Xəbər lenti
Dünən, 19:25

  

İranın əfsanəvi generalı Qasim Süleymaninin öldürülməsindən sonra müxtəlif iddialar ortaya atıldı. Bəzi iddialara görə, general sui-qəsdə uğrayacağı bilindiyi halda İraqa göndərilmişdi. Hətta bu məkrli planda İran dini lideri Xamaneinin yerinə gözü tikənlərin də barmağının olduğu vurğulanırdı.

Bu versiyaya əsasən, ağır xəstə olan dini liderin sələfinin kimliyi İranda ciddi müzakirə mövzusu olaraq qalır. İddiaçılar arasında İranın indiki prezidenti Həsən Ruhanidən tutmuş, Larincani qardaşlarına, hətta çıxardığı edam hökmlərilə “ayətullahi-qətliam” ünvanı qazanmış ölkənin məhkəmə hakimiyyətinin başçısı Seyid İbrahim Rəisiyə qədər bir çox nüfuzlu dövlət adamlarının da adı hallanır. Getdikcə yaxınlaşan “X günü” ehtimalının İrandakı rəqabəti daha da qızışdırdığı, güc və hərb nazirliklərinin yüksək rütbəli generallarının da müxtəlif cəbhələrə yer almağa təşviq etdiyi vurğulanır.

 

Bildirilir ki, sələf seçimində İranın ən qüdrətli generallarından biri kimi tanınan Süleymaninin mövqeyinin həlledici olacaqdı, bu da bəzi dairələri, xüsusilə islahatçı qanadı qane etmirdi. O da iddia edilir ki, mərhum generalın son benzin aksiyalarında üsyançıları ən radikal mübarizə metodlarıyla susdurmaq tələbinin həyata keçirilməsi İranda planlaşdırılan alternativ dəyişiklik planını da əngəlləmişdi. İran ordusundakı islahatçılara yaxın generallar məhz bu səbəbdən növbəti kritik anda qarşılaşacaqları Süleymani əngəlindən xilas olmaq istəyirmişlər. Süleymaninin də bu məqsədlə sui-qəsdə qurban gedəcəyi bilindiyi halda İraqa göndərildiyi təxmin olunur.

Bu versiya öz təsdiqini taparsa, generalın koordinatlarının İrandan ABŞ-a ötürülməsi ehtimalı ortaya çıxacaq. Halbuki, İran kəşfiyyat orqanları bu satqınçılıqda İraqdakı həmkarlarından şübhələnirlər.

 

Mülahizələrə görə, İran-ABŞ arasındakı gərginliyin artması da bu qüvvələrin maraqları dairəsindədir. Belə ki, mühafizəkarların müharibəni gözə almayacaqlarından sonunda ağ bayraq qaldırıb hakimiyyətdən çəkiləcəyinə ümid edilir.

Hazırlanan plana əsasən, Süleymani sui-qəsdindən sonra mühafizəkarların ABŞ-la konliktə getməkdən başqa çarəsi də olmayacaqdı və bu da onların sonunu gətirəcəkdi. Mühafizəkarların sui-qəsdi səbrlə qarşılayacağı təqdirdə belə sonları yenə hüsranla bitəcəkdi. Bu səfər isə onlar İran və Yaxın Şərq ictimaiyyəti arasında nüfuzlarını tamamən itirəcək, gözlənilən xalq üsyanları nəticəsində rahatlıqla devrilə biləcəkdilər. Bir müddət əvvəl benzin üsyanları zamanı İran mühafizəkarlarının bu gərginliyin arxasında bəzi siyasi çevrələrin dayandığını açıq şəkildə bəyan etmələri də bu ehtimalı qüvvətləndirir. Qısası, Qasim Süleymani üzərindən mühafizəkarlara qurulan tələnin bir neçə ağzı vardı və onlar hansı tərəfə qaçmalarından asılı olmayaraq, bu tələyə yaxalanacaqlardı.

 

Belə bir zamanda Süleymaninin İrana qarşı geniş xalq etirazlarının baş verdiyi İraqa getməsi xeyli təəccüblü görünür. Üstəlik, həmin ərəfədə İrana bağlı Həşdi Şabi qüvvələri Bağdaddakı ABŞ səfirliyinin divarlarını oda vermiş, içəri daxil olmağa cəhd etmişdilər və Vaşinqton bunun qisasını alacağını gizlətməmişdi. Qasim Süleymaninin İraqa səfər üçün məhz belə bir zamanı seçməsi onu açıq hədəf halına gətirirdi.

İranın rəsmi mətbu orqanlarından olan Mehr informasiya agentliyinin yayımladığı bir sənəd Qasim Süleymaninin özünün də ölümə göndərildiyini hiss etdiyini təsdiqləyir. Yayımlanan sənəd general Qasim Süleymaninin səfərdən öncə qələmə aldığı qeydlərdir. Həmin qeydlərdə general “Allahım, məni qəbul et, səninlə görüşmək istəyirəm” yazıbmış.

 

Məlumata görə, Qasim Sülaymani bu qeydi Bağdada gəldiyi gün Dəməşqdə qaldığı evdə aynanın qabağına buraxıbmış.




Ana səhifəyə qayıt        Baxış: 1 313          Tarix: 5-01-2020, 12:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma