Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
“Qarabağda azərbaycanlı və erməni icmaları birgə yaşayacaq”
Son zamanlar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) xarici və yerli mətbuatda tez-tez analitik yazıları ilə qarşılaşırıq. Dünyanın bir çox yerlərində baş verən hadisələrin akademik səviyyədə təhlil edilməsi Azərbaycan oxucularını da xeyli maarifləndirir. Bəs, bu Mərkəz necə yaranıb, missiyası nədir, xarici siyasətimizin müəyyənləşdirilməsində nə rol oynayır?
Qurumun rəhbəri Fərif Şəfiyev Niderlandın “Diplomat Magazine” jurnalına müsahibəsində bu suallara da aydınlıq gətirir. Müsahibənin tərcüməsini Ovqat.com oxucularına təqdim edirik.
- Bilirik ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni yaranıb – 2019-cu ildə. O, əsasən xarici siyasətlə bağlı işləyir. Fikrinizcə, bu işə hansı töhfələri verirsiniz?
- Bəli, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi yeni yaradılmış dövlət institutudur. O, 2019-cu il fevralın 6-da təsis edilib. Bir tərəfdən, Mərkəz beynəlxalq münasibətlər, qlobal siyasət və idarəçiliklə bağlı genişmiqyaslı məsələləri dərindən araşdırır və təhlil edir, həmçinin ölkəmizin yerləşdiyi və qonşu regionlarda baş verən hadisələri diqqətlə izləyir. Digər tərəfdən, qeyd olunan məsələləri Azərbaycan hökuməti, akademik dairələr və ölkəmizdə fəaliyyət göstərən digər qurumlar üçün təhlil edir. Biz beynəlxalq və regional hadisələrin unikal təhlilini təklif edir, həmçinin onların Azərbaycana necə təsir edə biləcəyini araşdırırıq.
Əslində, fəaliyyətimiz ikitərəfli hərəkətin olduğu yol kimidir. Yəni Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm də Azərbaycanın xarici siyasətlə bağlı qərar və addımlarının qonşu ölkələrə və beynəlxalq aləmə təsirini geniş araşdırır.
Mərkəz təhlillər edir, araşdırmalar aparır, həmçinin Azərbaycan hökumətinə xarici siyasətlə bağlı müxtəlif mövzularda direktiv göstəriş və məsləhətlər verir. Buraya təkcə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, onun tarixi və münaqişənin həlli prosesi daxil deyil. Azərbaycanın qlobal mövqeyi, onun beynəlxalq və regional təşkilatlarla əməkdaşlığı, təhlükəsizlik, iqtisadiyyat, enerji, nəqliyyat, kommunikasiya sahəsi ilə bağlı mövzular və digər məsələlər Mərkəzimizin maraq dairəsindədir.
- Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələri, bu əlaqələrin ölkənizin sabitliyi üçün əhəmiyyətini necə xarakterizə edərdiniz?
- Bizim Aİ ilə əlaqələrimiz uzun təkamül yolu keçib. Bakı ilə Brüssel Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı kimi proqramlar çərçivəsində əməkdaşlıq edib. Bu gün isə Azərbaycanla Aİ arasında Strateji Tərəfdaşlıq Sazişi üzrə danışıqlar aparılır. Azərbaycan ən böyük ticari tərəfdaşlarından biri olan Avropa İttifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığa və hər iki tərəfin maraqlarına əsaslanan əlaqələri yüksək qiymətləndirir.
- Fikrinizcə, Azərbaycan diplomatiyası Bakının Avropa İttifaqı və ya Rusiya ilə münasibətlərində, həmçinin ölkənin təhlükəsizliyinin təmin edilməsində hansı rol oynayır?
- Azərbaycanın Avropa ilə Asiyanın kəsişməsində yerləşməsi, həmçinin geostrateji mövqeyi ona qlobalaşma dövründə vacib nəqliyyat və tranzit mərkəzinə çevrilmək imkanı verib. Bundan başqa, Azərbaycan maraqları nəzərə almağı, coğrafi, dini və ya etnik fərqlərə rəğmən, etibarlı əməkdaşlıq əlaqələri qurmağı bacaran beynəlxalq oyunçuya çevrilib. Yeri gəlmişkən, Bakı çoxşaxəli xarici siyasət yürüdür. Ölkəmiz Rusiya daxil olmaqla, regional ölkələrlə yaxşı qonşuluq əlaqələri qurmağa üstünlük verir. Digər tərəfdən, Bakı Avropa İttifaqı daxil olmaqla, Avroatlantik məkandakı tərəfdaşları ilə qarşılıqlı əlaqələri də inkişaf etdirir, bununla da sanki xarici siyasətini balanslaşdırır.
Azərbaycan bu praqmatik xarici siyasəti davam etdirmək niyyətindədir. Bu, ölkənin təhlükəsizliyinin və rifahının əsas dayaqlarından birinə çevrilib. Təsadüfi deyil ki, Azərbaycanın adı regional təhlükəsizliklə, sabitliklə yanaşı çəkilir. Rusiya ilə Qərb ölkələrinin yüksək rütbəli rəsmilərinin bir neçə görüşü də məhz Bakıda keçirilib.
- Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi üzündən Azərbaycan-Ermənistanla əlaqələri pisdir. Fikrinizcə, münaqişənin hər iki tərəf üçün məqbul olacaq həlli varmı?
- 30 ildən çoxdur ki davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmiz üçün fəlakət sayıla biləcək nəticələr verib. Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazisinin 20%-i Ermənistanın işğalı altındadır. Bu işğal zamanı yüzminlərlə azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Nəticədə Bakı həm də qaçqın və məcburi köçkünlərin prolemlərilə üz-üzə qalıb.
Bununla yanaşı, bu işğal Ermənistan əhalisinə də fayda verməyib. Əksinə, bu, onun iqtisadi və insan resurslarının tükənməsinə yol açıb. Son 20 ildə Ermənistan əhalisinin təxminən üçdə biri ölkəni tərk edib. Bir sözlə, bu ölkəni “müharibə lordlar”ı ilə siyasi səhnəni zəbt etmiş millətçilər “əlində oynadır”.
Uzun müddətdir davam edən danışıqlar prosesində də irəliləyiş yoxdur. Nə qədər ki, Ermənistan ordusu Azərbaycanın işğal altındakı ərazilərini tərk etməyib, azərbaycanlı məcburi köçkünlər doğma torpaqlarına qayıtmayıb, Dağlıq Qarabağ münaqişəsinin dayanıqlı həlli mümkün deyil. Bu regionun gələcəyi iki icma ilə bağlıdır. Orada azərbaycanlı və erməni icmaları birgə yaşayacaq. Bu, əsl Avropa təcrübəsidir.
DIPLOMAT MAGAZINE
03.05.2020
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar