İranın məhkəmə hakimiyyətinin rəhbəri höccətülislam Ayətullah Seyid İbrahim Rəisi dünən Livan Hizbulahının sədr müavini Şeyx Naim Qasimlə görüşüb.
Ovqat.com İranın rəsmi portallarına istinadən xəbər verir ki, görüşdə tərəflər ölkələrində baş verən xalq üsyanları ilə əlaqədar fikir mübadiləsi aparıblar.
Xalq arasında məşhur ləqəbiylə “ayətullahi-Qətliam” kimi tanınan Rəisi qonağına İranda və Livanda bu gün “fitnəyə qarşı mübarizə mühitinin” yarandığını etiraf edərək deyib: “Bu günlərdə bölgədə fitnəkar təşəbbüslərin artığı müşahidə olunmaqdadır. Odur ki, səhnədə daha hazırlıqlı və ayıq olmaq lazımdır. Mücahid qüvvələri düşmənlərini tanımalı və onların oyunlarına gəlməməlidirlər. "
Rəisinin Şeyx Naim Qasimə bildirdiyinə görə, Avropa İrana ABŞ-la danışıqlar aparmaq üçün vasitəçilik etmək istəyir. Ancaq İslam inqilabı rəhbərinin bəsirəti sayəsində bu danışıqların heç bir mənasının olmayacağı qənaətinə gələn İran təklifi qəbul etmir. Düşmənlər də öz növbəsində İranı bu müqavimətdən geri çəkilməyə vadar etmək üçün ölkədə fitnə çıxarırlar: “Fitnə-fəsada qarşı mübarizə İslam inqilabı prinsiplərinin əsasını təşkil edir. Zamanla bəzi pozuntular olmasına baxmayaraq, fitnələrə qarşı qətiyyətlə mübarizə aparırıq və aparmalıyıq”.
Görüşdə Livan Hizbullah hərəkatı Baş katibinin müavini Şeyx Naim Qasim də ölkəsində baş verənlərlə bağlı Rəisini məlumatlandırıb. Onun fikrincə, ABŞ Livandakı son hadisələrdən sui-istifadə etməyə və texnokratlardan ibarət bir hökumət yaratmağa çalışır ki, bu da Livan şiələrinin marağına uyğun deyil: “ABŞ-ın "Hizbullah" hərəkatı olmadan bir hökumət qurmağı cəhd edir, bu isə bir növ çevriliş deməkdir”.
Qeyd edək ki, Şeyx Naim Qasimin əndişəsi əsassız deyil. Ötən ayın ortalarında başlayan, qısa zaman ərzində bütün Livanı bürüyən nümayişlər ölkə başçısının bir müddət əvvəl etdiyi televiziya çıxışıyla daha da alovlanıb. Livan prezidenti Mişel Avn həmin çıxışında “hökuməti bəyənməyən varsa, haraya gedir, getsin” deyərək etirazçıları aşağılamış və geniş xalq kütləsinin yenidən meydana çıxmasına zəmin hazırlamışdı.
17 oktyabrda başlayan etiraz nümayişləri 13 gündən sonra Baş nazir Səad əl-Həririn istefasıyla səngimişdi. Bu istefadan sonra prezident Mişel BMT-nin Livan xüsusi koordinatoru Jan Kubisin rəhbərliyi altında ABŞ, Rusiya, Almaniya, İngiltərə, İtaliya, Çin səfirləri və Ərəb Liqasının təmsilçisi ilə görüşmüşdü. Görüşdə Livanın texnokratlardan ibarət yeni hökumətinin qurulmasına qərar verilmişdi. BMT koordinatoru Jan Kubisin açıqlamaları ilə xalqa çatdırılan bu xəbər siyasi qurumlar tərəfindən narazılıqla qarşılanmışdı. Livan prezidenti Mişel Avn da məhz bu etirazlara cavab olaraq, “yeni hökumət qurulmasını istəməyənlər hara gedir, getsin” demişdi.
Siyasi təşkilatların etirazlarının səbəbi yeni qurulacaq hökumətin Livanın konstitusiyası sayılan Milli Pakta uyğun gəlməməsindən qaynaqlanır. Belə ki, 1943-cü ildə beynəlxalq güclərin vasitəçiliyi imzalanan Milli Pakt Livanın siyasi sisteminin fərqli inanc daşıyıcıları arasında bölünməsini nəzərdə tutur. Həmin pakta əsasən, ölkənin prezidentliyi Maruni xristianlarına, Baş nazirliyi sünnilərə, parlament sədrliyi isə şiələrə verilib. Parlament üzvləri isə 6/5 nisbətində xristianlarla müsəlmanlar arasında bölünür. Hər məzhəbi və dini topluluq isə hökumət kabinetinə bərabər sayda nazir seçə bilirlər.
Prezident Mişel Avnin razılaşdığı teknokratlardan ibarət hökumət prinsipi ənənəvi Livan siyasi sisteminin bu tələblərinə cavab vermir. Bu da narazı kütlənin yenidən meydana çıxmasını tətikləyib.
Üstəlik, Milli Pakta əsasən, Livan prezidentinin hökumət qurmaq səlahiyyəti də yoxdur. O, sadəcə ölkədəki müxtəlif məzhəbçi siyasi qurumlar tərəfindən formalaşan kabineti təsdiqləyə bilər. Xarici dövlətlərin basqısıyla heç bir qayda tanımadan texnokrat hökumət formalaşdırmaq cəhdi istər-istəməz digər tərəfləri narazı salmaqdadır.
Həm də yeni qaydaya görə, hökumət qurmaq səlahiyyəti ölkədəki sayca azlıq təşkil edən xristianlara verilmişdir ki, bu da Livanı yenidən vətəndaş müharibəsinə sürükləyə bilər.
Xatırladaq ki, İsrailin Fələstini işğalından sonra bu ölkəyə sığınan fələstinlilər sayəsində Livanın etnik demoqrafiyası müsəlmanların xeyrinə dəyişilmiş və köhnə siyasi sistem ədalətsiz görünməyə başlamışdır. Bu ədalətsizlik duyğusu Livanda 1975-ci ildən 1990-cı ilə qədər sürən 15 il davam edən vətəndaş müharibəsinin əsas səbəblərindən birini təşkil edir. 1990-cı ildə vətəndaş müharibəsinin sona çatması xristianların nəzarətində olan prezidentlik səlahiyyətlərinin məhdudlaşdırılması sayəsində baş tutmuşdur və ölkədə müsəlmanların siyasi təsir gücü artırılmışdır. İndisə Livanda 1975-ci ildəkindən daha ədalətsiz siyasi sistem yaradılır.
İstər vətəndaş qarşıdurması, istərsə də İsraillə tez-tez baş verən müharibələrdə Livanın əsas hərbi gücü Hizbullahın əlində olmuşdur. Ümumiyyətlə Livanda ordu simvolik anlam daşıyır və Hizbullahdan çox-çox zəifdir. Xüsusilə 2006-ci ildə İsraillə 30 günlük müharibədə əsas aktyorlardan biri kimi önə çıxan Hizbullah Livanın müdafiəsində inanılmaz uğurlar qazanmış və ölkənin ən təsirli gücünə çevrilmişdir. Nəticədə bütün Livan xalqı tərəfindən dəstəklənən Hizbullahın Suriyada İŞİD-ə qarşı mübarizəyə girişməsi istər-istəməz ölkədəki nüfuzuna da ağır zərbə endirmişdir. Zira Hizbullahın İŞİD-ə qarşı mübarizədə amansız mövqe tutması Suriyadakı bəzi şəhərlərin alınmasında sivil sünnilərin də qətliamları ilə müşahidə olunmuşdu ki, bu da müsəlmanlar arasındakı məzhəbçi bölünmələrın çatını dərinləşdirmişdir. Belə bir vəziyyətdə bir də müsəlmanların hökumət qurmaq səlahiyyətlərinin əlindən alınması xüsusilə Hizbullahı narahat etməyə bilməz. Hizbullah bu “islahatlarla” əsasən özünün hədəfə alındığını düşünür və şübhələrində haqlıdır da. Çünki bu gərginliklərin qızışdırılmasında İsrailin barmağının olduğunu istisna etmək mümkün deyil. İstər islam məzhəbləri arasındakı getdikcə artan gərginliklər, istərsə də xristianların təsir imkanlarını gücləndirməsi Livanı növbəti vətəndaş qarşıdurmalarına sürükləyir.
İsrailə gəlincə, bu ölkə üçün Hizbullah, ilk növbədə öz qulağının dibinə yerləşdirilmiş İran bombası deməkdir. 2006-cı ildə bu güclə başara bilməyən Təl-əviv Suriyadakı vətəndaş müharibəsinin Hizbullahı daha da gücləndirdiyinə inanır. Nədən ki, bu müharibə nəticəsində döyüş təcrübəsini artıran Hizbullah həm də müasir silahlar əldə etməyi bacarıb. İranın tez-tez İsraili təhdid edərkən güvəndiyi əsas qüvvənin Hizbullah olduğunu düşünən sionistlər və havadarlarının qarşısında dayanan məsələlərdən ən ümdəsi həmin təşkilatın gücünü sıfıra endirməkdir.
İranın başının daxili problemlərinə qarışması Hizbullahın da bölgədə təklənməsinə yol açır. Bu mənada İrandakı xalq üsyanları rəsmi Tehran qədər, hətta ondan daha çox Hizbullahı narahat etməsi başa düşüləndir.
İran üçün isə Livanı itirmək imperial strateji hədəfi olan “Şiə hilalı”ndan mərhum olmaq, ABŞ və İsraillə gözlənilən müharibənin cəbhə xəttini öz səhrədləri daxilinə çəkmək deməkdir. Bu isə hərbi strateji planda məğlubiyyətin astanası anlamına gəlir.
Ovqat.com
Paylaş: