Xəbər lenti
27-11-2024, 19:25

  

Aynur Qəzənfərqızı

Deməli belə...

İndi yazacaqlarım bir çoxlarının bostanına daş atmaq kimi olacaq, amma çox istərdim ki, yazdığımdan məntiqi nəticə çıxarasınız. Ala başına kül başına oxuyub, təhqir olaraq yox, gerçəkdən oxuyub anlayıb tənqid olaraq qəbul edib, nəticə çıxarasınız.

Baxmayaraq ki, ölkəmizdən çox çox uzaqlardayam – Çindəyəm, sosial şəbəkələr ölkəmdə baş verən gündəmi izləməyimə gözəl şərait yaradır. son günlər bu sosial şəbəkələrdə BSU-da Primakovun xatirəsinə keçirilmiş yarışmaya esse yazan tələbələrə görə rektora təzyiqlər var, iş o həddədir ki, hətta universitetin bağlanmasını tələb edirlər.

Bəs, ay məni həmvətənlərim! Sizə deyəndə ki, uşaqlarınızı rusdilli məktəblərə qoymayın, rusca oxutmayın, siz dərhal adamın üzünə bozarırsınız, hətta blok edirsiniz, doymursunuz sağda-solda söyüb batırırsınız ki, bəs biz belə vətənpərvərik, elə vətənpərvərik, amma Aynur özü çuşkadır, rusdilli deyil, istəyir bizim uşaqlarımız da elə olsun. Nə hesab edirsiniz ki? Sizin kimi “vətənpərvər” valideyinlərdən də belə uşaqlar yetişir dəəə. Yanlış anlamayın, xahiş edirəm. bu tələbələr düşündüklərini yox öyrədildiklərini yaşayır, yazırlar. Yəni təlqinsiz keçinmirlər. yazdıqları yazının nə mənaya gəldiyini idrak etmirlər. Etsələr əmin olun ki, yazmazdılar.

Kimsənin günahını almıram haaa... Amma dəqiq əminəm ki, o uşaqlar öyrədiliblər ki, Primakov belə qəhrəmandır elə qəhrəmandır. Bunu da bilərək, Azərbaycana düşmənçilik olsun deyə öyrətməyiblər haaa... Sadəcə Rusdilli ədəbiyyatlarda bunlar yazılır. Orda Türk düşmənliyi təbliğ edilir. Rus mədəniyyətinin tarixinin qədimliyi, ədəbiyyatının dilinin gözəlliyi, valehediciliyi təbliğ edilir. Bu yazıq uşaq da bunu oxuyub bunu öyrənib dəəə... İndi nə düşmüsüz o rektorun üstünə? Rektor sizə deyib ki, gedin uşağınızı rus dilində oxudun? Rektor sizə deyib ki, “vətənpərvər” olun? Rektor deyibsə, gəlin, ona cəmyyət olaraq ən ağır cəzanı kəsək. O da tələbələri mentalitetdədir dəə... Ay mənim ölkəmin ziyalıları, niyə problemin dərinliyinə enib gerçək səbəbi axtarmaqdansa, sistemdəki, cəmiyyətin fərdlərindəki problemi araşdırmaqdansa rektora kəsirsiniz suçu?

İndi çoxlarınız yazacaq ki, Rus dili önəmli dildir, gərək öyrənək, unutmayaq, filan. Haqlısınız. Mən də razıyam. Babamın təsiri ilə böyüdüyüm üçün içimdə bir rus inhisarına qarşı antipatiklik olduğundan mən həmişə rus dilinə qarşı olmuşam. Amma tələbə vaxtı anladım ki, səhv edirəm. Lazımdır rus dili, oturdum, öyrəndim. Hələ dil öyrənməyin insanın üfüqünü necə genişlətdiyini görüb ingilis dilini də öyrəndim. Bununla yetinmədim Türkiyə Türkçəsini öyrəndim. Bu gün Qumuq, Noqay, Qazax, Türkmən qardaşlarımla sərbəst öz türkçələrində ünsiyyət qururam. İndi də durub Çinə gəlmişəm. Buradakı Çinli tələbələrə İngilis və Azərbaycan dilini öyrədir, onlardan Çincəni öyrənirəm. Fars dilini də başlamışdım və Əgər anam ölüb ağır travma yaşamasaydım, indi çoxdan o dili də öyrənib bitirəcəkdim. Bütün bunları, inanın ki, heç bir kursa getmədən, cibimdən bir qəpik xərcləmədən öz gücümə öyrənmişəm. Və sizi çooox təəccübləndirəcək bir bilgi də verimmi? Mən məktəbi bitirənə qədər tərtəmiz Türkçəmizdən başqa bir dil bilmirdim. Türkçəmizi də gerçəkdən gözəl bilirdim. Rəhmətlik Afad Qurbanov BSU-dakı bir simpoziumda verdiyim sualdan sonra məni yanına çağırıb bir az danışdırıb dilimin necə bu qədər təmiz olmasını və ancaq öz sözlərimizi işlətməyimi soruşmuşdu. Mənim 17-18 yaşıma qədər sadəcə öz dilimi bilməyim, sadəcə öz dilimdə danışmağım nəticəsində beynim aktiv inkişaf edə bildi ki, əcnəbi dilləri də tez mənimsəyə bilirəm. Yəni ki, o bir mənasız hipoteziniz varee “uşağı özümüz indidən əcnəbi dildə oxuduruq ki, dil öyrənməyi öyrənsin”, o çürük nəzəriyyədir. Əmin olun ki, uşağınızı hansı millətin dilində oxutsanız, o millətin kültürünün daşıyıcısı olacaq. Eynən rusdilli yazıqların Primakova esse yazmaları kimi. O rusdilliləri yetişdirən rusdilli yetişkinlər də onlara diplom verəcək, təqdir edəcək. Siz bunu qınamamalısınız, axı o yazığın bildiyi o qədərdir. Uşaqlarınızı rusdilli məktəblərə qoymaqla ölkədə rus simpzatizanlığını alovlandırırsınız. Bu da təbii ki, bir gün əgər Rusiya gəlib müstəqlliyimizə göz dikib bizi özünün vilayətinə çevirsə, kimsədə etiraz hissi doğurmadan, rus sevgisi ilə müstəməkəni qəbul etməyə gətirib çıxaracaq. Biz sizə uşaqlarınızı rusdilli məktəblərdə oxutmayın, ingilisdilli məktəblərdə oxutmayın deyəndə bunu nəzərdə tuturuq. Mənim bir tələbəm British School-u bitirib. Ədəbiyyat dərsində Ə.Haqverdiyevi tanımamışdı. C.Məmmədquluzadənin adını eşitmişdi, amma nə iş gördüyünü tam bilmirdi. Yəni başa düşürsünüzmü məsələnin dərinliyini? Dərdim burda kimlərisə incitmək deyil. Məqsədim bu məsələni geniş müzakirəyə açmaqdır. Azərbaycanı sevmək üçün əvvəlcə Azərbaycan mentalitetində böyümək lazımdır. Siz nə dərəcədə bu mentalileti öyrənirsiniz?

Bizdən mədəniyyət və kültürcə çox uzaq olan məmləkətlərdə yaşamaq üçün can atanların böyük əksəriyyəti əcnəbi dildə təhsil alıb. Bunu bilirsinizmi? Gəldiyimdən bəri, 450-dən çox Azərbaycanlı tələbə ilə söhbətləşdikdən sonra yazıram bunu, yəni havadan düşmə yazmıram. Rusdilliliyin, rusdilli məktəbdə oxumağın əslində hansı fəlakətə gətirib çıxardığını görürsünüzmü? Vətəni sevdiyinizdən əminəm. Amma məncə, sizin sevginiz zərər verir vətənə. Bunu lütfən, xahiş edirəm, düzgün idrak edin. Aqressivlik olaraq yox, müşahidə olaraq qəbul edin ki, bəlkə söhbətimiz bir yerə gəlib çıxdı. Mən BSU-nu bitirmişəm. Gördüyünüz kimi nə Primakov haqqında esse yazacaq şüurda deyiləm, nə də ölkəmdən qaçmaq həvəsim yoxdur. Bir illik Çində Çincəni öyrənəcəyəm, Çin sistemini öyrənəcəyəm, yaxşı tərəflərini gəlib ökəmdə tətbiq edəcəyəm. Niyə BSU-nu bitirdiyim halda belə düşünmürəm, bilirsiz? Çünki öz dilimdə yetişdirilmişəm. Öz dilində danışmaq, öz dilində düşünmək, öz dilində yaşamaq... Bax. indiki halda məsələmiz və devizimiz bu olmalıdır. Nə rektor, nə ordakı tələbələr deyil günahkar. Günahkar rusdilliliyi, əcnəbi dilliliyi təbliğ etməyə imkan yaratmağımızdadır... Yenə deyirəm, gəlin, bu məsələni geniş ictimaiyyətdə müzakirə edək. Əziz jurnalistlər, əziz dilçilər, ədəbiyyatçılar, tarixçilər, hüquqşünaslar, folklorşünaslar, bir sözlə ÖZ-ün əhəmiyyətini bilən bütün dostlarım! Səsimə səs verin!

#özdilimizdəyaşayaq deyin...

Sayğılarımla...




Ana səhifəyə qayıt        Baxış: 2 718          Tarix: 1-11-2019, 19:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma