Xəbər lenti

  

Türkiyədə səfərdə olan ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri səfərin yekunlarına dair mətbuat konfrası keçirib.

Ovqat.com-un məlumatına görə, diplomat jurnalistlərin suallarını cavablandırarkən Türkiyənin ABŞ-dan “Patriot” tipli havadan müdafiə sistemləri istəməsini dəyərləndirərək Ankarayla "spesifik bir hərbi program üzərində çalışmadıqlarını" bildirb.

Bununla da diplomatik dillə Türkiyətə “Patriot” silahları verməyəcəklərinə eyham vuran Cefri bunu elə bir ehtiyacın olmaması ilə əlaqələndirib: "Türkiyə, bir NATO üzvü olaraq ordusunda böyük əksəriyyətlə bizim silah-sursatlarımızdan istifadə edir. Bu avadanlıqların ehtiyac duyulanda hazır olmasını istəyirik. "

Bəs NATO Rusiyanı dayandırmaq üçün nə edəcək?

Jurnalistlərin bu sualına da ABŞ diplomatının cavabı maraqlı olub. Onun fikrincə, Rusiya ilə danışıqlar masasına qayıtmaq üçün müəyyən səviyyədə hərbi tarazlığın əldə edilməlidir və bunun üzərində çalışılacaq: "Türkiyə ilə hazırda da davam edən əsgəri dəstəyimiz, hərbi satış proqramlarımız, kəşfiyyat, diplomatiya və NATO içində dəstək layihələriniz var və bu mövzuları birgə gözdən keçiririk. Türkiyəyə lazımi hərbi sursat vermək istəyirik. Humanitar yardım da türklərin ən çox vurğuladığı mövzudur".

 

İdlib məsələsində Türkiyə ilə yaxından məsləhətləşdiklərini gizlətməyən xüsusi nümayəndə öz strateji müttəfiqlərinə tam dəstək verməmələrinin əsl səbəbinə eyham vuraraq deyib: “Cənab Ərdoğanın Rusiya Prezidenti Putinlə görüşmək üçün Moskvaya gedərkən necə mövqe tutacağını izləyirik. Hazırda əsas diqqət ayırdığımız məsələlər yardım paketləri və Türkiyəni Rusiya ilə münasibətlərində diplomatik olaraq dəstəkləməkdir. Dünən yüksək səviyyəli bir Rusiya rəsmisi ilə danışdım. Türkiyənin saxta deyil, gerçək bir atəşkəs istədiyini vurğuladım. "

ABŞ diplomatının sözlərindən belə çıxıb ki, Türkiyə prezidentinin Moskva ilə əlaqələrində necə mövqe tutacağına əmin olmadıqlarından ona istənilən köməyi göstərmirlər.

Suriya ordusunun İdlibdəki hücumlarını "tamamilə iblisanə" hərəkət olaraq qiymətləndirən Cefri Bəşər Əsəd hakimiyyətini sərt üslubla tənqid etməkdən də çəkinməyib: "Rejim milyonlarla insanın İdlibdən çıxarılması üçün əxlaqsız siyasət yürüdür".

Bəs bu əxlaqsız hərəkət özünü nədə göstərir? - Cefrinin fikrincə, rəsmi Dəməşqin İdlibdə demoqrafik quruluşunu dəyişdirməyi hədəfləməsində.  O, Əsədin son təcavüzünün də buna xidmət etdiyini və bölgə üçün hər zamankindən daha təhlükəli hal aldığını bildirib.

ABŞ-ın Rusiyaya və Əsəd rejiminə qarşı əsas zərbəsi isə iqtisadi savaş olacaq. “Əsəd rejimi ilə Rusiyadan olan bəzi insanlar üçün əlavə sanksiyalar üzərində işləyirik",-deyən Cefrinin sözlərindən belə çıxır.

Mətbuat konfransında ABŞ-ın Ankara səfiri David Satterfield də iştirak edib. Onun jurnalistlərin suallarına cavabı lakonikliyi ilə seçilib: "Türkiyənin havadan müdafiə tələblərini anlayırıq və bu tələbləri araşdırırıq. Türkiyənin “Patriot” istədiyinin fərqindəyik”.

Qeyd edək ki, ABŞ yetkililəri tam açıqlaya bilməsələr də, bir çox ekspertlər əslində “Patriot” havadan müdafiə sistemlərinin Rusiyanın modern silahlarını dəf etməkdə yetərli qabiliyyətdə olmadığını, Vaşinqtonun da bu səbəbdən Türkiyəni həmin silahla təchiz etmək istəmədiyini vurğulayırlar. Zira “Patriot”-ların qurduğu “müdafiə torunu” dəlib keçən hər rus raketi ABŞ-ın hərbi imicinə kölgə sala bilər. Bu səbəbdən də Rusiya ilə raket savaşına girişmək istəməyən ABŞ onu iqtisadi zərbələrlə bərtərəf etməyə çalışır.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 4 074          Tarix: 3-03-2020, 23:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma