Xəbər lenti
Dünən, 19:25

 

 Elçin Qurbanov

Azərbaycan Respublikası Auditorlar Palatasının Hüquq Komitəsinin sədri

İran “yanlışlıqla” Ukrayna təyyarəsini vurduğunu etiraf etdikdən sonra SEPAH-ın Hava Kosmik Qüvvələri komandanı general Əmirəli Hacızadə faciənin bütün məsuliyyətini boynuna götürdüyünü və qanun qarşısında cavab verməyə hazır olduğunu açıqladı. Prezident Həsən Ruhani isə bu işdə günahı olan hər kəsin cəzalanacağına söz verdi.

Bütün bu etiraflara və verilən sözlərə baxmayaraq, indiyədək generalın həbs olunduğuna dair hər hansı məlumat yoxdur. Bu da 1988-ci ildə Liviya diktatoru Müəmmər Qəddafinin göstərişilə Şontlandiyanın Lokerbi qəsəbəsində partladılan “Pan American” Hava Yollarına aid Boeing 747 tipli təyyarəsinin taleyini xatırladır.

Ovqat.com-un məlumatına görə, 21 dekabr 1988-ci il tarixində içərisinə qoyulmuş bomba ilə partladılması nəticəsində həmin təyyarə terrorunda 270 insan həyatını itirmişdi.

Hadisədən sonra Liviya uzun müddət beynəlxalq təcridlə qarşılaşmış və sonunda təyyarəni partladılmasında məsuliyyətini etiraf etmək məcburiyyətində qalmışdı. Aparılan istintaq nəticəsində təyyarəyə bombanı Əbdül Bəsit əl-Megrahi adlı Liviya agentinin yerləşdirdiyi məlum olmuşdu. İngiltərə məhkəməsi təyyarə terrorundan hardasa 13 il sonra – 2001-ci ildə Əbdül Bəsiti həbs etsə də, o, cəmi 8 il həbsdə saxlanılmışdı. 2009-cu ildə ölümcül xəstəliyə yaxalanıb adıyla sərbəst buraxılan Megrahi Liviyaya təhvil verilmişdi.

 

270 günahsız insanın ölümünün tək məsuliyyətlisi kimi günahlandırılan Megrahinin prostat xərçənginə yaxalandığı və bir neçə ay ömrü qaldığı bildirilirdi. O isə 2012-ci ilə qədər yaşamağı bacardı və bu da dünya ictimaiyyəti tərəfindən İngiltərənin sərt şəkildə qınanması ilə nəticələndi.

Tramp hökumətinin ilk Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri kimi tanıdığımız, 2005-2006-cı illərdə isə ABŞ-ın BMT-dəki Daimi nümayəndəsi vəzifəsini icra edən Con Bolton həmin illərdə mətbuata verdiyi açıqlamasında Megrahini azadlığa buraxdığına görə İngiltərə hakimiyyətini tənqid atəşinə tutaraq demişdi: “270 adamı öldürdü. İngilis məhkəmə orqanları tərəfindən sərbəst buraxılana qədər təxminən 10 il həbsdə yatdı. Hesabı siz aparın: öldürdüyü hər bir adam üçün təxminən 2 həftə həbs. Qətl üçün iki həftə... Bu, qətiyyən yetərli deyil."

Həmin dövrlərdə İngiltərədə Leyboristlər Partiyası hakimiyyətdə idi və terrorçunu azadlığa buraxmasında beynəlxalq neft şirkəti BP-nin təzyiqlərilə bu addımı atmışdı. Daha sonra ingilis siyasilər tərəfindən də etiraf olunan bu faktın əsl səbəbi isə Liviya diktatorunun BP qarşısında qoyduğu şərtlərdən qaynaqlanırdı. ABŞ Dövlət Departamentinin WikiLeaks saytında dərc edilmiş sənədlərindən aydın olur ki, Liviya lideri Müəmmər Qəddafi əl-Megrahinin həbsxanada öləcəyi təqdirdə İngiltərəni bütün ticarət razılaşmalara son qoyacağı ilə təhdid edibmiş. BP də Qəddafinin lobbiçiliyini edərək terrorçunun azadlığa buraxılmasına nail olubmuş.

 

Bu iddianın nə dərəcədə doğru olub-olmadığını deməkdə çətinlik çəkirik. Fəqət məlum hadisədən dolayı nüfuzunu itirən Leyboristlər Partiyasını məğlubiyyətə uğradaraq İngiltərənin Baş naziri postuna əyləşən Mühafizəkar Partiyasının rəhbəri Devid Kameron terrorçunun azadlığa biraxılmasında İngiltərənin məsuliyyətini qəbul etmiş və Vaşinqtona Megrahinin yenidən həbsinə nail olacağına söz vermişdi.

2009-cu ildə İngiltərənin Ədliyyə naziri olmuş Cek Strou da terrorçunun azadlığa buraxılması qərarının Liviya diktatoru ilə sövdələşmələrin nəticəsində verildiyini etiraf edərək demişdi: “Megrahinin azad olunması Liviya ilə Böyük Britaniya arasında hərtərəfli danışıqların  bir hissəsi idi. Liviya ”möhkəm qoz" idi, biz isə çalışırdıq ki, onu öz tərəfdaşımıza çevirək. Buna görə də ticarət həmin prosesin mühüm tərkib hissəsi idi. Nəticədə BP şirkəti Liviya ilə müqavilə bağladı".

Məlumata görə, Meqrahinin azad olunması haqda razılıq hələ 2008-ci ilin yanvarında əldə edilmiş, az sonra BP şirkəti Liviya ilə 1,1 milyard dollarlıq neft müqaviləsi bağlamışdı. Başqa sözlə desək, İngiltərə 270 günahsız insanın qanını Müəmmər Qəddafiyə 1.1 milyard dollara satmışdı. Qanı satılanlar isə ABŞ vətəndaşları idilər və Qəddafi 1988-ci ildə öz rəqibinə əzələ nümayişi məqsədilə bu terror hadisəsini planlaşdırmışdı.

2009-cu ildə Liviya öz agentini İngiltərənin əlindən xilas etməklə də əslində ABŞ-a mesaj vermişdi. Sübut etmişdi ki, hətta ABŞ-ın strateji müttəfiqi olan İngiltərədə belə, Qəddafinin borusu ötür. Məhz bu inadlaşmadan sonra Liviyada vətəndaş müharibəsinə start verilmiş və qısa müddət ərzində 2011-ci ilin avqust ayının 23-də ölkənin paytaxtı Tripoli üsyançıların əlinə keçmişdi. Qəddafi qaçıb gizlənsə də, ayyarımdan sonra 20 oktyabr 2011-ci ildə məmləkəti Sirte şəhərində yaxalanmış və xalq tərəfindən linç edilərək vəhşicəsinə öldürülmüşdü.

 

Üsyançıların ürəyi bununla da soyumamışdı. ABŞ-ın üzünə ağ olan Qəddafinin cəsədi bir müddət “Afrika bazarı” adlı alış-veriş mərkəzinin soyuq anbarında saxlanılmış və xalqın ziyarətinə açılmışdı. Liviyalılar bu anbara gələrək uzun illər onlara zülm etmiş diktatorlarının cəsətiylə foto-şəkil çəkdirmək sırasına düzülmüşdülər.

Bu gün İranda baş verən təyyarə “qəzası” da bir çox cəhətdən 1988-ci ildəki Lokerbi terroruna bənzəyir. İran tərəfi Ukrayna təyyarəsinin yalnışlıqla vurulduğunu bəyan etsə də, bəzi mütəxəssislər buna inanmır, uzağı 300-400 km/s qalxış sürətilə uçan bir təyyarənin 1235 km/s-lıq səs sürətiylə hərəkət edən raketlə qarışdırılmasının mümkünsüzlüyünü bildirirlər. İddialara görə, təyyarədə İranın ortadan qaldırmağa çalışdığı biri ola və məhz həmin bir nəfərin zərərsizləşdirməsi məqsədilə 175 günahsız adamın həyatına son qoyula bilər. Bu iddianın nə dərəcədə haqlı olub-olmadığına zaman qərar verəcək. Hələlik isə İranın hətta günahını etiraf edənləri cəzalandırmaması torbada ayrı pişiyin olduğu qənaətini gücləndirir. Və hadisələrin gedişi onu göstərir ki, İranda ikinci Liviya ssenarisinə start verilib...




Ana səhifəyə qayıt        Baxış: 1 994          Tarix: 14-01-2020, 12:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma