Xəbər lenti


ABŞ-ın nüfuzlu Mərkəzi Asiya – Qafqaz İnstitutu və İpək Yolu Araşdırmaları Proqramının Birgə Mərkəzinin (Central Asia – Caucasus Institute and Silk Road Studies Program Joint Center) nəşrində Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsindəki son vəziyyətlə bağlı məqalə yayımlanıb.
Ovqat.com-un məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) baş məsləhətçisi Vasif Hüseynovun müəllifi olduğu “Dağlıq Qarabağ problemində yeni irəliləyiş ümidi? sərlövhəli məqalədə əsas diqqət öncə 2019-cu il ərzində baş vermiş hadisələrə yönəldilib. 



Qeyd olunub ki, ötən il ərzində tərəflər arasında intensiv danışıqlar baş tutub və münaqişənin həlli istiqamətində ümid yaradan bəzi məqamlar qeydə alınıb. Bununla yanaşı, Ermənistan rəhbərlərinin ritorikasında tədricən artan aqqressivlik və tez-tez baş vermiş təxribat xarakterli addımlar bu prosesə mənfi təsir göstərib və irəliləyişin əldə olunmasına mane olub. Buna görədir ki, 2019-cu ildə baş tutmuş Xarici İşlər nazirləri səviyyəsində 5 görüşölkə rəhbərləri səviyyəsindəki bir görüş əldən verilmiş fürsətlər kimi dəyərləndirilib.
2019-cu ilin mart ayında Ermənistan Müdafiə naziri David Tonoyanın müharibə olacağı təqdirdə Azərbaycanı yeni torpaqların işğalı ilə hədələməsi və Baş nazir Nikol Paşinyanın bu yanaşmaya dəstək xarakterli “Qarabağ Ermənistandır, nöqtə” kimi provokativ cəfəng bəyanatla çıxış etməsi danışıqlar prosesinə ciddi zərbə vurub. Bunun davamı olaraq danışıqların formatına dəyişiklik cəhdləri nümayiş etdirilib və qondarma “Dağlıq Qarabağ Respublikasının” nümayəndələrinin danışıqlarda tərəf kimi çıxış etməsi təklif olunub. 



Müəllif vurğulayıb ki, Ermənistan liderlərinin bu əməlləri beynəlxalq ictimaiyyət tərəfindən də tənqidlə qarşılanıb. ATƏT-in Minsk Qrupunun həmsədrləri sülh yaratma təşəbbüslərinə əngəl törədən bu cür aktları pisləyib və tərəfləri konstruktiv mövqe tutmağa səsləyib.
2020-ci ildə tərəflər arasında dialoqun davam etdiyinə diqqət çəkən müəllif xüsusilə ilin yanvar ayında Cenevrədə Xarici İşlər nazirləri səviyyəsində baş tutmuş görüş barədə də yazıb. O, qeyd edib ki, münaqişənin həll yolunun fundamental prinsip və şərtlərini müzakirə etmək məqsədilə təşkil edilmiş görüş son illərdə baş tutmuş ən uzunmüddətli danışıqlarla yadda qalıb. İki gündə ümumilikdə 11 saat davam edən müzakirələr beynəlxalq müşahidəçilər tərəfindən maraqla qarşılanıb və 2019-cu ildə atılmış kiçik həcmli müsbət addımların davamı kimi qiymətləndirilib. Müzakirələr prosesinin Minsk Qrupu həmsədrləri tərəfindən yaxından izlənilməsi və Fransa Prezidenti Emmanuel Makronun həmin ərəfədə münaqişədəki mövcud vəziyyəti müzakirə etmək üçün Azərbaycan Prezidentinə zəng etməsi digər ümidverici məqamlar kimi vurğulanıb.



V.Hüseynov qeyd edib ki, bu ilin fevral ayında Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti və Ermənistan Baş Nazirinin ilk dəfə ictimaiyyətə açıq debatda iştirak etməsi beynəlxalq ictimaiyyət tərəfindən müsbət addım kimi dəyərləndirilib. Buna baxmayaraq, müəllifin fikrincə, bu debatdan cəmi bir neçə saat öncə Azərbaycan əsgərinin təmas xəttində düşmən snayperi tərəfindən öldürülməsi ümumilikdə Ermənistan tərəfinin məqsədlərinin xoşməramlı olmadığını göstərir. 
Məqalədə o da qeyd olunur ki, ermənilərin sülh prosesinə bu cür etinasız yanaşması və təxribat xarakterli əməllərinə baxmayaraq, danışıqların intensivləşməsi və təmas xəttində itkilərin son aylarda azalması yaxın gələcəkdə müəyyən irəliləyişin əldə olunacağına ümid yaradır. Lakin, bu ümidlərin reallaşmaması tərəflər arasında yenidən hərbi eskalasiya riskini artıra bilər.
 



Ana səhifəyə qayıt        Baxış: 3 580          Tarix: 8-04-2020, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma