Xəbər lenti

 

İnsan oğlu yaradılışdan öyrənmək xislətində xəlq olunub. Məhəmməd peyğəmbərin “beşikdən məzara qədər oxuyun” deməsi də bu həqiqətdən qaynaqlanır. Təsadüfi deyil ki, Qurani-Kərimin nazil olan ilk ayəsi də “Oxu, Uca Rəbbinin adıyla oxu!”-dur.

Beşikdən məzara qədər alnımıza oxumaq, öyrənmək yazıldığından hər birimizin həyatında çox sayda müəllimlərimiz olub. Biz bu müəllimlərdən elm, tərbiyyə, həyat təcrübəsi öyrənə-öyrənə adam olmuşuq. Deməli, bizi adi canlı varlıqdan dünyanın əşrəfinə çevirən müəllimlərimizə çox şeylər borcluyuq.

Həyatımızda böyük dəyəri olan, bizə bizliyimizi qazandıran bu müəllimlərdən elələri var ki, təfəkkürümüzdə saldığı izlər ölüncəyədək silinmir. İnsan beyni həyatı boyu qazandığı informasiyaları yadda saxlamaq gücündə olmasa da, ən dəyərli müəllimlərinin təfəkkürümüzdə saldığı bu izlərdən yapışıb gələcəyə doğru irəliləyirik. Həyatımız boyu qazandığımız uğurlarda da məhz o müəllimlərin payı var. Belə dəyərli insanları fərqləndirmək üçün onlara bir də ustad deyirik.

Hər kəs kimi mənim də bu günlərə gəlib çıxmağımda misilsiz xidmətləri olan dəyərli ustadlarım olub. Barmaqla sayılacaq qədər olan bu mümtaz şəxsiyyətlərdən biri də Rusvat Bayramovdur.

Rusvat müəllimi ilk dəfə tələbəliyimi başa vurub Azərbaycana qayıdarkən, yazılarımı verdiyim “Hürriyyət” qəzetindən tanıyıram. 1997-ci ilin yay aylarında başlayan bu tanışlığımız daha sonra müəllim-şəyird münasibətlərinə çevrildi. Az sonra isə dostluğumuz başladı. Üzərindən 23 il zaman keçməsinə baxmayaraq, hələ də tez-tez görüşür, dəyərli söhbətlər edirik. Rusvat Bayramovdan bu gün də nələrsə öyrənirəm. O, hələ də mənə ustadlıq edərək, Uca Yaradanın insan oğluna bəxş etdiyi ən ülvi vəzifəsini davam etdirir. Təfəkkürümdə saldığı izləri daha da dərinləşdirir. Bəzən şairliyə qapılıb sərhədlərimi aşanda dərhal zəng edib məni sükuta çağıran, məsləhətlərilə öz şəyirdini hifz etməyə çalşan bu adamın həyatımda müəllimlikdən, ustadlıqdan daha böyük yeri var.

Bu gün rahatlıqla ustad dediyim Rusvat müəllimin ad günüdür. Dəyərli ustadımın və həmkarımın 65 yaşı tamam olur. Onun barəsində nə qədər tərənnümedici sözlər desəm də, yenə Rusvat ucalığından aşağıda qalacağını düşünürəm. Məhz bu səbəbdən də sözdən uca olan ustadımı qısa məlumatlarla oxuculara tanıtmaq istəyirəm.

Rusvat Mikayıl oğlu Bayramov 1955-ci il fevralın 1-də Şəmkir rayonunun Düyərli kəndində anadan olub. İndiki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1980-ci illərdən başlayaraq “Azərbaycan gəncləri”, “Kommunist” (indiki “Xalq qəzeti”), “Həyat”, “Azərbaycan”, “Respublika”, “Hürriyyət”,  “Gündəlik Azərbaycan”, “Senzor”, “Unikal”, “Geopolitika” və s. qəzetlərdə müxbir, şöbə müdiri, redaktor, baş redaktor müavini və baş redaktor vəzifələrində işləyib.

Bir müddət Azərbaycan Respublikası Nazirlər Kabineti Mətbuat Xidmətinin rəhbəri və Ədalət Partiyası sədrinin mətbuat və informasiya məsələləri üzrə müavini olub.

1000-dən çox publisistik məqalənin, ən müxtəlif problemlərə aid yüzlərlə araşdırma materiallarının müəllifi, bir neçə kitabın isə həmmüəllifi, müəllifi və redaktorudur.

Gəns jurnalist kadrlarının yetişdirilməsində də R.Bayramovun xeyli rolu və xidməti olub. Onun yetirmələri neçə illərdir ki, müxtəlif yazılı və elektron KİV-də çalışır, bəziləri hətta aparıcı, rəhbər vəzifələr tuturlar. Bunlardan biri də yuxarıda qeyd etdiyim kimi bəndənizdir.

Azərbaycan jurnalistikasının inkişafındakı xidmətlərimə görə “Dan ulduzu” (1992), “Qızıl qələm” (1993) mükafatları, “Kamil sənətkar” diplomu və Fəxri fərmanlarla təltif olunub.

Virtualaz.org saytı yaranandan (iyun, 2013-cü il) onun informasiya redaktorudur. Həmişə olduğu kimi, bu gün də Azərbaycan həqiqətlərinin oxuculara çatdırılması, milli jurnalistikamızın inkişafı və gənc kadrların peşəkar kimi yetiışdirilməsi üçün yorulmadan, əzmlə çalışır.

Ailəlidir, 4 övladı, 3 nəvəsi var.

Ovqat.com saytının kollektivi və oxucuları adından dəyərli həmkarımızı yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, uzun ömür, xoşbəxtlik və istədiyi kimi yaşayıb-yazmaq imkanı arzulayırıq.

Ad gününüz-yubileyiniz mübarək, Ustad!

Heydər Oğuz

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 3 049          Tarix: 1-02-2020, 02:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma