Xəbər lenti

 

Şərqi Azərbaycan əyalətində şiddətli zəlzələ baş verib, çox sayda ölən və xəsarət alanlar var.

Ovqat.com-un Təbriz Seysmoloji Mərkəzinə istinadən yaydığı məlumata görə, zəlzələnin episentri Şərqi Azərbaycanın Tərk şəhərinə düşüb.

 Yerli kütləvi informasiya vasitələri təbii fəlakət nəticəsində Vərənkeş kəndində 5 nəfərin öldüyü, 30 evin dağıldığını yazıb. Müxtəlif kənd və qəsəbələrdə isə 320 nəfərin bədən xəsarəti aldığı bildirilir.

 

Bir çox müstəqil qaynaqlar isə tələfatın daha böyük olduğunu iddia edirlər. Bildirilir ki, zəlzələnin dünən gecəyarısı baş verməsi tələfatın miqyasını artırıb. Təbii fəlakətə yuxuda yaxalanan soydaşlarımız yaşadıqları evləri təcili tərk edə bilməyiblər. İran mətbuatı isə təkcə fəlakətin miqyasını deyil, ümumiyyətlə zəlzələ xəbərini də əhalidən gizlətməyə çalışır. Təbii fəlakətlə əlaqədar məlumatların nəinki mərkəzi mətbuat orqanları, hətta yerli KİV-də də gec yayımlandığı bildirilir. Eskpertlər bunu fəlakətin miqyasının böyüklüyü ilə izah edirlər.

 

Bildirilir ki, ətraf məntəqələrin əhalisi zəlzələ ilə bağlı xəbəri sosial şəbəkələrdən eşidiblər. Camaat arasına ciddi təşviş düşüb. Hökumət məlumatların gizlədilməsinin daha çətin vəziyyət yaradacağından ehtiyatlanaraq informasiyalar üzərindəki yasağı götürüb. Bununla belə, xalqa çatdırılan xəbərlərdə təbii fəlakəti daha zəif göstərmək yolu seçilib. Soydaşlarımızdan biri bu barədə video paylaşaraq bütün media, o cümlədən Səhənd telekanalına təbii fəlakətlə bağlı vaxtı-vaxtında məlumat yaymadığı üçün etirazını bildirib.

 Təbriz vaxtı ilə saat 2:17-də baş verən zəlzələnin şiddəti 5.9 bal gücündə olub. Fay qırılması Təbriz şəhərinin 118 kilometr şərqində qeydə alınıb. Qırılan lövhə yerin 2 kilometr dərinliyində yerləşdiyindən zəlzələnin dağıdıcı təsiri də güclü olub. Müqayisə üçün qeyd edək ki, 2010-ci ildə Yeni Zellandiyada qeydə alınan 7.1 ballıq zəlzələdə cəmi 2 nəfər ölmüşdü. Çünki bu zəlzələnin əmələ gəldiyi dərinlik 35 km idi. Görünür, bu səbəbdən Şərqi Azərbaycanda baş verən zəlzələ ondan xeyli zəif olsa da, müqayisə olunmayacaq qədər daha artıq zərər vurub.

Və yaxud 1999-cu ildə Türkiyənin Mərmərə dənizində baş vermiş zəlzələ 7.4 bal gücündəydi. Hardasa, Yeni Zellandiyada 2010-cu ildə baş verən zəlzələ ilə eyni ölçüdə. Amma Mərmərə zəlzələsində ölənlərin sayı 15 minə yaxın idi. Eyni bal gücündə iki təbii fəlakətin fərqli nəticələrinin əsas səbəblərindən biri qırılan fayın dərinliyi ilə izah olunur. Yeni Zellandiyadan fərqli olaraq Mərmərə zəlzələsinin dərinliyi 9-12 km idi.Şərqi Azərbaycanda qeydə alınan dünənki zəlzələnin çox daha yuxarıda – yer qatının 2 km-də baş verməsifəlakət qurbanlarının sayını inanılmaz dərəcədə artıra bilər.

 

Zəlzələ Təbrizin 118 km-liyində baş versə də, onun dalğası Cənubi Azərbaycanın bir çox yerlərində hiss olunub. Ərdəbil rəsmilərinin verdiyi məlumata görə, zəlzələ bu əyaləti silkələsə də, bölgəyə ciddi ziyan vurmayıb. Təbii fəlakət nəticəsində ölən yoxdur, sadəcə bir neçə nəfər yüngül xəsarət alıb.

Zəlzələdən ən çox zərər çəkən yer isə Şərqi Azərbaycanın Miyana şəhəristanı olub. Məlumata görə, bu şəhəristanın 17 yaşayış sahəsində 30 ev tamamilə dağılıb, 400 ev isə xəsarət alıb, 6 nəfər həyatını dəyişib 345 nəfər isə yaralanıb.

Azərbaycan XİN öz Twitter səhifəsində zəlzələ ilə bağlı rəsmi Bakının mövqeyini açıqlayıb və İrana hər cür yardım göstərmək təklif edib. Rəsmi bəyanatda deylir:

İranda zəlzələnin baş verməsi xəbəri bizi dərindən kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanlara və onların yaxınlarına başsağlığı bildirir, yaralılara isə Allahdan şəfa diləyirik. Belə bir gündə qardaş İran xalqına və dövlətinə hər cür köməklik göstərməyə hazırıq”.

 

Ovqat.com

    




Ana səhifəyə qayıt        Baxış: 1 832          Tarix: 8-11-2019, 23:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma