Türkiyənin, Suriyanın etməsi lazım olanları biz edirik. Bunu onlar etməlidirlər, biz yox. Biz niyə bunu 7 min mil uzaqdan edək ki?  

Respublikaçı senator Lindsey Grahamin Türkiyəyə qarşı sanksiya təklifinə də münasibət bildirən Trampın cavabı maraqlı olub:

 "Mən onsuz da Ərdoğana “lazım gələrsə sanksiyalardan daha betərini edə bilərəm”, - dedim. Güman edirəm ki, Lindsey burada (Suriya) 200 il daha dayanmaq istəyir. Amma mən bu məsələdə onunla həmfikir deyiləm. Digər tərəfdən, Ərdoğan Suriyalıların gəldikləri yerə qayıtmasını istəyir. Bunu necə edəcəyinə baxacağıq. Bunu yumşaq bir şəkildə edə, daha sərt bir şəkildə edə bilər. Amma əgər ədalətsizlik edərsə böyük bir iqtisadi bədəl ödəyər".

Kürdlərin öz torpaqları üçün savaşdığını qeyd edən Tramp ABŞ-ın onlara kömək etmək öhdəliyinin olmadığını ilginc məntiqlə əsaslandırıb:

"Kürdlər 2-ci Dünya Müharibəsində bizə kömək etmədilər, Normandiyada da bizə kömək etmədilər. Öz əraziləri məsələsində bizə yardımçı oldular. Bu fərqli bir şeydir. Ona qalsa, biz də kürdlərə inanılmaz dərəcədə böyük miqdarda silah və sursat verdik, silahlanmaları üçün xeyli pul xərclədik"

Bütün bunlarla birlikdə kürdləri sevdiyini vurğulayan Tramp onlar öz torpaqları üçün döyüşdüklərini xatırladıb və Amerika əsgərlərinin artıq evə qayıtmalarının vaxtının gəldiyini bildirib:

"Mənə ən ağır gələn şey ölən hər bir əsgərin ailəsinə yazdığım məktubdur. Bunu etmək istəmirəm".




Ana səhifəyə qayıt        Baxış: 762          Tarix: 10-10-2019, 12:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma