“İran istədiyi şəkildə özünü müdafiə edə bilər, ancaq Livan nə başqa ölkələrin istifadəsi üçün açıq bir meydandır, nə də SEPAH-ın poçt qutusu”.
Ovqat.com xəbər verir ki, bu sözləri Livanın Rabitə naziri Camal əl-Cərrah özünün Tvitter hesabından paylaşıb.
Nazir bu sözlərlə İran İslam İnqilabı Keşikçiləri korpusunun ali komandirinin müşaviri Murtəza Qurbaninin İsraillə bağlı açıqlamalarına sərt reaksiya verib. Belə ki, Murtəza Qurbani bir gün əvvəl İsrailin xarici işlər naziri Yesrail Katzın sözlərinə cavab olaraq demişdi ki, əgər İsrail İrana qarşı ən kiçik bir səhv etsə, Tel-Əviv Livandan yerlə yeksan ediləcək: “İsraili İrandan raket və təchizatla vurmağa ehtiyac yoxdur”.
Mürtəzanın bu sözlərini qəbuledilməz adlandıran Camal əl-Cərrah bildirib ki, Livan torpağından məntəqə döyüşlərində istifadəyə dair bir İran rəsmisinin açıqlamaları ölkəmin milli hakimiyətinə təkəbbürlü və məsuliyətsiz hücumdur.
Qurbaninin açıqlamaları Livan mətbuatında da sərt reaksiyalara səbəb olub.
Əslində Livanın bu reaksiyası təsadüfi deyil. Ötən əsrin 80 – 90-cı illərində vətəndaş müharibəsinə səhnə olan Livanda İran özünün hərbi gücünü formalaşdıra bilmişdir. Hizbullah adlanan həmin hərbi güc Livanın faktiki olaraq əsas müdafiəsini öz boynuna götürmüşdür. Livanın rəsmi ordusundan belə daha qüdrətli olan Hizbullah 2006-cı ildə İsraillə döyüşlərdə gözlənilməz qələbələrə imza atmış və Tel-əvivi ciddi narahat etmişdi. Mütəxəssislərin fikrincə, Hizbullahın gücünü xəfifə alan Tel-əviv hazırlıqsız girdiyi 30 gün sürən müharibədə yenilməzlik imicini qorumaq üçün Livanın paytaxtı Beyrutu bombardıman etməklə kifayətlənməli olmuşdu. Müharibə isə Hizbullahın irəli sürdüyü şərtlərin qəbulu ilə sonuclanlanmışdı.
İsrail öz sərhədlərinə yaxın yerdə İrana bağlı hərbi qüvvənin mövcudluğunu öz təhlükəsizliyi üçün ciddi təhdid olaraq gördüyündən Hizbullahı zəiflətmək strategiyaları hazırlayıb həyata keçirməyə çalışsa da, atdığı addımlar özünün əleyhinə çevrilmişdi. Belə ki, İranla Livan arasında körpü vəzifəsi görən Suriyada baş verən vətəndaş müharibəsinin əsas səbəblərindən biri də bu amillə izah edilir. İddialara görə, 2005-ci ildə Livan Baş naziri Rəfiq Həriri sui-qəsdilə Suriya ordusunun bu ölkədən çıxarılmasına nail olan İsrail bir ildən sonra Hizbullah sürprizi ilə qarşılaşınca vəziyyətin düşündüyündən daha təhlükəli olduğunu anlamış və Suriyada şiəliyə yaxın Nusayri hakimiyyətindənsə sünnilərin iqtidara gətirilməsini və ya ölkənin bir neçə yerə parçalanmasını öz milli təhlükəsizliyi baxımından daha uyğun görmüşdür. İsrailin etnik-məzhəbi xarakteri də bu strategiyanın həyata keçirilməsinə tam şərait yaradırdı. Zira Suriyanın cəmi 15%-i Əsəd ailəsinin mənsub olduğu Nusayrilik məzhəbinə inanır. Əhalinin hardasa 60%-ə yaxını isə sünni məzhəbinə mənsubdur. Ölkədə dürzilər, xristianlar və dindən çox etnik kimliklərinə bağlı olan digər qruplar da var. Deməli, müxtəlif etnik və dini mozaikadan ibarət olan Suriyanı rahatlıqla bir neçə yerə bölmək olardı.
Di gəl ki, 2011-ci ildə düyməsinə basılan bu strategiya Rusiya və İranın müdaxiləsi ilə gözlənilməz hal haldı və əsası isə Hizbullah bu döyüşlərdə daha gücləndi. İş o yerə çatdı ki, Suriya müharibəsindən əvvəl Hizbullah xaricdən silah alan hərbi birləşmədən indi silahını özü istehsal edən ciddi qüvvəyə çevrilib. Bu isə Təl-əvivin kürkünə birə salmaya bilməz. Bir çox yəhudi strateqləri Hizbullahın bu qədər güclənməsini İsrailin tamamilə məhvi demək olduğunu açıq şəkildə vurğulayır və nəyin bahasına olursa olsun bu gücü sıradan çıxarmağı dövlətin bir nömrəli vəzifəsi hesab edir.
Tam da o sırada ABŞ-dan bir neçə mərhələli strateji yol xəritələri ortaya atıldı. Bu yol xəritələrindən biri Livan ordusunu gücləndirmək və sərhədlərin qorunmasını rəsmi orduya tapşırılmaq idi. Əsl hədəfin özünün sıxışdırılması olduğunu anlayan Hizbullah bu təklifə qarşı çıxsa da, Livanın dövlətçilik maraqları naminə geri çəkilməyə vadar oldu. Amma ABŞ bu tələblə də kifayətlənmədi və bu ilin sentyabr ayının 30-da Livanın qarşısına növbəti şərtini qoydu: Hizbullahın gizli silah fabrikləri də bağlanmalı idi. Əks halda Livana vəd edilən 100 milyon dollarlıq hərbi yardım verilməyəcəkdi.
Bu barədə ciddi müzakirələrin getdiyi sıralarda BMT-nin təşəbbüsü ilə bu ölkədəki güclü dövlətlərin səfirlərinin Livan prezidentiylə görüşü baş tutdu. Görüşdə əldə edilən razılığa əsasən, Livan yarandığı gündən mövcud olan siyasi sistemin xilafına addım atıldı. Prezident mövcud hökuməti istefaya göndərdi və texnokrat hökumət adıyla ənənəvi hakimiyyət bölgüsünə uyğun olmayan kadrlardan ibarət kabinet quruldu. Beləcə, Hizbullahın hökumətdəki dayaqları sarsıldı.
İran və Hizbullah Livandakı güclərinin artıq əldən getdiyini hiss etdiklərindən bütün bunlara öz etirazlarını bildirdilər. Livanda etirazlar durmadan artdı və hər şey növbəti vətəndaş müharibəsinin bir addımlığına gəldi.
Bütün bunlar həm də onunla müşayiət olunurdu ki, İsrailə İran arasında yerləşən ərəb ölkələri şiəlik təhdidi bəhanə edilərək havadan müdafiə sistemlərilə gücləndirilmişdi. Artıq iki ildir ki, aparılan bu silahlanma yarışı ərəb ölkələrini özləri qədər həm də İsraili İran hücumlarından qoruyur. Daha konkret desək, məhz bu silahlanmadan sonra İrandan atılan raketlər İsrailə gəlmədən öncə Səudiyyə Ərəbistanda və digər körfəz ölkələrində zərərsizləşdiriləcək. Yəni ərəb ölkələri faktiki olaraq İsraillə İran arasında bufer zonaya çevrilib. Görünür, SEHAP ali komandanının müşaviri Murtəza Qurbani də Təl-əvivin bu ehtimala çox bel bağlamamağı məsləhət görərək, ona Hizbullah vasitəsilə Livandan vurula biləcəyi versiyasını xatırladır. Bu isə İsrailin 2006-cı ildə olduğu kimi Hizbullahın qisasını paytaxt Beyrutdan alacağı anlamına gəlir və Livanın yeni “texnokrat” hökumətini narahat edir. Livanın rabitə naziri Camal əl-Cərrah da məhz bu əndişədən çıxış edərək, ölkəsinin bir daha İranın hərbi poliqonu və ya poçt qutusu olmayacağını rəsmi Tehrana çatdırır.
Heydər Oğuz,
Ovqat.com
Paylaş: