Xəbər lenti

 

İran koronavirus dəhşətini ən çox yaşayan dövlətlərdən biridir. Coğrafi və mədəni yaxınlıqlarımız, insanlarımızın xaraktercə bənzərlikləri təbii fəlakətlərdə  bir-birimizdən nümunə götürməmizi şərtləndirir. Məhz bu səbəbdən Ovqat.com olaraq koronavirus İranı ilk vurduğu gündən ordakı prosesləri izləməyə qərar vermiş və cəmiyyətimizi də məlumatlandırmağa çalışmışıq.

Ölkəmizdə koronavirusun getdikcə vüsət aldığı indiki zamanda İrandan alına biləcək daha çox ibrət dərsləri var. Biz də bu amilləri nəzərə alıb İran rəsmilərinin və mütəxəssislərinin koronavirusa qarşı mübarizə məqsədilə vaxtaşırı səsləndirdikləri alternativ fikirlərə və təkliflərə səhifələrimizdə yenidən yer ayrımağa qərar verdik.

İranda koronavirus pandemiyasının yayılması və insan tələfatının qeydə alınmasının ən azı yay aylarına qədər davam edəcəyi proqnozlaşdırılır.

 

Bu barədə məlumatı İran prezidentinin elmi məsələlər üzrə müavininin sözçüsü Pərviz Kərəmi öz "İnstagram" səhifəsində yazıb. O bildirib ki, Koronavirusla Mübarizə üzrə Milli Qərargah mövcud vəziyyətinin ən azı yayın əvvəllərinə qədər davam edəcəyini proqnozlaşdırır.

Pərviz Kərəmi koronavirusun qarşısının alınması və mümkün insan tələfatı ilə bağlı 5 ssenari də paylaşıb.

Əsas ssenariya əsasən, dövlət virusun yayılmasına qarşı kəskin qərarlar qəbul etsə, bu halda xəstəlik ən azı 7700 nəfərin ölümü ilə nəzarət altına alına biləcək. Bu tədbirlər insanların çölə çıxmasını qadağan etmək, şəhərlərin karantinə alınması və virusa yoluxduğu ehtimal edilən şəxslərin izolyasiya edilməsindən ibarətdir.

2-ci ssenaridə isə dövlətin prosesə orta səviyyəli müdaxiləsi nəzərdə tutulur. Bu halda yalnız sosial izolyasiya tətbiq edilir, idman və mədəni tədbirlər, habelə dini mərasimlər ləğv edilir, məktəb və universitetlərdə tətil elan edilir və insan və avtomobillərin hərəkətinə məhdudiyyətlə icazə verilir. Belə olduğu təqdirdə, xəstəliyin azı 11 min nəfərin ölümündən sonra nəzarət altına alına biləcəyi proqnozlaşdırılır.

 

Hazırda alınan bütün tədbirlərə nəzər yetirdikdə, hökumətin orta səviyyədə virusun yayılmasının qarşısını almağa çalışdığı müşahidə edilir.

Pərviz Kərəmi bildirir ki, 3-cü ssenari, yəni dövlətin yalnız maarifləndirmə işi ilə kifayətlənəcəyi minimum müdaxilə nəticəsində isə ölənlərin sayı 17600 nəfər olacaq.

O, həmçinin qeyd edib ki, dövlət yalnız maarifləndirmə işi ilə kifayətlənsə və prosesə müdaxilə etməsə, 4-cü ssenari çərçivəsində ölənlərin sayının 33111 nəfərə çatacağı proqnozlaşdırılır.

5-ci ssenaridə isə hökumətin virusun qarşısını almaq üçün heç bir müdaxilə etməməsi nəzərdə tutulur. Bu halda koronavirusa yoluxan və ondan ölənlərin sayının 111 min nəfəri keçəcəyi bildirilir.

Qeyd etmək lazımdır ki, bir müddət əvvəl Şərif Behişti Universiteti apardığı araşdırma çərçivəsində İranda koronavirusdan ölənlərin sayının 3.5 milyon nəfəri ötə biləcəyini bəyan etmişdi.

GünazTV

 

Ovqat.com Ümumdünya Səhiyyə Təşkilatına istinadən xəbər verir ki, bu günə qədər İranda koronavirusdan ölənlərin sayı 2874 nəfərdir. Onlardan 117 nəfəri bu gün dünyasını dəyişib. Hazırda 45 minə yaxın iranlının bu xəstəlikdən əziyyət çəkdiyi bildirilir ki, bunun da 3 min 186-sı bu gün qeydə alınıb.

Bu günə verilən rəqəmlərin böyüklüyü onu göstərir ki, İranda artıq 2 aydır başlayan koronavirus dəhşəti hələ də səngimək bilmir, əksinə daha çox yayılır. İran rəsmiləri bu acizliklərinin səbəbini ABŞ-ın tətbiq etdiyi embarqolarda görürlər. İddialara görə, bu embarqolar dərman almağı belə məhdudlaşdırıb və nəticədə ölkədə koronavirus qurbanlarının sayını artırır.

Üstəlik, indiyədək açıqlananlar rəsmi Tehranın rəsmən qəbul etdikləridir. Qeydə alınmayan koronavirus qurbanlarının sayının dəfələrlə çox olduğundan əndişə duyulur.




Ana səhifəyə qayıt        Baxış: 4 150          Tarix: 30-03-2020, 23:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma