Xəbər lenti

  

Türkiyə ötən il Rusiyadan S-400 havadan müdafiə sistemləri aldı. İndisə İdlibdə vəziyyət mürəkkəbləşdikcə, ABŞ-dan eyni təyinatlı silah kompleksi olan “Patriot” almağa çalışır. Bəs bu çoxtərəfli silah alış-verişi nə ilə izah oluna bilər?

Ovqat.com xəbər verir ki, bu suala Türkiyənin Milli Müdafiə naziri Xülusi Akar dünən CNN Türk tele-kanalında yayımlanan “Gecə görüşü” proqramında aydınlıq gətirib.

Ölkənin İdlibdə qarşılaşdığı çətin vəziyyətin müzakirə olunduğu verilişdə sualları cavablandıran nazir Türkiyənin Şimali Suriya ilə bağlı bir neçə alternativ planlarının olduğunu və bunların yeri gəldikcə həyata keçiriləcəyini deyib.

"Rusiya ilə Türkiyə arasındakı danışıqlar davam edir. İdlib güc tətbiqi də daxil olmaqla müxtəlif vasitələrlə atəşkəsi təmin edəcəyik. A, B, C planlarımız hazır, yeri gəlincə tətbiq olunacaq. Soçi sazişinin arxasındayıq, tərəflərin də buna əməl etməsini istəyirik”, - deyən Akar Rusiya ilə qarşı-qarşıya gəlmə niyyətlərinin olmadığı, sadəcə Əsəd rejiminin İdlibdə qırğına son verməsini və Türkiyəyə köçlərin qarşısının almasını istədiklərini vurğulayıb.

Bəs, Türkiyə Suriyadan nə vaxt çıxacaq?

Jurnalistin bu sualına Akarın cavabı belə olub:

“Nə vaxt ki, Konstitusiya hazırlanacaq, qanuni seçkilər keçirləcək,  legitim hökumət qurulacaq, demokratik bir dövlət formalaşacaq, hər şey öz yerində oturacaq, biz də öz yerimizi alacağıq”.

ABŞ ilə münasibətlərə toxunan nazir Akar bildirib ki, bu dövlət Türkiyənin strateji tərəfdaşı və NATO-dakı müttəfidir. Türkiyənin ABŞ-dan gözlətinlərinə gəlincə isə, nazirin fikrincə, bu, “Patriot” dəstəyi ola bilər: “Çünki ölkəmizə qarşı hava hücumu və raket təhdidi var”.

ABŞ-dan “Patriot” istəmələrinə baxmayaraq, S-400-dən də vaz keçmədiklərini deyən Milli Müdafiə naziri ötən il Rusiyadan alınan bu havadan müdafiə sistemlərinin yazda quraşdırılacaqlarını deyib:

“Biz S-400-ü aldıq, Türkiyəyə gətirdik, quraşdırılması və təhsil müddəti davam edir. Fəaliyyətimiz planlaşdırıldığı kimi davam edəcəkdir. Nöqtə. Quraşdırma yazda baş tutacaq”.

 

Xülusi Akar S-400-ə sahib olmağın düşünüldüyü kimi asan olmadığını vurğulayaraq deyib:

“Əvvəla, S-400-ə sahib olmaq, “səhər oyandıq, bazara getdik, S-400 aldıq”la tamamlanmır. Onun quraşdırılması və hərbi kadrların yetişdirilməsi prosesi var. 90-cı illərdən bəri hava məkanımızı qorumaq üçün hava hücumundan müdafiə sistemi axtarırdıq. Suriyadakı böhranın meydana gəlməsi ilə bu axtarışlar daha da aktuallıq qazandı. Bu çərçivədə Rusiya, Çin və Avropa ilə sıx təmaslarımız oldu, əlbəttə, ABŞ ilə də görüşdük. Ruslar irəli sürdüyümüz meyarlara müsbət cavab verdilər. Onlarla razılıq əldə edildi. 83 milyon insanın qorunması bizim üçün böyük bir məsuliyyətdir.

“Patriotlar”la bağlı  danışıqlarımız uzun müddət davam etdi; 2013-cü ildən 2017-ci ilə qədər. Tramp da bunu mətbuatda etiraf etdi. Baş qərargahlarına xitabən dedi ki, istədiklərini vermirsiniz, sonra onları S-400 almaqda günahlandırırsınız. Ölkəmizə qarşı təhdid varkən tədbir alınmamalıdırmı? Türkiyə suveren və müstəqil bir dövlətdir, hər kəsin bunu anlaması və belə görməsi lazımdır. Biz ölkəmizin hüquqları və maraqları üçün hərəkət edirik. İlkin danışıqlarda müsbət hadisələr və konstruktiv yanaşmalar olsaydı, əlbəttə “Patriot” alardıq. Bundan əlavə hava hücumundan müdafiə sistemlərinə də ehtiyacımız var, “Patriot”-la bağlı danışıqlarımız indi də davam edir. Tərəflər öz mövqelərini bəyan edirlər və həll yollarını tapmaq üçün səylərimizi davam etdiririk”.




Ana səhifəyə qayıt        Baxış: 1 180          Tarix: 21-02-2020, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma