Ölkə başçısı İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Münhen debatına damğa vuran məqamlardan biri də BMT TŞ-nın Dağlıq Qarabağla bağlı qəbul etdiyi 4 qətnamə oldu. BMT TŞ-nın 4 qətnaməsini xatırladan İlham Əliyevə cavab verən Nikol Paşinyan qətnamələrinin əsas məqsədinin atəşkəs elan edilməsi olduğunu bildirib və iddia edib ki, həmin sənədlərdə atəşkəsin Azərbaycan tərəfindən pozulduğu vurğulanıb. Paşinyanın fikrincə, BMT TŞ-nın qətnamələrinə əməl etməyən tərəf Azərbaycandır və atəşkəsi pozmasına baxmayaraq, Qarabağı da əlində saxlaya bilməyib. Üstəlik, guya, həmin sənədlərdə Ermənistan ordusundan yox, Dağlıq Qarabağ ermənilərinin yaratdığı yerli müdafiə dəstələrindən söhbət gedir.
Bəs, bu liderlərdən hansı haqlıdır? BMT TŞ-nın sözügedən qətnamələri nədən bəhs edir?
Ovqat.com-un araşdırmalarına görə, BMT TŞ Şurasının qətnamələrində Kəlbəcər, Ağdam, Zəngilan və digər işğal olunmuş ərazilərində, o cümlədən Horadiz şəhərində hərbi əməliyyatların dərhal dayandırılması tələb olunur və münaqişənin Azərbaycan-Ermənistan arasında baş verdiyi vurğulanır. Dağlıq Qarabağ erməniləri barədə isə heç bir fikir söylənilmir. Yalnız bir yerdə - 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnamədə “yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması”ndan bəhs olunur ki, bu da atəşin Azərbaycan tərəfindən yox, qarşı tərəfin günahı ucbatından pozulduğu anlamına gəlir.
Paşinyanın iddialarını yalanlayan 4 Qətnaməni olduğu kimi dərc edirik:
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi üzrə Qətnamələri
BMT-nin Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il 822 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası, Təhlükəsizlik Şurasının sədrinin 29 yanvar 1993-cü və 6 aprel 1993-cü il tarixli Dağlıq Qarabağ haqqında olan bəyanatlarına istinad edərək; Baş Katibin 15 aprel 1993-cü il tarixli məruzəsini nəzərə alaraq; Azərbaycan Respublikası və Ermənistan Respublikası əlaqələrinin pozulmasına görə öz ciddi narahatlığını bildirərək; hərbi silahlı əməliyyatların qızışdırmasını və o cümlədən yerli erməni qüvvələrinin Kəlbəcər rayonuna soxulması ilə əlaqədar narahatlığını qeyd edərək; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranması, mülki əhalinin kütləvi yerdəyişməsi, regionda, o cümlədən Kəlbəcər rayonunda fövqəladə humanitar vəziyyətilə əlaqədar öz ciddi narahatlığını bildirərək; bu regionda olan bütün dövlətlərin ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək üçün silahlı qüvvələrin istifadə etməyin yolverilməzliyini bir daha təsdiq edərək; ATƏT çərçivəsində keçirilən sülh danışıqlarını dəstəklədiyini bəyan edərək və hərbi əməliyyatların qızışdırılması, bunun ağır nəticələrə gətirib çıxaracağı ilə bağlı narahatlığını bildirərək:
1) Dayanaqlı atəşkəsin əldə olunması üçün bütün hərbi əməliyyatların və digər düşmənçilik aktlarının hökmən dayandırılmasını, işğalçı qüvvələrin Kəlbəcərdən və Azərbaycanın zəbt olunmuş rayonlarından çıxarılmasını tələb edir;
2) Maraqlı tərəfləri münaqişəni ATƏT-in Minsk qrupu prosesinin çərçivəsində sülh yolu ilə həll etmək üçün danışıqları bərpa etməyə və problemin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətə yol verməkdən çəkinməyə çağırır;
3) Bu regionda həmçinin münaqişənin toxunulduğu rayonlarda mülki əhalinin əzab-əziyyətlərinin azaldılması üçün aparılan humanitar yardımın göstərilməsinə əlaqədar olan beynəlxalq fəaliyyətin maneəsiz keçməsini təmin edilməsinə çağırır və tərəflərin Beynəlxalq Humanitar Hüququn prinsiplərinə və normalarına əməl olunmasının məcburiliyini təsdiq edir;
4) Baş Katibdən hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda və həmçinin Azərbaycanın Kəlbəcər rayonundakı vəziyyətin qiymətləndirilməsini və sonradan Şuraya məruzə edilməsini xahiş edir;
5) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Sərəncam 3205 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
***
BMT-nin Təhlükəsizlik Şurasının 29 iyul 1993-cü il 853 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822 saylı Qətnaməsini təsdiq edərək; ATƏT-in Minsk qrupunun 27 iyul 1993-cü il tarixli məruzəsini dinləyərək; Ermənistan və Azərbaycan Respublikası arasında olan münasibətlərin pislənməsi və onların arasında olan gərginlikdən ciddi narahatlığını bildirərək; tərəflərin 822 saylı Qətnamənin həyata keçirilməsinə dair təxirəsalınmaz planın qəbul etmələrini alqışlayaraq; hərbi qüvvələrin əməliyyatlarının qızışdırılması, o cümlədən Azərbaycanın Ağdam rayonun işğalını həyəcanla qeyd edir; bu vəziyyətin sülh və sabitliyə təhlükə yaranmasına dair narahatlığını bildirir;
1) Ağdam rayonu və Azərbaycanın işğal olunmuş digər torpaqlarının zəbtini pisləyir;
2) Regionda düşmənçilik hərəkətlərini, həmçinin mülkü əhaliyə hücumlar və yaşayış rayonlarının bombardman edilməsini və artilleriya atəşinə tutulmasını pisləyir;
3) Bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını, təcili, tam və danışıqsız olaraq Ağdam və Azərbaycanın işğal olunmuş digər rayonlarından münaqişədə iştirak etmiş silahlı qüvvələrinin çıxardılmasını tələb edir;
4) Tərəfləri razılaşmaya gəlməyə və bu razılaşmaya əməl etməyə çağırır;
5) Regionda yuxarıda göstərilən 3-cü və 4-cü bəndlərin kontekstini, özünün əvvəlki iqtisadi, nəqliyyat və energetika əlaqələrinin bərpasına çağırışlarını bir daha təsdiq edir;
6) ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həll olunmasına, həmçinin 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsinə yönəldilmiş səylərini bəyənir və buna qarşı çıxa biləcək hərbi əməliyyatların qızışdırılması ilə bağlı ciddi narahatlığını bildirir;
7) ATƏT-in nəzarətçi missiyasının və fəaliyyət qrafikinin yaradılmasına dair tədbirlərin, həmçinin Şura çərçivəsində və yerlərdə şuranın iştirak etməsi haqqında təklifi alqışlayır;
8) Tərəflər münaqişənin sülh yolu ilə həll olunmasına qarşı hər hansı bir hərəkətdən çəkinməyə, Minsk qrupu çərçivəsində danışıqların aparılmasına, həmçinin münaqişənin son həllinə yönəlmiş birbaşa əlaqələri davam etməyə çağırır;
9) Ermənistan Respublikasının Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinin 822-ci (1993) və indiki qətnamələrin əməl etməsini təmin etməyə və bu tərəfin Minsk qrupunun təkliflərini qəbul eləməsinə çağırır. Dövlətləri təklikdə münaqişənin eskalasiyasına, yaxud ərazilərin işğalının davam etdirilməsinə gətirib çıxarda bilən hər hansı silahın və hərbi əmlaklara təchiz etməkdən çəkinməyə çağırır.
10) Dövlətləri münaqişənin şişirdilməsinə və ya ərazinin işğalına davam etməsinə yönəlmiş hər hansı bir silahlı və hərbi yardımdan çəkinməyə təkidlə çağırır;
11) Mülkü əhalinin dözülməz vəziyyətinin yüngülləşdirilməsinə yönəldilmiş regionda, həmçinin münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardımla maneəsiz təmin olunmasına etməyinə bir daha çağırır;
12) Baş Katibdən və müvafiq beynəlxalq təşkilatlardan zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardımın verilməsini və yerini dəyişmiş şəxslərin evlərinə qaytarılmasına xahiş edir;
13) Baş Katibdən, hazırda fəaliyyətdə olan ATƏT-in və Minsk qrupunun sədrlərinin məsləhəti ilə regionda vəziyyətə dair məruzələrin təqdimatının davam etdirilməsini xahiş edir;
14) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3259 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
***
BMT-nin Təhlükəsizlik Şurasının 14 oktyabr 1993-cü il tarixli 874 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və 18 avqust 1993-cü ildə Təhlükəsizlik Şurasının Sədri tərəfindən oxunan Bəyanata istinad edərək, Qarabağ üzrə ATƏT-in Minsk qrupunun BMT-nin sədrinə ünvanlanmış 1 oktyabr 1993-cü il tarixli məktubuna baxaraq, Azərbaycan Respublikasında və onun ətrafında Dağlığ Qarabağ konfliktinin və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması ilə bağlı öz narahatlığını bildirərək, 8 oktyabr 1993-cü ildə Moskva şəhərində keçirilən yüksək səviyyəli görüşü qeyd edərək və bu görüşün vəziyyətin yaxşılaşmasına və konfliktin sülh yolu ilə həll olmasına kömək edəcəyinə ümid bəsləyərək, Azərbaycan Respublikasının və regionda olan digər dövlətlərin suverenliyini və ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin pozulmazlığını və qüvvə tətbiq edərək torpaqların alınmasının mümkünsüzlüyünü bir daha təsdiq edərək, konflikt ilə bağlı insanların əzab-əziyyətləri və regionda baş verən humanitar vəziyyətlə əlaqədar, o cümlədən Azərbaycan Respublikasının çoxsaylı vətəndaşlarının yerdəyişməsi ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Tərəfləri atəşkəsin effektlisini və daimiliyini, Minsk qrupuna dəstək olaraq Rusiya Federasiyasının yardımı ilə birbaşa əlaqələrin yaradılmasını təmin etməyə çağırır;
2) Özünün ATƏT və Minsk qrupunun yorulmaz əməyi çərçivəsində əldə olunan sülh prosesini dəstəklədiyini bir daha bəyan edir;
3) 28 sentyabr 1993-cü ildə Minsk qrupunun yığıncağında qəbul edilmiş və Sədr tərəfindən maraqlı tərəflərə təqdim edilmiş «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsi ilə əlaqədar təxirə salınmaz tədbirlərin yeniləşmiş qrafikini» bəyənir, tərəflərə onu qəbul etməsini məsləhət görür və buna çağırır;
4) Münaqişədən irəli gələn və «Yeniləşmiş qrafik»də həll olunmamış problemlərin Minsk qrupu tərəfindən aparılan sülh danışıqları çərçivəsində həll ediləcəyinə əmin olduğunu bildirir;
5) Tərəfləri Minsk qrupunun «Yeniləşmiş qrafik»də nəzərə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə, zəbt olunmuş ərazidən hərbi qüvvələrin çıxarılmasına, kommunikasiya və nəqliyyatla bağlı bütün maneələrin aradan qaldırılmasına çağırır;
6) ATƏT-in Nazirlər Şurasının 24 mart 1992-ci il tarixli mandatına əsasən və «Yeniləşmiş qrafik»də nəzərə alınmış və münaqişənin həllinə yönəldilmiş sülh danışıqlarının aparılması üçün tezliklə Minsk qrupunun konfransının keçirilməsini lazım bilir;
7) Baş katibdən Minsk konfransında iştirak etmək üçün nümayəndə göndərilməsi təklifini müsbət cavablandırılmasını və konfransın açılışından sonra sülh danışıqlarının aparılmasına bütün mümkün olan köməyi göstərməsini xahiş edir;
8) ATƏT tərəfindən yaradılmış Nəzarət komissiyasını dəstəkləyir;
9) Tərəfləri Beynəlxalq Humanitar Hüququnun pozulmasına yol veriliməməsinə və 822 (1993) və 853 (1993) saylı Qətnamələrində olan, münaqişənin toxunduğu bütün rayonlarda humanitar yardım məqsədi ilə beynəlxalq fəaliyyətin maneəsiz keçirilməsinə təminat verilməsinin vacibliyini bir daha bəyan edir;
10) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsinə, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;
11) Baş Katibdən və müvafiq Beynəlxalq Humanitar Təşkilatlardan zərər çəkmiş mülki əhaliyə fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təhlükəsizlik şəraitində yaşamaq üçün köməklik göstərilməsini xahiş edir;
12) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişatından və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya təqdim etmələrini xahiş edirik;
13) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
Qətnamə 3292 saylı yığıncağında yekdilliklə qəbul olunmuşdur.
***
BMT-nin Təhlükəsizlik Şurasının 11 noyabr 1993-cü il 884 saylı Qətnaməsi
Təhlükəsizlik Şurası özünün 30 aprel 1993-cü il tarixli 822, 25 iyul 1993-cü il tarixli 874, 14 oktyabr 1993- cü il tarixli 874 saylı Qətnamələrini təsdiq edərək; ATƏT və Minsk qrupunun yorulmaz səyi çərçivəsində aparılan sülh danışıqlarını tam dəstəkləyərək; ATƏT-in fəaliyyətdə olan Sədrinin məktubunu və əlavələri nəzərə alaraq, Azərbaycan Respublikasında və onun ətrafında konfliktin və Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında olan gərginliyin sülh və sabitliyə təhlükə yaratması; atəşkəsin pozulması, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbt olunması ilə əlaqədar hərbi əməliyyatların gərginləşməsi ilə bağlı narahatlığını bildirərək; Azərbaycanın və regionda olan digər dövlətlərin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərin toxunulmazlığının və ərazinin zəbt edilməsi üçün qüvvədən istifadə edilməsinin yolverilməzliyini təsdiq edərək; Azərbaycanın cənub sərhədlərində yerləşən Zəngilan rayonu və Horadiz şəhərində fövqəladə humanitar vəziyyətin yaranması ilə əlaqədar öz ciddi narahatlığını bildirərək:
1) Hərbi əməliyyatın başlanmasına səbəb olan tərəflərin atəşkəsin son pozulmasını, o cümlədən Zəngilan rayonu və Horadiz şəhərinin zəbtini, mülki əhaliyə hücumu və Azərbaycan Respublikası ərazisinin atəşə tutulmasını pisləyir;
2) Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ regionun ermənilərinə öz təsirindən istifadə edərək 822 (1993) və, 853 (1993) və 874 (1993) saylı Qətnamələrə riayət etməsinə və hərbi kampaniyaların davam etməməsi üçün vəsaitlərin verilməməsini təmin etməyə çağırır;
3) ATƏT-in Minsk qrupunun 9 nəfərinin bəyanatını məmnuniyyətlə qeyd edir və orada göstərilən atəşkəs haqqında birtərəfli bəyanatı yüksək qiymətləndirir;
4) Maraqlı tərəflərdən hərbi əməliyyat və düşmənçilik aktlarının həmən dayandırılmasını, birtərəfli olaraq Təhlükəsizlik Şurasının «822 (1993) və 853 (1993) Qətnamələrinin həyata keçirilməsilə əlaqədar təxirəsalınmaz tədbirlərin yeniləşmiş qrafikini» və Minsk qrupunun Vyana şəhərində keçirilən 2-8 noyabr 1993-cü ildə keçirilən iclasında qəbul olunmuş dəyişiklikləri nəzərə alaraq hərbi qüvvələrin Zəngilan rayonu və Horadiz şəhərindən və digər işğal olunmuş rayonlardan çıxarılmasını tələb edir;
5) Maraqlı tərəfləri Rusiya Federasiyasının Minsk qrupuna dəstək məqsədi ilə yardımı birbaşa kontakt nəticəsində əldə olunmuş atəşkəsə riayət etməyə və onun daimiliyini və effektliyini təmin etməyə; və münaqişənin həlli yolunda Minsk prosesinin və «Yeniləşmiş qrafik» və ona Minsk qrupunun 2-8 noyabr 1993- cü il tarixli iclasında qəbul etdiyi dəyişikliklər çərçivəsində münaqişənin nizamlanmasına dair danışıqlar və digər mümkün olan bütün yolların axtarışını davam etdirilməsinə təkidlə çağırır;
6) Bu regionda olan bütün dövlətləri münaqişənin böyüməsi, sülh və sabitliyin pozulmasına yönəldilmiş hər hansı bir təcavüzdən və müdaxilədən çəkinməyə təkidlə çağırır;
7) Baş Katibdən və müvafiq beynəlxalq humanitar təşkilatlardan zərər çəkmiş mülki əhaliyə, o cümlədən Azərbaycanın cənubunda yerləşən Zəngilan rayonu və Horadiz şəhərinin əhalisi daxil edilməsi ilə, fövqəladə yardım göstərilməsini, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtması və təhlükəsizlik şəraitində yaşamaq üçün köməklik göstərilməsi xahiş olunur;
8) Baş Katibdən, ATƏT-in fəaliyyətdə olan Sədrindən Minsk prosesinin gedişi və yerlərdə olan vəziyyətin bütün aspektləri üzrə, həmçinin bununla əlaqədar ATƏT və BMT-in indiki və gələcəkdəki əməkdaşlığı barəsində Şuraya hesabat verməsi xahiş edilir;
9) Bu məsələ ilə əlaqədar aktiv məşğul olmağı qərara alır.
3313 saylı Qətnamə yığıncağında yekdilliklə qəbul olunmuşdur.
Paylaş: