Xəbər lenti

  

Əli Həsənovun “Kaspi” qəzetinin kollektivinin prezident İlham Əliyevə ünvanladığı məktub media təmsilçiləri arasında da birmənalı qarşılanmayıb. Azərbaycan “troll ədəbiyyatı”nın əsasını qoyan və baş trolluq vəzifəsini canü-könüldən yerinə yetirən bir adamın bir nömrəli qəzetində işləməkdən xəcalət çəkməkdənsə, hələ bir də dövlətdən pul tələb edənlərin bu hərəkətləri təəccüb doğurduğu kimi, üstəlik, Əli Həsənovun həyat yoldaşının onları dəstəkləməsi “utanmasan, oynamağa nə var ki” atalar sözünü yada salır. “Kaspi”çilərin bu utanmazlığına ən maraqlı reaksiya isə tanınmış jurnalist Eynulla Fətullayevdən gəlib.

Ovqat.com onun dünən facebookda paylaşdığı statusu təqdim edir:

“Əli Həsənovun həyat yoldaşı, psevdo-jurnalist Sona Vəliyeva indicə facebookdan prezident İlham Əliyevdən gileylənib. Əli Həsənovun Muzası hesab edir ki, dövlət “Kaspi” qəzetinin maliyyələşdirməsini dayandırmaqla yanlış addım atıb. Mən də ərinmədim Zərdabinin davamçısına şərh bölümündə cavab verdim. Yəqin pozacaq, ona görə də öz səhifəmdə təkrar edirəm:

“Pulunuz çoxdur, xərcləyin getsin. Qəzetinizi isə bağlasanız yaxşıdır, Əli Mərdan bəy Topçubaşovun təsis etdiyi “Kaspi” qəzetini Çingiz İldrıma bənzəyən həyat yoldaşınız Əli Həsənovla birgə urvatsız elədiz!!! Biabırçı nəşr idi, mətbuat adına ləkə və rüsvayçılıq idi. Bəsdirin xalqı ələ saldınız...””

 

Qeyd edək ki, Sona Vəliyeva dünən qələmə aldığı məqalədə yazırdı:

"“Kaspi” tarixi taleyi və ənənəsi olan bir qəzetdir"

Azərbaycan Respublikasının Prezidenti yanında KİV DF-nin “Kaspi” qəzetini maliyyələşən qəzetlərin siyahısından çıxarması bütövlükdə bizim kollektivə qarşı ədalətsiz qərardır. Dövlət vəsaiti ilə maliyyələşən 25 qəzet siyahısından yalnız rus və Azərbaycan dillərində çıxan “Kaspi” qəzetləri ixtisar olunub. Bu gün “Kaspi” qəzeti öz nüfuzu ilə seçilən qəzetlərdən biridir. Rus və Azərbaycan dillərində gündəlik çıxan “Kaspi” qəzetinin 50 nəfər rəsmi, 50 nəfərdən yuxarı isə qonorarla çalışan jurnalist kollektivinin işsiz qalması yolverilməzdir. Hər iki qəzetin çoxsaylı kollektivi dünən ölkə rəhbəri cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladı. Cənab İlham Əliyevin hər zaman Azərbaycan mətbuat işçilərinə qarşı yüksək qayğı və diqqət göstərdiyi hamımıza məlumdur. Jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması üçün mənzillərin tikilməsi, medianın inkişafı üçün yüksək məbləğdə vəsaitin ayrılması buna sübutdur. Geniş islahatların başlandığı, dövlətin inkişafının mediada geniş təbliğ olunduğu zamanda jurnalistlərin dostu olan cənab Prezident İlham Əliyevin, eləcə də Birinci Vitse-prezident Mehriban Əliyevanın bizim bu müraciətə müsbət cavab verəcəyinə inanırıq.

 

“Kaspi” tarixi taleyi və ənənəsi olan bir qəzetdir. 1881-ci ildə işıq üzü görərək Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında vətənpərvər ziyalıların tribunası rolunu oynayıb. Məhz buna görə “Kaspi” qəzeti həm də “Üç əsrin qəzeti” adlanır. Bu qəzetdə Ə.Topçubaşov, H.Zərdabi, Ə.Hüseynzadə, M.Şahtaxtı kimi vətənpərvər ziyalılar baş redaktor kimi çalışıblar.

1999-cu ildə müstəqil Azərbaycan mediasının inkişafının ilk mərhələlərində ulu öndər Heydər Əliyevə müraciətimiz onun xeyir-duası ilə cavablandı və bu qəzet öz tarixi fəaliyyətini bərpa etdi. O vaxtdan Azərbaycan dövlətçiliyinin təbliğində böyük rol oynayaraq, bu günə qədər qüsursuz və nöqsansız fəaliyyət göstərib. Qəzetin saytı Azərbaycan, rus və ingilis dillərində fəaliyyətdədir. Eləcə də artkaspi.az ədəbiyyat saytımız da var. Hazırda qəzetin 3 əlavəsi fəaliyyətdədir. Həftənin cümə axşamı günləri “Teatr”, cümə günləri “Gənclik”, şənbə günləri “Ədəbiyyat” əlavələri nəşr olunmaqdadır. «Kaspi» gündəlik rəngli formatda, həftəarası günlərdə 16 səhifə, şənbə günü isə 24 səhifə rəngli çap olunur. 2019-cu ildə qəzet 3800 tirajla çıxıb.

  

“Kaspi” qəzeti bu günə qədər Azərbaycan dövlətinin inkişafı ilə bağlı tariximizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği mövzusunda müxtəlif layihələr həyata keçirərək, 20-dən artıq kitab çap edib: “Biz düşünürük ki, mətbuat azadlığının genişləndiyi, dövlətin yaradıcı ziyalılara, jurnalistlərə, media və azad sözə qayğısının günü-gündən artdığı bir dövrdə “Kaspi” kimi tarixi ənənəyə sahib bir qəzetin bağlanması ölkənin media siyasəti haqqında heç də yaxşı fikir yaratmır. Bu addımı atanlar, bu təşəbbüsdə olan məmurlar, KİV DF və digərləri bu qərarı qəbul etməzdən əvvəl müəyyən sorğu aparmalı, ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin fikrini öyrənməli və sonra bu fikirləri müvafiq olaraq cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya çatdırmalı idilər. Biz inanmırıq ki, prezident İlham Əliyev və Mehriban xanım bu cür tarixi ənənələrə bağlı bir qəzetin bağlanmasını və ya heç bir tarixi olmayan, heç bir ənənəsi olmayan bəzi qəzetlərin fəaliyyətini davam etdirməsini dəstəkləsinlər. Biz “Kaspi” qəzetinin yaradıcı heyəti, təsisçi olaraq mən də daxil olmaqla, yardım göstərilməyəcəyi təqdirdə belə, bütövlükdə köməyimizi əsirgəməyərək, lazım gələrsə bu “Könüllülər ilində” qəzetdə maaşsız və qonorarsız çalışacağıq. Necə ki zamanında Hacı Zeynalabdin Tağıyev bu qəzeti alaraq ölkə ziyalılarına təqdim etmiş, o ziyalılar isə bu qəzeti yaşatmaqda öz səylərini əsirgəməmişdir. Lazım gələrsə, mən də bu qəzetin təsisçiliyindən imtina edərək qəzetin taleyini ölkə ziyalılarının və jurnalist ictimaiyyətinin ixtiyarına verməyə hazıram. Yetər ki, tarixə və ənənəyə sahib bu qəzet bağlanmasın, fəaliyyətini dayandırmasın.

Biz əminik ki, “Kaspi” qəzeti kollektivinin ölkə rəhbəri cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya ünvanlanan müraciəti müsbət həllini tapacaqdır.

Sona Vəliyeva
"Kaspi" qəzetinin təsisçisi"




Ana səhifəyə qayıt        Baxış: 815          Tarix: 5-02-2020, 07:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma