Xəbər lenti


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin Ovqat.com-a müsahibəsinin II hissəsini təqdim edirik:
 
Əvvəli bu linkdəhttps://ovqat.com/manset/39393-qudrt-hsnquliyev-azrbaycan-qaraban-azad-olunmas-ucun-randan-dstk-istmlidir.html
 
 
-Qüdrət bəy, sözsüz ki, DTX-nın rüşvətxor və korrupsioner məmurlara qarşı son vaxtlar apardığı ardıcıl mübarizələr gözlənilən islahatların qarşısını alan maneələrin aradan qaldırılması baxımından olduqca mühüm addımlardır. Bununla yanaşı, ölkədə ciddi iqtisadi islahatlara da ehtiyac var. İlk növbədə biz iqtisadiyyata baxışımızı dəyişməliyik. Sirr deyil ki, Azərbaycan bu zamanadək prioritet hesab etdiyi iqtisadi siyasətlə uzağa gedə bilməz. Prezident İlham Əliyev də bir neçə il bundan əvvəl bizim üçün neft erasının bitdiyini demişdi. İndi gəlinən nöqtədə neft erasının təkcə bizim üçün yox, bütün istehsalçılar üçün bitdiyi ortadadır. Sizcə, yeni mərhələdə biz hansı iqtisadi sahələrin inkişafına daha çox önəm verməliyik?
 
-Mən bu barədə fikirlərimi mətbu orqanlara verdiyim açıqlamalarda dəfələrlə bəyan etmişəm. Sizin oxucularınız üçün bir daha təkrarlamaq istəyirəm. Xatırlayırsınızsa, bu yaxınlarda Sakaaşvili demişdi ki, Ukraynanı Avropanın bir ofşoruna çevirmək lazımdır. Mən də məhz Azərbaycan üçün bu yolu məqbul sayıram və hesab edirəm ki, ölkəmizi dünyanın  ofşoruna çevirmək, Azərbaycanda xarici investorlar üçün vergi cənnəti yaratmaq, turizmi, kənd təsərrüfatını, sənayeni inkişaf etdirmək lazımdır.  
Xüsusilə turizm regionlarında - Lənkəranda, Zaqatalada, Qəbələdə böyük xərclər hesabına hava limanları tikilib. Çalışmaq lazımdır ki, xarici dövlətlərdən həmin ərazilərə daha çox uçuşlar olsun. Orada kazinolar açmaq lazımdır ki, İrandan, Türkiyədən, ərəb ölkələrindən, Avropadan böyük sayda turistləri biz cəlb edə bilək. Məsələn, İranla viza rejimi aradan qaldırılmalıdır.Bizim ordakı soydaşlarımızdır, qoy, öz vətənlərinə rahat gəlib getsinlər. Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, Kanada üçün viza rejimi aradan qaldırılmalıdır. Daha neftdən böyük pullar qazanmaq mümkün deyil. Açıq söyləyirəm, pomidor və digər kənd təsərrüfatı məhsulları satmaqla iqtisadiyyatımızı inkişaf edirə bilmərik. Dövlət penisyaları, büdcə təşkilatlarında işləyənlərin maaşlarını verməlidir. Bunun üçün biz qeyri-neft sektorunu inkişaf etdirməli, xarici investorları ,nüfuzlu bankları Azərbaycana cəlb etməliyik. Bütün sahələrdə köklü islahatlara ehtiyac var. 
Korrupsiyaya qarşı mübarizəni davamlı aparmaqla yanaşı bu islahatlar gedilməsə, bir müddətdən sonra hər şey əvvəlki vəziyyətə qayıdacaq, hətta daha pis forma alacaq. Mənim bu fikirlərim sosioloji tədqiqatlara əsaslanır. Bu, zaman-zaman ayrı-ayrı ölkələrin təcrübəsində öz təsdiqini tapıb. Məsələn, orta əsrlərdə Böyük Britaniyada oğurluq artır, kral əmr verir ki, bütün oğruların əlləri meydanda hamının gözünün qabağında kəsilsin. Bir müddət  oğurluq həqiqətən ciddi şəkildə səngiyir. Az sonra isə oğrular camaatın meydana çox toplaşmağından istifadə edib, elə həmin meydanda başqasının cibinə girirlər. Bəziləri hətta camaatın meydana yığışmasından istifadə edib evlərdən oğurluq edirlərmiş. Yəni bu effekt qısa dövr üçündür. Bu dövr ərzində korrupsiyanın qarşısının alınması üçün effektli qanunvericilik mexanizmləri yaradılmasa bir müddətdən sonra bu qorxu keçəcək və təzədən proses başlayacaq, həm də  daha pis formada.
 
-Maraqlı təkliflərdir. Ümid edirəm ki, qaldırdığınız bu məsələlər ictimaiyyət arasında da ciddi müzakirə olunacaq. Mənim üçün bir başqa məsələ də maraqlıdır. Məlum olduğu kimi, Prezident yeni Baş prokurorla videokonfrans formatlı söhbətində açıq şəkildə etiraf etdi ki, Azərbaycanın hüquq mühafizə orqanlarında rüşvətxorluq, vətəndaşların ədalətsiz cəzalandırılması halları baş alıb gedir və bunun qarşısı alınmalıdır. Həmin fikirlərin yeni Baş prokurorla söhbətdə vurğulanması onu deməyə əsas verir ki, keçmiş Baş Prokuror da məhz bu səbəbdən işdən qovulub. Sizcə, bu qədər cinayətə yol verən məmura işdən qovulmaq cəzası az deyil? Niyə Zakir Qaralov həbs olunmadı? Biz eyni tendensiyanı rayonlarda aparılan əməliyyatlar zamanı da görürük. İcra başçıları cəzalandırılır, amma onların cinayətinə göz yuman, bəzən cinayət ortağı olan hüquq mühafizə orqanlarının rəhbərlərinə toxunulmur. Halbuki bu cinayət əməllərinin qarşısını vaxtında almaq onların bir nömrəli vəzifəsi idi. Sizcə, hüquq mühafizə orqanlarını bu qədər toxunulmaz edən nədir?
 
-Qeyd etdiyim kimi, cinayətkarlığa qarşı mübarizəyə onu doğuran səbəblərdən başlamaq lazımdır. Əks halda nəticələrlə mübarizə aparmaq bataqlığı qurutmaq əvəzinə ağcaqanadları öldürməyə bənzəyər. Rüşvətxorluğa qarşı mübarizəyə məmurlara layiqli həyat şəraitlərini təmin edəcək qədər maaş verməklə başlamaq lazımdır. Sinqapurda olduğu kimi. Həm də təkcə rüşvət alanları yox, rüşvət verənləri də məsuliyyətə cəlb etmək lazımdır. Təqribən iki həftə öncə, Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər müzakirə ediləndə parlamentdə bu məsələni qaldırdım. Cinayət Məcəlləsində rüşvət verməyə görə  məsuliyyət nəzərdə tutulur, amma praktikada demək olar ki,bu norma tətbiq olunmur. Sosial şəbəkələrdə, bəzi saytlarda  nadürüst adamlar yazdılar ki, Qüdrət Həsənquliyev təklif edir  ki, rüşvət alanlar yox, rüşvət verənlər tutulsun. Yəni bizdə o qədər qərəzli, peşəsinə, özünə hörmət qoymayan adamlar var ki,  təəccüblənməyə bilmirsən. Halbuki, vətəndaşlar rüşvət verəndə bilsə ki, bu, cinayətə görə məsuliyyətə cəlb oluna bilərlər, xeyli cəkindirici rol oynayar.  Amma bizdə rüşvət  verməyə görə  cinayət məsuliyyəti nəzərdə tutulsa da, CM-nin 312-ci maddəsinin  qeyd hissəsində bildirilir ki, rüşvət verən bu barədə könüllü məlumat verirsə, o məsuliyyətdən azad olunur.  Özünə  qanunsuz imtiyaz istəyən, yaxud qanunsuz əməllərinə göz yumulması qarşılığında  rüşvət verən  arxayındır ki,  əgər vəzifəli şəxs pulu alıb onun qanunsuz istəklərini yerinə yetirməsə   şikayət edib həmin vəzifəli şəxs cəzalandıracaq və pulunu geri alacaq. Ona görə də vətəndaş qorxmadan gedib məmuru ələ almağa çalışır və vəzifəli şəxsə rüşvət təklif edir. Ona görə mən tələb edirdim ki, əgər vəzifəli şəxsin hədə-qorxusu altında rüşvət verilmirsə rüşvət verən məsuliyyətə cəlb olunmalıdır…
 
-O zaman da məmur özünü təhlükəsiz hiss edər və “vətəndaş qorxusundan şikayət  etməz” düşüncəsiylə daha rahat rüşvət alar…
 
-Xeyr. Məmur səndən rüşvət istəsə, sən bu barədə gəlib məlumat versən, əlbəttə, məsuliyyət daşımırsan, yaxud sən məcburiyyət qarşısında qalıb bunu etmisənsə, o halda da sən məsuliyyətdən azad edilirsən. Amma sən rüşvət müqabilində özünə qanunsuz imtiyaz istəyirsənsə səni məsuliyyətdən azad etmək olmaz. Rüşvət kimi verilən  pul isə  dövlətin nəfinə tutulmalıdır .  
 
 -Rayonlarda aparılan məlum əməliyyatlarda icra başçıları cəzalandırılsa da, nədənsə hüquq mühafizə orqanlarının yerli rəhbərlərinə toxunulmadı. Halbuki bu cür cinayətlərin qarşısını almaq  hüquq-mühafizə orqanlarının işidir. Onlar isə nəinki bu cinayətlərin qarşısını almır, əksinə cinayətlərdə iştirak edirlər…
 
-Bundan sonra necə olacaq bilmirəm,amma Azərbaycan reallığı başqa cürdür. Sirr deyil ki, indiyə qədər bizdə vəzifəli şəxslərin iradəsi həmişə qanunlardan üstün olub.  Açıq  danışaq, tutaq ki, hansısa rayonun prokurorluğu, polis idarəsi ,məhkəməsi, yaxud Dövlət Təhlükəsizlik Xidmətinin regional  şöbəsinin əməkdaşı rayon icra hakimiyyətinin başçısına qarşı cinayət işi qaldıra bilərdimi? Qanunla buna səlahiyyətləri çatsa da yox.  Söhbət ondan gedir ki, yazılmamış qanunlarla onlara bu hüquq tanınmırdı. 
 
 -Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevlə söhbətində bundan sonra “qanunun aliliyinin” təmin olunmasını tapşırdı. O başqa məsələdir ki, bunun tapşırıqla yerinə yetirilməsinin özü belə müzakirəyə açıqdır. Amma dediyiniz kimi, Azərbaycan reallığı var. Siz necə fikirləşirsiniz, Azərbaycan reallığında bu tapşırıq tam mənasıyla həyata keçirilə bilərmi?
 
 -Mən çox ümidliyəm ki, islahatlar davam edəcək və nəticələr olacaq. Gördünüz ki, prezident də dedi ki, “hüquq-mühafizə oranlarında` islahatlar aparılmalıdır. Xüsusən də məhkəmə sistemində islahatlar getməlidir”. Bu yaxınlarda Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin üzvləri təyin olunmaq üçün hakimlər Milli Məclisə gəlmişdilər. Mən plenar iclasda çıxış etmədim, amma komitənin iclasında  dedim ki, siz özünüzü Ədliyyə Nazirliyinin işçiləri kimi aparmayın, siz hakimsiniz. Hakimlərin müstəqilliyini təmin etmək üçün  Məhkəmə Hüquq Şurası yalnız hakimlərdən təşkil olunmalıdır. Hakimləri intizam məsuliyyətinə cəlb etməklə indiki kimi vəzifədən kənarlaşdırmaq olmaz. Əgər hakimlər Milli Məclis tərəfindən təyin olunursa, xüsusilə də Ali Məhkəmənin, Apellyasiya Məhkəməsinin hakimləri barəsində cinayət işi yalnız Milli Məclisin razılığı ilə qaldırılmalıdır. Onlar ömürlük, yaxud  70 yaşına qədər hakim təyin olunmalıdırlar. Onların maddi təminatı yaxşı olmalıdır. Ölkədə çoxsaylı dövlət orqanlarında mövcud olan istintaq idarələri ləğv olunmalı, vahid Dövlət İstintaq Komitəsi yaradılmalıdır. Vəkillərin sayını artırmaqla yanaşı onların səlahiyyətləri artırılmalı, alternativ ekspertiza institutları yaradılmalıdır. Korrupsiyaya Qarşı Mübarizə Komissiyası korrupsiya hüquq pozmalarının  subyekti olmayan şəxslərdən formalaşdırılmalıdır. Bu məqsədlə Konstitusiya daxil çoxlu qanunlara dəyişikliklər edilməlidir. İslahatların sistemli həyata keçirilməsi üçün Birinci vitse-prezidentin rəhbərliyi ilə xüsusi Komissiya yaradılsaydı bu, daha effektli olardı.
Biz icra başçılarının məsələsinə qayıdaq. İcra başçılarının indiki statuslarına görə  maaşları bir neçə dəfə  artırılmalıdır. Amma mən hesab edirəm ki, yerli sakinlər regionlarda dövlət hakimiyyət orqanlarının formalaşmasında iştirak etməlidir. Bunun üçün bələdiyyələrə yerli hakimiyyət orqanı statusu verilməli, İH başçılarının səlahiyyətlərinin əksər hissəsi onlara ötürülməlidir. ABŞ-da polis rəisləri (Şeriflər) belə, yerli əhali tərəfindən seçilir. Yerlərdə mülki cəmiyyət institutlarının, mətbuatın fəaliyyətinin gücləndirilməsi  üçün xüsusi proqram həyata keçirilməlidir.  Bunları təmin etmədən, yalınız sərt cəza tədbirləri ilə korrupsiyanın qarşını almaq mümkün deyil.
 
-Ən pisi də odur ki, iri məmurlar oğurladıqlarını ölkə iqtisadiyyatına da qoymurlar. Aparıb xarici ölkələrə yatırırlar. Sanki bizim rəhbərlərimiz yox, xarici dövlətlərin burdakı işğal əsgərləridir və qələbə qəniməti toplayıb öz ölkələrinə daşıyırlar.
 
 -Ona görə ki, onlar işin içindədirlər. Əgər mən özüm başqasının əmlakını məhkəmənin əli ilə tutub əlindən alıramsa, fikrilərşirəm ki, mənimkini də bir başqası ala bilər.  Xarici və yerli  investorlar  kapitalını az-çox qanunların aliliyinin təmin  olduğu ölkəyə yatırmağa çalışırlar. Qazaxstan yarımavtoritar bir ölkədir. Orada qanunun aliliyi qismən təmin  olunur. Ona görə ora investisiya qoyulur, Türkmənistan və Tacikstana isə yox. Çünki fikirləşirlər ki, birdən yüksək çinli bir məmuru kimsə yalnış informasiya ilə nəyəsə inandırdı və o da  dedi ki, “bunu buradan qovun”, nə olacaq? Yerli məhkəmə, hüquq sistemi  onu qoruya biləcəkmi? Hər şey bitib gedəcək. Tutub bütün mülkiyyətini əlindən alacaqlar. Hələ özünü qovsalar yaxşdır, bəlkə bir  5 il də zirzəmiyə atacaqlar ki, “get, orda “istirahət” et, sonra gedərsən”. Ona görə də investorlar əvvəlcə öyrənirlər ki, bu və digər ölkədə iqtisadi azadlıqlar,  qanunun aliliyi nə vəziyyətdədir, sonra ora vəsait qoyurlar.
Heydər Oğuz,
Ovqat.com


Ana səhifəyə qayıt        Baxış: 6 734          Tarix: 12-05-2020, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma