Heyvanlar qoxlaşa-qoxlaşa, insanlar danışa-danışa dostlaşırlar.
Dövlətlər də elə insanlar kimidir. Qarşılıqlı dialoqlar olmasa, bir-birini daha dərindən tanımaz, yadlaşma prosesi arzuolunmaz mərhələlərə qədəm qoyar. Odur ki, dahilər “sözün bitdiyi yerdə savaşlar başlayar” deyəndə yanılmayıblar. Dialoqlar isə əksər hallarda mübahisələr nəticəsində ortaya çıxar.
Sevinirik ki, Ovqat.com-un İran-Azərbaycan münasibətlərinə ayırdığı zamanı hədər getmir, bəzən qaldırdığımız məsələlərə cavab verilir, bəzən isə böyük xətalar kiçik yalanlarla təkzib edilərək, “mən belə deməmişəm” cığallığına əl atılır. İlk baxışdan bu dəcəllik ayətullah ünvanı daşıyan böyük şəxsiyyətlərə yaraşmasa da, hər halda bütün cığallıqlarda uşaq məsumiyyəti gizlidir. Məsumiyyətlik isə təkcə uşaqlara yox, həm də ayətullahlara yaraşır.
Bu baxımdan İranın azərbaycanlı legionerlərinə aid “Qafqaz həqiqətləri” saytının bir müddət əvvəl dərc etdiyi məlumatda Ərdəbil imam cüməsi ayətullah Seyid Həsən Amilinin ötən cümə xütbəsində “19 yanvar Dünya Müsəlman Azərbaycanlılarının Həmrəylik Günü elan edilsin” demədiyinə eyham vurması bizim tərəfimizdən də xoş məram kimi qarşılanmışdı. Biz də ayətullah məsumiyyətindən doğan bu xoş halı daha da dərinləşdirmək niyyətilə ondan müsahibə almaq istəmiş və müsbət cavab almışdıq. Bizdən asılı olmayan səbəblərdən bu niyyətimizin hələ də reallaşmamasına baxmayaraq, yaxın günlərdə möhtərəm ayətullahla söhbətləşmək ümidimizi indiyədək qoruyuruq.
Di gəl ki, legionerlərin digər saytı Nur-az.com yaranan bu xoş münasibətlərə yenidən kölgə salan yazı dərc edib. Yazıda Ərdəbil imam cüməsinin Azərbaycan tarixini saxtalaşdırma cəhdinə sərt reaksiya verən BAXCP sədri, deputat Qüdrət Həsənquliyev barədə ağır ittihamlar irəli sürülüb. Deputatın İranda Azərbaycan dili barədə fikirlərinə heç bir məntiqə sığmayan arqumentlə cavab verilib. Belə ki, Qüdrət bəy dildən danışdığı halda, öz aləmində ona cavab verən Nur mədəniyyət mərkəzinin orqanı Nur-az.com əlifbanın quyruğundan yapışıb. Arqumenti isə lap gülməlidir: “Miskin elə bilir ki, bu gün yazdığı hərflər onun ana dilidir. Adam bir vaxtlar kiril əlifbasında yazırdı, indi də latın. Qüdrət elə danışır ki, heç elə bil 70 il rusun əlifbasıyla yazan bu deyildi. Rusun əlifbasıyla oxuyub, məktəbə gedib, universitetə girib, diplom alıb, işə girib işləyib, indi gəlib camaatdan latın dilində yazmağı tələb edir”.
Yuxarıdakı sətirlərdən göründüyü kimi, ya Nur mədəniyyət mərkəzinin rəsmi orqanı dillə əlifbanı bir-birindən ayıra bilmir, ya da iki qardaş dövlətin ünsiyyət qura-qura münasibətlərini normallaşdırması İrana sığınıb öz ölkəsinə qarşı hərbə-zorba gələnlərə sərf etmir və onlar özlərini qəsdən anlamaz yerinə qoyurlar. Əslində bu mövqe başadüşüləndir. İki dövlət arasında dostluq münasibəti yaransa, əlifbayla dili bir-birindən ayırd edə bilməyən mədəniyyət adamlarının xidmətinə də ehtiyac qalmaz və onların çörəkləri kəsilər.
Milli problemi özlərinin çörək ağacına çevirən və xidmətlərilə təkcə Azərbaycana yox, həm də hər əmrinə ləbeyk dedikləri İrana xeyir gətirməyən bu insanlarınmı, yoxsa öz ölkəsinə yönələn mədəni təhlükəyə qarşı sərt reaksiya verən deputatınmı miskin olduğuna qərar verməyi dəyərli oxucularımızın seçiminə buraxırıq. Biz isə İranın mədəni legionerlərinin qələmə aldığı həmin yazını olduğu kimi dərc edirik.
Qüdrət Həsənquliyev Ayətullah Amili haqqında “ağlına gələni danışır” deyib. Yadıma bir şairin gözəl sözü düşdü. Deməli, bir dəfə bir nəfər şeir yazıb, daha doğrusu Qüdrət kimi hədyanlarını cızma-qara edib şairə göstərir. Şair ona deyir ki, get ağlına gələn bir şey yaz gətir. Şair olmaq istəyən insan da gedir bir cızma-qara edib gəlir və şairə təqdim edir. Şair ona deyir ki, mən dedim get ağlına gələni yaz, sən isə ağzına gələni yazmısan.
İndi sözümüz prezidentin “islahatlarıyla” ayaqlaşa, qucaqlaşa bilmədiyi üçün buraxılan Qüdrətə yaxın, əməlli başlı ağzına gələni danışıb. İndi deyəcəyik məlum olacaq.
O deyir: “Onun nə dediyi məni narahat etmir, çünki Azərbaycanda hamı bilir ki, o tutduğu vəzifəyə görə fars molla rejiminə xidmət edən çıxışlar etməlidir.” Hələ bu “narahat” olmayıb yarım səhifə danışıb, gör narahat olsaydı nə edərdi? Özü də deyir ki, fars molla rejimi. Halbu ki, İslam Respublikasının Ali Dini Lideri də, elə Amili özü də molladır və türkdillidir, yəni azərbaycanlıdır. Ali Dini Liderdən yuxarı rütbə var ki, Ayətullah Xamenei ona tabe olsun?
Sonra deyir: “Hərdən Qarabağın ermənilər tərəfindən işğal olunmasını da məscidə gələnlərə xatırladır” Kaş elə sən də onun Qarabağdan danışdığı qədər Qarabağdan danışardın. Əlinə mikrofon düşən kimi GÖZƏGİRƏNLİK edirsən.
Yenə deyir: “Onun qədim Azərbaycan türklərinin torpaqlarının ermənilər tərəfindən işğal olunmasını deməsi və Azərbaycan türkcəsində danışması insanları düşündürür ki, vətəndaşı olduqları İslam Respublikası İran dedikləri kimi güclüdürsə və İslam təəssübkeşidirsə, niyə Azərbaycana kömək etməyib ki, torpaqlarını qorusun, yaxud işğaldan azad etsin. ” Əvəvla İranın Azərbaycana olan köməkliklərinə dair arxivə baxın. İkincisi də ki, utanın, ölüb yerə girin. Əgər sənin torpaqlarını İran azad edəcəksə sən Azərbaycanın havasını hansı haqla udursan? Elə Qüdrətin komandası, prezidenti idi ki, deyirdi ki, bilsəm Qarabağı İran alacaq ermənilərə verərəm. Bundan başqa deyirdi ki, İran helikopter verirdi, mən almadım. Amma Türkiyədən istədim vermədi. Buna əlavə edək o məsələni ki, bunların komandası deyirdi ki, bizim ermənidən əvvəl düşmənimiz farsdır, biz birinci Təbrizi almalıyıq. Sən həm Türkiyədən yapış, həm də de ki, İran gəlib torpaqlarımızı alsın.
Sonra sərsəmləmələrinə belə davam edir: “İrandakı Azərbaycan türkləri düşünürlər ki, cənab Amili bizimlə türkcə danışır, amma bizim öz dilimizdə məktəblərimiz, universitetlərimiz yoxdur. Uşaqlarımız ana dilində təhsil ala bilmir.” Miskin elə bilir ki, bu gün yazdığı hərflər onun ana dilidir. Adam bir vaxtlar kiril əlifbasında yazırdı, indi də latın. Qüdrət elə danışır ki, heç elə bil 70 il rusun əlifbasıyla yazan bu deyildi. Rusun əlifbasıyla oxuyub, məktəbə gedib, universitetə girib, diplom alıb, işə girib işləyib, indi gəlib camaatdan latın dilində yazmağı tələb edir.
Nəhayət deyir: “Buna görə o, hörmətə layiqdir.” Bu da ağzına gələni danışan Qüdrətin son hədyanı. Ona görə ki, həm Amili ağa haqqında “ağlı nə kəsir onu danışır” deyir, həm də ona əhsən deyib hörmətə layiq hesab edir. Görün indi xəmiri paradoksla yoğrulmuş bu adam ağlına gələni danışır, yoxsa ağzına gələni?
Paylaş: