Xəbər lenti
27-11-2024, 19:25

  

Vaxtilə Vladimir İliç Lenin deyirdi ki, media “təbliğat, təşviqat və təşkilat vasitəsidir”.

O dövrdən indiyədək xeyli zaman keçib. Medianın təsir gücü isə azalmayıb, əksinə daha da artıb. Bir zamanlar media yalnız bir ölkə daxilində insanları məlumatlandırmaq, təşkilatlandırmaq və mübarizəyə təşviq etmək vasitəsi kimi fəaliyyət göstərirdisə, 1980-ci illərdə o, başqa dövlətlərə inqilabi şüur ixrac edən ən mühüm alətə çevrildi. Bu yönüylə də dünyanın ən böyük strateji silahı kimi dəyər qazandı. Təsadüfi deyil ki, ABŞ kimi nəhəng dövlət atom gücüylə yıxa bilmədiyi digər nəhəng imperiyanı - rəqibi SSRİ-ni media ilə dizə gətirdi. Yəqin, yaşı 45-dən yuxarı olanlar ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən “Azadlıq”radiosunun ölkəmizin ictimai şüurunun formalaşmasında necə böyük təsir gücünə malik olduğunu yaxşı xatırlayırlar. ABŞ-ın 1980-ci illərdə ən böyük rəqibini onun öz daxili gücüylə məğlub etməsindən sonra etibarlı bir medianın qüvvəsi tam təsdiqlənmiş oldu.

Heç uzağa getməyək, 2010-cu ildə Yaxın Şərqi qarsıyıb-qovuran “ərəb baharları” da medianın gücüylə “çiçəklənməyə” başladı. O zaman bütün Yaxın Şərqi qaynar qazana çevirən isə cırtdan dövlət olan Qətərin media sahəsində dünya nəhəngi sayılan Əlcəzirə telekanalı idi.

Bu gün istəsək də, istəməsək də İranla Azərbaycan arasında gedən ideoloji savaşda əsas yük media qurumlarının üzərinə düşür. Özü də bu savaşı biz yox, yaxın qonşumuz başladıb.

Hətta indiki ən ağır zamanında belə, İranın başı özünə qarışdığı halda, Azərbaycana qarşı informasiya hücumlarına ara vermir. Ölkəmiz barədə ən müxtəlif hadisələri böyük xəbərə çevirən İran mediasının əsas hədəfi isə, sözsüz ki, hakim elitadır. Əlbəttə, bu savaşda İranın qayəsi Azərbaycanın demokratikləşib inkişaf etməsi də deyil. Əksinə, bizim inkişaf edib İran əhalisi, xüsusilə Cənubi Azərbaycan üçün model dövlətə çevrilməyimizi ən az istəyən də elə həmin İrandır. Qonşu ölkənin  yeganə məqsədi öz siyasi ideologiyasını Azərbaycan xalqının beyninə yeritmək və eynilə İraqda, Livanda olduğu kimi bizim ölkəmizə də lövbər salmaqdır.

Nə yazıq ki, milli dövlətçilik perspektivimiz üçün böyük təhlükə əxz edən bu niyyəti bəsləyən səhvlərimiz də az deyil. Bu da istər-istəməz İranın ideoloji savaşında əlini gücləndirir, bizim mövqeyimizi isə zəiflədir. Azərbaycanın İran xalqı üçün model dövlətə çevrilmək imkanları olduğu halda, ölkəmizdə baş verən məmur özbaşınalıqları və onların zülmündən dad çəkən vətəndaşların şikayətlərinə barmaqarası baxılması İranın bizim üçün model dövlətə çevrilmək iştahasını qabardır. Hazırda bütün dünyanın gözünün zilləndiyi İranın mətbu orqanlarının öz daxili problemlərinə işıq tutmaq əvəzinə, Azərbaycan xalqının “halına yanan”  materiallar dərc etməsi də bu “mədə şirəsi”nin açıq təzahürüdür.

Məşhur bir kəlam var: “Eyiblərini daha dərindən görmək üçün  özünə başqasının, hətta düşməninin gözüylə bax!” Biz də ölkə rəhbərliyimizə bu fürsəti yaratmaq məqsədilə İran mətbuatında bu gün dərc edilən iki yazını olduğu kimi rəsmi Bakının nəzərinə çatdırmaq istəyirik. Niyyətimiz başqa aynadan özümüzə baxmaq olduğundan, ümidvarıq ki, bu saf təşəbbüsümüz kimlərəsə əyri görünməyəcək və başbilənlərimiz lazımı nəticəni çıxaracaqlar.

İndisə İranın yarırəsmi Arannews saytında dərc olunan "İlham Əliyev niyə onu tərifləyib məmurların zülmündən şikayət edənlərə baxmır" sərlövhəli yazını tədqim edirik:

“Azərbaycanda qəribə hadisələr baş verməyə davam edir. Deməli, indiyə qədər nə qədər vətəndaş İlhamın, Mehribanın şəkillərini götürüb dövlət idarələrinin önündə etiraz aksiyaları keçirib. Amma heç birinin dərdinə çarə edən olmayıb. Yəni ən azından belə bir şey olsaydı, yəni onların dərdlərini dinləyən olsaydı bu ictimaiyyətdə bilinərdi. Necə ki, şikayət etmələri yutuba, digər sosial şəbəkələrə qoyulur, onların dərdlərinə çarə etsəydilər, təbii ki, bu da çəkilib internetə qoyulardı. Deməli, belə bir şey baş verməyib.

 

İndi gələk sualımıza. Deməli, xalq bu qədər öz dərdini deyir, etiraz edir, məmurlardan şikayət edirlər, avropa ölkələrinə mühacirət edib İlham Əliyevə səslənirlər, amma daş-divar eşidir, Əliyev eşitmir. Burada təbii ki, iki nüans vardır. Biri budur ki, İlham Əliyev elə atası Heydər Əliyevdən aldığı tərbiyə əsasında məmurları əvvəlcə qudurdur, xalqın başına mindirir, elə şərait yaradır ki, xalq məmurlardan bezsin və İlham Əliyevə “pənah aparsın.” Bundan sonra İlham Əliyev özünə hörmət qazanır. İkinci ehtimal budur ki, İlham Əliyev özü də bilir ki, nazirləri, məmurları, icra başçılarını, hətta deputatları, hətta az qalıb məktəbə müəllimələri də özü seçir, təyin edir, deməli onlar söyüləndə, xalq onlara etiraz edəndə elə birbaşa Əliyevə etiraz etmiş olurlar.

Təbii ki, birinci variant doğru ola bilməz. Çünki əgər Əliyev məmurları xalqın başına mindirib onlardan şikayət edən xalqın gözündə özünü hörmətli etmək istəsəydi, xalqın dərdlərini eşidər, problemlərini həll edərdi. Beləliklə də xalqın hörmətini qazanardı. Amma vəziyyət necədir? İlham Əliyevin xalqın gözündə heç bir dəyəri, hörməti yoxdur. Deməli, birinci variant düz deyil. Onda ikinci variantın üzərində dayanmaq lazımdır. Yəni, İlham Əliyev ona görə onun məmurlarından ona şikayət edən xalqın dərdinə qulaq asmır ki, bu, onun xoşuna gəlmir. Niyə? Çünki Azərbaycanda diktatura hökm sürür. Bütün ölkə bir adamın, yaxud bir ailənin əlindədir. İlhamın isə çestinə dəyir ki, niyə xalq onun təyin etdiyi məmurları sevmir, şikayət edir, etiraz edir? Axı Əliyev gözəl bilir ki, onun təyin etdiyi məmuru sevməmək onun sərəncamının səhv, fikrinin yanlış, siyasətinin uğursuz olduğu mənasına gəlir. Buna görə də xalq onu sevmədikcə, məmurlarından şikayət etdikcə o da xalqa nifrət edir. Xalqa nifrət etdikcə də məmurlara xalqı daha çox əzməyi tapşırır. Xalq məmurlar tərəfindən əzildikcə daha çox etiraz edir və etiraz etdikcə də İlham qıcıqlanır. Beləliklə də xalq zülm

görməyə davam edir”.

Doğrusu, bu yazının hazırda 40-a qədər şəhərində xalq üsyanları ilə boğuşan İrana bağlı bir sayt tərəfindən yazıldığına inanmaq olmur. Ona görə ki, Azərbaycan xalqı həqiqətən də daha yaxşı idarə olunmağı arzu etsə də, hər halda öz rejiminə qarşı canıyla, dişi-dırnağı ilə müharibə aparmır. İranda isə əsl rejim-xalq müharibəsi gedir. İran elə dərman biləndirsə, zəhmət çəkib ondan ilk növbədə öz keçəl başına sürtsün.

Bizi ən çox maraqlandıran isə İranın yarırəsmi saytında hər gün dərc olunan bu kimi hədyanlara rəsmi və yarırəsmi mətbu orqanlarımızda cavab verilməməsidir?! Yaxşı deyək ki, onlardan bəziləri matəm elanından gələn pulları kəsildiyindən cavab verməyi özlərinin borcu hesab etmirlər. İqtidarın media siyasətinə rəhbərlik edən Əli Həsənov isə incik salındığından ona bağlı mətbu orqanları da başa düşürük. Zatən Əli müəllimin saytları bineyi-qədimdən prezidenti müdaifə etmək üçün yox, onun müavinin təbliğatını qurmaq üçün fəaliyyət göstərib. Bəs, adətən, İrandan gələn ittihamlara qarşı sinəsini sipərə çevirən rəsmilərimiz, millət vəkillərimiz - Siyavuş Novruzov və digərləri niyə susurlar? Axı onlar ciblərindəki mandatı xalqa xidmət etdikləri üçün daşımırlar.




Ana səhifəyə qayıt        Baxış: 3 097          Tarix: 18-11-2019, 18:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma